Günü-gündən abadlaşan Yasamal rayonu payız-qış mövsümünə tam hazırdır

 

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi məsələsi öz həllini tapıb

 

Qış fəsli yaxınlaşmaqdadır. Bakı şəhərində və Abşeron yarımadasında qış fəsli çox sərt keçməsə də, əhalinin enerji təminatında bəzən müəyyən problemlər yaranır. Həmin problemlərin yaranmaması üçün bütün rayonlarda qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən bu tədbirlər isə cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir. Bu səbəbdən də, Bakı şəhərinin rayonlarında payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirləri işıqlandırmaq məqsədi ilə paytaxtın Yasamal rayonunda olduq. Yasamal rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsindən verilən məlumata görə, ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir. Rayon təsərrüfatlarının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədi ilə Yasamal RİH başçısının müvafiq sərəncamına əsasən bütün sahələri əhatə edən tədbirlər planı işlənilib hazırlanıb, onların icrasını təmin etmək məqsədi ilə operativ qərargah yaradılıb.

Tədbirlər planının icrası zamanı rayon ərazisinin abadlaşdırılması, mənzil fondu, təhsil, səhiyyə, kommunal xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı, əhalinin fasiləsiz olaraq işıq, qaz, su və digər xidmətlərlə təmin edilməsi diqqət mərkəzində olub. Bu günlərdə RİH-də keçirilən müşavirədə həmin tədbirlər planının icrası geniş şəkildə müzakirə olunub.

 

Enerji təchizatı

 

Tədbirlər planının icrası çərçivəsində, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transformator məntəqələri inşa edilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Ötürücü yarımstansiyalar yeni tipli avadanlıqla təchiz edilib, binalara və mənzillərə gedən naqillər və kabellər yeni yeraltı kabellərlə əvəzlənib. Stansiya və transformator məntəqələrinin yerləşdiyi ərazilər müasir şəkildə abadlaşdırılıb və yeni müasir görkəmdə əsaslı təmir olunub.

Qaz təsərrüfatında çoxlu işlər görülüb, qəza vəziyyəti yaradan, binaların şaxtalarından keçən qaz xətləri pilləkən qəfəslərinə çıxarılıb, qaz xəttində əsaslı təmir işləri aparılaraq qaztəmizləyici qurğu və avadanlıqlar yerləşdirilib.

Rayon ərazisindəki istilik məntəqələri rekonstruksiya edilərək yeni qazanxanalara çevrilib, modernləşdirilib və daha müasir avadanlıqlarla təchiz edilib, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilib.

Əgər 2008-ci ilin 9 ayı üzrə rayonda əhali tərəfindən kommunal xidmət haqlarının ödənilməsinin səviyyəsi təbii qaza görə 81,0 faiz, elektrik enerjisinə görə 84,3 faiz təşkil edirdisə, görülmüş işlərin nəticəsi olaraq cari ilin 9 ayı ərzində bu göstərici təbii qaza görə 92,3 faiz elektrik enerjisinə görə isə 93,8 faiz olub.

 

Mənzil-kommunal təsərrüfatları Fəaliyyətlərini gücləndirir

 

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən tədbirlər planına uyğun olaraq bir sıra işlər görülüb. Belə ki, hesabat dövründə MKTB-i tərəfindən yaşayış binalarının istilik xətlərində 3300 paqonmetr (p/m) cari təmir işləri aparılıb və 215 yaşayış binasının istiliklə təminatı hazır vəziyyətə gətirilib. Rayon MKTB-nin istilik sisteminə qoşulmuş 316 yaşayış binasından 210-u “Azəristiliktəchizat” ASC-i, 5-i isə “Azərbaycan” nəşriyyatının qazanxanası vasitəsilə istiliklə təchiz ediləcək. Ümumilikdə isə, rayonun mərkəzi istilik şəbəkəsinə qoşulmuş 433 yaşayış binasının 298-i, Müdafiə Nazirliyinin qazanxanalarından istilik alması nəzərdə tutulan 34 binanın hamısı, öz binasının (bunlar əsasən MTK-ların kombi sistemləridir) hamısı istiliklə təmin olunub və beləliklə, rayon ərazisində istilik ala biləcək binaların ümumi sayı 392-yə çatdırılıb. Cari mövsümdə, təkcə “Azəristiliktəchizat”-ın xətti ilə istilik alan binaların sayı keçən ilə nisbətən 40 bina çoxdur ki, bunlardan 22-si MKTB-nin payına düşür. Hazırda bu sahədə müvafiq işlər davam etdirilir.

