Sumqayıtın qurulması və inkişafı
Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır
Şəhərin 60 illik
ömrünün 40 ili Ulu öndərin
qayğısı, diqqəti, rəhbərliyi altında olub
Bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıt şəhərinin 60 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 24 aprel 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi bütün ölkə miqyasında qeyd edilir. Sərəncamda bildirilir ki, zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verilən Sumqayıt şəhəri müstəqilliyimizin bərpası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.
Sumqayıt şəhərində təhsil yüksək
inkişaf tempinə malikdir
Gənclik şəhəri
Sumqayıtın yaşına yaş əlavə olunduqca daha
da kamilləşir, gözəlləşir. Onun tarixinin
hansı anına baxsan qürur duyur, qurub-yaratmaq həvəsinin
şahidi olursan. İllər keçdikcə Sumqayıt daha da
müasirləşir, inkişaf edir, gözəlləşir.
Sumqayıtın qurulması və inkişafı Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır. Şəhər
60 illik ömrünün 40 ilini Ulu öndərin
qayğısı, diqqəti, rəhbərliyi altında olub.
Şəhərdə fəaliyyət
göstərən 50 məktəbdən 32-si, 71 məktəbəqədər
tərbiyə müəssisəsindən 54-ü, o cümlədən,
Şahmat və dama məktəbi, Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzi Ulu öndər Heydər Əliyevin
respublikaya rəhbərliyi dövründə tikilib istifadəyə
verilib. Ümummilli lider Heydər Əliyevin Sumqayıta hər
gəlişi şəhər sakinləri üçün
bayram kimi qeyd olunub. 2003-cü ilin aprel ayında Ulu öndərin
Sumqayıta səfərindən sonra şəhərdə 4
yeni məktəb, 7 məktəb üçün (1, 5, 8, 9,
10, 19 saylı məktəblər, “İstedad” liseyi) 2200 yerlik
yeni tədris korpusları tikilib, 5 məktəb (13, 29, 31,
saylı məktəblər, TTEL və “Təfəkkür”
liseyi), 1 məktəbəqədər tərbiyə müəssisəsi
(8 saylı uşaq bağçası) əsaslı təmir
olunub, 40 məktəbin, 5 bağçanın istilik sistemi bərpa
olunub, 28 məktəbin, 2 məktəbəqədər tərbiyə
müəssisəsinin, 2 məktəbdənkənar təlim-tərbiyə
müəssisəsinin dam örtüyü ilə əlaqədar
problemlər öz həllini tapıb. Ulu öndər Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təhsilə,
təhsil işçilərinə verdiyi önəmli qiymət,
göstərdiyi diqqət və qayğı bu gün şəhər
təhsilinin inkişafında xüsusi rol oynayır.
Məhz Prezident İlham
Əliyevin qayğısının nəticəsidir ki, şəhərin
məktəblərində yeni texnologiyaların mənimsənilməsi
məsələsi artıq öz həllini tapır. Şəhərdə
1591 kompüteri əhatə edən 117 kompüter sinfi təşkil
edilib. Məktəblərə 48 noutbuk, 49 proyektor, çoxlu
sayda tədris diskləri verilib. İki məktəb (TETG və
31 saylı məktəb) Təhsil Nazirliyinin həyata
keçirdiyi “Elektron məktəb” layihəsinə cəlb
edilib. Sumqayıtda respublikamızda ilk dəfə olaraq sürətli
internetə qoşulmağa başlanılıb. Artıq ikinci
ildir ki, şəhər İcra Hakimiyyəti və Təhsil
Şöbəsinin birgə təşkil etdiyi və bu il də
Sumqayıtın 60 illiyinə həsr olunan “Gənc informatiklər”
müsabiqəsi keçirilir. Təhsil Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Qafqaz Universiteti,
Microsoft, HP, DNS kimi şirkətlərin, şəhərin Gənclər
və İdman Baş İdarəsinin təşkilati dəstəyi
ilə keçirilən, Sumqayıt məktəbliləri ilə
yanaşı, Abşeron və Xızı rayon məktəblərini,
həmçinin, peşə liseylərini əhatə edən
müsabiqə şagirdlər arasında sağlam rəqabətin
yaranmasında çox böyük rol oynayıb. Şəhərdə
gənclərin İKT sahəsində bilgilərinin
artırılması, müəllimlərin hazırlanması
işini əsaslı davam və inkişaf etdirmək məqsədilə,
respublikada ilk dəfə İnformasiya Texnologiyaları
Akademiyası yaradılıb. Hazırda Akademiyada kompüter
otaqları, konfrans zalı, çox müasir kitabxana fəaliyyət
göstərir.
