YAP: 17 İL HEYDƏR ƏLİYEV YOLU İLƏ

 

         Yeni Azərbaycan Partiyasının yaranması Heydər Əliyevin siyasi uzaqgörənliyinin ifadəsidir

 

Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan Yeni Azərbaycan Partiyası (YAP) 17-ci ildönümünü qeyd edir.

Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş həmrəyliyi cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək, siyasi hakimiyyətdə olmadığı dövrdə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasını yaratdı. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkənin siyasi hakimiyyətinə gələn Heydər Əliyev 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Yeni Azərbaycan Partiyasının yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi, siyasi qüvvə kimi formalaşdığı, ümumxalq partiyasına çevrildiyi 1992-2003-cü illər bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi.

 

YAP-ın iqtidar partiyasına çevrilməsində təkamül prosesi

 

Demokratik dövlətlərdə gedən ictimai-siyasi proseslərdə siyasi partiyalar amili xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə siyasi partiyaların mövcudluğu çox da böyük tarixə malik deyil. Siyasi partiya sistemi və siyasi partiyalar ancaq ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi ərəfədə yaranmağa başlamışdır.

Dünya təcrübəsində siyasi partiyalar dövlətin idarə olunmasında tutduğu mövqeyinə, təmsil olunmasına görə iqtidar, müxalifət partiyası kimi fərqləndirilir. Bu prizmadan yanaşanda, Yeni Azərbaycan Partiyası yarandığı dövrdə iqtidarda təmsil olunmurdu, müxalifət statusu daşıyırdı. Partiyaların iqtidar partiyası olması tarixi bir prosesdir. Yeni Azərbaycan Partiyası ilk fəaliyyətə müxalifət partiyası kimi başlasa da, Azərbaycanın qarşısında duran çətin problemlərin həllində, ictimai-siyasi sabitliyin qorunmasında çox fəal iştirak etmiş və Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində iqtidar partiyasına çevrilmişdir.

Məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi təkamül prosesi nəticəsində baş vermişdir.

YAP cəmiyyətdə öz sosial dayaqlarını artıra-artıra, insanlara verilən vədi doğrultmaq keyfiyyətlərini nümayiş etdirə-etdirə, cəmiyyəti narahat edən problemlərin həllinin ən səmərəli yolunu müəyyənləşdirməklə cəmiyyətdə partiyaya inamın formalaşdırılması prosesini uğurla apara bildi və partiya tarixində təkamülün təzahürü və inkişafın mahiyyəti özünü YAP-ın keçdiyi 17 ildə göstərdi.

YAP-ın ən güclü siyasi qüvvəyə çevrilməsinin təməl prinsipləri və dayaqları

Yeni Azərbaycan Partiyasının ötən 17 illik fəaliyyəti dövründə yüksək templə böyüyərək respublikada ən güclü siyasi qüvvə kimi mövqe tutmasının təməl prinsipləri aşağıdakılardır:

1) Partiyanın Heydər Əliyev kimi dahi, uzaqgörən, böyük siyasi təcrübəyə, dünyanı idarə etmək qabiliyyətinə və fenomen keyfiyyətlərə malik siyasi liderinin olması;

2) Partiyanın Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Pizamnaməsi və Proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədinə xidmət etməsi;

3) Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, ictimai həmrəylik və demokratik vətəndaş cəmiyyətini formalaşdırması və insanları müstəqil dövlətçilik ətrafında birləşdirməsi;

4) Partiyamızın ictimai-siyasi təşkilatlarla qarşılıqlı hörmət və əməkdaşlığa söykənən siyasi, sivil, mədəni dialoq qurmağa hazır olması və xarici ölkələrin mütərəqqi partiyaları və ictimai təşkilatları ilə hərtərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq uğrunda çıxış etməsi;

YAP-ın cəmiyyətimizdə möhkəm sosial bazaya malik olmasını və nüfuzlu ümumxalq partiyaya çevrilməsini şərtləndirən əsaslar aşağıdakılardır:

- Partiyanın fəaliyyətinin demokratik prinsiplərə əsaslanması;

- Partiyanın ərazi prinsipinə əsasən seçkili orqanlarının fəaliyyət göstərməsi və respublikanın bütün inzibati vahidlərində təmsil olunmaqla geniş struktura və resurslara malik olması;

- Partiyanın öz-özünü maliyyələşdirməsi, maliyyədə şəffaflığın olması və bütün strukturlarda üzvləri qarşısında vaxtaşırı maliyyə hesabatları verməsi.