Belə ki, ötən dövrdə MKTB-nin 84 yaşayış binasının 48-də cari təmir işləri aparılıb, 20-də isə “Azəristiliktəchizat” tərəfindən aşağı paylayıcı xətlər əsaslı şəkildə təmir edilib. MKTB tərəfindən nəzərdə tutulmuş qalan 16 binanın da cari təmiri başa çatmaq üzrədir. Rayon MKTB-i tərəfindən tədbirlər planına müvafiq olaraq təmiri nəzərdə tutulmuş 11000 kv.m dam örtüyünün 10600 kv.m, 2500 p/m istilik xəttinin əvəzinə isə 2600 p/m yerinə yetirilib. Eləcə də, qapı və pəncərələrin, su novalçaları və tüstü borularının, kanalizasiya və su xətlərinin təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi təxminən 95,0 faiz həddində yerinə yetirilib. Hesabat dövründə 168 yaşayış binasında 10600 m2 müxtəlif növ dam örtüyü təmir edilib, 40-a yaxın binada 306 m2 ümumi istifadə yerləri şüşələnib, 200-ə yaxın binada 616 ədəd qapı və pəncərələrin xırda təmir işləri, 51 binada 6615 p/m tüstü borularının təmizlənməsi işləri aparılıb, 32 binada 1810 m su novalçalarının təmir işləri başa çatdırılıb, 78 binada 1100 m su borularının təmir işləri görülüb.

 

Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir

 

Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Sayğaclaşmanın başa çatdırılması məqsədilə cari ildə işlər davam etdirilib və hazırda abonentlərin 98,5 faizi sayğacla təmin edilib, təbii qazın oğurlanmasının qarşısının alınması üçün yoxlamalar zamanı müəyyən edilmiş qaz sayğacından kənar yüzlərlə birləşmə ləğv edilib.

Rayonun enerji təchizatının yaxşılaşdırılması məqsədilə yüksək gərginlikli şəbəkəsində N.Nərimanov pr., İ.Qutqaşınlı, Ə.Ələkbərov küçəsi, İnşaatçılar pr., A.Şaiq küçəsi və s. ətraf küçələrin əhatəsində yaşayan əhalini dayanıqlı və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün 35-10 kvt-luq yarımstansiya tikilib istifadəyə verilib, 6-10 kvt-luq şəbəkədə uzunluğu 1845 m olan kabel yenisi ilə əvəz olunub.

Qışa hazırlıqla əlaqədar olaraq, gərginliyin aşağı olduğu ərazilərdə 3 ədəd yeni KTM quraşdırılıb, təxminən 5 km uzunluğunda aşağı gərginlikli hava xətləri yenisi ilə əvəz edilib ki, bu da rayonumuzun sakinlərinin narazılığına səbəb olan problemləri kökündən həll edəcək.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar keçən 9 ay ərzində 19 binanın Ə.Qasımzadə küçəsi 8, 10, 12, M.Ə.Seyidov küçəsi 22, 53, 35, A.Abbasov küçəsi 11, 13, 15, 522-ci məhəllə bina 12, N.Nərimanov pr. 201, Bünyadzadə 11, Ş.Qurbanov 2/15, Talıblı küçəsi 24a, Şərifzadə küçəsi 192, Mətbuat küçəsi 62, Haqverdiyev küçəsi 2 saylı binaların daxili şəbəkəsi mis kabellərlə dəyişdirilib və sayğaclar mənzillərdən pilləkən qəfəsinə çıxarılıb. Bu məqsədlə 13150 p/m müxtəlif enkəsikli yeni kabel xətti çəkilib, İnşaatçılar pr. 31a, 507/511 məhəllə bina 12a və Şərifzadə küçəsi 60, 62 saylı binalarda 1355 ədəd yeni sayğac quraşdırılıb.

 

Əhali təbii qazdan korluq çəkməyəcək

 

Rayon Qaz İstismar Sahəsi tərəfindən payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Tədbirlər planının icrası məqsədilə əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib.

Belə ki, hesabat dövründə A.Qarayev, İzmir, Talıblı, S.Dadaşov, 11-ci Xrebtovı küçələrində və digər ünvanlarda 98 m müxtəlif diametrli qaz borusu dəyişdirilərək, böyük diametrli boru ilə əvəz edilib, Tbilisi prospekti Xiyabani və İzmir küçələrində müasirtipli qaztənzimləyici şkaflar quraşdırılıb. Bütün bunlar əhalinin payız-qış mövsümündə təbii qazla təminatında öz müsbət təsirini göstərəcək.

 

İstilik enerjisi ilə təminat

 

Rayon ərazisində “Azəristiliktəchizat” ASC-yə məxsus 1 ədəd rayon istilik qazanxanası, 18 məhəllədaxili qazanxana və 21 ədəd istilik məntəqəsi fəaliyyət göstərir ki, bu istilik mənbələri hesabına rayon ərazisindəki binalar istilik enerjisi ilə təmin olunurlar. 321 yaşayış binasından 184-ü, o cümlədən, 19 orta məktəb, 14 uşaq bağçası, 5 səhiyyə obyekti və 30 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin olunurlar.

