Ən yaxşısı...
Bəxtiyar
Sadıqovun “Ömrün söz yadigarı” kitabı
haqqında qeydlər
Jurnalist Bəxtiyar Sadıqovu lap çoxdan tanıyıram. Bilirəm ki, istedadlı adamdır, həyatını yazı-pozuya həsr edib. Elə yazı-pozu ilə də ad-san qazanıb, müxbirlikdən qəzet redaktorluğuna, millət vəkilliyinə kimi yüksəlib. Bəxtiyar müəllimin bir neçə kitabını oxumuşam. Son kitabı - “Ömrün söz yadigarı”nı oxuyanda bir daha hiss etdim ki, o, sözə qiymət verməyi bacarır, deyilən, yazılan hər sözün yerini bilir, sözü yadigar kimi görür, odur ki, hər söz üçün məsuliyyət daşıdığını açıq-aydın hiss etdirir.
“Dünya
sözlə yaranıb, sözlə yaşayır, sözlə
idarə olunur. Söz ürəyin açarı,
düşüncənin gerçəkliyidir... İnsan dil
açandan əbədi susanadək saysız-hesabsız
söz işlədir. Onların gərəklisi də olur,
xoşagəlməzi, acısı da!.. Müdrik o kəsdir ki,
dediyi söz eşidilib. O kəslər xoşbəxtdirlər
ki, dedikləri söz yadigara çevrilib”.
“Müəllifdən”
yazısı ilə başlayan kitab həm də bu sözlərlə
başlayır.
Kitabdakı yazılar
müxtəlif illərdə “Azərbaycan” qəzetində Bəxtiyar
müəllimin yazdıqlarıdır. Və bu
yazıların hər biri publisistikanın gözəl
nümunəsi hesab oluna bilər.
“Ömrün söz
yadigarı”nın I fəsli “Tarixi yaradanlar və yaşadanlar”
adlanır. Kimdir onlar? Görünür, kitabın birinci
yazısının “Milyonların taleyi həyatında əks
olunan insan” adlandırılması
düşündürücüdür. Bəli, söhbət
Ümummilli liderimiz Heydər Əliyevdən gedir. Lakin müəllif
etiraf edir ki, “... Heydər Əliyevin gördüyü
bütün işləri, etdiyi xeyirxahlıqları və alicənablıqları
toplayıb qələmə almaq, yaxud Onun kömək göstərdiyi,
həyatlarında müəyyən rol oynadığı
bütün insanları müəyyənləşdirərək
qəzetdə yazılarını vermək mümkün deyil!
Lakin Azərbaycanda yaşamış bir neçə nəslin
uzun illər boyu güvənc və fəxr yerinə
çevrilərək xeyirxahlıq simvolu olmuş bu dahi şəxsiyyətin
əməlləri barədə bir qədər geniş
danışmaq mümkündür. Bu halda söhbətin
mövzusu “Heydər Əliyev bizim həyatımızda”
adlanmalıdır.
B.Sadıqov “Dövlət
siyasəti səviyyəsində xeyirxahlıq”dan başlayaraq
“Firavanlıq və sosial rahatlıq yaradan inkişaf”dan, “Rəhbər
qayğısı və aliliyi”ndən, “Türk-müsəlman
dünyasının iftixarı”ndan, “İlk uğurumun müəllifi
- sonrakı nailiyyətlərimin səbəbkarı”ndan, “Azərbaycanın
taleyinə çevrilən ömür”dən bəhs edir.
Kitabda “Ən
böyük azərbaycanlı” adlı yazı da Heydər Əliyevə
həsr edilib. Müəllif bu yazısında dahi insan
haqqında düşüncələrini oxuculara
çatdırmağa çalışıb. Yeri gəlmişkən
qeyd etməliyik ki, bu düşüncələr hər bir
oxucuda Ulu öndər Heydər Əliyevə daha xoş hisslər
yaratmaq gücünə malikdir.
