Qaradağ rayonu sosial-iqtisadi inkişafının yeni mərhələsindədir

 

       Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonun siması tamamilə dəyişib, insanların həyat səviyyəsi yüksəlib

 

Qaradağ rayonu inzibati ərazi kimi Puta-Şubanı mədəninin inkişafı ilə bağlı olaraq yaradılıb. 1923-cü ildə Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilib və rayonun əsası qoyulub. 1937-ci ilədək Mikoyan rayonu, 1957-ci ilədək Molotov rayonu, 1963-cü ilədək Qaradağ rayonu, 1966-cı ilədək Əzizbəyov rayonuadlandırılıb. Sonradan rayonun adı yenidən bərpa olunaraq Qaradağ adlandırılıb.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Əlbəttə ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə yüksəlib. Belə rayonlardan biri də Qaradağ rayonudur.

 

Respublikadakı inkişafın Qaradağ nümunəsi...

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun zənginləşdirilməsi milli iqtisadiyyatımızın regional və qlobal sınaqlara dayanıqlığını artırıb, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin edib. Dünya iqtisadi böhranı əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsilə, o cümlədən, ümumi daxili məhsulun azalması, işsizliyin kütləvi xarakter alması kimi problemlərlə müşahidə olunduğu halda, ölkəmizdə əhəmiyyətli strateji valyuta ehtiyatlarının yaradılması, xarici maliyyə bazarlarından asılılığın minimuma endirilməsi və manatın sabitliyinin təmin edilməsi sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməyib...

Qeyd edək ki, ölkə üzrə əldə edilmiş nailiyyətlər və uğurlar Qaradağ rayonunun timsalında da aydın görünür.

Sənaye: Rayonun sənayesində təkcə cari ilin 9 ayı ərzində 212 835,6 min manatlıq sənaye məhsulu istehsal edilib. Sənayedə qeyri-dövlət müəssisələri tərəfindən 100 950,1 min manatlıq və ya ümumi istehsalın 47,4 faizi, dövlət müəssisələri tərəfindən isə 111 885,6 min manatlıq və ya ümumi istehsalın 52,6 faiz qədər sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.

2009-cu ilin yanvar-sentyabr aylarında istehlakçılara 240 434,1 min manatlıq və ya bütün sənaye istehsalının 113 faizi qədər sənaye məhsulu göndərilib. 2009-cu ilin oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 12853,0 min manatlıq hazır məhsul ehtiyatı qalıb.

Düzdür, müəyyən texniki səbəblər üzündən rayonda neft və qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşüb. Neft hasilatı 340,6 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,0 faiz, qaz hasilatı 414,1 milyon kubmetr və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 73,4 faiz olub.

Hesabat dövründə rayonda 880,5 min ton sement, 110,0 min ton mişar daşı, 214 83,6 ton əmtəəlik beton istehsal olunub və 3316,7 ton metal-konstruksiya hazırlanıb.

2009-cu ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 160 723,6 min manat məbləğındə investisiyadan istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 95 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 90,9 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə isə qoyulmuş investisiyanın 73 346,7 min manatı sərf olunub.

Xidmət sahəsi: Nəqliyyat sektorunda 5 189,2 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 84,3 faiz, rabitə sahəsində 1 313,8 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox xidmətlər göstərilib. Cari ilin 9 ayında bütövlükdə əhaliyə 222 101,9 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 2,1 dəfə artaraq 175 003,5 min manata, pullu xidmətlərin həcmi 15,7 faiz artaraq 47 098,4 min manata çatıb. Əmtəə dövriyyəsinin 99,9 faizi, pullu xidmətlərin isə 87,1 faizi özəl bölmə tərəfindən həyata keçirilib.
Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta əməkhaqqısı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 479,7 manat olub. Sənaye sahələrində çalışanların əməkhaqqısı isə cari ilin yanvar-sentyabr aylarında 15,7 faiz artaraq 640 manat təşkil edib.

Respublikada həyata keçirilən ünvanlı sosial yardım proqramı çərçivəsində hazırda Qaradağ rayonunda 1 974 ailəyə orta hesabla təxminən 111,2 manat məbləğində ünvanlı sosial yardım verilir.

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn Dövlət Proqramlarının icrası nəticəsində rayonda 2003-cü ilin oktyabr ayından bu günədək 4 871 yeni iş yeri açılıb ki, bunlardan da 650 iş yeri 2009-cu ilin 9 ayının payına düşür.

Eyni zamanda, böyük həcmdə investisiyaların cəlb ediləcəyi Ələt qəsəbəsində yeni Bakı Dəniz Limanının, Sahil qəsəbəsində Gəmiqayırma və Gəmi təmiri zavodunun, Qızıldaş qəsəbəsində yeni Sement zavodunun inşası üçün hazırlıq işləri aparılır, Puta qəsəbəsində Metanol zavodunun tikintisi başa çatmaq üzrədir. “Binə” və “Sədərək” kimi nəhəng ticarət mərkəzləri artıq qismən istifadəyə verilib. Bu ilin aprel ayının 14-də Prezident İlham Əliyevin iştirakı ilə Sahil qəsəbəsinin ərazisində “Qaradağ-sement” ASC-nin 400 milyon avro dəyərində irimiqyaslı yenidənqurma layihəsinin təməli qoyulub. Qeyd olunan, eləcə də, digər layihələrin icrası Qaradağ rayonunun sosial-iqtisadi tərəqqisinə və rayonda yüzlərlə yeni iş yerlərinin açılmasına köməklik göstərəcək.

