image 

Heydər Əliyev Fondu mədəniyyətimizin təbliğində və zənginləşdirilməsində mühüm işlər görür

 

Digər sahələrdə olduğu kimi milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında da Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir

 

2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Fond bununla yanaşı, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməyi, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsidir.

Xalqın və ya millətin sosial-siyasi vahid kimi formalaşmasında, dünya xalqları sırasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz həyat fəaliyyəti prosesində əldə etdiyi, nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bu ünsürlər də nəsildən-nəslə ötürülərək inkişaf etdirilir. Əgər bir xalqın inkişaf etmiş mədəniyyəti olarsa, o zaman bu sosium dünyanın yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi yolundan sapınmamağa nail ola bilər. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətlə bağlı fikirləri diqqəti cəlb edir: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.

Əlbəttə, konkret olaraq mədəniyyət anlayışının fəlsəfi mahiyyətinə varmaq çox çətindir. Amma bir şey bəllidir ki, mədəniyyət çoxşaxəli bir orqanizm olaraq insanların fəaliyyəti nəticəsində yaranan maddi və mənəvi strukturdur.

Öncə qeyd etdiyimiz kimi, mədəniyyət çoxvektorlu bir struktur olduğundan biz də Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində, zənginləşdirilməsində mühüm işlər görən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini qruplaşdırmaqda çətinlik çəkdik. Amma bu yazıda konkret olaraq xalqı xalq, milləti millət kimi assimilyasiyadan qoruyub saxlayan əsas mədəni elementlərə və əlbəttə ki, bu ünsürlərin qorunub saxlanılmasına, dünya xalqları arasında təbliğ edilməsinə Heydər Əliyev Fondunun fəaliyyəti əsasında toxunduq.

“Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Bir daha ulu öndər Heydər Əliyevin dərin fəlsəfi fikirlərinə istinad edərək ilk növbədə Azərbaycan dilinin və mədəniyyətinin dünya dövlətlərində təbliğ edilməsində, dilimizin zənginliyinə heyran olan insanların ətraflı məlumatlandırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri diqqətə çatdırmağa çalışacağıq.

Belə ki, ilk dəfə olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açıldı.

Məlumat üçün bildirək ki, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. II Dünya Müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada bütün qitələri əhatə edən 90 dil tədris olunur. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır.

Bununla da Heydər Əliyev Fondu Azərbaycan dilinin 50 dünya dili arasında prestijli institutda tədris olunması, tədqiq edilməsi, eləcədə təbliğində mühüm bir tarixi addım atmış oldu. Bu, həmçinin, Fransa ilə Azərbaycan arasındakı mədəni və humanitar əməkdaşlığın bariz nümunəsi, eyni zamanda, təhsil sahəsində əlaqələrin inkişafına yönəlmiş tarixi addımdır.

Mehriban xanım Əliyevanın söylədiyi kimi, fəxr ediləsi bir haldır ki, zəngin ənənələrə malik bir ali təhsil ocağında Azərbaycan dili fakültəsi açılır: “Bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə, xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına güclü təkan verəcək. Əsrlər boyu millətlərin, xalqların formalaşmasında dil misilsiz rol oynayıb. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda, Azərbaycan müstəqil dövlət kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir”.

Bir sözlə desək, Qərblə Şərq arasında körpü yaradan bu institutda Azərbaycan dili fakültəsinin yaradılmasının xalqımız üçün böyük əhəmiyyəti var.

YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilməsi isə Azərbaycan alimlərinə olan ehtiramdır, onların yaradıcılıqlarına verilən yüksək qiymətdir.

Qeyd edək ki, XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətləri olan Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür.

Heyər Əliyev Fondu, həmçinin, Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələr də həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.

Muzeydə vətəndaşlarımız və xarici qonaqlar Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Buraya gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə də tanış ola biləcəklər. Qərbi Avropa incəsənəti salonunda isə Ümummilli lider Heydər Əliyevə, habelə, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə, eyni zamanda, Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların “Mən Azərbaycanı sevirəm” adlı rəsm sərgisinin açılışının edilməsi də mədəniyyət sahəsində xüsusi istedada malik insanların üzə çıxarılması işində böyük irəliləyişdir.

Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlinin qoyulması isə möhtəşəm tarixi hadisə hesab olunmalıdır. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina bükülmüş xalçanı xatırladacaq. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın birinci mərtəbəsində sərgi salonu, kitabxana, elmi xalçaçılıq, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci mərtəbədə danışıqlar və audiovizual təqdimatlar otağı, üçüncü mərtəbədə böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq. Binanın altında arxiv, anbar, laboratoriya, bərpa və konservləşdirmə şöbələri yerləşəcək. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cəvahirat və bahalı bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaq.

Bununla yanaşı, paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi açılıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcək. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. Bu abidələrin qorunması, eləcə də, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey kompleksində Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilib.

Əlbəttə, bütün bu işlər Azərbaycan xalqının mədəni irsinin qorunmasında və dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasında, təbliğ edilməsində böyük əhəmiyyət daşıyır. İki əsr Azərbaycanın milli dövlətçilik məsələlərindən uzaq, imperiyalar tərkibində yaşamasını nəzərə alaraq söyləyək ki, bu gün xalqımızın xalq kimi yenidən böyük işlər görməsinin, “xalqlar türməsində” assimilyasiya olmamasının bir səbəbi də, təbii ki, tarixi keçmişimiz və bundan doğan, dərin köklərə malik mədəni incilərimizdir. Bu sırada isə ilk növbədə adət-ənənələrimizlə yanaşı, biz muğamı xüsusilə vurğulamalıyıq. Prezident İlham Əliyev “Muğam dünyası” Beynəlxalq Festivalının açılış mərasimində deyib ki, muğam Azərbaycanın milli sərvətidir. Mehriban xanım Əliyeva isə muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, milli mədəniyyətimizin və xalq sənətinin, o cümlədən, Şərqin ən qiymətli incisi sayılan muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Mehriban xanım Əliyeva muğam barədə fikirlərini təxminən bu şəkildə ifadə edib. Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət etmiş, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub.

Həqiqətən də, ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir.

Qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib. Elə buna görə də 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilib. Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu kimi nüfuzlu ictimai təşkilatların dəstəyi olmasaydı, muğam irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş ciddi, geniş əhatəli tədbirlər görülməsəydi, bunlar bəlkə də baş tutmazdı.

Ümumi fonda Heydər Əliyev Fondunun həm muğamın dünya səviyyəsində tanınmasında, eyni zamanda, bu sənətin - milli-mədəni incimizin daha geniş təbliğ olunmasında təşkil etdiyi Beynəlxaq Festival və  simpozium hələ yaddaşlarda çox qalacaq. Çünki muğama verilən qiymət özünü bu cür beynəlxalq tədbirlərlə yanaşı, sırf muğamın təbliği üçün tikilmiş Beynəlxalq Muğam Mərkəzinin timsalında da göstərir.

Bir sözlə, digər sahələrdə olduğu kimi milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında da Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2009.- 7 may.- S.3.