Yeni Azərbaycan Partiyası ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevrilməsində qarşıya qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədi ilə öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi kimi ideoloji prinsiplərə əsaslanır.

 

Partiyamızın təşkilatlanmasında və inkişaf etməsində qurultayların rolu

 

Partiyamızın təşkilatlanmasında və inkişaf etməsində tarixi əhəmiyyət daşıyan strukturlardan biri partiya qurultaylarıdır. Partiyanın ötən müddətdə təsis konfransından sonra 4 qurultayı keçirilib. Bu qurultayların hər biri partiya həyatının ən mühüm hadisələri kimi tarixə düşüb.

Qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edən rəhbər orqan kimi partiyanın Siyasi Şurasının və Siyasi Şuranın iclasları arasındakı dövrdə partiyanın operativ fəaliyyətini həyata keçirən rəhbər orqan kimi İdarə Heyətinin partiya tarixinin müxtəlif mərhələlərindəki fəaliyyəti, zəruri qərarların çıxarılması və icrası istiqamətindəki prinsipial mövqe nümayiş etdirməsi xüsusi qeyd edilməlidir.

Yeni Azərbaycan Partiyası təsis konfransından 7 il sonra, 1999-cu il 20-21 dekabrda özünün ilk ali orqanı - I Qurultayını keçirdi. O vaxt qurultayın uzun fasilədən sonra keçirilməsində səbəb axtaranlar da tapıldı. Aydındır ki, hər bir məsələyə Ulu öndərimiz özünün müdrik münasibətini bildirdiyi kimi, bu suallara da layiqli cavabını vermişdi. Tarixə nəzər salıb, onun mahiyyətini üstündən neçə il keçdikdən sonra qiymətləndirmək baxımından nələri qeyd etmək olar: Birinci növbədə, Partiyamızın sədri, Ulu öndər Heydər Əliyev dövlətin, Vətənin, xalqın taleyini, onun ağırlığını öz çiyinlərinə götürdüyü üçün, ölkəmizin düçar olduğu böhranlı vəziyyətdən çıxarılması, ölkədə siyasi sabitliyin bərqərar edilməsi, mənfur erməni təcavüzünün dayandırılması, dövlət quruculuğu, qanunvericilik bazasının möhkəmləndirilməsi, beynəlxalq aləmdə bərabərhüquqlu ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması, ölkədə bütün sahələrdə islahatların başlanması, iqtisadiyyatının dirçəldilməsi, əhalinin rifahının yüksəldilməsi, hər sahədə dayanıqlı inkişafın əldə edilməsi kimi qlobal problemlərin həllinə bir dövlət başçısı kimi önəm verdi. Və məhz Heydər Əliyev dühasının böyüklüyü, zəngin siyasi təcrübəsi bu qlobal problemlərin həllini mümkün etdi və ölkəmizin XXI əsrdə möhkəm təməl üzərində inkişafına zəmin yaratdı.

I Qurultay Partiyanın təsis konfransında müəyyənləşdirdiyi yaxın dövr üçün vəzifələrini layiqincə yerinə yetirdiyini, cəmiyyətdə rolunun artdığını bəyan etdi və partiyanın perspektiv üçün Nizamnamə və Proqramını qəbul etdi.

Partiyamızın inkişafında müstəsna əhəmiyyət daşıyan partiyadaxili yeni strukturlar yarandı. İlham Əliyevin partiya Sədrinin müavini seçilməsi partiyanın gəncləşməsi prosesinin başlanğıcını qoydu və partiyaya gənc üzvlərin axınını yaratdı.

YAP-ın formalaşmasında, təşəkkül tapmasında, təşkilatlanmasında, ümumiyyətlə, partiyanın inkişafında xüsusi yeri olan İcra Katibliyinin yaranması, onun strukturlarının formalaşması partiyamızın həyatına dinamizm, inkişaf gətirdi.