“Söz və mətbuat
azadlığının təminatçısı”
başlıqlı yazı da Heydər Əliyev, Onun fəaliyyəti
haqqındadır. Bu yazıda müəllif mətbuat tarixinə
qısa nəzər salır, Ümummilli liderimizin bu tarixə
verdiyi töhfələrdən söhbət açır.
“Böyük qurucu”,
“Qeyri-adi rekordlar”, “Azərbaycan tarixində vətəndaş,
şəxsiyyət və lider amili”, “Niyə məhz Heydər
Əliyev gəlməliydi”, “Oxşar talelər”, “Müstəqilliyimizin
ikinci əsri”, “Müasir tipli parlamentin memarı və
yaradıcısı”, “Xalq - rəhbər birliyinin ən parlaq
nümunəsi”, “Xalq həqiqi rəhbər ilə qüdrətlidir”...
sərlövhəli yazılarda bir sıra tarixi hadisələrlə
yanaşı, Heydər Əliyevin titanik fəaliyyəti əks
olunub.
“Ömrün söz
yadigarı” adlandırdığı kitabında Bəxtiyar
Sadıqov müxtəlif insanlardan və hadisələrdən
yazarkən, keçdiyi həyat yolunda gördükləri və
eşitdiklərini də qələmə alır, son illərdə
cəmiyyətimizdə baş verənləri oxunaqlı şəkildə
oxuculara çatdırıır.
“15 iyun Qurtuluşunun 15
oktyabr zəfəri” adlı kiçik yazıda müəllif
öz hiss və düşüncələrini çox cəlbedici
qələmə alıb. Müəllif yazır ki, “Cənab
İlham Əliyevin qalib gələcəyi heç kəsdə
zərrə qədər də şübhə
doğurmurdu!..”. B.Sadıqov bu sözləri yazarkən səbəbini
də aydınlaşdırır: “Çünki xalq hələ
doxsan üçüncü ilin iyun günlərində xaos və
anarxiyaya “yox” deyərək sabitlik, demokratiya, inkişaf və
firavanlığın sinonimi sayılan Heydər Əliyev
siyasi kursunu özü üçün tale seçmişdi! Və
sonadək də seçiminə sadiq qalmışdı!.. Bu
kursun ən layiqli davamçısı kimi isə cənab
İlham Əliyevi tanıyırdı!..”
B.Sadıqov bir vətəndaş
kimi bütün xalqımızın ürək sözlərini
ifadə etməyə çalışır və yazır:
“Seçimin mübarək,
Azərbaycan!”
“Yeni liderin və rəhbərin
mübarək, Azərbaycan!”
“15 iyun Qurtuluş
Günündə əsası qoyulan 15 oktyabr zəfərin
mübarək, Azərbaycan!”
“Hər bir Azərbaycan
vətəndaşının Prezidenti” yazısı isə cənab
İlham Əliyevin fəaliyyətinə həsr olunub.
Yazını oxuduqca Heydər Əliyev siyasi kursunun layiqli
davamçısının həyata keçirdiyi böyük
işlərə heyran qalmaya bilmirsən!
“Yeni tribunanın tribunu”
yazısında ölkəmizin Avropa Şurasına qəbul
olunmasından, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa
Şurasının tribunasındakı “göy gurultusuna bənzər”
çıxışlarından söhbət
açılır.
Kitabın II fəsli
“Ziyalı sözü, vətəndaş mövqeyi”
adlanır. Bəxtiyar Sadıqov “Fəxr elə, Azərbaycan”
başlıqlı yazısında ölkəmizin 10 il azad və
müstəqil yaşamasını nidalı fikirləri ilə
tərənnüm edir.
“Tarix və şəxsiyyət!”
Bəzən filosoflar üçün mübahisə predmetinə
çevrilən bu iki məfhum bir-birilə
qarşılıqlı əlaqədə inkişaf edir.
