Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsindən on dörd il
ötür
XXI əsrdə
biz müasir dünyanın mənzərəsinin köklü
dəyişikliklərə məruz qaldığının
şahidi oluruq. Bu gün demokratiya, hüququn aliliyi və insan
hüquqlarına hörmət ayrılıqda hər bir
dövlətdə, bütövlükdə isə beynəlxalq
münasibətlərdə müəyyənedici amillər
kimi çıxış edir. İstənilən demokratik cəmiyyətin
əsasını insan hüquq və azadlıqlarının
tanınması və onların səmərəli təminatı
mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin
inkişafı, onun maddi və mənəvi çiçəklənməsi,
vətəndaş sülhü yalnız insanın ali dəyər,
onun hüquq və azadlıqlarının təmin edilməsinin
isə dövlətin başlıca vəzifəsi və əsas
təyinatı olaraq qəbul edildiyi şəraitdə
mümkündür.
Azərbaycanda
hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən
biri siyasi-hüquqi sistemin kökündən demokratikləşmə
istiqamətində əsaslı surətdə dəyişdirilməsindən
ibarət olmuş, həm də bu proses mahiyyət etibarı
ilə dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə etmişdir. Şübhəsiz
ki, bunların əsasında dünyaşöhrətli siyasi
xadim, Ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi
ilə hazırlanaraq, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyası durur. Məhz Konstitusiya
ölkədəki köklü dəyişikliklərə
müsbət təsir göstərmiş, hüquqi dövlət
quruculuğu prosesinin əsas istiqamətlərini müəyyən
etmişdir.
Ümumiyyətlə,
“Konstitusiya” anlayışının özü latınmənşəli
“constitutio” sözündən olub təsis etmək, qurmaq mənasını
daşıyır. Ənənəvi olaraq bu termin ictimai və
dövlət quruluşunu, seçki sistemini, hakimiyyət və
idarəetmə orqanlarının təşkili və fəaliyyəti
prinsiplərini, vətəndaşların əsas hüquq və
vəzifələrini təsbit edən dövlətin əsas
qanununu ehtiva edir. Məhz bu termin Konstitusiyanın təsisedici
xarakterini müəyyən edir.
Müasir
anlamda ilk Konstitusiya aktları və yaxud konstitusiyalar məhz
XVII-XVIII əsrlərdə yaranmışdır, baxmayaraq ki,
dövlətçiliyin yaranma tarixi daha əvvəlki dövrlərə
gedir. Bu onunla əlaqədardır ki, məhz qeyd olunan
dövrdə insanlıq şəxsi azadlığının
ali dəyərini anlayaraq dövləti qoyulmuş qaydalara tabe
olmağa məcbur etmişdir. Konstitusiya haqqında təsəvvürlər
bir qədər əvvəllər meydana gəlsə də, həmin
dövrdə bu təsəvvürlər əsasən
demokratiya və ədalət anlayışı əsasında
dövlət hakimiyyətinin səmərəli təşkili
məsələləri ətrafında qurulmuşdu. Artıq
Konstitusiyanın qəbulunda məqsəd dövlət hakimiyyətinin
həyata keçirilməsində sərhədi müəyyənləşdirmək,
bu hakimiyyəti müəyyən çərçivə
daxilində məhdudlaşdırmaq və bu hakimiyyətin həyata
keçirilməsi zamanı mövcud hakimiyyət
qollarının həm bir-birinə qarşı, həm də
insan şəxsiyyətinə münasibətdə hörmətin
bərqərar edilməsi olmuşdur.
