Günü-gündən inkişaf
edən və gözəlləşən UCAR...
“Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
rayonun inkişaf tempini sürətləndirib
“416-cı Taqanroq diviziyası”nın vətəni...
Şirvan düzündə,
paytaxtdan 234 km qərbdə yerləşən Ucar rayonu
Göyçay və Türyan (Qarasu) çaylarının
vadisində qərar tutub. Şirvan
şahlığının tərkibində yaşayış
məskəni olan Ucar dünyada ən əsas biyan bitkisi ilə
məşhurlaşıb. Həmin bitki rayonun florasında
mühüm yer tutur və bu bitkidən ən bahalı dərmanlar
hazırlanır. Rayonun faunasında canavar, turac, qırqovul
daha geniş yayılıb. Bakı-Tbilisi dəmir yolu və
Bakı-Qazax avtomagistralı Ucar rayonunun ərazisində şərqdən
qərbə doğru keçir. Yuxarı Şilyan kəndində
əl ilə xalça toxumaq sənəti hələ də
qorunub saxlanılıb.
Rayonun inzibati mərkəzi
Ucar şəhəridir. Ucarın tarixində ən əlamətdar
hadisələrdən biri II Dünya Müharibəsi illərində
məşhur 416-cı Taqanroq diviziyasının məhz burada
yaradılmasıdır. Həmin diviziyanın
döyüşçülərinin xatirəsi Ucar rayonunda əbədiləşdirilib.
867 kvadrat kilometr əraziyə malik Ucarın 73 minə
yaxın əhalisi var. Əsas məşğuliyyət
heyvandarlıq və əkinçilikdir.
Ucarın işıq, qaz, su problemləri Dövlət
Proqramı çərçivəsində öz həllini
tapıb
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” (2004-2008-cı illər)
bölgələrin ümumi
inkişaf tendensiyasında
xüsusi əhəmiyyətə
malik olub. Bu, Ucar rayonunun həyatında özünü göstərib.
Dövlət proqramının
icrasını təmin
etmək üçün
Ucar rayon İcra Hakimiyyəti tərəfindən 2004-2008-ci illər
ərzində ardıcıl
tədbirlər həyata
keçirilib. Dövlət Proqramının ayrı-ayrı müddəalarının
icrası diqqət mərkəzində saxlanılıb
və ötən dövrdə rayonda aparılan tikinti, quruculuq və abadlıq işləri daha da sürətləndirilib.
Əhalinin və iqtisadiyyatın elektrik enerjisi və təbii qazla təminatının daha da yaxşılaşdırılması
üçün tədbirlər
həyata keçirilib.
Proqramın əhatə etdiyi
zaman kəsiyində
10 kilovoltluq elektrik verilişi xətlərinin
124,9 kilometrində, 0,4 kilovoltluq
elektrik verilişi xətlərinin 104,2 kilometrində
əsaslı və cari təmir işləri aparılıb,
431 müxtəlif güclü
transformator yarımstansiyaları
əsaslı və cari təmir olunub. Xətt və avadanlıqlarda aparılan təmir işlərinə 119,7 min
manat vəsait xərclənib. Tədbirlər
planı əsasında
35/10 kilovoltluq Boyat yarımstansiyasında enerji
hesabatını dəqiqləşdirmək
üçün 35 kilovoltluq
gərginlik transformatoru
quraşdırılıb, 1 kilometr 10 kilovoltluq elektrik verilişi xətti çəkilib. Elektrik enerjisinin verilməsindəki
fasilələrin və
güc çatışmazlığının
qarşısının alınması
məqsədilə 110/35/10 kilovoltluq Ucar yarımstansiyasında gücü
20 MVT olan 2 ədəd
transformatorun gücü
31,5 MVT transformatorla əvəz
edilməsi işi başa çatdırılıb,
şəhərin Heydər
Əliyev, N.Nərimanov,
Azərbaycan, Məhəmməd
Əmin Rəsulzadə
və Oğuz küçələrinin işıqlanmasını
təmin etmək məqsədilə 4,3 kilometr
uzunluğunda elektrik verilişi xətləri və dirəkləri yenisi ilə əvəzlənir. Bununla
yanaşı, 20 Yanvar
küçəsində əhali
üzrə sayğaclaşma
98,7 faizə çatdırılıb.