Xoşbəxt o xalqdır ki, öz varlığının
müxtəlif dövrlərində böyük şəxsiyyətlər
yetirə bilir! Həm də xalqın o zaman bəxti gətirmiş
sayılır ki, keşməkeşli dövrdə
taleyüklü məqamlarda, yaxud ölüm-dirim məsələsi
həll olunduğu vaxtda siyasət və döyüş
meydanında böyük oğlu və məğlubedilməz
sərkərdəsi fəaliyyət göstərir! Məhz bu
halda millət tarixi inkişafında irəliyə doğru
sıçrayış edir, ya da geri qalır. Tarix heç
zaman xilaskarları, qurucu və yaradıcı insanları
unutmur!”.
Bu fikirləri
kitabdakı “Müstəqil dövlət quruculuğu prosesini
tarixin yaddaşına olduğu kimi yazaq” adlı yazıdan
götürmüşük. Həmin yazıda söhbət Azərbaycan
tarixinin necə yazılmasından gedir. Müəllif yazır
ki, “...Heydər Əliyev 31 yanvar 1997-ci ildə Elmlər
Akademiyasının üzvləri ilə görüşü
zamanı onların qarşısında “XX əsrin tarixi necə
var, elə də yazılsın” tələbini də
qoymuşdu...” ...Bir cəhəti də unutmayaq: tarixi təkcə
tarixçilər yox, həm də jurnalistlər qələmə
alır!.. Gələcəkdə tariximizin
doğru-düzgün olması üçün bu gün hər
bir qələm əhli vicdanlı olmalı, yazdıqlarına
məsuliyyətlə yanaşmalıdır!”.
Haqqında bəhs
etdiyimiz yazıda “tarix və vicdan qarşısında borc”dan
danışılır, sübut olunur ki, “tarix heç zaman
yaradıcı və qurucu insanları unutmur”.
Sonra Bəxtiyar
Sadıqov “Müstəqil Azərbaycanın inkişaf yolu”na nəzər
salır, “Deklorativ və real müstəqillik”dən, “əsl rəhbər
möcüzəsi”ndən, “böyük qurucu və
yaradıcı”dan, “daim müasir səslənən ideyalar”dan
söz açır.
“Ömrün söz
yadigarı”nda “Müasir dövrdə Azərbaycanın
inkişaf strategiyası” açıqlanır, göstərilir
ki “demokratik inkişaf yolunu Azərbaycan özü seçib,
ölkəmizdə “söz, mətbuat azadlığı, fikir
plüralizmi” hökm sürür”, “birinin hüququ digərinə
əngəl ola bilməz”, “təfəkkürdə yeniləşmənin
vacibliyi” əsas şərtdir.
“Köhnə müxalifət
cəmiyyəti və gəncləri hara sürükləmək
istəyir?” yazısında B.Sadıqov bəzi mətləblərə
işıq salır.
Kitabın II fəslində
oxucuları maraqlandıran bir sıra yazılar da nəzəri
cəlb edir. Əgər həmin yazılar haqqında tesiz
şəklində qeydlər etsək, qəzetin səhifələri
dolar...
“Ömrün söz
yadigarı”nın III fəsli “Qarabağa gedən yol”
adlanır. Həmin fəsildə B.Sadıqov əsl vətəndaş
mövqeyini bir daha göstərmişdir.
Nəhayət, müəllif
IV fəsli “Mətbuat və mənəvi dəyərlər”
adlandırmışdır. Adından da məlum olduğu
kimi, bu fəsildə mətbuat məsələləri, mənəvi
dəyərlər barədə müəllifin özünəməxsus
fikirləri yer tutur. Bu yazılarda cəmiyyətimizi
maraqlandıran fikir və düşüncələr
çoxdur.
Qeyd edək ki, “Oskar” mətbəəsinin
çap etdiyi bu kitabın redaktoru Afət Sadıqova,
buraxılışa məsul İxtiyar Hüseynovdur.
Ümumiyyətlə,
“Ömrün söz yadigarı” kitabı haqqında çox
yazmaq, çox danışmaq olar. Atalar məsəlidir:
“Yüz dəfə eşitməkdənsə, bir dəfə
görmək yaxşıdır”. Kitabı oxumaq ən
yaxşısıdır...
Xeyrəddin QOCA
Yeni Azərbaycan.- 2009.- 14 noyabr.- S.11.