Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan modeldir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva www.yap.org.az saytına müsahibə verib

 

- Aynur xanım, cəmiyyətimizin inkişafında, ictimai-siyasi proseslərdə Azərbaycan qadınının özünəməxsus rolu var. Bu gün dövlətimizin qadın siyasəti uğurla həyata keçirilir. Bu mənada gender bərabərliyi, Azərbaycan qadınlarının ölkə həyatında mövqeyi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb. Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan və şərait var. Qanunvericilik baxımından da Azərbaycan qadınının geniş fəaliyyəti üçün lazım olan hüquqi baza formalaşdırılıb. Bilirsiniz ki, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmin ildən başlayaraq dövlət qadın siyasəti, qadınların fəallığının artırılması ilə bağlı ölkə Prezidentinin fərman və sərəncamları olub, 2006-cı ildə “Gender Bərabərliyinin Təminatları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə dövlətimizin xüsusi diqqətinin nümunəsidir.

Ümumiyyətlə, Konstitusiyamızda və digər qanunlarda gender məsələləri nəzərə alınıb. Yəni, qadınların hüquq bərabərliyi təsbit olunub. Hakimiyyətin hər üç qoluna - istər icra hakimiyyəti orqanlarında, istər qanunvericilik orqanında, istərsə də məhkəmə sisteminə baxsaq görərik ki, qadınların rolu artmağa doğru gedir. Bir neçə il öncə rayon icra hakimiyyətlərində cəmi bir neçə yüksək vəzifəli qadın çalışırdısa, hazırda 30-dək rayonda qadınlar icra başçılarının müavini səviyyəsində təmsil olunur. Bu artıq müsbət göstəricidir. Bəzən belə bir fikir də deyilir ki, qadın olduğuna görə kimsə irəli çəkilməlidir. Mən bununla razı deyiləm. Biz gender məsələsini nəzərə alırıqsa, bu o demək deyil ki, qadınlara üstünlük verilməlidir. Gender hüquq bərabərliyi deməkdir, yəni, qadınların statusunu daha yüksək tutmur. Qadınlığına görə kiməsə üstünlük verilsə, bu kişilərin hüquqlarının pozulması olardı. Bu gün biz hüquqi dövlətdə, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər kiminsə bacarığı varsa, öz imkanlarını göstərə bilirsə, təbii ki, irəli çəkiləcək.

Bu baxımdan da, əgər belə bir sual olsa ki, Azərbaycan qadını fəaldırmı, o zaman söyləmək olar ki, bəli, fəaldır. Amma müəyyən problemlər var. Biz tez-tez müxtəlif bölgələrdə oluruq, qadınlarla görüşürük, görürük ki, bir çox qadınlar, hətta öz hüquqlarını belə bilmirlər. Bu gün ona görə də, Dövlət Komitəsinin əsas prioritet istiqamətlərindən biri məhz qadınların maarifləndirilməsi ilə bağlıdır.

- Ailə cəmiyyətin əsasını təşkil edir. Ölkəmizdə ailə məsələləri haqqında nə deyə bilərsiniz? Müasir dövrümüzdə xalqımızın ailə ənənələrini qorumaq və inkişaf etdirmək istiqamətində nə kimi tədbirlər görülür?

- Biz fəxr edirik ki, Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir.

Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Amma əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı halları da mövcuddur. Azərbaycan ailəsində erkən nikah problemi var. Biz bu məsələlərlə bağlı araşdırmalar aparırıq. Erkən nikahlar da təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nikahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.

- Milli Məclis tərəfindən Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qeyd etdiyiniz problemlərin həlli ilə bağlı bu Məcəlləyə hər hansı dəyişikliklər ediləcəkmi?

- Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da, təəssüflər olsun, ağrılı problem kimi qalır. Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma biz bilirik ki, ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Buna görə də, bizim buna kənarda durub baxmağa haqqımız yoxdur. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər.

Ona görə də, dövlət bu məsələni tənzimləməlidir. Biz də Dövlət Komitəsi olaraq bu istiqamətdə iş aparırıq. Bəli, ailə problemlərinin həlli baxımından biz qanunvericiliyin təkmilləşdirilməsi üçün öz təkliflərimizi vermişik. Yəqin ki, yaxın zamanlarda Milli Məclisdə bu məsələyə baxılacaq. Təkliflər sırasında erkən nikahın yaş həddinin qaldırılması, nikah öncəsi tibbi arayışın alınması, nikah müqaviləsi və s. məsələlər daxildir. Belə təcrübə inkişaf etmiş ölkələrdə var. Sağlam cəmiyyətin yaradılması üçün bütün bunlar məcburi qaydada olmalıdır. Bizə olan müraciətlərin 30 faizi məhz əmlakın bölüşdürülməsi ilə bağlı problemlərdir ki, burada ən çox əziyyət çəkən qadınlardır. Nikah müqaviləsi olmadıqda, qadınlar hüquqi olaraq müdafiəsiz qalırlar. Bizim işimiz də qadınları bu sahədə maarifləndirməkdən ibarətdir. Problemlərin böyük bir hissəsi məhz maariflənmənin aşağı səviyyədə olmasından meydana gəlir. Bu məsələdə kütləvi informasiya vasitələrinin dəstəyinə ehtiyacımız var.

