Qürur duymağa
haqqın var
Azərbaycan müstəqillik qazandıqdan
sonra milli düşüncə tərzinin
formalaşması, milli
varlığımızın dərki, tarixə qayıdışdan qidalanan
tarixi əsərlərin
meydana çıxması,
açılmamış səhifələri
açmaq cəhdi, tarixin həqiqətinə,
həqiqətin tarixinə
ayna tutan kitabların yaranması məni həddindən çox sevindirir. Ona görə həddən çox ifadəsini xüsusi vurğu ilə işlədirəm ki,
70-80 illik bir tarixi mərhələdə
tariximiz tərsinə
yazılıb, tərsinə
tədris olunub, Əzizim Elçin!
Sənin əsərlərini
maraqla izləyən, diqqətlə oxuyan oxucularından biri də
mənəm. “Don Juan”ı həvəslə oxuyub başa
çatdırmışdım. O əsərin məntiqindən
hiss edirdim ki, dünyaya yeni bir tarixi roman gəlir. “Don
Juan”ı necə həvəslə oxumuşdumsa, “Şah
Abbas”ı da eyni həvəslə gözləyirdim.
Açıq və səmimi
şəkildə etiraf etmək lazımdır ki, Şeyx
Cüneyddən, Şeyx Heydərdən başlamış,
sonuncu səfəvi şahlarına və şahzadələrinə
qədər tariximizin Səfəvilər dövrü hələ
lazımi şəkildə nə tarixi, nə də bədii
yaradıcılıq baxımından arzu olunan səviyyədə
açılmayıb. Hətta Şah İsmayıl Xətai
dühası belə tam təfərrüatı ilə
bugünkü nəslə çatdırılmayıb.
İnsaf və ədalət
naminə deməliyik ki, Səfəvilər dövrü ilə
bağlı məşhur tarixçi alimimiz Oqtay Əfəndiyevin
elmi araşdırmaları, Fərman Kərimzadənin, Əzizə
Cəfərzadənin, Əlisa Nicatın bədii əsərləri
hələ sovetlər dönəmində bu sahədə
elmimiz və ədəbiyyatımız üçün xeyli
iş gördü. Ancaq bugünkü müstəqillik
dövrü bizə imkan verir ki, daha obyektiv, daha aydın şəkildə
öz tariximizi işıqlandıraq. Müstəqillik
işığında hər şeyi öz rəngində
görək, hər kəsi əməllərinə görə
qiymətləndirək. Bu baxımdan sizin qələminizdən
çıxan “Şah Abbas” tarixi romanı XXI əsrdən
XVI-XVII əsrlərə baxış kimi çox
maraqlıdır və Səfəvilər dövrünə
maraq həmişə güclü olub, bu da, şübhəsiz
Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin
dünyəvi nüfuzu ilə bağlıdır.
Şah Abbas körpəlik
və uşaqlıq illərimin, uzun qış gecələrinin,
nağıllı-dastanlı dünyamın ən sevimli
obrazı kimi mənə əzizdir. Ömrümün dünənində
o, mənim nağıllarımın, dastanlarımın qəhrəmanı
idi. Bu gün isə artıq tarixi şəxsiyyət kimi, bir
roman qəhrəmanı kimi sənin sayəndə mən onu
sevdim, ona acıdım, ona ağladım, onunla qürur hissi
keçirdim, ağlına, qabiliyyətinə, sərkərdəlik
məharətinə heyran qaldım, heyrət elədim.
Şah Abbas bütün
uğurlu və qüsurlu cəhətləri ilə,
bütün zəif və güclü cəhətləri ilə
oxucuya təqdim olunub. Bu obrazın şəxsində az qala 50
illik bir tarixi mərhələ bütöv
ağrı-acıları, qələbə və məğlubiyyətləri
ilə açılıb, şərh olunub.
Şah Abbas
ömrünün son günlərində öz şahlıq
taxtını nəvəsi Səfi Mirzəyə etibar edəndə
ona belə bir tapşırıq verir: “Mənim canamaz dəm-dəsgahımı,
sazımı da özünlə götürərsən, bir də
Şeyx Səfi xalısını”.
Canamaz, saz və Şeyx
Səfi xalısı. Bütün döyüşlərdə
bu üç müqəddəslik ona həmişə
qüvvət vermişdi. Ona görə də, tapşırıqla
elə bil nəvəsinə demək istəyirdi ki, bu canamazda
dinini, sazda ruhunu, xalıda Şeyx Səfi müqəddəsliyini
yaşada bilsən sənə zaval yoxdur.