Bu il də Ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümü münasibətilə məktəblilər
arasında kütləvi inşa müsabiqəsi
keçirilib, ən yaxşı nümunələr
“Müdriklərin müdriki, dahilərin dahisi” kitabında
toplanıb. 2009-cu ilin “Uşaq ili” elan olunması səbəbilə
xüsusi istedada malik uşaqların qabiliyyət və
bacarıqlarını aşkar etmək, onlara diqqət və
qayğı göstərmək məqsədilə 14 adda
inşa və rəsm müsabiqəsi keçirilib. Əlamətdar
günlər, tarixi və milli bayramlarla əlaqədar 11 adda vəsait
hazırlanıb və ilk dərslərin həmin vəsaitlər
əsasında aparılması təşkil olunub. İstedadlı
məktəblilərin şeir və rəsmlərindən ibarət
Yazıçılar Birliyinin Sumqayıt Şöbəsi və
Gənclər və İdman Baş İdarəsi ilə
birlikdə çap edilən “Qanadlandıq uçmağa”
almanaxının builki 10-cu - yubiley nömrəsi
Sumqayıtın 60 illiyinə və “Uşaq ili”nə həsr
olunmaqla, Bakıda Xalq şairləri Anar və Fikrət
Qocanın iştirakı ilə Yazıçılar Birliyinin
Natəvan klubunda təntənəli təqdimatı
keçirilib.
Şəhərdə təhsilin
səviyyəsi günü-gündər artır. TQDK tərəfindən
23 məktəbdə ana dilindən, 31 məktəbdə isə
riyaziyyatdan XI siniflərin monitorinqi keçirilib. Bu monitorinqə
şəhərin XI siniflərində təhsil alan 3060
şagird cəlb olunub.
Artıq 3-cü ildir ki,
şəhərin XI siniflərində buraxılış
imtahanı Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
şəkildə keçirilir ki, bu da ümumtəhsil
sistemində Qiymətləndirmə Konsepsiyasının həyata
keçirilməsinin mühüm mərhələlərindən
biridir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi,
ümumən qiymətləndirmə, I və II siniflərdən
başlayaraq yeni kurikulumların tətbiqi, bu sahədə
müəllimlərin hazırlanması vacib məsələ
olduğu üçün ötən dərs ili ərzində
208, 2009-cu dərs ilində isə 241 nəfər ibtidai sinif
müəllimi kurikulumla bağlı treninqlərdən
keçib.
Bu il ali məktəblərə
sənəd verən sumqayıtlı abituriyentlərin 40,8
faizi tələbə adını qazanıb. Bu, həm
2006-cı ildən şəhər üzrə qəbul faizində
müşahidə olunan müsbət dinamikanın davam etməsi,
həm də 2003-cü ildən etibarən qeydə alınan ən
yüksək göstərici deməkdir. 101 nəfər məzun
isə qəbul imtahanlarında yüksək bilik
nümayiş etdirərək, 600-dən çox bal
toplayıb. Onlardan 26 nəfəri, yəni yüksək nəticə
göstərən məzunların 26 faizə yaxını
650-dən çox bal toplayıb. Şəhər üzrə ən
yüksək bal toplayan abituriyent isə Təbiət Elmləri
Təmayüllü Liseyin məzunu Axundlu Rəna olub. O, 695
balla Qafqaz Universitetinə daxil olub.
Ali məktəblərə
qəbul zamanı yüksək nəticələr göstərmiş
tələbələr şəhər İcra Hakimiyyətində
qəbul edilib, onlara pul mükafatları verilib.
2 yeni məktəb
binası - Əqli və fiziki cəhətdən qüsurlu
uşaqlar üçün xüsusi internat məktəbinə
260 yerlik, Tuğ zavodu ərazisində fəaliyyət göstərən
və qəza vəziyyətində olan 42 saylı məktəb
üçün 220 yerlik bina tikilib istifadəyə verilib. Həmçinin,
şagird sıxlığı çox olan 5 saylı məktəb
üçün 400, 9 saylı məktəb üçün
300, 19 saylı məktəb üçün 600 və
“İstedad” liseyi üçün 400 yerlik əlavə tədris
korpusları tikilib.
