Çempionlar mükafatlandırıldılar

 

Futbol üzrə XVII Azərbaycan çempionatının ən yaxşıları da müəyyənləşib

 

Bakı Əyləncə Mərkəzində futbol üzrə 17-ci Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, futbol veteranları, Milli Məclisin deputatları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mükafatlar 10 nominasiya üzrə təqdim olunub. Ölkə çempionu olmuş “Bakı” mövsümün ən yaxşı komandası seçilib. Komandasına Premyer Liqanın bürünc medallarını qazandıran, “Simurq”un baş məşqçisi Roman Pokora isə ən yaxşı məşqçi olub.

Digər nominasiyalar aşağıdakı kimi bölünüb: ən yaxşı müdafiəçi - Samir Abbasov (“İnter”), ən məhsuldar hücumçu - Valter Quqlemon (“İnter”), qapıçı Xalidu Sissoko (“Bakı”), yarımmüdafiəçi - Amiran Muciri (“Bakı”), hücumçu - İvan Tsvetkov (“Xəzər-Lənkəran”), futbolçu - İvan Tsvetkov. “Neftçi” ilə oyunda “Bakı”nın hücumçusu Fernando Peresin vurduğu qol isə mövsümün ən yaxşı qolu hesab olunub. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Premyer Liqanın oyunlarını işıqlandıran ən yaxşı kütləvi informasiya vasitəsi hesab olunub. Tədbirin sonunda çempionatda ilk üç yeri tutmuş komandalaya mükafatlar təqdim olunub. “Bakı”ya qızıl, “İnter”ə gümüş, “Simurq”a isə bürünc medal verilib.

 

 

Yeni Azərbaycan.- 2009.- 22 may.- S.8.