Əhalinin təbii qazla təminatının daha da yaxşılaşdırılması
üçün mühüm
tədbirlər həyata
keçirilib. Ucar şəhərinin Bakı,
Firdovsi, Əzizbəyov
küçələrində diametri 150 mm olan 600 paqonmetr, Oğuz küçəsində
76 mm-lik 500 paqonmetr, Zərdabi küçəsində
1100 paqonmetr yeni qaz xətləri çəkilib. M.Ə.Rəsulzadə küçəsində
150 paqonmetr qaz xətti yenisi ilə əvəz edilib, Heydər Əliyev, 20 Yanvar, Firdovsi küçələrində
diametri 50 mm olan 135 paqonmetr, 416-cı Taqanroq diviziyası küçəsində,
Gəraybəyli kəndində
diametri 76 mm olan 95 paqonmetr, N.Nərimanov küçəsində
diametri 32 mm olan 60 paqonmetr qaz verilişi xətlərində əsaslı təmir işləri aparılıb.
Bundan başqa, Ucar şəhərinin müxtəlif küçələrində,
o cümlədən, Qarabörk, Gəraybəyli
və Rəstəcə
kəndlərində 2989 paqonmetr
müxtəlif diametrli
qaz kəmərləri
təmir olunub. Bu tədbirlərlə yanaşı,
Ucar şəhərinin
Nəriman Nərimanov
küçəsində 2 ictimai
yaşayış binasına
qazın verilişi bərpa edilib, rayonun Lək kəndində təbii qazın verilişini bərpa etmək üçün xətt və avadanlıqlarda cari təmir işləri aparılıb.
Bu dövrdə rayonun
içməli su probleminin həlli istiqamətində də
mühüm addımlar atılıb. Rayon mərkəzində,
Ucar şəhərinin ayrı-ayrı küçələrində
müxtəlif diametrli su xətlərinin 8913 paqonmetrlik hissələri
dəyişdirilib, 200 tonluq su qülləsi əsaslı təmir
olunaraq istifadəyə verilib. Bu tədbirlərlə
yanaşı, “Potu” su mənbəyində 3 ədəd
subartezian nasosu əsaslı təmir edilib, 1 ədəd yeni
subartezian nasosu quraşdırılıb, 1 ədəd
gücü saatda 65 ton olan yeni subartezian quyusu istifadəyə
verilib. 2 ədəd mühərrik yenisi ilə əvəz
olunub, 1 ədəd xlorator qurğusu
quraşdırılıb. “Qarabörk” su mənbəyində
2 ədəd elektrik nasosu “Mərkəzi” su anbarında 1 ədəd
75 kilovoltluq su nasosu quraşdırılıb. Rayonun kəndlərində
əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədilə də
bir sıra tədbirlər reallaşdırılıb. Qarabörk,
Alpout, Quləbənd, Təzə Şilyan və Bərgüşad
kəndlərində yeni sutəmizləyici qurğular tikilib,
digər kəndlərdə anoloji sutəmizləyici
qurğuların quraşdırılması layihələri
hazırlanıb. Proqramın əhatə etdiyi dövr ərzində
əhalinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması məqsədilə
rayonun Yuxarı Şilyan kəndi ərazisində 11,5 kilometr
kanal tikilib istifadəyə verilib. İstismarda olan təsərrüfatlararası
və təsərrüfatdaxili suvarma arxlarının lildən
təmizlənməsi prosesi də diqqət mərkəzində
olub və 550 kilometr lildən təmizləmə işi
görülüb. Kollektor-dren şəbəkələrinin
istismarının yaxşılaşdırılması məqsədilə
rayonda 280,5 kilometr kollektor-dren şəbəkələri lildən
təmizlənib. Bundan başqa, rayonda sel sularının
qarşısını almaq üçün Göyçay
çayının Quləbənd, Qazyan, Lək və Xələc
kəndləri ərazisində sahilbərkitmə işlərinin
görülməsi nəzərdə tutulub.
