Növbəti illərdə Azərbaycan
daha iddialı və daha yüksək
yerlərə nail olacaq
Dünən İctimai
Televiziya və Radio Verilişləri Şirkətində
“Eurovision-2009” mahnı müsabiqəsində
üçüncü yeri tutan Azərbaycan təmsilçiləri-
Aysel və Araşın mətbuat konfransı keçirilib. Mətbuat
konfransının keçirildiyi zalda quraşdırılan iki
monitor vasitəsilə jurnalistlər əvvəlcə
“Eurovision-2009” mahnı müsabiqəsinin məlum olan və pərdəarxası
məqamlarını izləmək imkanı əldə ediblər.
Media mənsublarının
çoxsaylı suallarını cavablandıran Azərbaycan təmsilçiləri
ilk olaraq Moskvada keçirilən yarışmanın təəssüratlarını
bölüşüblər. Azərbaycanı layiqli təmsil
etdikləri üçün qürur hissi keçirdiklərini
deyən Avropanın ən yaxşı üçüncü
mahnısının ifaçıları bu işdə onlara dəstək
olan İctimai Televiziyaya, Azərbaycan Gənclər və
İdman Nazirliyinə, rəqslərinə quruluş verən
İsveç xoreoqraflarına, ümumilikdə Azərbaycan
xalqına minnətdarlıqlarını bildiriblər.
“Azərbaycan mənim
ürəyimdir” - deyən Araş belə bir mötəbər
yarışda məhz ölkəmizi təmsil etdiyi
üçün xoşbəxt olduğunu söyləyib. Araş
onu da bildirib ki, qalibiyyəti yalnız Aysel ilə əldə
edə bilərdi. Özünün milli kimliyinə də
aydınlıq gətirən Araş onun üçün
üç ölkənin çox doğma olduğunu bildirib:
“Mənim üçün doğma olan ölkələrin-
İran, İsveç və Azərbaycanın qəlbimdə
xüsusi yeri var. Mən İranda anadan olmuşam, həyatımın
çox hissəsini isə İsveçdə
yaşamışam. Amma qəlbən özümü azərbaycanlı
hiss edirəm. Çünki, atam və babam əslən azərbaycanlıdır.
Ona görə də “Eurovision-2009”da Azərbaycanı təmsil
edərək uğur qazanmağımıza çox sevinirəm”.
Yeri gəlmişkən
bildirək ki, bəstəkar, prodüser və müğənni
kimi fəaliyyət göstərən Araş Labaf
İranın paytaxtı Tehranda anadan olub. 10 yaşına qədər
orada yaşayıb. Daha sonra ailəsilə birlikdə
İsveçə köçüb.
“Always” mahnısı ilə
yarışmada 207 xal qazanaraq üçüncülük əldə
edən təmsilçilərimiz “Eurovision-2009” mahnı
müsabiqəsinin nəticələrinə də münasibət
bildiriblər. Sonluqdan razı qaldıqlarını deyən
Aysel yarışmada özlərinə yalnız
“Eurovision-2009”un qalibi olan Aleksandr Rıbakı rəqib
gördüklərini və onun qələbəyə layiq
olduğunu vurğulayıb. Araş isə bildirib ki, Aleksandr
Rıbak və uğurlu mahnısı olmasaydı, bu il
yarışmanın qalibi məhz Azərbaycan olacaqdı. Araşın
sözlərinə görə onları uğurlu nailiyyətə
çatdıran münsiflər heyəti deyil, məhz xalq səsverməsi
olub.
Qaliblərimiz müsabiqə
çərçivəsində Azərbaycan dövlətinin
güclü dəstək və qayğısını hiss
etdiklərini deyərək Gənclər və İdman
Nazirliyi, həmçinin, Heydər Əliyev Fondunun hərtərəfli
qayğı və diqqəti ilə əhatə olunduqlarını
vurğulayıblar. Müsabiqədə qazandıqları
uğur münasibətilə Azərbaycanın dövlət
başçısı İlham Əliyevin onlara telefon
açdığını, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin
birinci xanımı Mehriban Əliyevanın onları qəbul
etmək barədə dəvətini böyük mənəvi
dayaq kimi qiymətləndiriblər.
Aysel Teymurzadə
yarışmada geyindiyi paltar ilə bağlı səslənən
fikirlərə aydınlıq gətirərək bildirib ki,
qiyafəsinin müəllifi İsveç kral ailəsinin
libaslarını hazırlayan modelyerdir. Yarışmanın nəticəsindən
sonra Moskvada olan gənclər və idman naziri Azad Rəhimovun
onların otağına gəldiyini, yüksəksəviyyəli
çıxışlarına görə təşəkkür
etdiyini deyən Aysel maraqlı bir məqamı da
vurğulayıb ki, yarışmadan öncə Ermənistan təmsilçiləri
də onlara uğurlar arzulayıb. “Hələ yarımfinaldan əvvəl
Ermənistan təmsilçiləri bizə
yaxınlaşıb mahnımızın çox gözəl
olduğunu dedilər. Hətta bizə uğurlar da
arzuladılar. Mən onların bu hərəkətindən
şoka düşmüşdüm. Demək ki, bizim
mahnımız və ifamız həqiqətən də
çox gözəldir. Müsabiqənin finalında Azərbaycana
1 xal vermələri də bunun əyani sübutudur. Bizim
mahnımız o qədər ürəyəyatan idi ki, ermənilər
özlərini saxlaya bilməyib, bizə səs verdilər”.