- Ölkəmizdə 15 may - Beynəlxalq Ailə Günü münasibətilə bölgələrdə ailə bayramınin keçirilməsi ənənəsinin əsası qoyulub. Bu bayramın qeyd olunması hansı müsbət nəticələri ortaya çıxarır?

- Komitəmiz yaranandan sonra biz belə bayram keçirmək təşəbbüsünü irəli sürdük. Burada məqsəd ailənin statusunun qaldırılması, cəmiyyətdə ailəyə diqqətin artırılmasıdır. Komitəmizin təşəbbüsü ilə Beynəlxalq Ailə Günü ərəfəsndə hər bir rayonda nümunəvi ailələrin iştirakı ilə bayram əhval-ruhiyyəli tədbirlər keçirilir və qalib ailələr yekun tədbiri olan “Ailə bayramı”nda iştirak etmək hüququ qazanırlar. Keçən il Şamaxıda, bu il isə Lənkəranda təntənə ilə keçirilən “Ailə bayramı” xalqımıza böyük bayram əhval-ruhiyyəsi bəxş etdi. Digər çox vacib bir tədbirimiz mayın 12-də oldu, bu da “Azərbaycan ailəsi” qısametrajlı filmlər festivalı idi. Martın 10-dan start verilən festival 2 ay davam etdi və çox maraqlı filmlər nümayiş etdirildi. Və biz bu tədbirlə bir daha cəmiyyətin, insanların diqqətini ailə dəyərləri və adət-ənənələrimiz kimi vacib məsələlərə yönəltdik. Festivalda birinciliyi ulu öndərimiz Heydər Əliyevin ailəsinə və Onun ailə siyasətinə həsr olunmuş “Ailə şəcərəsi” filmi qazandı.

- Ölkə Prezidenti tərəfindən 2009-cu il Azərbaycan da “Uşaq ili” elan olunub. Dövlət Komitəsi “Uşaq ili” çərçivəsində hansı layihələri həyata keçirməkdədir?

- Uşaq problemləri çox vacib məsələdir. Bizim dövlətimizin siyasətində uşaqlara diqqət və qayğı həmişə olub. “Uşaq ili” ilə əlaqədar müxtəlif layihələr, proqramlar həyata keçirilir. Buna görə biz hörmətli Prezidentimizə təşəkkür etməliyik. Dünya hazırda iqtisadi böhran keçirir və bir çox ölkələr bu cür tədbirləri təxirə salırlar. Amma belə bir vaxtda bizim ölkədə uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi onlara böyük bir qayğıdır. Uşaqların daha yaxşı təhsil alması, onlara milli-mənəvi dəyərlərin aşılanması, ana-uşaq ölümünün azaldılması yönündə tədbirlər və s. bu kimi işlər həyata keçirilir. Bu il bütün bu işləri təkcə bizim komitə yox, bütün aidiyyatı qurumlar lazımi səviyyədə həyata keçirməkdədir. Dövlət Komitəsi hazırda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı böyük tədbirə hazırlaşır.

- Aynur xanım, siz həmçinin, YAP Qadınlar Şurasının sədr müavinisiniz. Ölkəmizin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da qadınlar böyük üstünlük təşkil edir.

Ümumiyyətlə, qadınların siyasi proseslərdə fəallığını necə qiymətləndirmək olar?

- Hər birimizə məlumdur ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ağır bir dövründə yarandı. YAP ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərliyi ilə fəaliyyətə başladı və xalqın sevgisini, rəğbətini qazandı. Bu illər ərzində partiyamızdakı qadınlar da ümumi işə öz töhfələrini veriblər. Bu gün, doğrudan da, cəmiyyətin bütün sahələrində YAP üzvü olan qadınlar öz fəaliyyətləri ilə xalqın rəğbətini qazanıb. Bir partiya olaraq qadınlarımızın daha fəal olmasında maraqlıyıq. Əslində, bizim qadınların daha böyük potensialı var və daha böyük işlər görə bilərik. Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, bizim əzizimiz Mehriban xanımın timsalında Azərbaycan Qadınının nələrə qadir olduğunun şahidi oluruq. Bilirsiniz ki, bu yaxınlarda YAP Qadınlar Şurasının ümumrespublika konfransı keçirildi və indiyədək görülən işlər qənaətbəxş hesab olundu. Konfransda yeni İdarə Heyəti seçildi və bu yaxınlarda ilk iclasımız olacaq. Fikrimcə, YAP Qadınlar Şurasının fəaliyyəti ümumilikdə qadınlarımızın cəmiyyətdə daha da fəallaşmasına səbəb olacaq.

 

 

Yeni Azərbaycan.- 2009.- 22 may.- S.3.