Şah Abbas atası Məhəmməd
Xudabəndədən şahlıq tacını alan kimi faciələrlə
dolu səhnələr insanı sarsıdır və bu sarsıntılar,
saraydaxili didişmələr, sui-qəsdlər əsərin
sonuna kimi davam edir. Şah Abbasın anası fars qızı
Xeyrənnisənin ustaclı, şamlı, qızılbaş
tayfalarına qənim kəsilməsi, Xeyrənnisənin və
onun anasının qızılbaşlar tərəfindən qətlə
yetirilməsi, Şah Abbasın anasının qisasını
almaq üçün 22 qızılbaş əmirinin
başını kəsib Qəzvin darvazalarının
ucluqlarına sancdırması, Şah Abbasın əmri ilə
iki ögey qardaşının - Təhmasib Mirzənin və Əbutalib
Mirzənin gözlərinə mil çəkdirib, onları
ömürlük kor eləməsi, hətta öz lələsini
belə qətlə yetirməkdən çəkinməməsi
elə bir ustalıqla təsvir olunur ki, bu məqamları
oxucuya sənətkarlıqla çatdırmaq
üçün sənin şəxsində
yazıçı qələmi tarixçi qələminə,
tarixçi istedadı yazıçı ilhamına qüvvət
verir. Nəticədə 40 ildən artıq şahlıq edən
Şah Abbasın şəxsi keyfiyyətləri bütün
çalarları ilə üzə çıxır. Bu zəhərləmələr,
kirişlə boğulmalar, başkəsmələrlə
bağlı Kərbəla müsibətlərini
xatırlatmağın çox dəqiq yerinə
düşür. Hakimiyyəti möhkəm və
uzunömürlü etmək üçün qəddarlığın
son həddi əksər şahlara xas olan keyfiyyətdir. Şah
Abbasın bu qəddarlıqlarına baxmayaraq, ardı-arası
kəsilməyən müharibələrdə həmişə
qalib gəlməsi, yüksək sərkərdəlik məharəti,
bütün hərbi manevrlərdən ustalıqla,
üzüağ çıxması istər-istəməz
insanı - oxucunu heyrətə gətirir. Bütün əsər
boyu ürəkləri parçalayan acı bir həqiqəti
fani çılpaqlığı ilə açıb bu
günün oxucusuna təqdim etdiyin üçün çox
sağ ol. Bu əsər, götürmək qabiliyyətimiz
olsa, tarixin ən böyük ibrət dərsidir. Biz qardaş
qırğınlarından söhbət düşəndə
nədənsə həmişə Sultan Səlimlə Şah
İsmayılın qarşılaşmasını -
Çaldıran faciəsini xatırlayırıq. Ancaq bu əsəri
oxuduqca hər səhifədə, hər fəsildə təəssüf
hissi keçiririk, qəlbimizdən qara qanlar axır.
Faciəmizin
böyüklüyünə baxın ki, Şah Abbas
Osmanlıları məğlub etmək üçün Avropa
ölkələri ilə güclü əlaqələr
yaradır, İspaniya kralına elçi göndərir,
Osmanlıları zəiflətmək istəyən Venesiya və
İtaliya ilə güc birliyi yaratmağa can atır, Fransadan
silah almaq üçün alverə girişir, öz
qılıncımız özümüzü kəsir,
qardaş öz qardaşının qanını tökür,
biri Osmanlı kimi, biri də qızılbaş kimi bir-birini məhv
edir, avropalıların fitvasına uyur, bu bədbəxt atabir,
anabir qardaşlar heç vaxt başa düşmür və
başa düşmək istəmir ki, qardaş
qırğınından qazanan ancaq Batı ölkələri
olur. Nəticədə Osmanlı imperiyasının
ölümü yaxınlaşır, Azərbaycanın
parça-parça olması üçün gələcəyə
zəmin hazırlanır. Bütün türk-müsəlman
dünyasını içəridən çökdürmək
üçün rusların, ingilislərin əlinə
yaxşı fürsət meydanı keçir. Bugünkü bəlalarımızın
kökü elə o zamanlardan gəlir. Şiə-sünnü
məsələsindən istifadə edənlər bizi
bütövlükdə ölümə, məhvə,
parçalanmaya aparır. Amansız düşmənə
fürsəti həmişə özümüz vermişik.
Qırılan da özümüz olmuşuq, qıran da. Ölən
də özümüz olmuşuq, öldürən də.
