Heydər Əliyev tariximizin böyük himayədarı
idi
Ataxan Paşayev: Məhz Ulu öndərin diqqət və
qayğısı sayəsində ölkədə arxiv
işinin təkmilləşdirilməsinə
başlanıldı
1969-82-ci illərdə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş
Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində
Azərbaycanda bütün sahələrin böyük
sıçrayışla inkişafını təmin
etmiş, qəbul etdiyi qərarlar və atdığı
addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən
qabaqcıl inkişaf edən respublikalarından birinə
çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti
1969-2003-cü illər ərzində Ulu öndərimizin
xalqımız, dövlətimiz üçün
gördüyü işləri, Azərbaycan dövlətçiliyi
qarşısındakı misilsiz xidmətlərini geniş
auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin
zəngin irsini təbliğ etmək məqsədilə
Ümummilli liderimizlə birgə çalışmış,
Onun dövlət quruculuğu işlərinin canlı
şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi
xadimləri ilə müsahibələri, söhbətləri
dərc etdirir. Rubrikamızın növbəti qonağı isə
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi,
tarix elmləri doktoru Ataxan Paşayevdir:
- Ataxan müəllim, Ümummilli lider Heydər Əliyevlə
ilk tanışlığınızı necə
xatırlayırsınız?
- Bakı Dövlət
Universitetinin tarix fakültəsinin 4-cü kursunda oxuyandan, daha
dəqiq desək, 1962-ci ildən bəri arxiv işində
işləyirəm. Ali məktəbi bitirəndən sonra təyinatımı
da elə buraya almışdım. O vaxt idarə Azərbaycan
SSR Oktyabr İnqilabı arxivi adlanırdı. 1966-cı ildə
Ədəbiyyat və İncəsənət arxivi yarandı və
məni həmin arxivə direktor təyin etdilər. Düz 17
il həmin vəzifədə çalışdım.
1984-cü ilin mayında isə Azərbaycan SSR Nazirlər
Soveti yanında Baş arxiv idarəsinə rəis təyin
olundum. O vaxtdan bu günədək eyni vəzifədə
çalışıram. Həmin illərdə Ulu öndərimiz
Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində
çalışırdı. Amma buna baxmayaraq, Onun respublika
üzərindəki himayəsini və qayğısını
daim hiss edirdik, əməli işlərdə
görürdük.
O ki qaldı Ulu öndərlə
şəxsi tanışlığımıza, ilk
görüşümüzə, bu, 1999-cu ilin iyul ayında
baş verdi. Həmin ildə Ümummilli liderin respublikada
hakimiyyətə gəlməsinin 30 illiyi münasibətilə
indiki Heydər Əliyev adına İdman-konsert kompleksində
böyük bayram tədbiri keçirilirdi. Təqribən 200
təşkilat ayrıca stend hazırlamışdı. Əvvəlcədən
təşkilatları xəbərdar etmişdilər ki, Heydər
Əliyev hər stendin qarşısında təqribən 1 dəqiqə
dayanacaq və siz də öz stendiniz haqda Ulu öndərə
məruzə edəcəksiniz.
Bizim stendin
qarşısından keçəndə Ulu öndər birdən
ayaq saxladı, təəccüblə materiallara baxmağa
başladı və dedi: “Mənim burada nə yaxşı
cavanlıq şəkillərim var?” Soruşdu ki, bizdə bu
şəkillərdən yenə də varmı? Cavab verdim ki,
arxivdə təqribən 20 minə yaxın belə şəkil
var.
Stenddə Onun
Naxçıvanda Daxili İşlər Nazirliyinə işə
qəbul olunduğu vaxt doldurduğu anketin surəti, 1983-cü
ildə Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü,
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
çalışarkən SSRİ Nazirlər Soveti yanında
Baş Arxiv İdarəsinin yeni rəisinin təyinatı
zamanı onu kollektivə təqdim edərkən etdiyi
çıxışın mətni kimi nadir materiallar
qoyulmuşdu. Sənəd Ulu öndərin diqqətindən
yayınmadı. Həmin çıxışı görən
kimi orada baş verənləri yada saldı. Qısa müddət
ərzində SSRİ-nin arxiv orqanları üçün
göstərdiyi köməklikləri xatırladı. Beləcə,
Ümummilli lider bizim stendin qarşısında təqribən
10 dəqiqəyədək dayanmalı oldu. Bu, heç də
təsadüfi deyildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında unudulmaz xidmətlərindən
biri də Onun xalqımızın tarixinə, mədəniyyətinə
böyük övladlıq məhəbbəti idi. O,
yaxşı başa düşürdü ki, hər bir
xalqın həqiqi tarixi yalnız ilk mənbələr olan
arxiv sənədləri əsasında yazıldıqda daha dəyərli,
dəqiq, mükəmməl və inandırıcı olur.