Yolların bərpası rayonun inkişaf tempini
artırıb
Proqramı əhatə
edən 5 il ərzində rayonun yol nəqliyyatı sisteminin
yaxşılaşdırılması, rayonlararası və
rayondaxili yolların bərpası istiqamətində nəzərdə
tutulan bir sıra işlər görülüb. “Bakı-Qazax”
magistral avtomobil yolunun 14 kilometrlik Ucar rayon ərazisindən
keçən hissəsi “Ucar-Yevlax” layihəsi çərçivəsində
tikilib hazırlanıb. “Ucar-Zərdab” avtomobil yolunun 10 kilometr
hissəsi, “Ucar-Göyçay” avtomobil yolunun giriş hissəsinin
6 kilometri asfaltlanıb. Bundan başqa, şəhərdaxili, kəndlərarası
və kənddaxili yolların inkişafı ötən 5 il ərzində
diqqət mərkəzində olub. Yerli əhəmiyyətli, o
cümlədən, şəhərdaxili yolların 21,4, kənddaxili
yolların 44,5 kilometi, o cümlədən, Qarabörk kəndində
2,5, Qazıqumlaq kəndində 14,6, Qaradağlı kəndində
2,15, Lək kəndində 13,4, Məlikballı kəndində
1,8, Şahlıq kəndində 6,2, Bərgüşad kəndində
2,5 və Alpout kəndində 1 kilometr yol asfaltlanıb. Bununla
yanaşı, kənddaxili yolların 17 kilometrində hamarlama
işləri aparılıb, 139,3 kilometr yola
çınqıl döşənib. Rayon ərazisində 40
yeni körpü salınıb, 33-ü isə əsaslı təmir
olunub. Rayonda yeni yolların salınması, istismarda olan
yolların bərpası və inkişaf etdirilməsi
üçün rayonun Qazıqumlaq kəndində yeni asfalt
istehsalı zavodu istifadəyə verilib.
Kənd təsərrüfatının inkişafı
hər zaman diqqət mərkəzindədir
Son 5 il ərzində
rayonda kənd təsərrüfatının ayrı-ayrı
sahələrinin inkişafı “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın Ucara verdiyi töhfələrdəndir. Keçən
dövr ərzində rayonda aqrar islahatın birinci mərhələsi
tam başa çatdırılıb, ikinci mərhələ
isə uğurla davam etdirilib. Rayonun bir çox kəndlərində
həyətyanı torpaq sahələri üçün
mülkiyyət hüququna dair şəhadətnamələr
hazırlanaraq vətəndaşlara paylanıb. “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına əkin sahəsinin
becərilməsində istifadə etdiyi yanacaq və motor
yağlarına görə, dövlət büdcəsinin vəsaiti
hesabına yardımın verilməsi qaydaları”na uyğun
olaraq 2007-ci ildə Ucarda 6056 hüquqi və fiziki şəxsə
becərdiyi 17352,29 hektar əkin sahəsi üçün
694091 manat yardım verilib. Bundan başqa, dövlət büdcəsinin
vəsaiti hesabına 762 nəfər hüquqi və fiziki
buğda istehsalçısına 105632,0 manat yardım verilib. Yalnız
2008-ci ildə 7174 nəfər hüquqi və fiziki şəxsə
becərdiyi 20990,14 hektar əkin sahəsi üçün
839605,0 manat yardım ayrılıb. 2008-ci ildə isə 1253
buğda istehsalçısına 191403,6 manat yardım verilib.
Bundan başqa, 2007-ci ildə 25,2 ton fosfor, 0,65 ton azot, 2008-ci
ildə isə 186,8 ton fosfor, 125,1 ton azot kənd təsərrüfatı
məhsulları istehsalçılarına güzəştli
qiymətlərlə satılıb. 200,65 ton gübrə dəyərinin
50 faizi, 137,1 ton gübrə isə dəyərinin 30 faizi ilə
istehsalçılara verilib.