Bütün ümumtəhsil
məktəblərində cari təmir işləri
aparılıb, məktəblərin birinci mərtəbələrində
dəhlizlər və sanitar qovşaqları tam təmir olunub,
əksər məktəblərin giriş qapıları dəyişdirilib.
29 və 31 saylı məktəblər
və 44 saylı uşaq bağçası əsaslı təmir
olunub, 17 məktəbdə daxili istilik sistemi yenidən qurulub,
bir sıra məktəblərə bərk inventarlar verilib,
maddi-texniki baza möhkəmləndirilib. 1 saylı Uşaq Gənclər
İdman Məktəbində, Uşaqların və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində əsaslı təmir
və yenidənqurma işləri aparılıb.
2008-ci ildə 5 nəfər
yüksək bilik nümayiş etdirən məzun Prezident təqaüdünə
layiq görülüb. Beləliklə də, şəhər
üzrə Prezident təqaüdünə layiq görülənlərin
sayı 42 nəfərə çatıb. Respublika üzrə
ali məktəblərə qəbul imtahanlarında ən
yaxşı nəticə göstərmiş ilk 4 məktəbdən
üçü Sumqayıtdadır. Bu məktəblərin
sırasında Texniki və Təbiət Elmləri Liseyi
birinci, Təbiət Elmləri Təmayüllü Gimnaziya
üçüncü, “İstedad” liseyi isə
dördüncü yeri tutub.
Ötən il
Prezidentinin sərəncamı ilə təsis olunan “İlin ən
yaxşı məktəbi” müsabiqəsində qalib gəlmiş
50 məktəbdən də 3-ü şəhərin təhsil
ocaqlarıdır. Bunlar Texniki və Təbiət Elmləri
Liseyi, “İstedad” Liseyi və Təbiət Elmləri Təmayüllü
Gimnaziya olub. “İlin ən yaxşı müəllimi”
müsabiqəsində isə qalib gəlmiş 100 ən
yaxşı müəllimdən 4-ü Sumqayıt müəllimləridir.
Respublikada ilk dəfə
olaraq Sumqayıtda şəhər İcra Hakimiyyəti tərəfindən
məktəblilərin yay düşərgələri təşkil
edilib və artıq 6 ildir ki, bu düşərgələr fəaliyyətdədir.
Tətil dövründə 44 məktəbdə təşkil
edilən bu düşərgələrə 2200 şagird cəlb
olunub.
Bununla belə
Sumqayıtın təhsil müəssisələrinin müəllimləri
öz üzərlərində daim işləyirlər. 32 rəhbər
təhsil işçisinin Azərbaycan Müəllimlər
İnstitutunda, 486 nəfər fənn və sinif müəlliminin
Müəllimlər İnstitutunun Sumqayıt Filialında
ixtisasartırma təhsilindən keçməsi təşkil
edilib, 12 nəfər müəllim müxtəlif beynəlxalq
layihələrə qoşularaq inkişaf etmiş ölkələrdə
treninq və öyrədici seminarlarda iştirakçı
olublar. Ötən dərs ilində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2 nəfər Sumqayıt müəlliminə “Əməkdar
müəllim” fəxri adı verilib. 2 nəfər “Tərəqqi”
medalı ilə təltif olunub.
Son illərdə Sumqayıtda mədəniyyət sahəsində
böyük irəliləyiş müşahidə olunur
Sumqayıtda mədəniyyət
və turizm sahələri də dövlət
qayğısı altında inkişaf edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda
mədəniyyətin inkişafına göstərdiyi diqqət
bu şəhərdə əsl təsdiqini tapıb. Belə
ki, son illərdə görülən işlər bu sahələrin
əsaslı şəkildə inkişafını təmin
edib.
Sumqayıt Mədəniyyət
və Turizm İdarəsinin tabeliyində 5 uşaq musiqi və
incəsənət məktəbi, 20 kitabxana-filialı əhatə
edən MKS, Sumqayıtın Tarixi Muzeyi, 8 mədəniyyət
evi, 6 şəhər klubu, Nəsimi adına Mədəniyyət
və İstirahət parkı, Dövlət Rəsm
Qalereyası, Nizami adına kinoteatr fəaliyyət göstərir.