Sosial məsələlər: Hesabat dövründə rayon əhalisinin və sosial əhəmiyyətli obyektlərin zəruri təsərrüfat və kommunal xidmətləri ilə, o cümlədən, su, istilik, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması üçün xeyli həcmdə məqsədyönlü tədbirlərin reallaşdırılması təmin olunub.

Bu dövrdə əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təchizatı, enerji resurslarının, xüsusilə, elektrik enerjisi və təbii qazın uçotu, istifadəsi və dəyərinin ödənilməsi istiqamətlərində də xeyli məqsədyönlü işlər görülüb.

Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Qaradağ rayonun ərazisindən keçən hissəsində müvafiq dislokasiya üzrə qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən aidiyyəti xidmət sahələri ilə birgə təmizlik işlərinin aparılması davam etdirilib, bu ərazilərdə memarlıq-inşaat və sanitar-texniki normalara cavab verməyən 75 kommersiya obyekti və 150 qanunsuz tikili sökülüb. Hazırda rayon İcra Hakimiyyəti tərəfindən bu magistral avtomobil yolunun sol və sağ hissələrində rayonun daxili imkanları hesabına genişmiqyaslı abadlıq və yaşıllaşdırma işlərinin aparılmasına başlanılıb. Yaxın vaxtlarda bu işlər daha da gücləndiriləcək.

Hesabat dövründə dövlət proqramları ilə yanaşı, rayonun daxili imkanları hesabına qəsəbələrdə və yaşayış massivlərində geniş quruculuq və abadlıq işlərinin həyata keçirilməsi rayon İcra Hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib. Belə ki, rayonun Lökbatan, Sahil, Qobustan, Ələt, Korgöz, Qızıldaş və Müşfiqabad qəsəbələrində müxtəlif küçələrə və qəsəbədaxili yollara ümumilikdə 68 462 kv.metr sahəyə 12,4 km uzunluğunda yeni asfalt örtüyü döşənib, piyada səkilərinə 2500 kv.metr bəzəkli tamet düzülüb və 2740 kv.metr sahəyə yeni qazon salınıb.
Eyni zamanda, Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində əsaslı təmir işləri davam etdirilib və Lökbatan-Xocahəsən yolunun yenidən qurulması başa çatdırılmaq üzrədir.

Rayonun qəsəbələrində fasadları və dam örtükləri yararsız vəziyyətdə olan bir sıra çoxmərtəbəli yaşayış evlərində təmir işləri aparılıb, binalarda 320 ədəd yeni müasir giriş qapıları, 94 ədəd pəncərə quraşdırılıb, blok qəfəslərində 5 950 kv.metr şüşələnmə işləri görülüb, bütövlükdə 2 350 kv.metr dam örtüyü yenisi ilə əvəz olunub və 194 ədəd lift əsaslı təmir edilib.

 

Sahil qəsəbəsində böyük dənizkanarı parkın tikintisinə başlanılacaq

 

Dövlət başçısının Bakı şəhərində ekoloji vəziyyətinin sağlamlaşdırılması və yaşıllaşdırma işlərinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə cari ilin 9 ayında Qaradağ rayonun ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında 13500 ədəd, rayonun qəsəbələrində və yaşayış massivlərində isə 15800 ədəd müxtəlif növlü ağaclar və bəzək kolları əkilib. Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin məlum iclasında ekoloji tədbirlərin həyata keçirilməsinin prioritet xarakter daşıdığını nəzərə alaraq, gələn ilin Azərbaycanda “Ekologiya ili” elan olunması təşəbbüsünün dəstəklənməsi üçün yaxın vaxtlarda Qaradağ rayonu ərazisində yeni yaşıllıq zolaqlarının salınması və mövcud yaşıllıq zonalarının genişləndirilməsi işləri daha da gücləndiriləcək. Eyni zamanda, rayonun daxili imkanları hesabına Lökbatan qəsəbəsində S.Orucov küçəsində 1,5 hektar ərazidə müasir standartlar səviyyəsində yeni mədəniyyət və istirahət parkının salınmasına, həmin parkda Heydər Əliyev elmi-tədris mərkəzinin inşasına və Sahil qəsəbəsində böyük dənizkanarı parkın tikintisinə başlanılacaq.

Bütün bunlarla yanaşı, aparılan quruculuq və abadlıq işlərinə rayonda fəaliyyət göstərən iri sənaye müəssisələrinin və özəl qurumların daha da fəal cəlb olunmasına, onların mövcud potensial imkanlarının bu istiqamətdə daha səmərəli istifadə edilməsinə ehtiyac qalmaqdadır.

 

Məcburi köçkün və qaçqın ailələri diqqət mərkəzindədir...

