28 May - millətimizin
şərəf və
ləyaqət tarixidir
Fəzail İbrahimli: Azərbaycan Xalq Cümhuriyyətinin ən ümdə vəzifəsi milli dövlətçiliyi bərpa
etmək idi və bunu da
etdi
Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, Şərqdə ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 91 yaşı
tamam olur. İstərdik ki, tarixçi
alim olaraq Cümhuriyyətin yaranması
dövrünü xarakterizə
edərsiniz?
- Azərbaycan Xalq
Cümhuriyyəti çox çətin və mürəkkəb
bir tarixi dövrdə yarandı. Rusiyada baş vermiş 1917-ci
il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına
seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi
üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya
Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər
Məclisinə seçilmiş və bolşeviklərin
oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən
nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə
toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı
olan Zaqafqaziya Seymini yaradırlar. Zaqafqaziya Seymində və
hökumətində fəaliyyət göstərən hər
üç millətin nümayəndələrindən hər
biri öz millətinin mənafeyini ümumqafqaz mənafeyindən
üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə,
yenidən parçalanma məsələsi labüd idi. Nəhayət,
1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası
keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən
çıxaraq may ayının 26-da öz istiqlaliyyətini
elan edir. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra,
mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək
və ilk Azərbaycan hökuməti yaratmaq üçün
Seymin 44 nəfər müsəlman nümayəndələri
Tiflisdə toplanır və Azərbaycanın idarə
olunmasını öz üzərinə götürmək qərarına
gələrək özlərini Azərbaycanın Milli
Şurası elan edirlər. Mayın 28-də isə
“İstiqlal Bəyannaməsi” qəbul olunur.
1918-ci il iyunun 16-da Azərbaycan
Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə
köçür. Azərbaycan hökuməti Gəncədə
dövlət aparatının təşkili işini də
davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən
mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə
Fövqəladə Təhqiqat Komissiyasının
yaradılması haqqındakı qərar olur. Ümumiyyətlə,
paytaxt Bakıya köçürülənə qədər
Azərbaycan hökuməti Gəncədə ölkənin
ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər
həyata keçirmişdi. Azərbaycan hökumətinin ən
böyük vəzifələrindən biri Bakı şəhərini
ələ keçirmiş eser-menşevik və daşnak
nümayəndələrindən ibarət “Sentrokaspi
diktaturası”ndan təmizləmək idi. Qızğın
döyüşlər nəticəsində 1918-ci il
sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən
azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən
Bakıya köçür.
- Xalq Cümhuriyyətinin dünyada tanınması
üçün nə kimi addımlar atılırdı və
bütövlükdə, hökumət xarici siyasət məsələlərində
hansı uğurlar qazana bildi?
- İndi Azərbaycan
necə balanslaşmış xarici siyasət həyata keçirirsə,
o zaman da belə etməyə çalışırdı. Bu
gün iqtidar tərəfindən mehriban qonşuluq siyasəti
həyata keçirilir. Amma bu kursa xarici qüvvələr mane
olmaq istəyirlər. İnkişafımızı istəməyənlər
də var. Qarabağ problemi “Domokl qılıncı” kimi
başımızın üstündən asılıb. Bu
münaqişə inkişafımıza böyük maneədir.
O zamanlar da belə çətinliklər yaşanırdı.
Cümhuriyyət
dövründə xarici siyasətdə əsas uğur onda
oldu ki, müstəqillik 1920-ci ilin yanvarında de-fakto
tanındı. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan
Respublikasının yaranması barədə dünya ölkələrinin
xarici işlər nazirliklərinə məlumat verilməsi
oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və
xarici dövlətlərdə nümayəndəliklərin
yaradılması ilə əlaqədar olan çətinliklər
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı
dövlətinə müraciət etməsinə səbəb
oldu. Cənubi Qafqaz hökuməti tərəfindən
yaradılan Türkiyə ilə münasibətlərdə əhəmiyyət
kəsb edən Batumi danışıqları artıq müstəqil
respublikaların xarici siyasətində mühüm mərhələ
oldu.
Paris Sülh
Konfransına gedəcək nümayəndə heyətinin rəhbəri
Ə.M.Topçubaşov ABŞ-ın İstanbuldakı
diplomatı Naesklə görüşərək, ABŞ
prezidenti V.Vilsonun 14 maddəlik prinsiplərinin Azərbaycana
şamil edilməsi və müstəqilliyimizin ABŞ tərəfindən
tanınmasına köməklik göstərməyi xahiş
etmişdi. Hollandiya, İsveç və İngiltərənin
İstanbuldakı nümayəndələri ilə
görüşündə Azərbaycanın hazırkı vəziyyətinə
dair memorandumu təqdim etmiş və öz ölkələrini
bu barədə məlumatlandırmasını
razılaşdırmışdılar. Azərbaycan nümayəndə
heyətinə yalnız mayın əvvəlində Parisə
gəlmək mümkün oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü
ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ,
Fransa, İtaliya və Böyük Britaniya hökumət
başçılarından ibarət Dördlər
Şurasının iclasında müzakirə olundu.
- Bəs Azərbaycan parlamentinin fəaliyyəti
haqqında nə deyə bilərsiniz? Fəaliyyət göstərdiyi
müddət ərzində qanunverici orqan respublikanın həyatı
üçün vacib olan hansı sənədləri qəbul
etdi?