Rayonda
toxumçuluğu inkişaf etdirmək məqsədi ilə 4
özəl toxumçuluq təsərrüfatı
yaradılıb və istehsalçılara dəyərinin 50
faizi ödənilməklə 29,2 ton yüksək
reproduksiyalı toxum satılıb. Nəticədə 2008-ci
ildə 2004-cü ilə nisbətən daha çox torpaq sahəsi
əkin dövriyyəsinə cəlb olunub. Bu göstərici
2004-cü ildə 70,2, 2008-ci ildə isə 100 faizə
yaxın olub. 2004-cü ildə bələdiyyə
torpaqlarının 1500 hektarı, 2008-ci ildə isə 3000
hektara yaxını icarəyə verilib. 2004-cü illə
müqayisədə proqram dövründə kənd təsərrüfatının
bütün sahələrində, istər bitkiçilikdə,
istərsə də heyvandarlıqda nəzərəçarpacaq
irəliləyişlər əldə edilib. Taxıl əkin
sahələri 9,3 min hektardan 10772 hektara, kartof 0,3 min hektardan
0,5 min hektara, tərəvəz 1,7 min hektardan 2,0 min hektara,
bostan 0,2 min hektardan 0,4 min hektara, yem bitkilərinin əkin sahəsi
isə 5,0 min hektardan 9,0 min hektara çatdırılıb. Müvafiq
hər hektardan məhsuldarlıq taxılda 22,2 sentnerdən
23,1 sentnerə, tərəvəz 71,0 sentnerdən 75,0 sentnerə,
kartof 61,0 sentnerdən 70,0 sentnerə, bostan 78,0 sentnerdən
81,0 sentnerə çatdırılıb. 2004-cü illə
müqayisədə taxıl istehsalı 20264 tondan 23781 tona,
kartof 2297 tondan 2417 tona, tərəvəz 13324 tondan 13954 tona,
bostan bitkiləri 1699 tondan 1997 tona çatdırılıb.
Analoji inkişaf
heyvandarlıq sahəsində də müşahidə olunub. Mal-qaranın
baş sayı 87884-dən 95368-ə, o cümlədən,
iribuynuzlu mal-qara 49541 başdan 52301 başa, xırdabuynuzlu
mal-qara 38343 başdan 43067 başa qədər
artırılıb. Ət istehsalı 1886 tondan 3306 tona,
süd istehsalı 22561 tondan 29055 tona, yumurta istehsalı 7,5
milyon ədəddən 14,4 milyon ədədə
çatdırılıb. Bundan başqa, mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində də
işlər görülüb. 2004-2008-ci illər ərzində
dövlət vəsaiti hesabına 6 süni mayalanma texniki
hazırlanıb, cari ildə də 3 nəfər süni
mayalanma texniki hazırlanması nəzərdə tutulub.
Rayonun istehsal və sənaye gücü daha da
artır
Keçən dövr ərzində
rayon ərazisində görülmüş tədbirlər nəticəsində
bir sıra istehsal və emal müəssisələrinin
yaradılmasına da nail olunub. “Müsüslü-Quşçuluq”
və “Ucar-Broyler” quşçuluq fabrikləri özəlləşdirilərək
bərpa olunub. Rayonda emal sənayesini inkişaf etdirmək
üçün “Ucar-Konserv” ASC-nin nəzdində yeni istehsal
sexi, şəhərin Ş.Fərzəliyev küçəsində
“Saniyə” MMC yaradılıb, rayonun Boyat kəndində
“Ucar-Konserv” Məhdud Məsuliyyətli Cəmiyyəti, Qazyan kəndində
yeni konserv sexi fəaliyyətə başlayıb. Dövlət
Proqramının əhatə etdiyi dövr ərzində əhalidən
11600 ton nar, 475 ton heyva tədarük olunub. Ucar şəhərinin
M.Ə.Rəsulzadə küçəsində yeni konserv
zavodunun tikintisi davam etdirilir. Görülən tədbirlər
rayonda meyvə-tərəvəz məhsullarının
emalına, 300-ə qədər yeni iş yerlərinin
yaradılmasına, əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə, bazar qiymətlərinin
aşağı düşməsinə müsbət təsir
göstərib. Rayonda sahibkarlığın inkişaf etdirilməsi
ilə əlaqədar aparılan məqsədyönlü tədbirlər
nəticəsində sahibkarlıq subyektlərinin sayı
2003-cü illə müqayisədə 779 vahid artaraq 1994-ə
çatıb. Sahibkarlara son 5 il ərzində 2911,3 min manat, o
cümlədən, özəl banklar tərəfindən
2447,9 min manat kredit verilib. 22 sahibkara Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına 1127,0 min manat uzunmüddətli
güzəştli kredit verilib.
