Azərbaycan və Türkiyə
iki dost və qardaş ölkədir
“Türkiyə baş nazirinin bu səfərini yüksək qiymətləndirirəm. İlk növbədə, Türkiyə və Azərbaycan arasındakı münasibətlər geniş nəzərdən keçirildi, həm siyasi, həm iqtisadi məsələlər müzakirə edildi və bir sıra sahələr üzrə artıq yaxşı nəticələr var”. Bunu millət vəkili Aydın Mirzəzadə APA-ya açıqlamasında söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə iki dost və qardaş ölkədir, onların taleyinə bir-birinin qəminə kədərlənmək, şadlıqlarına sevinmək yazılıb: “Eyni zamanda son dövrlərdə Azərbaycan cəmiyyətində Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı bir sıra suallara cavab da tapıldı. R.T.Ərdoğanın Azərbaycan Prezidenti ilə görüşü, mətbuat konfransında verdiyi bəyanatlar, parlamentdəki çıxışı göstərdi ki, Türkiyə heç vaxt Azərbaycanın maraqlarını hansısa qısamüddətli maraqlara qurban verməyəcək. Onun açıq, səmimi çıxışının bütün deputatları ümumilikdə Azərbaycan cəmiyyətini qane etdi. Bu səfər bir daha göstərdi ki, iki xalq, iki dövlət arasına hər hansı nifaq salmaq mümkün deyil, bundan sonra da bu iki ölkə problemlərini birlikdə həll edəcək”.
Yeni Azərbaycan.- 2009.- 15 may.- S.4.