Müsabiqədən
öncə onları tənqid atəşinə tutan şəxslərə
ismarıc ünvanlayan Aysel onların nəticəyə
baxıb utandıqlarına inandığını da dilə
gətirib.
Ermənistanın növbəti gülünc
addımı
Qeyd edək ki, son
günlər mətbuatda Ermənistan tərəfinin
İctimai Televiziyanı məhkəməyə verməyə
hazırlaşdığına dair xəbərlər
yayılmaqdadır. Səbəb olaraq final mərhələsində
səsvermə zamanı Ermənistan təmsilçilərinin
sms üçün sıra nömrəsinin titırlarda
yazılmamasıdır. İTV-nin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Tahir Məmmədov isə ermənilərin
ittihamını əsassız sayaraq, belə
cavablandırıb: “Bu addımı atmaq çox yanlış
və gülünc olardı. Burada siyasi məna yaratmaqdan
söhbət belə gedə bilməz. Həmçinin,
bütün Azərbaycan xalqı hansı nömrə ilə
səs verəcəyini bilirdi. Əgər Ermənistanın
kodu bilinməsəydi və tamaşaçılar bundan xəbərsiz
olsaydı, o zaman Azərbaycandan Ermənistan təmsilçilərinə
43 səs göndərilməzdi. Bunu deməyə bizə
ünvanlan rəsmi məlumat əsas verir. Sadəcə
göndərilən 43 səs heç bir faiz etmədiyi
üçün canlı yayımda açıqlanmayıb”.
Final mərhələsində
səsvermənin obyektiv olmadığı ilə bağlı
yayılan məlumatlara da aydınlıq gətirən İTV
rəsmisi heç bir şəkildə bu nəticələrin
dəyişdirilməsinin mümkün
olmadığını vurğulayıb: “Səslər
Almaniyanın xüsusi olaraq yarışma üçün
ayrılan şirkəti tərəfindən hesablanıb və
səsvermədən öncə hər bir ölkəyə
faksla göndərilib. Ona görə də, səsləri gizlətmək
mümkün deyildi. Ola bilsin, hansısa texniki nasazlıq
üzündən səsvermə alınmasın. Amma
ümumilikdə səsvermədə heç bir pozuntu
olmayıb”.
T.Məmmədov Xalq
artisti Aygün Kazımovanın “Eurovision-2009” müsabiqəsinin
finalını şərh etməsi ilə bağlı
yayılan məlumatlara da münasibət bildirib: “Aygün
Kazımova müsabiqə keçirilən ərəfədə
Moskvada idi. Ona və digər müğənnilərə dəstəklərinə
görə təşəkkür edirik. Amma Aygün
Kazımovanın finalı şərh etməsi ilə
bağlı İTV tərəfindən rəsmi məlumat
verilməmişdi. Bu müsabiqədə müəyyən məhdudiyyətlər
var. Çünki, hər bir ölkənin nümayəndə
heyətinə daxil olan şəxslərə icra edəcəkləri
işin reallaşdığı məkanlara daxil olması
üçün vəsiqələr verilirdi. Yəni bir
neçə həftə öncədən qeydiyyatdan
keçmək lazım idi”.
İctimai Televiziya və
Radio Yayımları Şirkətinin (İTV) nümayəndəsi
və “Eurovision-2009” müsabiqəsinin şərhçisi
Leyla Əliyeva Azərbaycanın beş nəfərdən ibarət
münsiflər heyətinin 12 balı Norveç təmsilçisi
Aleksandr Rıbaka verdiklərini də qeyd edib: “Azərbaycan tərəfindən
münsiflər heyətində Vaqif Gərayzadə, Fəxriyyə
Xələfova, Mübariz Tağıyev, Tünzalə
Ağayeva, Mənzər Nurəliyeva təmsil olunurdu. Onlar
öz səslərini məhz Norveç təmsilçisinə
göndərmişdilər. Bu da bizim münsiflər heyətində
təmsil olunan şəxslərin peşəkarlığından
xəbər verir”.