- Maraqlıdır, 1987-ci ildən sonra respublikada hakimiyyətə
gəlmiş rəhbərlərin əsas vəzifələrindən
biri də Heydər Əliyevlə bağlı olan arxiv
materiallarını məhv etməkdən ibarət olmuşdu.
Həmin sənədlərin, tarixi fotoşəkillərin
qorunmasına necə nail oldunuz?
- Vaxtilə “Azərinform”
dövlət informasiya agentliyində Heydər Əliyevlə
bağlı böyük kartateka olmuşdu. O, ümumiyyətlə,
rayonlara səfərlər etməyi, kolxozçularla söhbət
etməyi, onlardan hal-əhval tutmağı, zavod və fabriklərdə
fəhlələrlə görüşlər keçirməyi
xoşlayırdı. Təbii ki, həmin görüşlərdən
olan fotoşəkillər “Azərinform”un arxivində saxlanılırdı.
1987-ci ildə Ulu öndər
Sov.İKP MK Siyasi Bürosundan uzaqlaşdırılandan az
müddət sonra agentlikdən zəng olundu ki, təcili olaraq
gəlib Heydər Əliyevlə bağlı olan
materialları, fotoşəkilləri aparaq, yoxsa onlar bir sutka ərzində
məhv ediləcəkdir. Biz də materialları
götürüb buraya gətirdik. İndi idarədə həmin
materiallardan ibarət böyük bir kartatekamız
mövcuddur.
Bir qədər əvvəl
sərgi haqda danışdım. Həmin sərgidəki stendlərdə
1969-cu ildən 1987-ci ilədək Heydər Əliyevlə
bağlı materiallar, fotoşəkillər yerləşdirilmişdi
ki, bunların böyük əksəriyyəti, təqribən
90 faizi bizim arxivdən götürülmüşdü. İndiki
kimi xatırlayıram, həmin vaxt təşkilatların
nümayəndələri materialları götürmək
üçün bir neçə gün bizim idarədə
növbədə dayanmalı olmuşdular.
- Ulu öndər Heydər Əliyevin tarixə, arxiv sənədlərinə
münasibəti ilə bağlı hansı faktlara toxunmaq istərdiniz?
- Ümumiyyətlə,
böyük zəka sahibi olan Ulu öndərimiz hansı sahəyə
müraciət etmişsə orada böyük müvəffəqiyyət
qazanmışdır. Onun qarşısında fəth edilə
bilməyəcək bir zirvə, öhdəsindən gələ
bilməyəcəyi bir iş yox idi. Çoxları bunun səbəbini
bu dahi şəxsiyyətin nadir fitri istedadında
görürlər. Bu, həqiqətən də belədir və
təkzibolunmaz faktdır. Ancaq Heydər Əliyevin iş
üslubuna yaxından bələd olanlar Ulu öndərin həyatda
qazandığı bu qədər nəhəng müvəffəqiyyətlərin
səbəbini ilahi tərəfindən verilmiş
böyük bir fitri istedadı ilə yanaşı Onun əməksevərliyində,
özünə qarşı hədsiz tələbkarlığında
və daim öz üzərində gərgin işləməsində
görürlər. Ümummilli liderimiz Heydər Əliyev
ümumxalq və ümumdövlət əhəmiyyətli hər
hansı bir tədbirin həyata keçirilməsinə
çox ciddi və əsaslı şəkildə
yanaşırdı. Bunun üçün ilk növbədə
onu əsaslandıran sənəd və materiallarla
tanış olurdu. Bu işdə arxivlərdən həmin məsələlərlə
bağlı sənəd və materialların toplanmasına
xüsusi fikir verirdi. O, arxivlərdən tez-tez belə sənəd
və məlumatları tələb edirdi. Bununla kifayətlənməyən
Ulu öndər həmin məsələlər barədə
ayrıca olaraq arxivdən arayış və həmin
arayışda göstərilən faktları rəsmən təsdiq
edən sənəd və materialların surətini də istəyirdi.
Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında ən böyük xidmətlərindən
biri ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdiyi deportasiya və soyqırım tarixinə
münasibət məsələsi idi. Burada söhbət 1948-
53-cü illərdə azərbaycanlıların öz ata-baba
yurdlarından- indiki Ermənistan ərazisindən zor
gücünə deportasiya edilməsindən gedir. Əlbəttə,
bu işdə keçmiş sovet dövlətinin rəhbərliyinin,
o cümlədən, İosif Stalinin böyük xidməti
olmuşdur.
“Ermənistan SSR-dən
kolxozçuların və digər azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” SSRİ Nazirlər
Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10
mart tarixli 754 saylı qərarlar xalqımıza qarşı
sovet hökumətinin qəbul etdiyi ən ədalətsiz qərarlardan
biri idi. İ.Stalinin imzaladığı bu qərarlar bir
ölkə daxilində yaşayan və konstitusiya qanunu ilə
bərabərhüquqlu hesab edilən iki xalqdan birinin xeyrinə
başqasına qarşı tətbiq edilmiş deportasiya,
xalqımıza qarşı əsil repressiya siyasəti idi.
Sovet rəhbərliyi 100
min azərbaycanlının Ermənistandan deportasiyasını
belə əsaslandırmağa çalışırdı
ki, guya Azərbaycanda Mingəçevir SES-in tikintisi və
Qarabağ su kanalının çəkilməsi
üçün fəhlə qüvvəsi
çatışmır. Qərara əsasən 1948-ci ildə
10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı
Ermənistandan köçürülməli idi. Məqsəd
isə xarici ölkələrdən gələn erməniləri
Ermənistanda yerləşdirmək, erməni əhalisinin azərbaycanlılara
olan say nisbətini artırmaq idi.
Tamamilə gizli saxlanılan
həmin qərarları biz 1990-cı ildə keçmiş
SSRİ-nin Mərkəzi arxivlərindən çox çətinliklə
də olsa əldə edərək respublikamıza gətirmişdik.
Tezliklə bu barədə respublikamızın rəhbər
partiya və sovet orqanlarına geniş məlumat vermiş, bu
barədə qəzetlərdə məqalələr dərc
etdirmişdik. Təəssüflər olsun ki, ermənilərin
xalqımıza qarşı yenidən başladığı ərazi
iddiası və azərbaycanlıların Ermənistandan
kütləvi surətdə qovulduğu bir vaxtda sovet hökumətinin
xalqımıza qarşı apardığı bu cür
ayrı-seçkilik siyasətini əks etdirən sənədlərə
yuxarılarda heç bir reaksiya verilmədi.
Bu cür sənədlərin
mahiyyətini dərindən dərk edən Ümummilli
liderimiz Heydər Əliyev 1997-ci ildə bu barədə məlumat
əldə etdikdə, həmin məsələyə çox
kəskin reaksiya verdi. 1997-ci il may ayının 27-də Azərbaycan
Xalq Cümhuriyyətinin 79-cu ildönümünə həsr
olunmuş təntənəli iclasda öz nitqinin əhəmiyyətli
bir hissəsini Ümummilli lider bu məsələyə həsr
etdi. Məsələ barədə geniş təhlil verən
Ulu öndər nitqini belə yekunlaşdırdı: “Təəssüflər
olsun ki, biz tarixin cürbəcür mərhələlərində
belə hadisələri lazımi qədər təhlil edə
bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə
qarşı öz səsimizi lazımi qədər
qaldırmamışıq. Məhz bunların nəticəsində
də 1988-ci ildə Ermənistan Azərbaycana yenidən təcavüz
edibdir. O dövrdə Ermənistan ərazilərində
qalmış azərbaycanlılar qısa müddətdə
Ermənistandan zorla çıxarıldılar”.
Bax bu idi böyük
siyasətçi Heydər Əliyevin hadisələrə
münasibəti, verdiyi analitik qiymət, onlardan nəticə
çıxararaq lazımi tədbirlər görmək, yol
göstərmək bacarığı. Məhz Ulu öndərin
bu nitqindən sonra respublikada məsələyə münasibət
kökündən dəyişdi. Elə həmin il dekabrın
18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyasına siyasi-hüquqi qiymət verilməsini
özündə əks etdirən Fərman imzalandı.