Digər
normativ aktlardan fərqli olaraq Konstitusiya demək olar ki,
bütün müasir dövlətlərin əsas qanunudur. Çünki,
ölkənin sosial-iqtisadi strukturunda, ictimai-siyasi həyatında
baş verən bütün dəyişikliklərin məzmunu
bu və ya digər formada Konstitusiyaya uyğun aparılır. Konstitusiyanın
inkişafı ümumilikdə cəmiyyətin və dövlətin
özünün inkişaf mərhələlərinə
müvafiq olur. Konstitusiya cəmiyyətin və dövlətin
bütün təbəqələrinə ümumi şəkildə
siraət etdiyinə görə, o, özündə həyatın
bütün sahələrini əhatə edən müddəaları
əks etdirir. Onun mətnində həm bəyanatlar, həm
proqram şəkildə həyata keçirilən tədbirlər
siyahısı, həm də bəzi məqamlarda tarixi
istinadlar da öz əksini tapa bilər. Lakin bütün
bunlarla yanaşı Əsas Qanun normativ hüquqi xarakter
daşıyır, yəni nə qədər müxtəlif
sosial hadisələrlə əlaqədar olsa da, Konstitusiya
hüquq normaları sistemidir və bütün hüquq
sisteminə xas olan tənzimləmə, qoruma
funksiyalarını yerinə yetirir. Konstitusiya həm də
qanunvericilik sistemində bütün digər normaların
keyfiyyət və xarakterinin müəyyən edilməsi
üçün başqa heç bir hüquqi aktın malik
olmadığı funksiyanı - hüquq normalarının
hüquqa uyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi
funksiyasını yerinə yetirir. Bu mənada, o, digər
qanunlardan fərqlənir. Konstitusiyanın əsas qanun
olması özünü digər aspektlərdə də biruzə
verir. Əsas müddəaları dövlətin və cəmiyyətin
inkişafının faktiki olaraq bütün sahələrini əhatə
etsə də, Konstitusiya daha çox ümumi tənzimetməni
müəyyənləşdirir, bütün digər
qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial təbəqələrə,
ümumilikdə insana və vətəndaşa
ünvanlanır. Konstitusiya üçün ümumi tənzimetmə
daha səciyyəvidir.
Konstitusiya əsas
sosial-siyasi institutlara verilən tələbləri müəyyən
etməklə onları formalaşdırır və bununla da,
belə demək mümkünsə, bütün sistemin əsasını
təşkil edir. O, qanunvericilik sisteminin yaradılması və
dəyişdirilməsi qaydalarını, onun məzmununu
müəyyən edir. Bir sözlə, Konstitusiya mövcud
sistemin konkret olaraq necə olduğunu və necə olmalı
olduğunu ortaya qoyur.
Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa
etsə də, ölkədə mövcud olan ictimai-siyasi
qeyri-sabitlik, vətəndaş itaətsizliyi, xaos, hakimiyyət
uğrunda zorakılığa söykənən mübarizə
və anarxiya yeni Konstitusiyanın qəbul edilməsinə
ciddi əngəllər yaradırdı. Həmin vaxt ilk
növbədə cəmiyyətdə sabitliyi bərpa edə
biləcək yeni Konstitusiyanın əsasını təşkil
edən ideya və dəyərlər üzərində
razılıq əldə edilməsini təmin edən siyasi
iradə və müdrikliyə çox böyük ehtiyac var
idi. Həqiqət ondan ibarətdir ki, Azərbaycan
xalqının Ümummilli lideri, görkəmli siyasət və
dövlət xadimi Heydər Əliyevin hakimiyyətə ikinci
dəfə xalqın təkidli tələbləri ilə
qayıdışınadək Azərbaycan vətəndaş
müharibəsi astanasına sürüklənmiş, milli
dövlətçiliyimiz məhv olmaq təhlükəsilə
üzbəüz qalmışdı. Məhz belə bir məqamda
Heydər Əliyev öz böyük xarizması və peşəkarlığı
hesabına xalqı müstəqil Azərbaycan və azərbaycançılıq
ideyaları ətrafında birləşdirərək
özünün tarixi missiyasını yerinə yetirdi. Tədricən
ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində
qanunçuluq və hüquq qaydası bərqərar edildi. Bütün
bunlar isə Azərbaycan xalqının və dövlətinin
tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi
üçün lazımi ictimai-siyasi şəraitin
yaradılması ilə nəticələndi.
