Şamaxı yeniləşir, gözəlləşir,
abadlaşır
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda səfərdə olub
Dünən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şamaxı rayonuna gəlib. AzərTAc-ın məlumatına görə,
Prezident İlham Əliyev rayon mərkəzində Heydər
Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyev Şamaxıda Heydər Əliyev parkında aparılmış
yenidənqurma işləri
ilə tanış olub.
Məlumat verilib ki,
ərazisi əvvəllər 0,4 hektar olan parkın ətrafındakı
yararsız tikililərin sökülməsi hesabına onun sahəsi
4,5 hektara çatdırılıb, Ulu öndərin abidəsi
bu istirahət mərkəzinin ərazisinə
köçürülüb, yaşıllaşdırma
işlərinə xüsusi diqqət yetirilib. Parkda 5 fəvvarə,
270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə
mərkəzi, istirahət köşkləri yaradılıb.
Dünən
Şamaxıda Heydər Əliyev mərkəzi
açılıb. Mərasimdə Prezident İlham Əliyev
iştirak edib. Dövlətimizin başçısı mərkəzin
açılışını bildirən lenti kəsib və
bina ilə yaxından tanış olub. Məlumat verilib ki, Heydər
Əliyev parkının ərazisində yerləşən mərkəzin
2007-ci il mayın 10-da başlanılmış tikintisi 2008-ci
ilin sentyabrında başa çatdırılıb. Üçmərtəbəli
binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Mərkəzdə
multimedia, xalq yaradıcılığı, rəsm dərnəkləri,
elektron kitabxana, kompyuter mərkəzi və digər bölmələr
yerləşir. Konfrans zalında Ulu öndərin keçən
əsrin 70-80-ci illərindəki fəaliyyətini və Onun
Şamaxı rayonuna səfərlərini əks etdirən
fotoguşə var. 45 nəfərlik kino zalında Ümummilli
liderin Azərbaycanın müstəqillik illərindəki fəaliyyətini
əks etdirən fotoşəkillər və filmlər
nümayiş etdirilir. Açıq zalın bir hissəsində
Ulu öndərin fəaliyyətinin Moskva və
Naxçıvan dövrlərini əks etdirən fotoşəkillər
asılıb, digər hissədə isə “Heydər Əliyev
dünyanın gözü ilə” guşəsi yaradılıb.
Burada Ümummilli liderin həyat və fəaliyyətini əks
etdirən sənədlər də nümayiş etdirilir. Mərkəzdə
Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi
və təbliği üçün hər cür şərait
yaradılıb. Mərkəzlə tanışlıqdan sonra
Prezident İlham Əliyev xatirə kitabına ürək
sözlərini yazıb.
Prezident İlham Əliyev
Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin
açılışında iştirak edib. Mərkəzin
kollektivi və rayon ictimaiyyətinin nümayəndələri
dövlətimizin başçısını hərarətlə
qarşılayıb.
Prezident İlham Əliyev
kollektivi və ictimaiyyətin nümayəndələrini mərkəzin
açılışı münasibətilə təbrik edərək
deyib: “Belə gözəl diaqnostika mərkəzinin
açılışı münasibətilə sizi ürəkdən
təbrik edirəm. Sizi, eyni zamanda, Qurban bayramı münasibətilə
təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik
arzulayıram. Bu gün doğrudan da çox gözəl bir
gündür. Bu gün səhər Bakı-Şamaxı
yolunun açılışında iştirak etdim. Çox
gözəl, keyfiyyətli yoldur. Bakı ilə Şamaxı
arasında məsafə onsuz da o qədər də
böyük deyildir. Ancaq indi yeni yolla bu məsafəni qət
etmək daha da asan olacaqdır. Rahat yoldur, keyfiyyətli yoldur.
Şamaxı üçün çox vacib olan Müalicə-Diaqnostika
Mərkəzinin açılışında bərabər
iştirak edirik. Bu da çox gözəl hadisədir. Bu, ən müasir
standartlara cavab verən tibbi mərkəzdir. Həm müayinədən keçmək, həm müalicə almaq, həm həkim məsləhətinə ehtiyacı
olan insanların burada müalicəsi - bütün bunlar artıq reallıqdır, Azərbaycan reallıqlarıdır.
Ən müasir avadanlıq quraşdırılıb,
ən gözəl imkanlar vardır. Arzu edirəm ki, hər bir
vətəndaş, rayonun
hər bir sakini ildə bir dəfə gəlib burada müayinədən keçsin.