B.Məcidov küçəsi 44/46, Y.Yasamal-1 ev 1, 2, 3, 4, Ə.Əhmədov küçəsi 22, İnşaatçılar pr. 1, 44, 33, T.Şahbazi küçəsi 110, İzmir küçəsi 5, Bakıxanov küçəsi 2, Parlament pr. 2b, M.Müşfiq küçəsi 11,13, N.Nərimanov küçəsi 57/24, Talıblı küçəsi 34, 36, 38, Şərifzadə küçəsi 78, 74, 68, 48, 44, 37a, 44a, H.Zərdabi küçəsi 81a, 57, 45, 61, 63, Z.Kərimov küçəsi 31/47, Azərbaycan pr. 23 və başqalarında 2600 p/m binadaxili istilik xətləri təmir edilib.

Bununla yanaşı, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrə məxsus MİS-lər və Evlər İdarəsi tərəfindən, o cümlədən, XDDG-nin 4 və 6 saylı MİS-ləri, MN-nin 1, 5, 6 saylı Evlər İdarəsi, habelə, XT MKTB-nin 138 saylı MİS-ləri tərəfindən təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq analoji işlər görülüb.

Rayonun İstilik Sistemləri İstismar sahələri tərəfindən mərkəzi və məhəllədaxili istilik kəmərləri yuyularaq hidravlik sınaq keçirilib, aşkar edilən qüsurlar aradan qaldırılıb, 24 qazanxana və 11 istilik məntəqəsində kompleks təmir işləri aparılıb, qazanxanalarda bütün avadanlıqlar təftiş edilərək 21 nasos cari, 11 nasos əsaslı təmir edilib, 14 qazan mexaniki üsulla təmizlənmiş 150 siyirtmə cari, 152 siyirtmə əsaslı təmir edilib, 70 ədəd çirktutan təmizlənib, məhəllədaxili və mərkəzi istilik şəbəkəsində 2155 m müxtəlif diametrli istilik kəməri əsaslı təmir edilərək borular dəyişdirilib, 20 yaşayış binasında aşağı paylayıcı xətlərdə əsaslı təmir işləri başa çatdırılıb. Bundan əlavə, 17 ehtiyat su çəni əsaslı təmir edilib, 22 istilik kamerası, 24 qazanxananın hamısında tüstü yolları təmizlənib digər avadanlıqlar yoxlanılıb işlək vəziyyətə gətirilib.

Suya olan tələbat tam ödənilir

Rayon əhalisinin içməli suya olan tələbatının fasiləsiz ödənilməsi istiqamətində də keçən müddət ərzində məqsədyönlü tədbirlər həyata keçirilib. Su Kəməri İİZ-in balansında olan 250 km magistral su kəmərləri, 107 məhəllədaxili nasos stansiyaları ümumi həcmi 11570 kub.m məhəllədaxili su anbarlarında profilaktik təmir və təftiş işləri aparılıb, 15 ədəd su hovuzu yuyulub dezinfeksiya edilib. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2009-cu il tarixli 225 saylı sərəncamına uyğun olaraq rayon ərazisində hər birinin tutumu 10000 m3 olan iki su rezervuarının tikintisi yekunlaşıb, A.Ağayev küçəsində 3 ədəd yararsız nasos stansiyası ləğv edilərək yerində yeni nasos stansiyası inşa edilib.

Bundan başqa, RİH başçısının sərəncamına əsasən rayonun A.Abbasov və Zərdabi küçələrində yerləşən mövcud nasos stansiyalarının rekonstruksiyası həyata keçirilib. Rayonun 70-dən artıq yaşayış binasını içməli su ilə təmin edən 1 saylı n/st əsaslı şəkildə yenidən qurularaq müasir tələblərə cavab verən yeni n/st tikilib, 57 ədəd lük və siyirtmə quraşdırılıb.

2 saylı n/st ərazisində də müasirtipli yeni n/st tikilib, 5000 p/m müxtəlif diametrli xətt çəkilib. Bundan başqa, mövcud 2 ədəd 500 kub.m su anbarının yenidən qurulub təmir olunması və n/st müasir avadanlıqla quraşdırılması nəzərdə tutulub, təkcə Şərifzadə küçəsi boyunca d=500 mm və 400 mm olan L-2100 p/m boru çəkilib. İ.Qutqaşınlı küçəsi 7/9 ünvanında yerləşən nasos stansiyası yenidən qurulub ərazidə yerləşən 2 ədəd 100 m3 yanğın hovuzu əsaslı təmir olunub, nasos stansiyasında Almaniya istehsalı olan 2 ədəd Hidrofor nasoslar quraşdırılıb və sakinlər fasiləsiz olaraq su ilə təmin olunub. Aparılan müşahidələr göstərib ki, əvvəllər rejimlə 8 saat ərzində sakinlər tərəfindən 230 kub.m su işləndiyi halda, fasiləsiz təminat vaxtı bu rəqəm 105-ə enib. Bu isə tək bir ünvanda il ərzində 45000 kub.m suya qənaət edilməsi deməkdir. Hal-hazırda rayon əhalisinin 45-48 faizi fasiləsiz su ilə təchiz olunur və bu istiqamətdə işlər davam etdirilir.

