Konstitusiyamız milli maraqlara dövrün çağırışlarına tam cavab verir

 

1995-ci il noyabr ayının 12-də keçirilən referendumda xalqımızın böyük əksəriyyətinin dəstəyi ilə qəbul olunmuş ölkənin Əsas Qanunu mükəmməlliyi ilə seçilir

 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 14 il ötdü. 1995-ci il noyabr ayının 12- keçirilən ümumxalq səsverməsi - referendumda xalqımızın böyük əksəriyyətinin dəstəyi ilə qəbul olunmuş ölkənin Əsas Qanunu mükəmməlliyi ilə seçilir, dövrün çağırışlarına tam cavab verir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına birbaşa xalqımızın Ümummilli lideri, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edib. Konstitusiyanın bir dövlətin gələcək taleyində rolunu, ümumiyyətlə, dövlətçiliyin inkişafındakı əhəmiyyətini dəqiq qiymətləndirən Ümummilli lider Heydər Əliyev bu prosesə həddindən artıq məsuliyyətlə yanaşır, çıxışlarındabu mühüm sənədin qəbul olunması üçün gələcək nəsillərin qarşısında cavabdehlikməsələsinin məhz Onun üzərinə çox böyük məsuliyyət qoyduğunu vurğulayırdı. Məhz bu diqqətin nəticəsi olaraq, Azərbaycanda Avropa beynəlxalq aləmdə qəbul olunmuş əsas hüquqi aktların tələblərinə, milli maraqlarımıza tam cavab verən Konstitusiyamız qəbul olundu. Müstəqil Azərbaycan dövlətinin tarixində ilk olan bu sənəd qəbul edilərkən məhz bu niyyətlər ifadə edilib:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

 

İslahatlar Konstitusiyanın inkişafına və daha da təkmilləşməsinə xidmət edir

 

Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikdən sonra iki dəfə islahatlar həyata keçirilib. Əsas Qanuna dəyişikliklər edilməsi ilə bağlı ilk referendum 2002-ci il avqustun 24-də keçirilib və ümumxalq səsverməsində Əsas Qanunun mətninə cəmiyyətin inkişafından doğan və Konstitusiyanın, qanunların, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi, həmçinin, insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gələn bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər bütövlükdə ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və dövlət hakimiyyəti orqanları arasında fəaliyyətin və qarşılıqlı əlaqənin Konstitusiya mexanizmlərinin daha da təkmilləşdirilməsi zərurətindən irəli gəlib və sadalanan məqsədlərə xidmət edib. Lakin dəyişən zaman fonunda ölkəmizdə əsas hüquqi normaları müəyyənləşdirən bir sıra qanunlara yenidən dəyişikliklər edilməsi zərurəti meydana çıxdı və 7 il sonra yenidən Konstitusiya islahatları gündəmə gəldi. Hakim Yeni Azərbaycan Partiyasının təklifi ilə Milli Məclisdə müzakirəyə təqdim olunan Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi millət vəkillərinin böyük əksəriyyətinin səs çoxluğu ilə qəbul edildi və xalqın müzakirəsinə çıxarıldı. Qeyd edək ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər 29 maddəni əhatə edirdi. Konstitusiyanın 12-ci maddəsində dövlətin ali məqsədi göstərilirdi. Bu dəyişikliyə qədər qüvvədə olan variantda həmin maddənin birinci hissəsində göstərilirdi ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Amma bu bəndə əlavədə “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi” də dövlətin ali məqsədi kimi qeyd olunub. 15-ci maddəyə isə (iqtisadi inkişaf və dövlət) “sosialyönümlü iqtisadiyyatın inkişafına şəraitin yaradılması” fikri əlavə edilib. Konstitusiyanın 17-ci maddəsinə bu müddəa da əlavə olunub ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 19-cu maddəyə təklif olunan dəyişikliyə əsasən isə, Milli Bank Mərkəzi Bank adlandırıldı. Konstitusiyada azadlıq hüququnu təsbit edən 28-ci maddənin 3-cü bəndinə belə bir əlavə təklif olunurdu: “Azərbaycan Respublikasının ərazisindən kənarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan dövlətinin köməyindən və himayəsindən istifadə etmək hüququ var”.