Rayonda kənd təsərrüfatı
texnikasına olan tələbatın ödənilməsi, kənd
təsərrüfatına texniki xidmətin səviyyəsinin
artırılması məqsədilə “Aqrolizinq” ASC-nin Ucar
“Aqroservis” filialı yaradılıb. Filial tərəfindən
kənd təsərrüfatı istehsalçılarına 10
şum traktoru, 5 kombayn, 1 otbiçən kombayn, 1 ekskovator, 10
kotan, 1 traktor qoşqusu, 2 motorlu otbiçən, 5
otbağlayan, 1 ot dırmığı, 1 kübrəsəpən,
3 taxılsəpən texnika vasitəsilə xidmət göstərilib.
“Aqroservis” fəaliyyət göstərdiyi dövr ərzində
kənd təsərrüfatına 220,0 min manatlıq texniki xidmət
göstərib, bunun nəticəsində isə 3000 hektar sahədə
taxıl biçilib, 1800 hektar sahədə şum
aparılıb, 105 min ədəd ot kipi bağlanıb, 2500
hektar sahədə mala aparılıb, 1200 hektar sahənin otu
biçilib. Filialda 17 nəfər daimi, 12 nəfər müvəqqəti
işlə təmin edilib.
Keçən dövr ərzində
rayonda ipəkçiliyin inkişaf etdirilməsi
üçün “Şəki İpək” ASC-nə 40 min ədəd
tut tingi sifariş verilib. Ümumilikdə isə, 18746 kq barama
istehsal olunaraq “Şəki İpək” ASC-yə təhvil
verilib. Hesabat dövründə rayonda pambıq istehsalı isə
6044 ton təşkil edib.
Təhsil, səhiyyə və mədəniyyət
dövlət qayğısı ilə əhatə olunub
Keçən dövr ərzində
rayonda təhsilin inkişafı, yeni ümumtəhsil məktəblərinin
tikintisi, təmiri və maddi texniki bazasının daha da
möhkəmləndirilməsi tədbirləri davam etdirilib. 2004-cü
ildə rayonun Rəstəcə kənd orta məktəbinin,
rayon şahmat məktəbinin, Qaracallı kənd 2 saylı
orta məktəbinin binaları əsaslı təmir edilib, Təzə
Şilyan kənd orta məktəbində əlavə 3 sinif
otağı, Qaracallı kənd 1 saylı orta məktəbində
120 şagirdlik 6 əlavə sinif otağı tikilib istifadəyə
verilib. 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti
hesabına şəhər 5 saylı orta məktəbi
üçün 240 şagird yerlik yeni bina, “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na uyğun olaraq Əlikənd orta məktəbi
üçün 192 şagird yerlik bina, 2006-cı ildə isə
Ucar şəhər 4 saylı orta məktəbi nəzdində
160 şagird yerlik 8 əlavə sinif otağı və istilik
sistemi, 2007-ci ildə Yuxarı Şilyan kənd əsas məktəbində
80 şagird yerlik 4 əlavə sinif otağı, 2008-ci ildə
Alpout kəndində 240 şagird yerlik, Küçəkənd
kəndində 192 şagird yerlik məktəb binaları, Təhsil
Nazirliyinin vəsaiti hesabına Lək kəndində 280 yerlik
yeni məktəb binaları tikilib istifadəyə verilib.
2008-ci ildə Məlikballı
kəndində 480 yerlik yeni məktəb binasının
tikintisi qurtarıb. Heydər Əliyev Fondunun vəsaiti
hesabına Qazıqumlaq kənd 2 saylı orta məktəbinin
binası əsaslı təmir edilib, Dünya Bankının vəsaiti
hesabına 2006-cı ildə Şahlıq, Qaradağlı,
Qaracallı 2 saylı, Alpout 2 saylı, Quləbənd, Bərgüşad
kənd 1 saylı, Təzə Şilyan, Müsüslü kənd
orta məktəbləri, 2006-2007-ci illərdə şəhər
1 və 2 nömrəli, 2007-ci ildə Yuxarı Şilyan,
Boyat, Qazyan kənd 1 saylı, Lək kənd 2 saylı orta məktəblərinin
binaları əsaslı təmir edilərək istifadəyə
verilib. Yerli büdcə vəsaiti hesabına 2004-cü ildə
Rəstəcə, Qaracallı kənd 1 saylı, şəhər
5 saylı, 2005-ci ildə şəhər 4 saylı,
Müsüslü kənd, 2006-cı ildə Bağman kənd
orta, Küçəkənd kənd əsas, 2007-2008-ci illərdə
şəhər 6 saylı, Bərgüşad kənd əsas
məktəbləri, 2008-ci ildə şəhər 1 saylı,
Təzə Şilyan, Qaradağlı kənd uşaq
bağçaları əsaslı təmir olunub. İnventar və
avadanlıqların alınması üçün 2004-cü
ildə 26, 2005-ci ildə 31,3, 2006-cı ildə 38,5, 2007-ci ildə
53, 2008-ci ildə isə 76 min manat büdcə vəsaiti xərclənib.