 

Qaradağ rayonu ərazisində məskunlaşan 12 873 nəfər və ya 3 028 məcburi köçkün və qaçqın ailəsinin yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli məsələləri də rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Lökbatan qəsəbəsində məcburi köçkünlərin kompakt məskunlaşdıqları bəzi binaların dam örtükləri təmir edilib, su, kanalizasiya xətləri dəyişdirilib, “Qurd qapısı” adlanan ərazidə 250 kv-lıq, Sahil qəsəbəsində keçmiş hərbi şəhərciyin ərazisində 400 kv-lıq transformatorlar quraşdırılıb, 3 000 metrdən artıq müxtəlif gərginlikli yeni elektrik naqilləri çəkilib, Qızıldaş qəsəbəsindəki 1 saylı yataqxananın dam örtüyü, su və kanalizasiya xətləri əsaslı təmir edilib.

Cari ilin 9 ayı ərzində 31 nəfər məcburi köçkün işlə, 14 nəfər işsizlik müavinəti ilə, 378 nəfər ünvanlı sosial yardımla, 180 nəfər müxtəlif sosial təyinatlı müavinətlər və 1189 nəfər pensiyalarla təmin ediliblər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondunun” köməkliyi ilə 3 800 məcburi köçkün, qaçqın, şəhid, əlil və aztəminatlı ailələrə Novruz bayramı münasibəti ilə 28 ton müxtəlif növ ərzaq məhsullarından ibarət bayram sovqatları paylanıb.

Hesabat dövründə humanitar sahələrdə dövlət siyasətinin həyata keçirilməsi, rayonun təhsil, səhiyyə, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, cari və əsaslı təmiri, kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması və müasir standartlara uyğunlaşdırılması üçün məqsədyönlü tədbirlər görülüb. Belə ki, ötən tədris ilində rayonun 106, 166, 233 saylı orta məktəblərinin ərazisində əlavə tədris korpuslarının tikintisi, 106, 197, 222 və 274 saylı orta məktəblərin əsaslı təmiri, 105 saylı orta məktəbin isə yenidənqurulması başa çatdırılıb.

Lökbatan qəsəbəsində müasir standartlara cavab verən 120 yerlik 333 saylı yeni uşaq bağçası tikilib, rayon İcra Hakimiyyəti başçısının və təhsil nazirinin iştirakı ilə keçirilən açılış mərasimindən sonra körpələrin istifadəsinə verilib. Rayon İcra Hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də, səhiyyə infrastrukturunun inkişafı, əhalinin sağlamlığının mühafizəsi, sakinlərə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi, infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və bütövlükdə rayonda sanitar-epidemioloji sabitliyin təmin edilməsi təşkil edib. Bu məsələ ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 30 iyun 2009-cu il tarixli iclasında geniş müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.

Cari ilin 9 ayı ərzində rayonun bəzi səhiyyə müəssisələrində təmir işləri görülüb, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının Səngəçal qəsəbəsində filialının və Lökbatan qəsəbəsində 240 çarpayılıq yeni müasir xəstəxana kompleksinin tikintisi davam etdirilib.

Cari ilin 9 ayında rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətlərində də xeyli işlər görülüb. Eyni zamanda, rayonun gənc idmançılarının müxtəlif səviyyəli şəhər, respublika və beynəlxalq yarışlarda iştirakı təmin edilib, bir sıra yüksək idman uğurları qazanılıb. Rayon gənclərinin asudə vaxtının səmərəli təşkili, onların bədən tərbiyəsi və idmana daha geniş cəlb edilməsi üçün qəsəbələrdə və yaşayış massivlərində yeni idman qurğularının və meydançalarının salınması işləri, Müşfiqabad qəsəbəsində isə müasir İdman Kompleksinin inşası davam etməkdədir. 2009-cu ilin respublikada “Uşaq ili” elan edilməsi ilə bağlı Qaradağ rayonunda bir sıra tədbirlər görülüb və ilin sonunadək bu işlər müntəzəm aparılacaq.

Göründüyü kimi, Qaradağ rayonunun inkişafı yeni mərhələyə qədəm qoymaqdadır. Rayon əhalisi əmindir ki, Prezident İlham Əliyevin dəstəyilə Qaradağ Bakının ən inkişaf etmiş rayonuna çevriləcək.

 

Qaradağlılar Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqdirlər...

 

Qaradağ rayonunun sosial-iqtisadi sahədə əldə etdiyi tərəqqi, eyni zamanda, rayonun ictimai-siyasi həyatında da özünü qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı ətrafında 9319 nəfər qaradağlı sakin birləşib. Onlardan 3399-u gənc, 3012 nəfəri isə qadınlardır. Ümummilli liderin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini cari ilin 9 ayı ərzində YAP Qaradağ rayon təşkilatının sırasına daxil olanların sayı da (765) sübut edir...

YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynovun sözlərinə görə, qaradağlılar hər zaman dövlətçiliyi müdafiə ediblər: “Qaradağ rayonunun sakinləri bütün siyasi kampaniyalarda aktivlik nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək”.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2009.- 7 noyabr.- S.8.