Bu Fərmanda həm
çar Rusiyası, həm də sovet hakimiyyəti illərində
Güney Qafqazda xalqımıza qarşı törədilmiş
ədalətsizliyə siyasi qiymət verildi. Sənəddə
qeyd olunurdu ki, son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirilən etnik təmizləmə və
soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə, milli
faciə və məşəqqətlərə məruz
qalıb. Mərhələ -mərhələ gerçəkləşdirilən
belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar
indi Ermənistan adlandırılan ərazidən- min illər
boyu yaşadıqları öz doğma tarixi-etnik
torpaqlarından didərgin salınaraq kütləvi qətl və
qırğınlara məruz qalıb, xalqımıza məxsus
minlərlə tarixi-mədəni abidə və
yaşayış məskənləri dağılıb viran
edilibdir.
Fərmanda erməni
şovinist dairələrinin və Mixail Qorbaçov başda
olmaqla keçmiş SSRİ rəhbərliyinin
xalqımıza qarşı törətdikləri cinayətkar
siyasətlə yanaşı, o illərdə Azərbaycana rəhbərlik
edənlərin öz xalqının taleyinə biganəliyi və
zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən
cinayətin təşkilində və həyata keçirilməsində
iştirakı da kəskin tənqid olunurdu.
Heydər Əliyev tərəfindən
1998-ci il mart ayının 26-da imzalanmış “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman da, demək olar ki,
yuxarıda göstərilən Fərmanın davamı olmaqla
bərabər orada irəli sürülmüş məsələləri
daha dərindən təhlil və əks etdirirdi.
Ümummilli liderimizin həyata
keçirdiyi mühüm tədbirlərdən biri də cəmi
23 ay fəaliyyət göstərmiş və
xalqımızın milli azadlıq tarixində əvəzsiz
rolu olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə
bağlıdır. 1998-ci il yanvar ayının 30-da Heydər Əliyev
“Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyini keçirmək
haqqında” Fərman imzaladı. Xalqımız müstəqillik
əldə etdikdən sonra Arxiv İdarəsi və dövlət
arxivlərinin əməkdaşları tərəfindən
uzun illər “burjua-mülkədar müsavat rejimi” adı
altında gizli saxlanılan və demək olar ki, istifadəsi
qadağan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti
dövründə müxtəlif fəaliyyət sahələrinə
aid yaranmış sənədlər məcmuələr şəklində
nəşr üçün hazırlanmışdı. Uzun
müddət müxtəlif yuxarı təşkilatlara
etdiyimiz müraciətlərə baxmayaraq bu sənəd məcmuələrini
nəşr etdirə bilmirdik. Fərman elan edildikdən sonra
hazırladığımız bu məcmuələr barəsində
Prezident Aparatına məlumat verdik. Məlumat Heydər Əliyevə
çatdırıldıqda və Ulu öndər bu
materialları əyani şəkildə gördükdə həmin
məcmuələrin yubiley proqramına daxil edilməsi və
nəfis şəkildə nəşri barədə göstəriş
verdi. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) fəaliyyət dövrünə aid ümumi həcmi 300
müəllif vərəqindən yuxarı olan altı adda və
yeddi cilddə ən yüksək poliqrafik keyfiyyətdə sənədlər
toplusu nəşr olundu.
Buraya AXC parlamentinin
keçirdiyi 145 iclasın protokolları (əsasən stenoqram
şəklində), Cümhuriyyətin xarici siyasəti,
dövlət və ordu quruculuğu sahəsində
gördüyü işlərə dair sənədlər və
digər rəsmi materiallar daxildir.
Bu gün Azərbaycan
Xalq Cümhuriyyətinin tarixini öyrənmək
üçün tədqiqatçıların sərəncamına
verilmiş əvəzsiz mənbə olan bu sənəd məcmuələri
Ümummilli liderimizin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə
və onun xadimlərinə qoymuş olduğu ilk və ən
möhtəşəm abidədir. İndi həmin materiallar əsasında
50-dən artıq dissertasiya yazılıb.
- Məhz, tarixi
keçmişimizə olan diqqətin nəticəsi idi ki, Ulu
öndər tərəfindən bir-birinin ardınca arxiv
işinin təkmilləşdirilməsinə dair fərmanlar
imzalandı...
- Qeyd etmək yerinə
düşərdi ki, keçmiş SSRİ məkanında
arxiv işinə dair heç vaxt qanun qəbul edilməmişdir.
Arxiv işi sahəsində normativ aktlar yalnız SSRİ Nazirlər
Soveti tərəfindən təsdiq olunmuş “SSRİ Dövlət
arxiv fondu haqqında Əsasnamə “ ilə tənzimlənirdi.
