Azərbaycan Xalq Cümhuriyyəti
- Şərqdə ilk
parlamentli respublika
Bu gün Ümummilli
liderimiz Heydər Əliyev ideyaları ilə inkişaf edən Azərbaycan qədim və dərin dövlətçilik
tarixinə malikdir.
Bu bir həqiqətdir ki, tarixin hər bir dönəmində Azərbaycan fəxr edə biləcəyi bir dövlətə və dövlətçilik
ənənəsinə malik
olub. Bu şanlı, öyünüləcək
tarixi dönəmlərdən
biri də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan, bununla belə, Şərqin ilk demokratik ölkəsi kimi tarixə düşən Azərbaycan
Xalq Cümhuriyyətinin
mövcud olduğu zaman kəsiyidir. Məhz ulu öndər
Heydər Əliyevin qeyd etdiyi kimi,
XX əsrin sonunda ikinci dəfə müstəqil olmaq şansı əldə edən Azərbaycanın qurduğu dövlət
1918-ci ildə yaradılan
Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan hər zaman öz strateji
yerləşimi, münbit
şəraiti, o cümlədən,
sərvətləri ilə
işğalçı ölkələrin
diqqət mərkəzində
olub. Bunun nəticəsidir ki,
tarixin hər məqamında vətənimizə
göz dikən, işğal etmək arzusunda olan müstəmləkəçilər tapılıb. Bəşəriyyət tarixinin ən
dəhşətli və
ən qanlı hərbi-feodal müstəmləkə rejimlərindən
sayılan çar Rusiyası da Azərbaycanı əsarətdə
saxlamaq üçün
daim mübarizə aparıb. Əsarət altına salınan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini
məhv etmək siyasəti yeridən çar Rusiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmək,
orada sadəcə kütlədən ibarət
bir toplum yaratmaq istəyirdi. Bunun üçün isə insanları fiziki tərəflə yanaşı, mənəvi
cəhətdən də
məhv etmək lazım gəlirdi.
XX əsrin əvvəlində
Azərbaycanın öndə gedən simaları ölkəsinin,
vətəndaşlarının maariflənməsinə,
inkişaf etməsinə yardım etmək istəyirdi. Məsələn,
XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin
hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün
islahatlar dövrünə qədəm qoyduqda böyük
xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə
olunan Azərbaycan ziyalıları 1905-ci ildən imperiyanın
mərkəzi hakimiyyət orqanlarında təmsil olunmağa,
yerli idarəçiliyə və məhkəmə
orqanlarında fəaliyyətə cəlb edilməyə imkan
qazanırdı. Bu mənada görkəmli
hüquqşünas Əlimərdan bəy Topçubaşov,
Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil
xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox
digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın
önündə gedirdilər. Bu, ziyalılardan bir neçəsi-Əlimərdan
bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim
bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla
bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə-I
Dövlət Dumasına deputat seçildilər. Bu o dövr
üçün olduqca mühüm bir hadisə
sayılırdı. Rusiya Dövlət Dumasının ən
böyük fraksiyalarından birinə-Müsəlman
fraksiyasına sədrlik edən Əlimərdan bəy
Topçubaşov Duma tribunasından imperiyanın Cənubi
Qafqazda yeritdiyi milli qırğın siyasətinə,
xalqımıza qarşı yol verilən ayrı-seçkiliyə,
köçürmə siyasətinə, bütöv bir
xalqın hüquqsuzluğuna, kölə halına
salınmasına etirazını bildirmişdi. Bu isə Ə.Topçubaşovun
yalnız Azərbaycan tərəfindən deyil, bütün
Rusiya müsəlmanları tərəfindən müdafiə
olunmasına şərait yaradırdı.