Azərbaycan
Respublikasının ilk milli Konstitusiyasının yaradılması
Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən
biridir. Təsadüfi deyildir ki, Ümummilli lider Heydər Əliyev
Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə
sədrlik etmiş, dəfələrlə layihənin
açıq müzakirəsini təşkil etməklə onun
müasir dəyərləri özündə ehtiva edən ən
yetkin formada qəbul olunmasını təmin etmək
üçün gərgin əmək sərf etmişdir.
Nəhayət,
Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi
üçün 1995-ci il oktyabrın 15-də dərc
edilmiş və 1995-ci il noyabrın 12-də keçirilmiş
referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul
edlməsinin lehinə səs vermişlər. Azərbaycan
Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-dən
qüvvəyə minmişdir.
Konstitusiyanın
qəbul edilməsi xalqımızın tarixi ənənələrinə
uyğun olan və eyni zamanda ölkəmizdə müasir
dünyanın hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu tələblərinə cavab verən
dövlətçiliyin formalaşdırılması, siyasi
sistemdə və hüquq sistemində möhkəm
özülün yaradılması işində mühüm
addım olmuşdur.
Azərbaycan
Respublikasının Konstitusiyası ənənəvi
Konstitusiya anlayışının ehtiva etdiyi bütün təməl
prinsipləri özündə əks etdirir.
Əsas
Qanunda Azərbaycan Respublikası hüquqi dövlət kimi
müəyyən edilir. İnsan və vətəndaşın
hüquq və azadlıqları, onların tanınması,
müdafiə və təmin edilməsi qanunvericiliyin, onun tətbiqedilmə
təcrübəsinin hüquqi xarakterinin əsas və təyinedici
meyarı kimi təsdiq olunur. Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşın
hüquq və azadlıqlarının prioritet prinsipi dövlət
hakimiyyətinin bütün sahələrinə ünvanlanaraq
onları bu hüquqlarla əlaqələndirir və onlar
üçün müəyyən vəzifələr
yaradır.
Ölkə
Konstitusiyasının 147-ci maddəsi birbaşa şəkildə
təsbit edir ki, “Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək
hüquqi qüvvəyə malikdir. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsasıdır”. Əgər
ölkədəki çoxsaylı hüquqi aktları bir-birilə
qarşılıqlı və əlaqəli şəkildə
fəaliyyət göstərən bütöv bir sistem kimi təsəvvür
etsək bu zaman Konstitusiya bu sistemin əsası, özəyi,
həmçinin, bütün hüquq sisteminin
inkişafının mənbəyidir. Belə ki,
Konstitusiyanın əsasında həm əvvəllər
mövcud olmuş ənənəvi hüquq sahələri
inkişaf etdirilərək müasir dövrün tələblərinə
uyğunlaşdırılmış, həm də
iqtisadiyyatda, sosial inkişafda, siyasətdə və mədəniyyətdə
baş verən dəyişikliklərlə əlaqədar yeni
hüquq sahələri təşəkkül
tapmışdır.
Ölkəmizin
ümumbəşəri dəyərlərə sadiqliyinin,
hamılıqla qəbul olunmuş hüquq normalarına
hörmətinin ifadəsi kimi Konstitusiyamız Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri ölkənin hüquq
sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən
keçirir.
Müasir
dövlət üçün Konstitusiya ondan ötrü
labüddür ki, onda dövlətin ilkin prinsipləri və təyinatı,
funksiyaları və təşkil olunma əsasları, fəaliyyətinin
forma və metodları əks olunur. Konstitusiya ictimai
inkişafın, dövlətin insan və vətəndaşla
qarşılıqlı münasibətlərinin bütün
sahələrində dövlət tənzimetməsinin sərhədlərini
və xarakterini təsbit edir, cəmiyyətin bütün
üzvlərinin hüquqi statusunun əsasını müəyyən
edir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin
ümumi konturlarını cızır. Ən əsası isə
Konstitusiya insanın əsas hüquq və azadlıqlarına
ali hüquqi qüvvə verir, onun şərəf və ləyaqətini
müdafiə edir. Bu gün dünya təcrübəsində
insan hüquq və azadlıqları, onun şərəf və
ləyaqətinin qorunması ən ali dəyər kimi ön
plana çəkilməkdədir. Məhz bu səbəbdəndir
ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi
insan və vətəndaş hüquq və
azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin
ali məqsədi bəyan etmişdir.