Bir-birini qıran eyni millətin tapdağı altında
Şirvan, Bakı, Təbriz, Gəncə, Dərbənd,
Naxçıvan, Qarabağ, Çuxursədd, bir sözlə,
Azərbaycan adlı bir cənnət məmləkət cəhənnəmə
çevrilib bölük-bölük olmasaydı bu gün erməniyə,
rusa, gürcüyə yem olmazdıq.
Qalib gələn
İran aslanı Şah Abbasla məğlub olan Osmanlı
paşanın sual-cavabına fikir verin:
“Şah Abbas ayağa
qalxmadan soruşdu: Sən bu qədərmi özündən
razıydın, döyüşçüləri evlərinə
buraxdın, özünsə ova getdin, məni saymadın?
Əli paşa
başını qaldırmadan:
Mən özümdən
yox, taleyimdən arxayın idim, o isə sizin üzünüzə
güldü - dedi. Bu cavab şahın xoşuna gəldiyinə
görə daha bir sual verdi: Ağlınımı
qınayırsan, bəxtinimi?
Əli paşa bu
sözün də altında qalmadı:
- Bu döyüşdə nə mənim ağlım, nə
də bəxtim günahkardı. Anadan xoşbəxt doğulan
sənsən. Çünki qalib xoşbəxtlikdən
şişir, məğlub isə boşalır”.
Bu ürəkağrıdan
parçanı ona görə misal çəkirəm ki, bu
iki bədbəxtin heç biri bilmir ki, hər ikisi
böyük gələcək qarşısında məğlub
olub. Sabah Türk dünyasını, böyük Azərbaycanı
ruslar, farslar, ermənilər, ingilislər yağlı tikələr
kimi udacaq, bahalı parçalar kimi doğram-doğram edəcəklər.
XV əsrdə dünyanın yarısı olan Azərbaycanı
dağıtmaq üçün “Türkmənçay” və
“Gülüstan” müqavilələri bağlanacaq, onun
arxasınca Qarabağın, Dərbəndin,
Borçalının, Zəngəzurun, Göyçənin
faciələri gələcək.
1605-ci ildə
Cığaloğlu Sinan Paşa ilə Şah Abbasın
savaşında qızılbaşlar 34 türk
paşasını əsir almışdılar. Əgər bir
savaşda 34 türk paşası əsir alınıbsa, indi
görün hər dəfə Osmanlılarla
qızılbaşlar qarşılaşanda sayı 50 mindən
az olmayan qoşunlar bir-birinin qanını sel kimi axıdanda
biz nələri və kimləri itirmişik. Dünyanın
heç bir milləti tarixdə bir-birinə bu qədər qənim
kəsilməyib. Bu günün gözüylə baxanda
Şah Abbasın “böyük köçü”nə tarixin
böyük səhvi də demək olar. Əgər o, dünən
Çuxursəddi, Borçalını, Rəvanı
köçürüb farsların içinə
doldurmasaydı, bəlkə də Ermənistan və
Gürcüstan azərbaycanlılarının daha dəhşətli
qaçqınlığı, köçkünlüyü də
olmazdı. Şah Abbas o torpaqları boşaltmaqla özündən
xəbərsiz erməni kimi kəmfürsət düşmənə
dövlət olmaq üçün ərazi
hazırlayırmış.
Əzizim Elçin
Hüseynbəyli!
Əsərin bir yerində
çox qiymətli bir fikir işlətmisən: “Tarix hər
zaman ağadır. Ancaq onu ağa kimi də görmək olar,
gədə kimi də. Tarixi gədə kimi görənlərin
halına yazıq!”
Mənim
düşüncəmə görə, bu əsər bizə
və bizdən sonra gələnlərə belə deyir:
Tarixini yaxşı öyrən, şəxsiyyətlərini
dürüst tanı, keçmişinə sahib ol, öz
qılıncınla özünü kəsmə, dilinə,
dininə, əqidənə, etiqadına sadiqlik hissini itirmə,
milliliklə millətçiliyi qarışdırma, gələcəyini
düzgün qurmaq üçün tarixin acı həqiqətlərindən,
böyük dərslərindən ibrət al. Özün ol,
özgələşmə. “Mən kimdən” demə, “kim məndən”
de. Gücü kökünə ver ki, budaqların tufanlara yem
olmasın. Xalqdan millətə, millətdən dövlətə
doğru get, millətdən tayfaya enmə, tayfadan millətə
doğru get. Getdinsə, getməyi bacardınsa dünya sənindi.
Bacarmadınsa nə dünya sənindi, nə də sən
dünyanınsan!
Yaqub Zəlimxan
Yeni Azərbaycan.- 2009.- 20 may.- S.5.