Nəzərə alsaq ki, burada tibbi xidmət
pulsuzdur, hər bir adam, hər
bir vətəndaş
ildə bir dəfə həkim məsləhətinə qulaq
asmalıdır. Əgər
hər hansı bir xəstəlik varsa, bu gözəl
imkanlardan istifadə edib xəstəliyi aradan götürməlidir.
Bu Müalicə-Diaqnostika Mərkəzinin tikintisi, eyni zamanda, Azərbaycanın artan imkanlarını göstərir. Bilirsiniz ki, indi Bakıda və bölgələrdə ən
müasir tibbi mərkəzlər yaradılır,
təmir olunur, avadanlıqla təchiz edilir. İndi elə bir bölgə
yoxdur ki, orada müasir tibbi mərkəz olmasın. İlk növbədə bütün
bölgələrdə, ondan
sonrakı mərhələdə bütün rayon
mərkəzlərində gözəl
tibbi mərkəzlər
yaradılır. Şamaxının
gələcək uğurlu
inkişafı üçün
belə tibbi mərkəzin mövcudluğu
çox vacibdir. Şamaxı Azərbaycanın
gözəl bölgələrindən,
rayonlarından biridir.
Rayonun çox böyük potensialı vardır. İndi Bakı-Şamaxı yolunun istifadəyə verilməsindən, belə
gözəl obyektlərin
tikilməsindən sonra
əlbəttə ki, Şamaxıya gələnlərin
sayı daha da artacaqdır. Biz hamımız gərək rayonun turizm imkanlarından səmərəli istifadə
edək. Burada gözəl təbii şərait vardır. Bir müddət bundan əvvəl Olimpiya Kompleksinin açılışında iştirak
etdik, bu gün Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilir. Şamaxı rəsədxanası
artıq təmir edilir. Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə
vəsait ayrılıbdır,
həm elmi məqsədlər, həm
də turizm məqsədləri üçün
biz hamımız rəsədxanadan səmərəli
istifadə edəcəyik.
Mən bu gün gedib tikinti ilə, təmir işləri ilə tanış olacağam.
Bu gün, eyni zamanda, biz
yeni sənaye sahələrinin istifadəyə verilməsini
qeyd edirik. Şamaxıda artıq müasir sənaye müəssisələri
yaradılıb. O müəssisələr ki, hazır məhsul
istehsal edir, məişət avadanlığı istehsal olunur.
Əvvəllər biz bunu heç təsəvvür edə
bilməzdik ki, Azərbaycanda müasir avadanlıq, məişət
avadanlığı istehsal olunacaqdır. Ancaq bu gün bu
reallıqdır. Təkcə Bakıda deyil, Azərbaycanın
müxtəlif bölgələrində, xüsusilə
Şamaxıda”.
Yeni Müalicə-Diaqnostika
Mərkəzinin həkimi Nəzakət Abdurrazaqova
Şamaxı ictimaiyyətinin ən xoş arzularını
dövlətimizin başçısına
çatdırıb.
Sonra dövlətimizin
başçısı səhiyyə ocağının
açılışını bildirən lenti kəsib və
mərkəzlə yaxından tanış olub. Təməli
2007-ci il martın 1-də Prezident İlham Əliyev tərəfindən
qoyulmuş və sahəsi 1,5 hektar olan mərkəzin
inşaat işləri bu ilin oktyabrında başa
çatdırılıb. Tikintinin ümumi sahəsi 7 min
kvadratmetr, o cümlədən əsas korpusun sahəsi 5800
kvadratmetrdir. Üçmərtəbəli binada qəbul,
inzibati, funksional diaqnostika, dializ, stasionar, əməliyyat,
reanimasiya, kompyuter tomoqrafiya və rentgen şöbələri
fəaliyyət göstərir. Birinci mərtəbədə
60, ikinci mərtəbədə 51, üçüncü mərtəbədə
30 otaq yerləşir. Burada quraşdırılan avadanlıq
xaricdən gətirilib.
Binanın foyesində
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
səhiyyənin inkişafına diqqət və
qayğısını əks etdirən fotoguşələr
yaradılıb. Mərkəzin həyətində 5 min
kvadratmetr ərazidə yaşıllıq salınıb, su
anbarı, qazanxana tikilib və yardımçı elektrik
stansiyası quraşdırılıb.
Prezident İlham Əliyev
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının
inzibati binasının açılışında iştirak
edib. Dövlətimizin başçısı
açılışı bildirən lenti kəsib və bina
ilə yaxından tanış olub.