Səsvermədən sonra bu məsələlər də Konstitusiyada təsbit olundu. Eləcə də 101-ci maddənin 5-ci bəndinə olunan dəyişikliyə əsasən, “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.

2009-cu il martın 18-də keçirilmiş referendumda Azərbaycan xalqı bu dəyişikliklərin lehinə səs verdi. Məhz bu dəyişikliklərdən sonra Azərbaycan Respublikasının Konstitusiyası daha mükəmməl və daha demokratik hüquqi akt kimi qarşıya çıxdı.

 

İnsan hüquqlarının yüksək səviyyədə təmin olunması dövlətin ali məqsədidir

 

Azərbaycan Respublikasının Konstitusiyası öz demokratikliyi və insan hüquqlarına sadiqliyi baxımından yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, hələ Ana Yasamız qəbul olunarkən və bu gün də bütün beynəlxalq təşkilatlar bu sənədi hüquq və azadlıqların qorunması istiqamətində dolğun və əhatəli hüquqi akt kimi qiymətləndirirlər. Konstitusiyamızda yer alan maddələrin təxminən 1/3-dən çoxu sırf bu məsələlərə həsr olunub. Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsi isə yalnız əsas hüquqlar, azadlıqlar və vəzifələri əhatə edir. Bu bölmədə insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri təsbit olunub. Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Eyni zamanda, qeyd olunur ki, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”.

Bu bölmədə yer alan digər maddələrdə isə məhdudlaşdırılması qadağan olunan insan hüquqları, qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər şəxsin insan hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ, məhkəmələrin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ və s. məsələlərə yer ayrılır, bu məsələlərin əsil hüquqi sütunları müəyyənləşdirilir.

Şübhəsiz ki, bütün bunlar Azərbaycan dövlətinin humanizminin, insan hüquq və azadlıqlarına olan hörmətinin, demokratik cəmiyyət quruculuğu prosesinə sədaqətinin göstəricisidir. Eyni zamanda, cəmiyyətdə ədalət prinsiplərinin sütunlarının möhkəmləndirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, yalnız o cəmiyyətlərdə inkişaf baş verir ki, orada hüququn aliliyi təmin olunsun. Azərbaycan da Konstitusiyada təsbit olunduğu kimi, məhz bu yolla uğurla addımlamaqdadır.

 

Dövlət idarəçiliyinin 3 istiqaməti

 

Azərbaycan Respublikasının Konstitusiyası həm də dövlətin inkişaf istiqamətlərini, siyasi institutlar və dövlət institutları, dövlət idarəçiliyi istiqamətində hüquqi bölgünü müəyyənləşdirən sənəddir. Təsadüfi deyil ki, Ana Yasanın III bölməsi də məhz dövlət hakimiyyətinə həsr olunub. Bu sənəddə dövlət idarəçiliyinin 3 istiqaməti müəyyənləşdirilib:

Qanunvericilik hakimiyyəti;

İcra hakimiyyəti;

Məhkəmə hakimiyyəti.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir və deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Eyni zamanda, bu bənddə Milli Məclisin bütün hüquq və vəzifələri, səlahiyyətləri aydın şəkildə göstərilir.

Konstitusiyamızın 99-cu maddəsində isə İcra hakimiyyətinin mənsubiyyəti təsbit olunub. Burada vurğulanır ki, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Digər maddədə isə prezidentliyə namizədlərə aid tələblər əks olunub və qeyd olunur ki, yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu bölmədə yer alan digər maddələrdə isə qeyd olunur ki,  Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə, səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bu bölmədə, ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri, vəzifələri, hüquqları təsbit olunub.

Konstitusiyanın 125-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini isə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə reallaşdırılır.

 

 

(ardı var)

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 13 noyabr.- S.5.