- Parlamentin
açılışı 1918-ci il dekabrın 3-ə təyin
olunsa da, Bakıda fəaliyyət göstərən rus və
erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan
Parlamentinin açılmasına hərtərəfli mane olmaq
üçün bu ərəfədə Bakıya gəlmiş
Müttəfiq qoşunlarının baş komandanı general
Tomsondan istifadə etməyə
çalışırdılar. General Tomsonla aparılan
danışıqlarla əlaqədar olaraq və qəzalardan
bütün deputatların Bakıya gələ bilməsini nəzərə
alaraq Parlamentin ilk iclasının açılışı
dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-i
H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət)
küçəsində yerləşən keçmiş
qız məktəbinin binasında müsəlman Şərqində
ilk parlamentin birinci iclasının açılışı
olur. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy
Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin
3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy
Hacınski baş katib seçilir.
Azərbaycan Parlamenti
yarandığı ilk gündən öz işlərini
demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər
əsasında qurur. Artıq 1919-cu ilin axırlarına
yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və
qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya
fraksiyaları və qrupları öz fəaliyyət
proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda
ümumi bir məqsəd var idi - gənc Azərbaycan
Cümhuriyyətinin müstəqilliyi və ərazi
toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının
və hökumətinin digər xalqlar və dövlətlərlə,
xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək, respublikada
hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək,
geniş sosial islahatlar həyata keçirmək, ölkəni
müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi
17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini
və yüksək işgüzarlıq qabiliyyətini
sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı, həqiqətən,
parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir.
O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində
yeganə parlamentli respublika idi.
Bu dövr ərzində
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası
keçirilib. İlk iclas
1918-ci il dekabrın 7-də, son iclas
isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti
Parlamentinin müzakirəsinə
270-dən çox qanun
layihəsi çıxarılıb
ki, onlardan da 230-a yaxını təsdiq edilib. Bilirsiniz ki, ötən il
Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyi təntənəli şəkildə qeyd olundu. Bu gün
Milli Məclis həmin demokratik ənənələri davam
etdirir.
- Bu gündən həmin dövrlərə baxarkən Azərbaycan
Xalq Cümhuriyyətinin tariximizdəki rolu haqqında nə
demək mümkündür?
- Azərbaycanın ən
mürəkkəb dövrlərindən birini məhz 1918-1920-ci
illər təşkil edir. O zaman Azərbaycan növbəti
sınağa çəkilmişdi. Yəni, ya ayağa
qalxıb öz müstəqilliyini elan etməli, ya da
bölünmüş formada Rusiyanın tərkibində yenə
də hissələrə bölünməli idi. Çünki
Azərbaycan çar Rusiyasının tərkibinə daxil olan
zaman “Türkmənçay” sülh müqaviləsi ilə
xanlıqlar formasında 200 il bu imperiyanın tərkibində
qalmışdı. Amma həmin müddət ərzində
millət kimi özünü qoruya bildi. 1917-ci il
inqilabından sonra bölgədə yeni tarixi şərait
yarandı. Bu tarixi şəraitdə bolşeviklər yeni məmləkət
elan etdilər. Əslində, bu, formaca yeni idi, məzmunca
çar Rusiyasının sərhədlərini özündə
birləşdirmək istəyən hakimiyyət idi. Amma millətimiz
ayağa qalxıb müstəqilliyini elan etdi. Bununla da,
özünün şərəf və ləyaqətini xilas
etdi. Məsələnin mahiyyəti onda idi ki, millətin yenidən
bölünmək ehtimalı vardı. Rusiya Bakı neftini ələ
keçirmək istəyirdi, ermənilər
torpaqlarımızı işğal etmək məqsədi
güdürdü və s. Bu qədər prosesin
qabağında ayağa durub müstəqilliyini elan etmək
şərəf və ləyaqəti xilas etmək idi. Azərbaycan
Xalq Cümhuriyyətinin ən ümdə vəzifəsi milli
dövlətçiliyi bərpa etmək idi və bunu da etdi. Demokratik
Cümhuriyyət yaranmasaydı, 114 min kv. metr əraziyə
malik olmasaydı, Bakını paytaxt elan etməsəydi, Azərbaycan
hansı formada Rusiya tərkibinə qatıla bilərdi: tamamilə
xırda bir vilayət kimi.
- Hələ sovetlər dönəmində - 1990-cı
ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvanda üçrəngli
bayrağımız yenidən ucaldıldı. Xalqımızın
şərəfli tarixi olan bu dövr hazırda necə öyrənilir?
- Bəli, ulu öndər
Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi
və bu dövlətin qurucularının xatirəsini əbədiləşdirmək
üçün mühüm sərəncamlar imzaladı. Bu
siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. 28 May tarixi təqvimə qızıl hərflərlə
yazılıb. Azərbaycan, məhz Ümummilli lider Heydər Əliyevin
dediyi kimi, Xalq Cümhuriyyətinin varisidir. Bilirsiniz ki, Azərbaycan
bolşeviklər tərəfindən işğal olunandan sonra
SSRİ-nin tərkibində olaraq xalqımızı məhv
etmək istiqamətində siyasət həyata keçirilirdi.
Bu proses 1960-cı illərədək davam etdi. Heydər Əliyev
DTK-nın sədri seçilməsilə ilk dəfə Azərbaycan
tarixində millətin taleyi həmin millətdən olan
insanın imzasına etibar olundu. Mən bu fikirləri tarixə
söykənərək tam səmimiyyətlə deyirəm.
Ulu öndər Heydər Əliyevin çox böyük tarixi
xidmətləri oldu. Keçmiş SSRİ-nin Siyasi Büronun
üzvü olmaqla O, idarə olunan xalqı idarə edən
xalqa çevirdi. Ulu öndərimiz üçrəngli
bayrağımızı əbədi və əzəli olaraq
zirvələrə ucaltdı. Bu gün müstəqil dövlətimiz
uğurla inkişaf edir və hesab edirəm ki, Azərbaycanın
daha böyük uğurları hələ irəlidədir.
Yeni Azərbaycan.- 2009.- 27 may.- S.6.