Məlumat verilib ki, bu il
mayın 10-da başlanmış tikinti işləri sentyabrda
başa çatdırılıb. Binada Yeni Azərbaycan
Partiyasının qurucusu Heydər Əliyevin barelyefi qoyulub.
İkimərtəbəli binanın sahəsi 516 kvadratmetrdir. Bina
lazımi avadanlıqla təchiz edilib. Birinci mərtəbədə
7 iş otağı, ikinci mərtəbədə qəbul
və təşkilat sədrinin iş otaqları,
müşavirə zalı yerləşir. Burada partiya üzvlərinin
fəaliyyəti üçün hər cür şərait
yaradılıb.
Prezident İlham Əliyev
Şamaxıda Heydər Əliyev Fondu tərəfindən bərpası
nəzərdə tutulan Cümə məscidi ilə
tanış olub. Məscidin yenidən qurulması layihəsi
ilə tanış olan dövlətimizin
başçısına məlumat verilib ki, Cənubi Qafqazda
ikinci qədim dini mərkəz olan Cümə məscidi
743-cü ildə tikilib. 1859-cu ildə baş vermiş dəhşətli
zəlzələ nəticəsində dağılan məscid
sonradan bərpa edilib. 1902-ci il zəlzələsində də
Cümə məscidinə ciddi ziyan dəyib. Bu zəlzələdən
sonra məscid Şamaxıdan olan Azərbaycanın ilk ali təhsilli
memarı Zivər bəy Əhmədbəyovun və
polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında
yenidən bərpa edilib.
Cümə məscidi, həmçinin
1918-ci ildə erməni daşnaklarının Şamaxıda
törətdikləri qırğının şahididir. O vaxt
daşnaklar 1800 nəfər yerli sakini - uşaqları,
qadınları, qocaları zorla bu məscidə dolduraraq
diri-diri yandırıblar. Yanğının izləri məscidin
divarlarında bu gün də durur. Məsciddə keçən
əsrin 70-80-ci illərində də təmir işləri
aparılıb. Həmin dövrdə məscidin həyətində
qazıntı zamanı mədrəsə, hücrə və qəbirlər
aşkar edilib. Sovet dövründə cüzi təmir işləri
aparılmasına baxmayaraq, Azərbaycanda ən qədim ibadət
yeri sayılan Şamaxı Cümə məscidi bərbad vəziyyətdədir.
Hazırda Heydər Əliyev Fondunun “Tolerantlığın
ünvanı: Azərbaycan” layihəsi çərçivəsində
bu Allah evinin yenidən qurulması nəzərdə tutulub. Ümumi
sahəsi 0,80 hektar olan məscidin ibadət yeri 1316
kvadratmetrdir. Prezident İlham Əliyev məscidin binası ilə
tanış olub.
Prezident İlham Əliyev
Şamaxıya səfəri çərçivəsində
Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq
Muzeyində yaradılan şəraitlə də tanış
olub.
Məlumat verilib ki, əsası
1945-ci ildə qoyulmuş muzeyin yenidən qurulmasına 2008-ci
ilin avqustunda başlanılıb və cari ilin sentyabrında
başa çatdırılıb. İkimərtəbəli
muzeyin ümumi sahəsi 1097 kvadratmetr, ekspozisiya zalının
sahəsi isə 325 kvadratmetrdir. Burada yaradılmış 7
bölmədə Şamaxının qədim və müasir
dövrlərinə aid 1061 eksponat nümayiş etdirilir. Ümumiyyətlə,
Tarix-Diyarşünaslıq Muzeyində 8392 əsas, 600
yardımçı eksponat var. Muzeydə XVIII əsrdə
alman səyyahları tərəfindən çəkilən
şəkillər əsasında hazırlanmış
Şamaxı şəhərinin maketi, rayonun fauna və
florasını əks etdirən təbiət guşəsi
yaradılıb. Burada erməni vəhşilikləri barədə
toplanan istintaq materiallarına xüsusi yer ayrılıb. Prezident
İlham Əliyev ermənilərin törətdikləri
qırğınları təsdiq edən materiallarla
tanış olub. Mədəniyyət ocağının həyətində
Şamaxının tanınmış 12 şəxsiyyətinin
büstü qoyulub.
Prezident İlham Əliyev
Şamaxıda “Azərelektronika” məişət cihazları
istehsalı zavodunun açılışında iştirak
edib. Müəssisənin kollektivi dövlətimizin
başçısını hərarətlə
qarşılayıb. Prezident İlham Əliyev düyməni
basaraq müəssisəni işə salıb, istehsal prosesini
izləyib.
