Heydər Əliyev irsi xalqımız üçün zəngin mənəvi sərvətdir

 

Dünən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər. Daha sonra nazirlikdə ulu öndər Heydər Əliyevin 86- ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov açaraq, böyük öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasında və möhkəmlənməsindəki xidmətlərindən danışıb. O vurğulayıb ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb.

Çıxışının sonunda H.Bağırov qeyd edib ki, müdrik rəhbərin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də ekoloqların gündəlik işində rəhbər tutulmaqdadır. Ümummilli lider Heydər Əliyevin başladığı işlər, ideyalar onun layiqli davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da çıxış edərək deyib ki, Heydər Əliyev irsi xalqımız üçün zəngin, mənəvi sərvətdir və Azərbaycan dövlətinin qurucusu kimi tariximizdə iz qoyub. Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya nəticəsində inkişaf edir və güclənir.

YAP rəsmisi çıxışında Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin böyük əhəmiyyət kəsb etdiyini və hazırda bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Tədbirdə vurğulanıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da uğurla davam etdirəcək,  üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızda əhalinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcək.

 

 

Yeni Azərbaycan.- 2009.- 7 may.- S.5.