Sovetlər birliyinin
süqutu və iqtisadi əlaqələrin kəsilməsi
başqa sovet respublikalarında olduğu kimi Azərbaycanda da
iqtisadiyyatın dağılmasına səbəb olmuşdu. Səriştəsiz
adamların rəhbərliyə gəlməsi nəticəsində
ölkədə yaranmış hərc-mərclik və Ermənistanın
ölkəmizə qarşı törətdiyi hərbi təcavüz
nəticəsində yaranan çətinliklər onsuz da sovet
hakimiyyəti illərində o qədər də fikir verilməyən
arxivlərdən də yan keçmədi. Dövlət arxivləri
üçün inşasına başlanılmış
binanın tikintisinin uzun illər yubadılması və
başa çatdırılmaması, habelə, əlavə
binaların ayrılmaması arxivlərin işini iflic vəziyyətinə
salmışdı. Maddi çətinliklər üzündən
mövcud binaların təmirinin mümkün olmaması,
arxivlərin müasirtipli avadanlıqlarla təchizi, sənədlərin
mühafizəsi və onlardan istifadə işində ciddi
çətinliklər yaratmışdı.
Bu işlərin müvəffəqiyyətlə
həlli üçün Ümummilli liderimizin 2002-ci il
dekabrın 2-də imzaladığı “Azərbaycan
Respublikasında arxiv işinin təkmilləşdirilməsi
haqqında” Fərmanın müstəsna əhəmiyyəti
oldu.
Fərman imzalanan gün
Ümummilli liderimizlə görüşümüz oldu. Təxminən
iki saat ərzində bu böyük şəxsiyyətin
tövsiyələrini dinləmək, xalqımızın
tarixinə, arxivlərinə və arxiv işinə münasibətini
öz dilindən eşitmək həyatımın ən
yaddaqalan dəqiqələri idi.
Fərmanda arxiv işi
sahəsində müsbət nəticələr qeyd olunmaqla
yanaşı, bu sahədəki nöqsan və
çatışmazlıqlar da göstərilirdi. Qeyd olunurdu
ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan
Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə
cavab vermir. Arxiv işi sahəsində indiyə qədər
vahid informasiya bazasının yaradılmaması,
elektron-informasiya daşıyıcılarının
imkanlarından lazımınca istifadə olunmaması, arxiv
xidməti təşkilatlarının maddi-texniki təchizatının
müasir standartlara cavab verməməsi bu sahədə problemlər
yaradır. Fərmanda arxiv binalarının yararsız vəziyyətdə
olması, yerlərdəki müəssisə, idarə və təşkilatlarda
kargüzarlıq və arxiv işinin lazımi səviyyədə
olmaması vurğulanırdı.
Fərmanda, həmçinin,
arxiv işinin təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin bazasında Azərbaycan
Respublikasının Milli Arxiv İdarəsinin
yaradılması öz əksini tapırdı.
Qeyd edim ki, arxiv
quruculuğu tarixində indiyədək belə bir mükəmməl
dövlət sənədi olmamışdır. Bu fərman
respublikada arxiv işində, arxivlərin maddi-texniki tələbatının
öyrənilməsində əsaslı dəyişikliklər
yaratdı.
Sevindirici haldır ki,
Ulu öndərin arxiv işinə olan diqqət və
qayğısı Onun siyasi kursunun davamçısı olan
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir. Paytaxtın Mətbuat prospekti, 593
nömrəli məhəllədəki Azərbaycan Milli Elmlər
Akademiyasına məxsus keçmiş “Alunit” zavodunun
binasının bütünlüklə Milli Arxiv İdarəsinin
balansına verilməsi, onun arxiv sənədlərinin
mühafizəsi üçün yenidən qurulması,
lazımi qurğu və avadanlıqlarla təchiz edilməsi,
habelə, Ziya Bünyadov prospektindəki Milli Arxiv İdarəsinə
məxsus binanın əsaslı şəkildə təmir
olunması, ölkənin regionlarında dövlət arxivinin
filiallarının, rayon və şəhər dövlət
arxivlərinin sənədlərinin mühafizəsi
üçün onların əlverişli binalarla təmin
edilməsinə dair verilən göstəriş və
tapşırıqlar məhz həmin diqqət və
qayğının bariz nümunəsidir.
Səlim LOĞMANOĞLU
Yeni Azərbaycan.- 2009.- 6 oktyabr.- S.4.