Moskvada Azərbaycan
mədəniyyəti gecəsi
keçirilib
Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü
münasibətilə Rusiya
Federasiyası Hökuməti
yanında Maliyyə Akademiyasında “Azərbaycan
mədəniyyəti” gecəsi
keçirilib.
Ölkəmizin
Moskvadakı səfirliyinin, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) və Heydər Əliyev
Fondunun RF-dəki nümayəndəliyinin dəstəyi ilə
akademiyanın Azərbaycan Klubu tərəfindən təşkil
olunmuş tədbirin əvvəlində ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən
sənədli film nümayiş etdirilib.
Sonra “Rush Style” rəqs
qrupu “Avroviziya-2009” mahnı müsabiqəsinin azərbaycanlı
iştirakçıları Aysel və Araşın
repertuarına daxil olan “Always” kompozisiyasını təqdim
edib. “Dostluq” ansamblının ifasında Azərbaycan milli rəqsləri,
muğam triosunun çıxışı, müğənni
İmranın ifasında unudulmaz Müslüm Maqomayevin
repertuarından nümunələr və Bakı haqqında
mahnılar səslənib.
Akademiyanın Azərbaycan
klubunun sədri Anar Məmmədov ali məktəbin rəhbərliyinə
və gecənin təşkilatçılarına təşəkkür
edib.
Maliyyə
Akademiyasının prezidenti Alla Qryaznova ulu öndərimiz Heydər
Əliyevlə görüşləri və söhbətləri
haqqında xatirələrini bölüşüb, əmin
olduğunu bildirib ki, bütün sahələrdə
inkişaf edən müasir bir ölkədə yaşayan, zəngin
tarixi və mədəni ənənələrə malik olan
istedadlı, qonaqpərvər, xoşniyyətli dost Azərbaycan
xalqını qarşıda gözəl günlər gözləyir.
O, məmnunluq hissi ilə qeyd edib ki, əsası böyük
Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilən və təkmilləşdirilən siyasi və
iqtisadi sabitlik xətti gələcəyə inamla baxmağa əsas
verir.
Yeni Azərbaycan.- 2009.- 15 may.- S.3.