Onu da qeyd edək ki,
hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq
münasibətlər fakültəsinin tələbəsi olan
Aysel Teymurzadə həm təhsilini həm də
yaradıcı fəaliyyətini uğurla davam etdirmək
arzusundadır. Belə ki, dünya standartlarına cavab verən
kliplər çəkdirmək, albomlar çıxartmaq istəyində
olan Ayselə bu işdə həm Araş həm də İTV
dəstək olacaq. Araş Ayseli Avropa müğənnisi etməyə
hazırlaşdığını, ona yeni mahnılar yazmaq
arzusunda olduğunu deyərkən, İTV təmsilçisi T.Məmmədov
təmsil etdiyi qurumun sıx beynəlxalq əlaqələrindən
istifadə etməklə Ayselin Azərbaycandan kənarda da təbliğinin
aparılması işində dəstək olacaqlarını
diqqətə çatdırıb. Özünü şahzadə
kimi hiss etdiyini etiraf edən Aysel yalnız birillik fasilədən
sonra yenidən ölkəmizi bu yarışmada təmsil etmək
gərəkdiyində sevə-sevə bu addımı
atacağını diqqətə çatdırıb.
Son olaraq media mənsublarının
istəyini nəzərə alan təmsilçilərimiz Azərbaycanı
yarışmanın üçüncüsü edən
“Always” mahnısını canlı olaraq ifa ediblər.
“Eurovision-2009” mahnı
müsabiqəsinin nəticəsinə münasibət bildirən
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov isə
qeyd edib ki, onlar hər zaman Aysel Teymurzadə ilə fəxr
ediblər. “İndi də fəxrlə deyirik ki, Avropanı fəth
edən Aysel bizim Dillər Universitetinin beynəlxalq münasibətlər
fakültəsinin ən gözəl tələbəsidir” -
söyləyən S.Seyidov onu da əlavə edib ki,
bütün Azərbaycan vətəndaşları kimi, bu
uğura xüsusi münasibət bəsləyir. Və bunu
Avropanın ən seçilib sayılan musiqi festivalında qazanılan
çox böyük nailiyyət olaraq dəyərləndirib. S.Seyidovun
sözlərinə görə, Azərbaycan üçün
üçüncü yer böyük qələbədir. “Tələbəmizin
belə nailiyyətini görəndə, bir daha əmin oluruq
ki, Azərbaycan yüksək səviyyədə inkişaf edən
bir ölkədir. Ayselin uğuruna butun Azərbaycan sevinir” -
deyən S.Seyidov diqqətə çatdırıb ki,
universitetdə Aysellə görüş keçiriləcək.
“Eurovision-2009” mahnı
yarışmasının Azərbaycandan olan münsiflər
heyətinin tərkibində olan Əməkdar artist Tünzalə
Ağayeva müsabiqənin nəticələri ilə
bağlı fikirlərini bölüşərkən bildirib
ki, bu Azərbaycan xalqının, bütün musiqisevərlərin
uğurudur. “Müsabiqədən öncə hər birimiz təmsilçilərimizi
azı beşlikdə görürdük. Belə bir müsabiqədə
ikinci dəfə iştirak edən Azərbaycan
üçün üçüncü yer birinci yerə bərabərdir.
Çox sevinirəm ki, bu iş üzərində
çalışan insanların zəhməti hədər getmədi.
Dövlət olaraq, bunu hazırlayan bir komanda olaraq uğurlu
seçim etdik və uğurlu nəticə də göz
qabağındadır. İnşallah arzu edirəm ki, ildən-ilə
Azərbaycan daha iddialı və daha yüksək yerlərə
nail olacaq”.
Ayselin tək və yaxud
Araş ilə birgə yenidən növbəti illərdə
sözügedən müsabiqədə iştirak etməsi ilə
bağlı irəli sürülən fikirlərə gəlincə,
T.Ağayeva bildirib ki, bu birincilik qazanmaq üçün
müəyyən mənada rol oynaya bilər. “Eurovision
müsabiqəsi təcrübəsi onu göstərir ki,
müxtəlif ölkələrin iştirakçıları
özlərini dəfələrlə bu yarışmada
sınayıb. Məsələn, Malta təmsilçisi,
artıq üçüncü dəfə idi ki,
yarışmada iştirak edirdi. İfası yaxşı olsa
belə, bu tək bir adamın uğur qazanacağı iş
deyil. Bu bir komandanın qalibiyyəti ola bilər. Düzgün
aparılan piar ölkəni qalibiyyətə daha çox
yaxınlaşdırır. Eurovision elə bir müsabiqədir
ki, çox zaman gözlənilməyən nəticələr
nümayiş etdirir”.
Sözügedən
yarışmada ikinci dəfə iştirak etdikdən sonra
qalibiyyət əldə edən Dima Bilana gəlincə,
T.Ağayeva bunu tək Dima Bilanın uğuru görməyib. Onun
sözlərinə görə, o, Rusiya dövləti olaraq,
strateji seçim olaraq aparılan düzgün təbliğat
nəticəsində qalib olub. Bu yarışmada təcrübə
və düzgün piarın aparılmasını əsas
şərt adlandıran T.Ağayeva artıq yetərincə təcrübəmiz
olduğunu, bunun əsasında isə növbəti illərdə
yenidən Ayseli və yaxud başqa bir ifaçını
müsabiqəyə daha yaxşı hazırlaya biləcəklərini
söyləyib.
TURANƏ
Yeni Azərbaycan.- 2009.- 20 may.- S.6.