2004-2008-ci illərdə rayonun 748 abituriyenti respublikanın ali
məktəblərinə qəbul olunub.
Son 5 il ərzində
rayonda səhiyyənin inkişaf etdirilməsinə yönəlik
mühüm tədbirlər həyata keçirilib. Rayonun
Qaradağlı, Bərgüşad və Küçəkənd
sahə xəstəxanalarının binaları əsaslı təmir
edilib, Beynəlxalq Tibb Korpusunun xətti ilə Qaracallı kəndində
həkim ambulatoriyası, Ə.Məmmədxanlı kəndində
feldşer-mama məntəqəsi tikilib. 2006-cı ildə Heydər
Əliyev Fondunun vəsaiti hesabına Qazıqumlaq kəndində
müasir standartlara uyğun 35 çarpayılıq yeni xəstəxana
binası tikilib və tibbi avadanlıqlarla təchiz edilib. Bununla
yanaşı, mərkəzi rayon xəstəxanasının
dam örtüyü dəyişdirilib, poliklinika və
reanimasiya şöbələri yenidən qurulub, “kordiomonitor”
quraşdırılıb, “ultrasəs” müayinə
aparatı istifadəyə verilib. Xəstəxananın
laboratoriyasında yeni “biokimyəvi analizator” aparatı
quraşdırılıb. Proqramın icrası dövründə
mərkəzi, uşaq və kənd sahə xəstəxanaları
91,9 min manatlıq bərk, 27,9 min manatlıq yumşaq inventar,
484,5 min manatlıq dərman, 126,6 min manatlıq ərzaq məhsulları
ilə təchiz edilib, 5 min manatlıq tibb avadanlıqları
alınıb, 107,1 min manatlıq təmir işləri
aparılıb.
Keçən dövr ərzində
rayonun mədəniyyət müəssisələrinin
inkişafı da digər sahələrlə paralel inkişaf
etdirilib. Şəhər uşaq kitabxanası, rayon mədəniyyət
evinin binası, Qazyan, Qazıqumlaq, Quləbənd, Qarabörk
kənd mədəniyyət evlərinin binaları, rayon
Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət
məktəbi, rayon mərkəzləşdirilmiş kitabxana
sisteminin binası, Boyat, Qazıqumlaq, Qarabörk kənd
kitabxanaları təmir olunub. 2004-2008-ci illərdə
bütövlükdə mədəniyyət müəssisələrində
99,8 min manatlıq əsaslı və cari təmir işləri
aparılıb, 74,4 min manatlıq inventarlar alınıb
paylanıb.
2008-ci ildə rayon əhalisinin
Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1268 nəfərin
müraciəti qəbul edilib və onlardan 938 nəfərinin
sənədləri qeydiyyata alınıb. Bunun nəticəsində
isə 938 ailənin 4970 nəfər üzvünə 583,2 min
manat ünvanlı dövlət sosial yardımı təyin
olunub. Hər bir ailəyə düşən yardımın məbləği
orta hesabla 103 manat, hər bir ailə üzvünə
düşən yardımın məbləği isə 19
manat təşkil edib. İl ərzində mərkəz tərəfindən
1532 nəfər sosial müavinət alan ailəyə,133 şəhid
ailəsinin 196 nəfər ailə üzvünə,125 nəfər
Prezident təqaüdü alan müharibə əlilinə və
Çernobıl iştirakçısına, 208 nəfər tək
və kimsəsizə xidmət göstərilib. 2008-ci ildə
930 ailənin 991 yeni doğulmuş uşaqlarına 33,3 min
manat, 15 nəfər Çernobıl
iştirakçısına 1,5 min manat birdəfəlik
müavinət ödənilib. 36 ədəd isə pulsuz
putyovka verilməklə yanaşı, 2 nəfər əlilə
“veloaraba”, 2 nəfər Qarabağ müharibəsi əlilinə
“OKA” avtomobili təqdim olunub. 2 nəfər Qarabağ
müharibəsi əlili üçün fərdi
yaşayış evi də tikilib. 2008-ci ildə Dövlət
Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən
11011 nəfərə təqaüd və müavinətlə
birlikdə 10 milyon manat vəsait ödənilib. Eyni zamanda, 312
qaçqın və məcburi köçkünə 31,2 min
manat yardım göstərilib.
