Azərbaycan korrupsiyaya qarşı mübarizədə ciddi addımlar atıb

 

Bu fikir dünən Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətin rolu” mövzusunda konfransda bir daha səsləndirilib

 

Korrupsiyaya Qarşı Parlament Üzvlərinin Qlobal Təşkilatı (GOPAC) və bu qurumun Cənubi Qafqaz regional şəbəkəsinin təşkilatçılığı ilə dünən Bakıda “Korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətin rolu” mövzusunda konfrans keçirilib. Millət vəkili, təşkilatın Cənubi Qafqaz regional şəbəkəsinin üzvü Fuad Muradov bildirib ki, Azərbaycanla GOPAC arasında sıx münasibətlər mövcuddur. O, xatırladıb ki, Azərbaycanın millət vəkilləri ötən ilin noyabr ayında GOPAC-ın Küveytdə keçirilən III konfransında iştirak ediblər. Həmin konfrans zamanı təşkilat rəhbərliyi ilə qurumun Cənubi Qafqazda regional şəbəkəsinin yaradılması məsələsi müzakirə olunub və bu haqda müsbət qərar qəbul edilib. Bundan sonra isə, bu il fevralın 3-də Bakıda Azərbaycan və Gürcüstan deputatlarının iştirakı ilə belə bir şəbəkə yaradılıb. F.Muradovun sözlərinə görə, qurumun məqsədi şəffaflığın təmin olunmasıdır.

GOPAC-ın fəxri prezidenti, qurumun icraçı direktoru Con Vilyems çıxışında bildirib ki, Azərbaycan, o cümlədən, millət vəkilləri korrupsiyaya qarşı səmərəli mübarizə aparır. O, azərbaycanlı deputatların GOPAC-ın tədbirlərində fəal iştirakını təqdir edib. Dünyada təxminən 35 min parlamentarinin olduğunu deyən C.Vilyemsin fikrincə, onlar korrupsiyaya qarşı mübarizədə fəal olmalıdır. GOPAC-ın məqsədi isə bu məsələdə parlamentariləri bir araya gətirməkdir. O, qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da bu mübarizədə öz dəstəyini göstərəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, GOPAC-ın Cənubi Qafqaz regional şəbəkəsinin rəhbəri Əli Hüseynov çıxışında bildirib ki, sürətli inkişaf edən ölkələrdə bu məsələ xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildə Milli Məclis tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbul edildiyini deyən Ə.Hüseynovun sözlərinə görə, bu sahədə ölkəmizdə mükəmməl hüquqi baza mövcuddur. Onun fikrincə, deputatlar bu məsələdə iki istiqamətdə fəal olmalıdır. Birincisi, dövlət büdcəsinin icrasına nəzarət, şəffaflığın təmin olunması üçün millət vəkilləri səylərini artırmalıdır. İkincisi isə, qanunların qəbulunda peşəkar ekspertizanın olmasıdır. Komitə sədrinin sözlərinə görə, şəffaflıq baxımından Dövlət Neft Fondunun yaxşı nümunəsi var. Fəaliyyətimiz bu nümunə əsasında qurulacaq. Onun sözlərinə görə, bu yaxınlarda “çirkli pulların” yuyulmasına qarşı mübarizə haqqında qanun qəbul olunub və bu qanunun qəbulunda beynəlxalq ekspertlər fəal iştirak ediblər. Ə.Hüseynov onu da qeyd edib ki, GOPAC-ın Cənubi Qafqaz regional şəbəkəsi qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Eyni zamanda, şəbəkənin əhatəsinin genişləndirilməsi də təşkilatın məqsədlərindəndir.

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov çıxışında bu sahədə görülən işlər haqqında məlumat verib. O, bildirib ki, 2003-cü ildə qanun qəbul edildikdən sonra Korrupsiyaya qarşı mübarizə haqqında Dövlət Proqramı təsdiq edilib, 2007-ci ildə milli strategiya qəbul olunub. Bundan əlavə, dövlət qulluqçularının etik davranış kodeksi qəbul edilib. Dövlət Komissiyasının katibi, həmçinin, vurğulayıb ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq sənədlərə qoşulub və bu istiqamətdə mötəbər qurumların layihələrində yaxından iştirak edir. Onun fikrincə, Respublika Prokurorluğunda korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması da bu baxımdan müsbət addımdır. İ.Kərimov qeyd edib ki, Dövlət Komissiyası GOPAC-la əməkdaşlığa və təşkilatın tədbirlərində fəal iştirak etməyə hazırdır.

 

 

NARDAR

 

Yeni Azərbaycan.- 2009.- 22 may.- S.5.