II Dövlət
Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy
Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa
Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri
kimi, çarizmin bütün sahələrdə, o cümlədən,
dövlət idarəçiliyində yeritdiyi milli və dini
ayrı-seçkilik siyasətinə kəskin
etirazlarını bildirirdilər. Azərbaycanlı
deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin
hüquqsuzluğuna qarşı kəskin
çıxışları və bunun güclü
oyadıcı təsirinin çarizmi vahiməyə
salması, I və II Dövlət Dumalarının
buraxılmasında az rol oynamamışdı. Məhz bu səbəbdən,
III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin
yaşadığı Mərkəzi Asiya, Sibir və digər
regionlar seçki hüququndan məhrum edildi və Bakıya
öz nümayəndəsini irəli sürmək hüququ
verilmədi. Həmin səbəbə görə də, əvvəlkilərdən
fərqli olaraq, III Dövlət Dumasında bütün Cənubi
Qafqazın müsəlman əhalisini yalnız bir deputat-Xəlil
bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət
Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının
yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov
idi. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasında, ümumiyyətlə, azadlıq məfkurəsinin
geniş yayılmasında bu deputatların böyük rolu
oldu.
I Dünya müharibəsinin
gedişində “xalqlar həbsxanası” sayılan Rusiya
imperiyasının dağılması üçün real
tarixi şərait yarandı. Həm qədim dövlətçilik
ənənələrinə, həm də ən müasir idarəçilik
mədəniyyətinə yiyələndiyi üçün
müstəqil dövlət halında yaşamağa hazır
Azərbaycanda da istiqlaliyyətlə bağlı fəaliyyətə
başlanıldı. Azərbaycan ziyalılarının
mühüm bir hissəsi, o cümlədən, Əlimərdan
bəy Topçubaşov başda olmaqla peşəkar
hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin
parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar
nifrət etdikləri və qəddar milli müstəmləkə
zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən
tamamilə fərqlənən, bütün hüquq və
azadlıqların təmin olunduğu ən demokratik respublika
sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq
Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq
ideyaları onların hələ Rusiya Dövlət
Dumalarında fəaliyyət göstərdikləri dövrdə
formalaşmışdı. Buna görə də, Azərbaycan
Xalq Cümhuriyyətinin parlamentli respublika kimi
formalaşması tarixi reallıqdan doğurdu.
1917-ci ilin fevralında
Rusiyada Romanovlar mütləqiyyətinin devrilməsi ilə
başlanan proses müəyyən mərhələlərdən
keçməli oldu. Hakimiyyətə gələn Müvəqqəti
hökumət Cənubi Qafqazın İdarəçiliyi
üzrə Xüsusi Komitə yaratdı, amma Müvəqqəti
hökumət uzun müddət hakimiyyətdə qala bilmədi.
1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində
Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə
seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər.
Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali
hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə,
Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman
Fraksiyasını Müəssislər Məclisinə
seçkilər zamanı Azərbaycanı, habelə
bütün Cənubi Qafqazın 1 milyondan çox
türk-müsəlman seçicisinin səsini qazanmış
44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman
Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman
Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti
funksiyasını yerinə yetirirdi. Zaqafqaziya Seyminin ən
aktiv üzvləri olan Azərbaycan nümayəndələri
1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini
elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti
yaradıldı. Bununla belə, istər daxili, istərsə də
xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin
ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və
mayın 25-də gürcü nümayəndələr,
mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən
ayrıldıqlarını elan etdilər. Zaqafqaziya Müsəlman
Şurasının ayrıca iclasında isə Azərbaycanın
müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci
il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan
Milli Şurasının Rəyasət Heyəti və sədri
seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri
oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi
ilə Azərbaycan Milli Şurasının tarixi iclası
keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy
Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski,
Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov,
Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət
Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər
bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə,
Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov,
Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov,
Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski,
Firidun bəy Köçərlinski, Camo bəy Hacınski,
Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy
Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov,
Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın
İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi
bütün türk-müsəlman dünyasında, ümumiyyətlə,
bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda
ən demokratik respublika idarə üsulunun-parlamentli
respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan
Milli Şurasının İstiqlal Bəyannaməsində
göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə
malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə
edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
Müstəqil Azərbaycan dövlətinin idarə forması
isə Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti
bütün millətlərlə, xüsusilə qonşu
olduğu millətlər və dövlətlərlə
mehriban münasibətlər yaratmaq əzmindədir: “Azərbaycan
Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən,
sinfindən, silkindən və cinsindən asılı olmayaraq
öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına
siyasi və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan
Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan
bütün millətlərin sərbəst inkişafı
üçün geniş imkanlar yaradır. Müəssislər
Məclisi toplanıncaya qədər Azərbaycanın
başında xalqın seçdiyi Milli Şura və Milli
Şura qarşısında məsuliyyət daşıyan
Müvəqqəti hökumət durur”.