2008-ci il ərzində
rayon Məşğulluq Mərkəzinə 265 nəfər
işsiz vətəndaş müraciət edib ki, bunlardan 221 nəfəri
təqdim olunan boş (vakant) iş yerlərinə göndəriş
alıb və onların hamısı daimi işlə təmin
olunub. 2008-ci ildə keçirilən əmək
yarmarkasına 36 müəssisə və təşkilatdan 258
boş (vakant) iş yeri təqdim olunub, yarmarkada 310 nəfər
iştirak edib.
Rayon əhalisinə ən yüksək səviyyədə
xidmətlər göstərilir
Rayon əhalisinin
poçt və telefon rabitəsinə olan tələbatının
daha dolğun ödənilməsini təmin etmək məqsədilə
2004-cü ildə rayonun Qaradağlı, Ramal, Təzə
Şilyan, Boyat, Alpout, Yuxarı Şilyan, Quləbənd, Lək,
Bərgüşad və Müsüslü kənd poçt
şöbələri üçün, 2005-ci ildə Xələc,
Məlikballı kəndlərində və Ucar şəhərində
poçt agentliyi binaları tikilib istifadəyə verilib.
2006-cı ildə Ucar
şəhəri, Məlikballı və Xələc kəndlərində
fəaliyyət göstərən poçt agentlikləri
poçt şöbələrinə çevrilən, rayonun
Çiyni kəndində, 2007-ci ildə Qazyan kəndində qəsəbə
tipli, Şahlıq kəndində kənd tipli yeni poçt
şöbələri üçün binalar istifadəyə
verilib. Bundan başqa, Rayon Telekommunikasiya
Qovşağının ümumi montaj tutumu 2310 nömrə
artırılaraq 6610 nömrəyə
çatdırılıb. 2005-ci ildə rayonun Lək, Boyat, Bərgüşad
və Yuxarı Şilyan kənd Avtomat Telefon
Stansiyalarının hər birinin nömrə tutumu 50 ədəd
artırılıb, 2005-ci ildə Qazıqumlaq və Bərgüşad
kəndlərində, 2006-cı ildə Qaracallı kəndində,
2007-ci ildə Quləbənd kəndində hər birinin tutumu
256 nömrəlik, Lək kəndində tutumu 384 nömrəlik
Elektron Avtomat Telefon Stansiyaları istifadəyə verilib. 2007-ci
ildə Qazıqumlaq kəndində radiorele
avadanlığı üçün 18 metr
hündürlükdə ötürücü qüllə
tikilib, mərkəzi avtomat telefon stansiyasının tam
elektronlaşdırılması başa
çatdırılıb, 4000 nömrə tutumlu Elektron Avtomat
Telefon Stansiyası quraşdırılıb. 2008-ci ildə
bütövlükdə rayonun Trans-Asiya-Avropa fibrooptik xəttinə
qoşulması üçün tikinti işlərinə
başlanılıb, 18 kilometr uzunluğunda Ucar-Göyçay
kabel xətti çəkilərək tikinti işləri
başa çatdırılıb və istismara verilib.
Gənclərin sağlam inkişafı
üçün hər cür şərait yaradılıb
Rayonda gənclərin
asudə vaxtının səmərəli təşkili
üçün şərait yaradılıb. Ucar şəhərində
stadion, Şahmat məktəbi, Uşaq Yaradıcılıq
evi, Gənc Texniklər Stansiyası, 6 internet klub, 2
atıcılıq tiri gənclərin ixtiyarına verilib. Bundan
əlavə, rayonda 10 futbol meydançası, 16
örtülü idman zalı, 146 sadə idman qurğuları
fəalliyyət göstərir ki, minlərlə gənc bu məkanlarda
idmanla məşğul olurlar.