Məlumat verilib ki, 13
hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci
ildə başlanılıb, tikinti işləri 2008-ci ilin
mayında başa çatdırılmışdır. İstehsal
sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət
göstərir. Burada ilkin mərhələdə 250 nəfər
işlə təmin olunub. Zavodun istehsal gücü ildə 600
min kondisionerdir. Gələcəkdə müəssisədə
soyuducu, tozsoran və digər məişət
avadanlığı sexlərinin yaradılması nəzərdə
tutulur. Həmin sahələr istifadəyə verildikdən
sonra zavodda 1000 nəfər işlə təmin olunacaq. Burada
Türkiyədən, Malayziyadan, İrandan gətirilən
xammaldan, habelə yerli materiallardan istifadə olunacaq. Bundan
əlavə, zavodda boya, polifon, plastik kütlə əridən
sexlər, 250 tonluq 6 hidravlik pres də
quraşdırılıb.
Prezident İlham Əliyev
müəssisədə istehsal olunmuş məhsullara
baxıb, zavodun inzibati binası ilə tanış olub.
Prezident İlham Əliyev
Şamaxıdakı şahmat məktəbində olub. Məktəbin
fəaliyyəti ilə tanış olan dövlətimizin
başçısına məlumat verilib ki, 1986-cı ildə
tikilmiş məktəbdə ötən müddətdə təmir
və bərpa işləri aparılmayıb. Məktəbin
yenidən qurulmasına Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə bu ilin mayında başlanıb. Artıq
əsaslı bərpa işləri başa
çatdırılıb. İkimərtəbəli binanın
ümumi sahəsi 2116 kvadratmetrdir. Burada 7 şahmat
otağı, yarış zalı və digər
yardımşı otaqlar vardır. Şahmat məktəbi
yenidənqurmadan sonra müasir inventar və avadanlıqla,
kompyuter dəstləri ilə təchiz olunub.
Prezident İlham Əliyev
Şamaxı mədəniyyət sarayında
aparılmış yenidənqurma işləri ilə
tanış olub. Sarayın foyesində Ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətimizin
qorunması və inkişafı istiqamətində
gördükləri işləri əks etdirən fotoguşə
yaradılıb.
Məlumat verilib ki, 1974-cü
ildə inşa edilmiş mədəniyyət sarayının əsaslı
təmirinə 2007-ci ilin ikinci rübündə
başlanılıb. Yüksək səviyyədə
aparılmış təmir işləri 2008-ci ilin mayında
başa çatdırılıb. Sarayda müasir
işıqlandırma sistemi quraşdırılıb, 300 nəfərlik
zal mebel və digər avadanlıqla təchiz olunub. Prezident
İlham Əliyev sarayda uşaqların ifasını dinləyib.
Prezident İlham Əliyev
Şamaxı Astrofizika Rəsədxanasında
aparılmış yenidənqurma işləri ilə
tanış olub. Məlumat verilib ki, Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanası 1959-cu ildə Azərbaycanın
tanınmış alimləri Həsən Əliyevin və
Yusif Məmmədəliyevin təşəbbüsü ilə
yaradılıb. Dəniz səviyyəsindən 1500 metr
hündürlükdə yerləşən rəsədxana
çətin müşahidə edilən cənub səmasının
öyrənilməsində üstünlüklərə
malikdir.
Rəsədxanada inzibati
bina, 6 teleskop, 40 mənzilli beşmərtəbəli bir, ikimərtəbəli
beş yaşayış binası, 4 kottec və mehmanxana var. Uzun
illər təmir olunmadığından rəsədxanada
tikililər yararsız vəziyyətə düşüb. Azərbaycan
Prezidenti İlham Əliyevin 2008-ci il 5 sentyabr tarixli Sərəncamı
ilə Şamaxı Astrofizika Rəsədxanasının
maddi-texniki bazasının gücləndirilməsi və burada
əsaslı təmir-tikinti işlərinin aparılması
üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat, 2009-cu il
21 iyul tarixli Sərəncamı ilə 3 milyon manat vəsait
ayrılıb. Hazırda burada işlər sürətlə
davam etdirilir. Rəsədxananın planı ilə
tanış olan dövlətimizin başçısı yenidənqurma
və təmir işlərinin vaxtında və keyfiyyətlə
başa çatdırılması ilə bağlı tapşırıq
və tövsiyələrini verib.
Yeni Azərbaycan.- 2009.- 27 noyabr.- S.2.