Şəhər ərazisində Dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarixi və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcəsinə
görə bölgüsü kataloquna düşmüş 9
abidə var. 2008-2009-cu illərdə əsaslı və cari təmir
işləri üçün 502968 manat vəsait
ayrılıb və xərclənib. Nəsimi adına Mədəniyyət
və İstirahət Parkında “Sülh göyərçini”
abidəsi təmir edilib, yeni fontan-şəlalə kompleksi
quraşdırılıb, yay estradası və attraksionlar təmir
edilib və abadlıq işləri görülüb. S.Vurğun
adına Mərkəzi Kitabxana, Sumqayıt şəhərinin
Tarixi Muzeyi, “28 May” mədəniyyət evi əsaslı təmir
olunub, hazırda N.Nərimanov adına mədəniyyət
evində əsaslı təmir işləri aparılır. Dövlət
Rəsm Qalereyasında, Q.Qarayev, Bülbül, S.Rüstəmov,
F.Əmirov adına Uşaq Musiqi və Incəsənət məktəblərində,
C.Cabbarlı adına mədəniyyət evində, Nizami Gəncəvi
adına Uşaq kitabxanasında cari təmir işləri
görülüb. Mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
avadanlıqlar alınıb.
Sumqayıtın mədəniyyət
evlərində 40-a yaxın müxtəlif bədii özfəaliyyət
kollektivləri və dərnəklər fəaliyyət
göstərir.
MKS-nin kitab
fondlarının komplektləşdirilməsi Respublika Kitabxana
Kollektoru, M.F.Axundov adına Respublika Milli Kitabxanasının
mübadilə şöbəsi vasitəsilə, Respublika
Prezidentinin fərmanı ilə çap olunan kitablarla həyata
keçirilir. 2008-ci ildə Kitabxana Kollektorundan 587 nüsxə,
2009-cu ildə 589 nüsxə ədəbiyyat alınıb.
Azərbaycan
Respublikası Prezidentinin təsdiqlədiyi “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası ilə bağlı S.Vurğun adına Mərkəzi
Kitabxana əsaslı təmirdən sonra yeni müasir
inventarlarla tam təchiz edilib. Kitabxana-informasiya proseslərinin
avtomatlaşdırılması məqsədilə
“İRBİS-64” sistemi quraşdırılıb və Elektron
kitabxana və Elektron kataloq yaradılması işinə
başlanılıb.
Hər il gənc
istedadların üzə çıxarılması məqsədilə
baxış müsabiqələri keçirilir, həmin
müsabiqənin qalibləri respublika miqyaslı müxtəlif
müsabiqələrdə fəal iştirak edirlər. Nazirlik
tərəfindən keçirilən Uşaq muğam
ifaçılarının, Gənc aşıqların, Milli
Musiqi alətləri ifaçılarının respublika
müsabiqələrində gənc istedadlar qalib adına layiq
görülüb, diplom və mükafatlarla təltif olunublar.
Dövlət Rəsm Qalereyasında Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə
həsr olunan həvəskar rəssamların və tətbiqi
sənət ustalarının əl işlərinin
baxış müsabiqəsi keçirilib. Müsabiqədə
Bakı, Abşeron və Şuşa rəssamlarının əsərləri
ilə yanaşı sumqayıtlı fırça
ustalarının da əl işləri nümayiş etdirilib. Şəhərin
Cəfər Cabbarlı adına və “Dostluq” mədəniyyət
evlərinin istedadlı uşaqlarından təşkil
olunmuş “Buta” folklor kollektivi Qazaxıstan
Respublikasının Manğıstau vilayətinin Aktau şəhərində
“Xəzər dostluq dənizidir” başlığı
altında keçirilən Xəzəryanı dövlətlərin
festivalında uğurla iştirak edib, I dərəcəli
Diploma layiq görülüb.
Bundan başqa, 2009-cu
ilin “Uşaq ili” elan olunması ilə əlaqədar bu ilin
ötən müddəti ərzində uşaqlarla
bağlı keçirilən tədbirlərin sayı daha
çox olub. Dövlət Rəsm Qalereyasında “Uşaqlar
dünyanın sevincidir” adlı I Uşaq Kitab-Bilik festivalı
keçirilib. Tədbirdə uşaqların əl işləri,
uşaqlar üçün yazılan kitablardan ibarət sərgi
təşkil olunub. İştirakçı uşaqların
ifasında səhnəciklər gostərilib, şeirlər səslənib,
“Gənclik” klubunun “Məngülüm” kukla teatrı
çıxış edib, “İlin ən yaxşı oxucusu”
nominasiyası üzrə uşaq kitabxanalarının və
Uşaq Kitabxana Klubunun oxucuları
mükafatlandırılıblar. Minsk şəhərində
“Yaşadığım dünya” və “Mənim maraq
dünyam” mövzuları üzrə keçiriləcək
Uşaq Rəsmlərinin II Beynəlxalq Müsabiqəsinə
uşaq incəsənət məktəbləri şagirdlərinin
rəsm əsərləri göndərilib.