Ümumiyyətlə, rayon ərazisində cari ilin 9 ayı ərzində 17266 p/m müxtəlif diametrli yeni su xətləri çəkilib. Rayonun kanalizasiya xidməti sahəsi tərəfindən də müəyyən işlər görülüb. Belə ki, 7800 m uzunluğunda kanalizasiya xətləri, 610 ədəd quyu, 225 ədəd yağış qovucu barmaqlıq təmizlənib, 200-ə yaxın ünvanda kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılıb.

 

Təhsil müəssisələri diqqət mərkəzindədir

 

Yay tətili müddətində rayonun məktəb və məktəbəqədər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar sinif otaqlarında ağartma, rənglənmə işləri aparılıb, su-kanalizasiya və istilik sistemləri təftiş edilib və s. təmir işləri həyata keçirilib. Bu isə onu deməyə əsas verir ki, rayonun təhsil müəssisələrini qış mövsümündə istilik təchizatı ilə bağlı heç bir problemlər gözləmir. Tədbirlər planı çərçivəsində rayon ərazisində fəaliyyət göstərən 24 orta ümumtəhsil məktəbindən 12-i (13, 18, 21, 31, 38, 52, 53, 153, 158, 167, 173, 286 ¹-li) “Azəristiliktəchizat” SC-i tərəfindən istiliklə təmin olunurlar. 2008-2009-cu ilin qış mövsümündə bu məktəblərin hamısı istiliklə təmin olunub və növbəti mövsümdə istilik təminatında problem yoxdur. 31, 38, 150, 161, 172 saylı məktəblərdə yeni qazanxanalar quraşdırılıb və daxili sistemi təmir edilərək işlək vəziyyətə gətirilib. Fərdi qazanxanalarından istiliklə təmin olunan 20, 175, 176, saylı məktəblər və Avropa liseyi hələ ötən qış mövsümündə istiliklə təmin olunduğundan mövsümə hazırlıqlarında heç bir problem yoxdur. Rayon ərazisində yerləşən məktəbəqədər uşaq müəssisəsindən 17 bağçanın (10, 11, 17, 34, 36, 54, 60, 68, 77, 82, 93, 94, 98, 99, 117, 121, 318 ¹-li) istilik təminatı “Azəristiliktəchizat” SC-i tərəfindən həyata keçirilir. Keçən mövsümdə bu bağçaların istilik təchizatı qənaətbəxş olub. 8 uşaq bağçasının ( 9, 12, 15, 18, 19, 27, 70, 79 ¹-li) istilik təchizatı qaz sobaları vasitəsilə həyata keçiriləcək.

 

Müəssisə və təşkilatlarda da qışa hazırlıq işləri başa çatmaq üzrədir

 

Hesabat dövründə rayon ərazisindəki bir sıra müəssisə və təşkilatlarda da payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülüb. Qeyd edək ki, rayon ərazisində respublika və şəhər tabeli 30 səhiyyə müəssisəsi (19 xəstəxana, dispanser və 11 poliklinika) fəaliyyət göstərir. Bunlardan 10 səhiyyə müəssisəsi 5 xəstəxana və 5 poliklinika (Respublika Klinik xəstəxanası, Uşaq Ruhi-Əsəb Dispanseri, Narkoloji dispanser, İctimai səhiyyə və İslahatlar mərkəzi, 4 ¹-li təcili tibbi yardım stansiyası, 5, 10, 13, 19 saylı və Yazıçılar Birliyinin poliklinikası) “Azəristiliktəchizat” SC-nin istilik sisteminə qoşulub. Keçən qış mövsümündə sadalanan səhiyyə müəssisələri istiliklə təmin olunub. İki poliklinika 1 ¹-li tələbə poliklinikası və 2 ¹-li uşaq stomatoloji poliklinikası digər mənbələrdən istiliklə təmin olunacaqlar.

Bir sözlə, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının, idarə və müəssisələrin, təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə təmin edilməsi üçün maksimum tədbirlər həyata keçirilib.

 

 

Səlim LOĞMANOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 21 noyabr.- S.10.