İsveçrədə Azərbaycan mədəniyyəti
günləri
Azərbaycanın
İsveçrədəki səfirliyindən verilən məlumatda
bildirilir ki, İsveçrədə keçirilən Azərbaycan
mədəniyyəti günləri kimi möhtəşəm
tədbirin hazırlanmasında ölkəmizlə əməkdaşlıq
etmiş İsveçrənin nüfuzlu Culturescapes agentliyinin
internet saytının “Mədəniyyət” bölməsində
“İsveçrədə Azərbaycan günləri”
başlıqlı məqalə yerləşdirilib.
Məqalənin əvvəlində
oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin
İsveçrəyə rəsmi səfərə gəldiyi
xatırlanır və elə həmin gün dövlət
başçısının İsveçrə Prezidenti
Hans-Rudolf Mertslə birgə Berndə dekabrın 6-dək
İsveçrənin hər yerində keçiriləcək
Azərbaycan mədəniyyəti günlərinin təntənəli
açılış mərasimində iştirak etdiyi
bildirilir.
Mədəniyyət
günlərinin rəngarəngliyinin isveçrəliləri
heyrətə saldığı, hər şeyin nəzərə
alındığı xüsusi qeyd olunan məqalədə
onların Azərbaycanın zəngin klassik (kamera və
simfonik), milli (muğam) musiqisi ilə yanaşı, caz, estrada,
rəqs incəsənəti, xalça sərgisi və sairlə
yaxından tanış olacaqları göstərilib.
Yazıda istedadlı
cazmen İsfar Sarabskidən ayrılıqda bəhs olunub, cari
ilin yayında Montre şəhərində keçirilən
Beynəlxalq Caz Festivalında müvəffəqiyyətli
çıxışı xatırlanıb,
qarşıdakı konserti barədə oxuculara məlumat
verilib.
Noyabrın 10 və 11-də
Bazelin caz klubunda tanınmış Azərbaycan musiqiçisi,
bəstəkar və pianoçu Salman Qəmbərov və
müğənni Fəridə Məmmədovanın, habelə,
S.Qəmbərovun rəhbərlik etdiyi “Bakustik-caz”
ansamblının çıxış edəcəkləri
bildirilib.
Noyabrın 18-də
fotoqraf Rəna Əfəndinin sərgisinin keçiriləcəyi
ilə bağlı məlumatda azərbaycanlı fotoqrafın
Amerikanın “Photo District” jurnalının 2007-ci ildə
dünyanın 30 ən yaxşı foroqrafı
siyahısına daxil edildiyi, 2006-cı ildə Getti İmages
müsabiqəsinin xüsusi mükafatını
aldığı, İtaliyada Giacombelli mükafatına layiq
görüldüyü, Fransanın Perpian və Bordo şəhərlərində
Visa pour l’image 18-ci Beynəlxlaq Fotojurnalist sərgisində
fotolarının fərdi şəkildə nümayiş
etdirdiyi, onun fotolarının Fransanın, Amerikanın,
Yaponiyanın, Rusiyanın və digər ölkələrin
müxtəlif mətbu orqanlarında çap edildiyi məqalədə
yer alıb.
Yazıda, həmçinin,
noyabrın 25-də Usterdə, 29-da isə Berndə dahi Azərbaycan
şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması
ilə bağlı seminarın keçiriləcəyi diqqətə
çatdırılıb. Poemanın süjetinin Yaxın və
Orta Şərqdə, xüsusən də, Azərbaycanda
populyar olan tarixi faciəvi sevgidən
götürüldüyü, bu poemanın təsiri altında
“Romeo və Cülyetta”nın yarandığı, Nizami Gəncəvinin
poemasından təsirlənmiş Füzulinin eyniadlı poema
yazdığı, dahi bəstəkar Üzeyir Hacıbəylinin
yaratdığı operada Leyli və Məcnunun ülvi məhəbbətindən
bəhs olunduğu məqalədə öz əksini tapıb.
Müəllif tarixi səhvi təkrarlayaraq Nizami Gəncəvini
fars şairi kimi qələmə verib.
Məqalədə Azərbaycan
mədəniyyəti günlərində “Qarabağ
bülbülləri” vokal ansamblının
çıxış edəcəyi, xalqımızın
keçmiş tarixindən bu günədək
populyarlığını itirməmiş aşıq
musiqisinin səslənəcəyi, Vinterture şəhərində
Bakı Marionetka və Usterdə isə Dövlət Pantomim
teatrlarının isveçrəli tamaşaçılar
qarşısında çıxış edəcəyi
bildirilib. Ü.Hacıbəyli adına Dövlət simfonik
orkestrinin dekabrın 6-da Bazeldə konserti ilə
İsveçrədə Azərbaycan mədəniyyəti
günlərinə yekun vurulacağı bəyan edilib.
Yeni Azərbaycan.- 2009.- 7 noyabr.- S.8.