Partiya üzvünün siyasi mənsubluğunu əks etdirən üzvlük vəsiqəsinin təsdiq edilməsi partiyadaxili intizamın möhkəmlənməsində, onlarda vəzifələrinə məsuliyyətlə yanaşmaq keyfiyyətinin formalaşdırılmasında əvəzsiz təsiri oldu.

Partiyamızın böyüməsi, inkişaf etməsi və sosial bazası genişlənərək ümumxalq partiyasına çevrilməsi onun II Qurultayından (20 noyabr, 2001-ci il) sonra geniş vüsət aldı. Qurultay partiya tarixində öz vəzifəsini yerinə yetirərək partiya sədrinin birinci müavini strukturunu təsis etdi və bu vəzifəyə artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin sədri, Milli Məclisin deputatı, Partiya sədrinin müavini kimi vəzifələrdə ləyaqətlə işləmiş, daha yüksək keyfiyyətləri ilə fərqlənən cənab İlham Əliyevi seçdi.

Respublikada 2003-cü il prezident seçkiləri öncəsi Ümummilli liderimiz Azərbaycan xalqına tarixi müraciətini edərək, Özü qədər inandığı, sona çatdıra bilmədiyi işləri etibar etdiyi İlham Əliyevin namizədliyini dəstəkləməyi tövsiyə etdi.

Tariximizə demokratiyanın təntənəsi kimi daxil olmuş 15 oktyabr 2003-cü il prezident seçkilərində İlham Əliyevin Prezident seçilməsi partiyamızın seçicilər arasında nüfuzunun yüksək olmasının təzahürü oldu.

Partiyamızın Ümummilli liderimizdən sonrakı dövrü cənab Prezidentimiz İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Partiyamızın 2005-ci il martın 26-da keçirilmiş III Qurultayı partiya tarixinə yeniləşmə, gəncləşmə, siyasi mətinlik keyfiyyətlərinin formalaşdığı hadisə kimi düşdü. III Qurultay Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevi Partiyamızın Sədri seçdi və bununla da partiya tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Ulu öndər Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etməyin böyük şərəf olduğunu qeyd edən Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin vurğuladığı kimi: “Bizim partiyamızı fərqləndirən cəhət odur ki, bizim siyasətimiz konkret işlərdən ibarətdir. Biz heç vaxt populist vədlər vermirik, reallığı əks etdirməyən şüarlarla çıxış etmirik. Sadəcə olaraq, biz ardıcıl, məqsədyönlü şəkildə öz işimizi görürük. Azərbaycanın möhkəmlənməsi, iqtisadi potensialının güclənməsi, dünyadakı mövqeyinin möhkəmlənməsi üçün əlimizdən gələni edirik”.

Partiyanın 2008-ci ilin 2 avqustda keçirilən IV Qurultayı partiya tarixinə demokratikləşmə, demokratik dəyərlərin möhkəmləndirilməsi yolunda sivil siyasi mübarizənin təkmilləşdirilməsi və nümunəsi kimi düşdü. Partiya qurultayı ilk dəfə olaraq respublikada prezident seçkiləri öncəsi özünün prezidentliyə namizədini irəli sürdü. Bu, nəinki YAP-ın, eyni zamanda, Azərbaycan xalqının yekdil seçimi idi.

 

YAP Azərbaycanda demokratik cəmiyyət quruculuğuna xidmət edən partiyadır

 

Demokratiyanın ölkədə mövcudluğu və səviyyəsi məsələsinə Ümummilli liderimiz münasibətini belə bildirmişdir: “Demokratiya daim inkişafda, daim hərəkətdə olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır”.

Ulu öndərin böyük siyasi təcrübəyə və məntiqə əsaslanan bu qənaəti demokratiya yolu ilə inkişaf edən dövlətlərin təcrübəsindən və rəhbərin müdrikliyindən qaynaqlanır.