Azərbaycan Milli
Şurası həmin iclasda, eyni zamanda, bitərəf Fətəli
xan Xoyskinin başçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin
tərkibini də təsdiq etdi. İlk Müvəqqəti
Hökumət bu tərkibdə idi:
Fətəli xan Xoyski -
Nazirlər Şurasının sədri və daxili işlər
naziri
Xosrov Paşa bəy
Sultanov - Hərbi nazir
Məmməd Həsən
Hacınski - Xarici işlər naziri
Nəsib bəy Usubbəyov
- Maliyyə naziri və Xalq Maarif naziri
Xəlil bəy Xasməmmədov
- Ədliyyə naziri
Məmməd Yusif Cəfərov
- Ticarət və sənaye naziri
Əkbər Ağa
Şeyxülislamov - Əkinçilik naziri və əmək
naziri
Xudadat bəy Məlik-Aslanov
- Yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski -
Dövlət nəzarətçisi
Gənc Azərbaycan
dövləti son dərəcə mürəkkəb daxili və
beynəlxalq şəraitdə yaranmışdı. Bakıda
hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi
daşnak-bolşevik güruhu ələ keçirmişdi və
Azərbaycanın türk-müsəlman əhalisinə
qarşı dəhşətli soyqırımına
başlanılmışdı. Çar generalları tərəfindən
silahlandırılan erməni quldur dəstələri Şərqi
Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman
əhalisinə divan tuturdu. Azərbaycan xalqı fiziki cəhətdən
məhv edilmək təhlükəsi qarşısında idi.
Neft Bakısını ələ keçirməyə
çalışan xarici qüvvələr arasındakı rəqabət
sona çatmaqda və bütün Cənubi Qafqaz
üçün yeni təhlükə-bolşevik
Rusiyasının təcavüzü təhlükəsi
yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin
ağır yolayrıcında qalmışdı: ya Milli
qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın
etnik-siyasi xəritəsindən tamamilə silinib
götürülmək. Azərbaycanı müstəqil
dövlət elan edən Cümhuriyyət xadimləri məhz
belə bir tarixi şəraitdə çaşqın vəziyyətə
düşmüşdü və çıxış yolu tapa
bilməyən xalqın önünə keçdilər.
1918-ci il iyunun 16-da Milli
Şura və hökumət özünün fəaliyyət mərkəzini
Gəncəyə köçürdü. Ölkədə
yaranan real vəziyyəti nəzərə alan Azərbaycan
Milli Şurası iyunun 17-də Gəncədə iki
mühüm qərar qəbul etdi: öz fəaliyyətini
müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti
(həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər
Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi
ilə yaradılan yeni - ikinci Müvəqqəti hökumətə
həvalə etdi. Azərbaycan Milli Şurası çətinliklə
əldə olunan istiqlalın itirilməsindən ehtiyatlanaraq
qısa müddət ərzində Müəssislər Məclisini
çağırmağı nəzərdə tutmuşdu. O
vaxta qədər isə F.Xoyski hökuməti hakimiyyəti
öz əlində saxlamalı, heç kimə güzəştə
getməməli idi. Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyətinin ilk Parlamenti-Azərbaycan Milli Şurası
özünün ilk addımlarını atmağa
başladı. Azərbaycan Milli Şurasının 1918-ci il
mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20
gün sürən ilk fəaliyyəti dövründə cəmi
7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq
iki mühüm qərar qəbul edildi: birincisi-Azərbaycanın
istiqlalı elan olundu və İstiqlal Bəyannaməsi qəbul
edildi; ikincisi-Gəncədə Fətəli xan Xoyski başda
olmaqla ilk Azərbaycan hökuməti formalaşdı. AZƏRBAYCANIN
BİR HİSSƏSİNDƏ-ŞİMALİ AZƏRBAYCANDA
RESPUBLİKA QURULUŞU YARADILDI.
Təcili olaraq müstəqil
Azərbaycanın dövlət quruculuğuna
başlanıldı. Hökumət yaranan vəziyyətdən
çıxmaq üçün ilk günlərdən qəti
tədbirlərə əl atdı. İyunun 19-da bütün
Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu.