Azərbaycan
üçün Konstitusiya bu gün çox mühüm əhəmiyyət
kəsb edir. Azərbaycan cəmiyyəti Konstitusiya vasitəsilə
həm yeniləşən dövlətçiliyə dair
baxışlarını, həm də müəyyən
çərçivə daxilində özünün milli
ideyalarını realizə edir. Təbii ki, Konstitusiya siyasi
proqramların və fəlsəfi konsepsiyaların məcmusu
deyil, öz təyinatına və ölkə həyatındakı
roluna müvafiq olaraq Əsas Qanuna xas bütün əlamətlərə
və xüsusiyyətlərə malik olan hüquqi aktdır. Konstitusiyaya
hüquq sistemində ən önəmli yer verilmişdir. Onda
cəmiyyətin xarakterini müəyyən edən ideya və
prinsiplər, iqtisadiyyat, siyasət, sosial sahə, dövlət
və hüququn baza prinsipləri öz əksini tapır. Konstitusiya
cəmiyyətin inkişafında üzərinə düşən
funksiyasını nə qədər uğurla yerinə yetirirsə,
o, milli fikrə bir o qədər yaxınlaşır, onun məqsədini
daha dəqiq və aydın ifadə edir. Milli fikirdən
ayrılan, onu təcrid edən, hətta milli fikrin əleyhinə
gedən Konstitusiyanın cəmiyyət tərəfindən
anlaşılacağına və qəbul ediləcəyinə
heç vaxt ümid edilə bilməz.
Əsas
Qanunun başlıca hüquqi əlaməti stabillik, yəni məzmununun
sabitliyi olan, uzunmuddətli fəaliyyətə malik aktdır. Konstitusiyanın
stabilliyi - qanunçuluq rejiminin sabitliyinin, dövlət
hakimiyyətinin təşkili və həyata keçirilməsinin,
şəxs, dövlət və cəmiyyət
arasındakı münasibətlərin əsas şərtidir.
Bütün demokratik cəmiyyətlərdə
Konstitusiyanın sabitliyi başlıca meyar kimi
çıxış edir və dövlətin gələcək
inkişafında da Konstitusiya dövlətə deyil, dövlət
Konstitusiyaya uyğunlaşdırılır və inkişaf
edir. Bunun üçün isə cəmiyyətdə
qanunçuluq rejiminə ciddi əməl olunmalı, hər
hansı hüquq pozuntusuna qarşı
dözümsüzlük kimi xüsusiyyətlər tərbiyyələndirilməli
və Konstitusiyanın səmərəli müdafiə
mexanizmi işlənib hazırlanmalıdır. Lakin
Konstitusiyanın sabitliyi heç də onun tamamilə dəyişməzliyi
demək deyildir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə
predmetini təşkil edən ictimai münasibətlər və
bu münasibətlərin tərkib hissəsi olan hüquqi,
sosial, iqtisadi və siyasi vəziyyət müəyyən
müddət keçdikcə dəyişə bilər. Bütün
bunlar da öz növbəsində ali qanunun sabitliyi prinsipinə
riayət etmək şərtilə onun baş verən dəyişikliklərə
uyğunlaşdırılmasını tələb edir.