Təsadüfi deyil ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesində Ulu öndər Heydər Əliyevin xidmətlərini və partiyamızın fəaliyyətini Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyev yüksək qiymətləndirərək demişdir: “Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması nəticəsində ölkəmiz yeni dövrə qədəm qoymuş, quruculuq-abadlıq işləri başlamışdır. 1990-cı illərin əvvəllərində keçmiş rəhbərlik tərəfindən törədilmiş cinayətlərin aradan qaldırılması üçün böyük işlər görülmüşdür və şübhəsiz ki, partiyamızın bu işlərdə böyük rolu olmuşdur. Çünki 1993-cü ili biz hamımız yaxşı xatırlayırıq. Xaos, anarxiya, hərc-mərclik, iqtisadi, siyasi böhran - bütün bunlar Azərbaycanın gələcəyini şübhə altında qoyurdu, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını şübhə altında qoyurdu. Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının Onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi o çətin, ağır vəziyyətdən çıxartdı. Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak etmişdir. Bu, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır”.

 

2008-ci il prezident seçkiləri ölkəmizin tarixinə demokratiyanın təntənəsi, demokratik, şəffaf, azad seçki kimi düşdü

 

Ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisə kimi yaddaşlara həkk olan 15 oktyabr 2008-ci il prezident seçkiləri ölkəmizin tarixinə demokratiyanın təntənəsi, demokratik, şəffaf, azad seçki kimi düşdü. Eyni zamanda, partiyamızın çoxşaxəli fəaliyyətinin səmərəsinin ən əsas göstəricisi və sivil, ədalətli seçki prosesi kimi yadda qaldı. 15 oktyabr seçkiləri göstərdi ki, ölkəmiz artıq seçki təcrübəsinin təkmilləşdirilməsi istiqamətində lazım olan bütün mərhələləri uğurla keçib. İstənilən seçkinin şəffaf və ədalətli keçirilməsi üçün əsas hesab edilən üç mühüm amilin - mükəmməl hüquqi bazanın, xalqın iradəsinin və dövlətin qətiyyətinin mövcudluğu, əldə edilən bugünkü nəticələr, demokratik dəyərlərin ölkəmizdə uca tutulduğunu göstərir.

Xalqın böyük inam və etimadı nəticəsində ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev oktyabrın 24-də Prezident kimi and içərkən ölkə vətəndaşlarının bu seçimini daha yüksək şəkildə xarakterizə edərək demişdir: “Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız sivil yolla aparılacaq”.

Həqiqətən, əldə edilən mütərəqqi seçki ənənəsi 2009-cu il 18 martda keçirilən ümumxalq səsverməsi - referendumda özünü bir daha təsdiqlədi. Referendum ölkəmizin demokratik dəyərlərə sadiq qaldığını, sivil seçki keçirməyə qadir olduğunu göstərdi.

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Ölkəmizdə indiyə kimi keçirilən prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsi əldə edib, demokratik, şəffaf, azad seçkilərdə təşkilatçılıq nümunəsi göstərib və işlənmiş yeni seçki texnologiyalarının tətbiqi ilə qələbə əldə etmək təcrübəsi toplayıb. YAP bu seçkilərə də çox ciddi hazırlaşır, Seçki Məcəlləsinin tələbləri əsasında seçki prosedurlarını yerinə yetirir. Partiya indi seçkinin daha məsuliyyətli mərhələlərindən biri olan təbliğat kampaniyasına hazırlıq ərəfəsindədir. Böyük əminlik hissi ilə demək olar ki, partiyamız bu kampaniyanı da uğurla başa vuracaq və 23 dekabr 2009-cu il bələdiyyə seçkilərində də qələbə əldə edəcək.

 

İlham Əliyev QURUCU, YARADICI Prezidentdir

 

Azərbaycan tarixinə Heydər Əliyev müstəqilliyin banisi, onu qoruyub möhkəmləndirən şəxsiyyət kimi düşüb. Azərbaycan Prezidenti İlham Əliyev isə QURUCU, YARADICI PREZİDENT kimi tarixə düşdü.

Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində ölkədə sosial sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir. 2003-cü ildən başlayaraq ölkəmizdə sosial-iqtisadi inkişafın yüksəldilməsinə yönəlmiş kompleks Dövlət proqramlarının ardıcıl, mərhələlərlə həyata keçirilməsi və bu tədbirlərin 2009-2013-cü illər üçün qəbul edilmiş Proqramda davam etdirilməsi nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsinin daha da aşağı olması hədəfə alınıb. Azərbaycan Prezidentinin iqtisadi inkişafın bundan sonra da daha yüksək templə davam etdiriləcəyi haqqında güclü məntiqə və iqtisadi təhlilə əsaslanan fikirləri onu göstərir ki, cənab İlham Əliyevin daxili siyasətində xalqımızın rifah halının yüksəldilməsi, yoxsulluğun ən minimum həddə çatdırılması əsas cəhətlərdəndir. Bu, hər bir Azərbaycan vətəndaşında ölkə başçısına inam yaradır. Xalqımız inanır ki, həqiqətən ölkəmiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qüdrətlənəcək və güclü bir ölkəyə çevriləcək.

Onu da vurğulamaq yerinə düşər ki, partiyamız 17 illik fəaliyyətində cəmiyyətdə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak edib və xalqımızın maraqlarından çıxış edib. Öz sıralarında 500 minədək üzvü birləşdirən Yeni Azərbaycan Partiyası nəinki ölkə daxilində, eyni zamanda, beynəlxalq aləmdə ən nüfuzlu siyasi partiya kimi tanınır və fəaliyyət göstərir. Partiyamızın beynəlxalq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi demokratik dəyərlərə önəm verən bir siyasi partiya olduğuna bariz nümunədir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə YAP-da Qadınlar Şurasının və Gənclər Birliyinin fəaliyyət göstərməsi bu günün reallıqlarıdır və dahi rəhbərin uzaqgörənliyinin təzahürüdür. Sıralarında 190 mindən çox gənci birləşdirən partiyamızın fəaliyyətində gənclərimizin vətənpərvərlik və milli-mənəvi ruhda tərbiyə olunması xüsusi yer tutur.

 

Gəncə şəhər təşkilatı partiyanın öncül dəstələrindən biridir

 

Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrından sonra qısa müddət ərzində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sıralarını daha da genişləndirdi, böyüdü və inkişaf etdi. Respublikanın şəhər və rayonlarında pariyanın struktur bölmələri - ərazi prinsipinə əsaslanan təşkilatları təsis edildi. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, nəhayət, 1993-cü il 23 iyulda partiyamızın dahi Heydər Əliyevin ideyalarına sadiq olan bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər təşkilatının təsis konfransı keçirildi.

Təşkilatımız 2009-cu ildə partiya üzvlərinin sayı 23343 nəfər olmaqla, 267 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. YAP Gəncə şəhər təşkilatı öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinin tələbləri əsasında qurur, partiya qurultaylarının, İdarə Heyəti və Siyasi Şurasının qərarlarında, partiya Sədrinin nitqlərində qarşıya qoyulan vəzifələrin, İcra Katibliyinin müvafiq təlimat və tövsiyələrinin yerinə yetirilməsinə bütün üzvləri səfərbər edir. Təşkilatımız ideoloji təbliğat işinin səviyyəsinin yüksəldilməsində mütərəqqi üsul və vasitələrdən səmərəli istifadə edir. Heydər Əliyev Universitetinin səyyar seminarlarının, elmi-praktik konfransların, dəyirmi masaların, “Gənclər üçün açıq qapı” tədbirlərinin keçirilməsi ənənəyə çevrilib.

Xalqımız kimi, biz gəncəlilər, bütün YAP üzvləri bəyan edirik ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı olan Prezidentimiz cənab İlham Əliyevlə daim birlikdəyik!

Ulu öndərimiz Heydər Əliyev həmişə azərbaycanlı olmağı ilə fəxr edirdi. Hər birimizin böyük, qüdrətli Azərbaycan dövlətinin başçısı, partiyamızın Sədri, İlham Əliyev kimi Vətən oğlu ilə fəxr etməyə mənəvi haqqımız vardır.

 

 

İsrafil İSMAYILOV,

YAP Gəncə şəhər

Təşkilatının sədri, professor

 

Yeni Azərbaycan.- 2009.- 21 noyabr.- S.8.