İyunun 24-də qırmızı parça üzərində
ağ aypara və ağ səkkizguşəli ulduz təsvir
olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən
biri kimi qəbul edildi. İyunun 26-da Müsəlman hərbi
korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və müstəqil
Azərbaycan ordusu yaradıldı. İyul ayının 15-də
Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə
qərar qəbul olundu. Komissiya I Dünya müharibəsi
dövründə bütün Cənubi Qafqaz ərazisində
türk-müsəlman əhaliyə qarşı törədilən
soyqırımı, vəhşiliklərini və onların əmlakının
talan olunması məsələlərini araşdırıb
cinayətkarları məhkəmə məsuliyyətinə cəlb
etməli idi. Avqustun 11-də hərbi mükəlləfiyyət
haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan
Xalq Cümhuriyyətinin vətəndaşlığı
haqqında fərman verildi. Bütün bunlarla yanaşı,
F.Xoyski hökumətinin başlıca vəzifəsi ölkənin
bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin
hakimiyyətini bərqərar etmək, Bakını və onun
ətraflarını Azərbaycan xalqının düşmənlərindən
təmizləmək idi.
1918-ci il sentyabrın
15-də ağır döyüşlərdən sonra Qafqaz
İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin
köməyi ilə Bakını düşmənlərdən
azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak
rejimindən sonra hakimiyyəti ələ keçirmiş
menşevik-daşnaklardan ibarət “Sentrokaspi diktaturası”ndan
təmizləndi.
1918-ci il sentyabrın
17-də F.Xoyski kabinetinin təşkilindən üç ay
sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
Bakıya köçdü, Bakı paytaxt elan olundu. Azərbaycan
Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.
Noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyətinin
dövlət bayrağı üzərində aypara və səkkizguşəli
ulduz təsviri olan üçrəngli bayraqla əvəz
olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın
müxtəlif sahələrində quruculuq işləri daha
da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin
hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti,
eyni zamanda, Müəssislər Məclisinin
çağırılması üçün hazırlıq
görməyə başladı.
Azərbaycan Milli
Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin
sədrliyi ilə keçirilən iclasında Azərbaycan
Parlamentçiliyi tarixinin çox mühüm qərarları
qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin
fövqəladə dərəcədə çətin və
mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə
demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd
olundu ki, Azərbaycan ərazisində yaşayan bütün
millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan
Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər)
hər 24 min nəfərinə 1 nəfər nümayəndə
hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan
80 nəfər müsəlmanları, 21 nəfər erməniləri,
10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər
yəhudiləri təmsil etməli idi. Sayları çox az
olduğu üçün, parlament seçkilərində
iştirak etmək hüquqları olmadığı halda,
gürcülər və polyaklar da hərəsinə bir
deputatla parlamentdə təmsil olunmalı idilər.
1918-ci il dekabrın 7-də
saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında
(hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi
bina) Azərbaycan Parlamentinin təntənəli
açılışı oldu. Bu, bütün Müsəlman
Şərqində o dövrün ən demokratik prinsipləri əsasında
formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev isə onun birinci müavini seçildi.
Azərbaycan Xalq
Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, çox
mühüm qərarlar qəbul etdi. Cümhuriyyət
Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət
Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun
xüsusi əhəmiyyətə malikdir. Milli universitetin
açılması Cümhuriyyət xadimlərinin doğma
xalq qarşısında çox mühüm tarixi xidməti
idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə
də, Cümhuriyyət ideyalarının yaşamasında və
xalqımızın yenidən müstəqilliyə
qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol
oynadı.
Təəssüf ki, XX əsrin
əvvəlində yaranan müstəqil Azərbaycan
Cümhuriyyətinin ömrü çox qısa oldu. Amma bu
qısa yolda mühüm qərarlarla yadda qalan Milli Hökumətimiz
bu gün də qədirbilən xalqımız tərəfindən
anılır və dəyərləndirilir. Ulu öndər
Heydər Əliyev hər zaman Milli Hökumətin
yaradıcılarına xüsusi ehtiram göstərib və Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinin, irsinin öyrənilməsini
vacib sayıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 26 may.- S.6.