Bundan başqa, rayonda gənclərə
xüsusi qayğı göstərilir. Gənclərin məşğulluğunun
təmin olunması, mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər
həyata keçirilir. Son 5 ildə Ucarda açılan iş
yerlərinin 80 faizindən çoxunu gənclər tutublar. 2006-cı
ildə rayon mərkəzində 32 mənzilli
yaşayış binası, 5 əlil ailəsi
üçün şəhərdə və 4 kənddə fərdi
yaşayış evi tikilib və gənclərin ixtiyarına
verilib. Bundan başqa, rayon mərkəzində 16 mənzilli
yaşayış binası da sakinlərinə qovuşub. Rayonda
ekoloji durumun yaxşılaşdırılması
üçün sıx yaşıllıq zolağı
salınıb, rayon ərazisində 50 mindən çox
ağac və gül kolları əkilib.
Abadlıq-quruculuq işləri Ucarı daha da gözəlləşdirib
Rayonda abadlıq-quruculuq
işlərinə də xüsusi diqqət yetirilir. Ümumilikdə,
küçə və meydanlara 10,000 kvadratmetrdən çox
döşəmə plitəsi, 3000 kvadratmetrdən çox
üzlük plitə, 800 kvadratmetrdən çox mərmər
plitə vurulub, 600 kvadratmetrdən çox metal məhəccər,
Heydər Əliyev, Oğuz küçələrində 1395
kvadratmetr milli ornamentli beton məhəccər çəkilib,
15000 kvadratmetrdən çox rəngləmə işləri
aparılıb. Bundan başqa, 2000 kvadratmetrdən çox
piyada yolu təmir olunub, 20 Yanvar küçəsində 2200
metr uzunluğunda açıq kanalizasiya xəttinin hər iki
tərəfi betonlanıb, Heydər Əliyev, Oğuz, N.Nərimanov,
Azərbaycan küçələrinin işıqlanması
sistemi qurulmuş, şəhərin küçələrində
yeni işıqforlar quraşdırılıb. 21 ictimai
yaşayış binasının 15540 kvadratmetr dam
örtüyü dəyişdirilib, tarixi abidə olan “Su
qülləsi” bərpa edilib, şəhərin Azərbaycan və
M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində
“Ay-Ulduz” rəmzli qüllə ucaldılıb, Şəhidlər
Xiyabanında yenidənqurma işləri aparılıb. Rayonun
Göyçay və Zərdab istiqamətlərindən
giriş hissələri yenidən qurulub, şəhərin
giriş qapısı ucaldılıb, rayon mərkəzində
və Qazıqumlaq kəndində Heydər Əliyev parkı,
parkda əlavə əyləncə və istirahət guşələri,
Ucar şəhərində Heydər Əliyev muzeyi sakinlərin
ixtiyarına verilib.
Ucarlılar Ümummilli liderimiz Heydər Əliyev
ideyalarına hər zaman sadiqdirlər
Ucar sakinləri ölkənin
ictimai-siyasi həyatında da fəal şəkildə
iştirak edirlər. 2008-ci il prezident seçkilərində
rayon seçicilərinin 91,5 faizi Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevə səs verib. Xatırlatmaq
yerinə düşər ki, rayonun ən aparıcı siyasi
qüvvəsi də Yeni Azərbaycan Partiyasıdır. Özündə
ulu öndər Heydər Əliyev ideyalarını əks
etdirən partiyanın Ucar rayon təşkilatı 1993-cü
ildə təsis edilib. Təsis edilən zaman cəmi 169
üzvdən və 19 ilk ərazi təşkilatından ibarət
olan YAP bu gün öz sıralarında 2900 şəxsi birləşdirir.
Rayon əhalisi ulu öndər Heydər Əliyev ideyalarına
sadiqdir. Gənclərin siyasi proseslərdə iştirakı
isə olduqca aktivdir. YAP Ucar rayon təşkilatının
böyük bir hissəsini-858 nəfərini gənclər təşkil
edir.
“Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” həqiqətən də, Ucar
rayonunun həyatında müsbət töhfələrlə
yadda qalıb. Rayon sakinləri inanırlar ki, gələcək
illərdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi altında Ucar daha da
gözəlləşəcək və inkişaf edəcək.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 23 may.- S.10-11.