“Uşaq ili” ilə əlaqədar
F.Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbində
ədəbi-bədii kompozisiya keçirilib, məktəbin
müəllim kollektivi, C.Cabbarlı adına mədəniyyət
evinin özfəaliyyət kollektivi Saray qəsəbəsində
yerləşən 7 saylı internat məktəbində
geniş konsert proqramı ilə çıxış edib,
uşaqlara hədiyyələr təqdim edilib. Q.Qarayev
adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllim
və şagird kollektivi sağlamlığı zəif olan
uşaqlar üçün xüsusi tipli internat məktəbində,
40 saylı uşaq bağçasında konsert proqramı ilə
çıxış ediblər. Şəhərin
Lüdviqshafen parkında MKS-nin uşaq kitabxanaları “Dostluq”
mədəniyyət evi ilə birlikdə “Uşaqlar
dünyanın sevincidir” adlı II Uşaq kitab-bilik
festivalı təşkil edilib. Tədbirdə uşaqların əl
işlərindən ibarət rəsm və kitab sərgiləri
nümayiş etdirilib.
Bakıda Muzeylər Mərkəzində
Sumqayıt rəssamlarının və tətbiqi sənət
ustalarının əsərlərindən və əl işlərindən
ibarət “Xəzərin rəngləri” adlı sərgi
keçirilib. Dövlət Rəsm Qalereyasında şəhərin
baş rəssamı Vaqif Nəzirovun fərdi sərgisi,
Bülbül adına 2 saylı Uşaq İncəsənət
Məktəbi şagirdlərinin, “Uşaqlar bizim gələcəyimizdir”
adlı uşaqların əl işlərindən ibarət sərgilər,
uşaq bağçalarında səyyar sərgilər
keçirilib, “Dostluq” mədəniyyət evində rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgi təşkil
edilib. Sumqayıt şəhər Mədəniyyət və
Turizm İdarəsinin təşkilatçılığı
ilə “Sumqayıtı vəsf edən ən yaxşı
şeir”, “Sumqayıta həsr olunan ən yaxşı
mahnı”, I Ümumşəhər rəqs müsabiqələri
keçirilib. S.Vurğun adına Mərkəzi kitabxanada
şair Əyyub Qiyasın “Sonuncu büt” kitabının təqdimatı
baş tutub. Məlumat-biblioqrafiya şöbəsi
“Sumqayıtın mədəni həyatı” adlı biblioqrafik
göstərici tərtib edib. Nəsimi adına Mədəniyyət
və İstirahət parkında yaz-yay mövsümü
boyunca şənbə və bazar günlərində mədəniyyət
müəssisələrinin özfəaliyyət kollektivlərinin
konsertləri təşkil edilib.
Bundan başqa, mədəniyyət
müəssisələrində görkəmli şəxslərin,
ədəbiyyat və incəsənət xadimlərinin yubiley
tədbirlərinin keçirilməsi diqqət mərkəzində
olub. S.Vurğun adına Mərkəzi kitabxanada
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86
illiyi münasibətilə oxucu konfransı, “Prezident İlham Əliyev
və mədəniyyət 2003-2008” kitabının elektron
versiyasının təqdimat mərasimi keçirilib.
2008-ci ildə
Sumqayıt şəhər Mədəniyyət və Turizm
İdarəsinin http://sum-dct.az.iatp.net ünvanlı internet
saytı və www.medeniyyetnews.azeriblog.com adlı internet xəbərlər
bloqu da yaradılıb.
Azərbaycan
Respublikası Prezidentinin Sumqayıt şəhərinin
Yaradılmasının 60 illiyi və 2009-cu ilin “Uşaq ili”
elan olunması ilə əlaqədar imzaladığı sərəncamlara
müvafiq olaraq mədəniyyət müəssisələrində
müxtəlif silsilə tədbirlər keçirilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 14 noyabr.-
S.8.