Milli
Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə iki
Konstitusiya islahatı aparılmışdır. 2002-ci il
avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə
cəmiyyətin inkişafından doğan və
Konstitusiyanın, qanunların, bütövlükdə
hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə
proseslərinin dərinləşdirilməsi və insan
hüquqlarının daha səmərəli müdafiə
edilməsi zərurətindən irəli gələn bir
sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər
butövlükdə ölkəmizin İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasına qoşulmasından, məhkəmə
islahatlarının həyata keçirilməsindən irəli
gələn öhdəliklərə əməl edilməsi,
Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi,
insan hüquq və azadlıqlarının daha səmərəli
müdafiəsi və dövlət hakimiyyəti orqnları
arasında fəaliyyətin və qarşılıqlı əlaqənin
konstitusiya mexnizmlərinin daha da təkmilləşdirilməsi
zərurətindən irəli gəlmiş və sadalanan məqsədlərə
xidmət etmişdir.
Eyni zamanda,
ölkəmizdə həyata keçirilən irimiqyaslı
qanunvericilik və institusional islahatlar, sürətli beynəlxalq
inteqrasiya və sosial-iqtisadi inkişaf yeni konstitusiya
islahatlarının reallaşdırılması zərurətini
ortaya qoymuşdur. Bu məqsədlə, Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən 2008-ci
il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən
Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək
məqsədi daşıyan, əsasən, dövlətin
sosialyönümlüyünün artırılmasına, insan
hüquq və azadlıqlarının daha səmərəli
müdafiə və təmin olunmasına, o cümlədən
bir şəxsin iki dəfədən artıq Prezident
seçilməsi ilə bağlı hüquqi cəhətdən
əsaslandırılmamış və ictimai tələblərə
cavab verməyən məhdudiyyətin aradan
qaldırılmasına, ali dövlət hakimiyyəti
orqanlarının, habelə, məhkəmə hakimiyyəti
orqanlarının və bələdiyyələrin işinin,
qanunvericilik sisteminin təkmilləşdirilməsinə
yönəlmiş “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Referendum Aktının layihəsi qəbul
edilmişdir. 2009-cu il martın 18-də həmin akt ümumxalq
səsverməsində Azərbaycan xalqının böyük
əksəriyyəti tərəfindən dəstəklənmiş
və keçirilmiş referendumla zamanın tələbindən
irəli gələrək Konstitusiyaya edilmiş əlavə və
dəyişikliklər onun çox mühüm əhəmiyyətə
malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.
1995-ci il
Konstitusiyasının milli hüquq sisteminə gətirdiyi
mühüm yeniliklərdən biri də Əsas Qanunun ehtiva
etdiyi dəyərlərin müdafiəsinin və dövlətin
hüquqa bağlılığının təmin edilməsinin
mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin
yaradılması olmuşdur.
Konstitusiya Məhkəməsi
bir qayda olaraq cəmiyyətdə və dövlətdə
sabitliyin başlıca amili kimi qəbul olunan bir təsisatdır.
Demokratiya şəraitində bir sıra kəskin hüquqi
problemlər məhz bu orqan sayəsində Konstitusiya çərçivəsində
və əsasında həll edilə bilər.
Son illər
ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən
başlanmış və bu siyasi kursun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə davam etdirilən, cəmiyyət və dövlət həyatının
bütün sahələrini əhatə edən siyasi-hüquqi,
sosial-iqtisadi, humanitar-mədəni islahatlar prosesi və
artıq əldə olunmuş əhəmiyyətli göstəricilər
Azərbaycan Respublikasının parlaq gələcəyinə
olan inamı bir daha artırır. Bu islahatlar milli səviyyədə
bir çox taleyüklü problemlərin həllinə ciddi
imkanlar açmaqla yanaşı, həm də ölkəmizin
inkişaf etmiş dünya birliyində layiqli yerini tutması
prosesini sürətləndirir, ölkənin beynəlxalq
nüfuzunu artırır.
Fürsətdən
istifadə edərək xalqımızı əlamətdar
bayram - Konstitusiya Günü münasibətilə səmimi təbrik
edir, ölkəmizə rifah və əmin-amanlıq
arzulayıram.
Fərhad Abdullayev
Yeni Azərbaycan.- 2009.- 12 noyabr.-
S.7.