Televiziya həm də milli dəyərlərin qoruyucusu olmalıdır

 

Və ya Azərbaycan teleməkanında çoxsaylı problemlər var

 

Mətbuat cəmiyyətin aynası hesab olunur. O baxımdan ki, istənilən dövlətdə məhz milli mətbuat həmin ölkənin, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəslə ötürülməsində böyük rol oynayır. Bununla yanaşı, istər yazılı, istərsə də elektron KİV-lər milli vətənpərvərlik ruhunun yüksəldilməsində önəmli yer tutur.

Təəssüf ki, Azərbaycanın bəzi telekanalları öz biznes maraqlarından çıxış edərək bu yüksək dəyərlərin qorunması məsələsində neqativ mövqe sərgiləyirlər. Bayağı, ucuz şou-proqramlarla efiri zəbt etmiş bir sıra telekanallarımız insanlarımızın zövqünü oxşamaqdansa, bu zövqü məhv etməklə məşğuldurlar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində oktyabrın 2-də dərc olunan məqaləsində də teleməkanımızda mövcud olan problemlərdən bəhs edilib. Bir neçə telekanalın ucuz şou-proqramlarla Azərbaycan tamaşaçısının zövqünə xələl gətirməsi, efirimizdə milli-mənəvi dəyərlərin qorunmaması və çatışmazlıqların mövcudluğu ilə bağlı məsələlər məqalənin əsas ruhunu təşkil edir.

“Yeni Azərbaycan” qəzeti hər bir Azərbaycan vətəndaşını narahat edən bu problemlə bağlı Dəyirmi masa təşkil edib. Dəyirmi masada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, telejurnalist Qulu Məhərrəmli, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Milli Televiziya və Radio Yayım Şurasının üzvü Aslan Xəlilov iştirak ediblər.

- İlk sualımızı Cahangir müəllimə ünvanlamaq istərdik. Azərbaycan teleməkanının bugünkü mənzərəsini, durumunu və fəaliyyətini necə dəyərləndirərdiniz?

Cahangir Məmmədli: Təbii ki, çatışmazlıqlar böyükdür. Hörmətli akademikimiz Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində ölkə teleməkanı ilə bağlı çap olunan məqaləsində bu sahədə mövcud problemlər olduqca gözəl təsvir edilib. Bu problemlər əsasən milli-mənəvi dəyərlərin pozulması ilə bağlıdır. Bəzən böyük ictimai xadimlərin milləti narahat edən problemlərlə bağlı fikir səsləndirməsinə ehtiyac yaranır. Xatırlayırsınızsa, 2001-ci ilin avqust ayında Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizlə bağlı bəyanatla çıxış etmişdi. Bu bəyanatın ardından ölkədə bir sıra sahədə xeyli müsbət dəyişikliklər baş verdi. Məhz bu dəyişikliklər Azərbaycanda xalqın özünəqayıdış prosesinə yüksək təsir göstərdi. Bu gün də Azərbaycan telekanallarında səslənən, qeyd olunan problemlər mövcuddur. Təsadüfi deyil ki, bütün Avropa ölkələri 1970-ci ildən sonra qloballaşma ilə bağlı böyük narahatlıqlar keçirməyə başladı. Mədəniyyət sahəsində xeyli irəliləyişə nail olan Avropa məkanı da hiss etdi ki, milli-mənəvi dəyərlər itmək üzrədir, inteqrasiya elə də gözlənilən kimi böyük fayda vermir. Bu səbədən də ictimai televiziya məsələsi ortaya çıxdı. İctimai televiziyanın ən böyük vəzifəsi milli-mənəvi dəyərləri qorumaq və zənginləşdirməkdir. Bu məqam İctimai televiziya ilə bağlı qanunda da, konsepsiyada da öz əksini tapıb. Mən hörmətli Ramiz Mehdiyevin bu məqaləsini hər şeydən əvvəl Azərbaycan ziyalısının, akademikinin fikirləri kimi qəbul edirəm. Hörmətli ziyalımız bu problemləri akademik şəkildə səsləndirdi və elmi əsaslarla sübut etdi ki, Azərbaycan teleməkanında problemlər mövcuddur. Qoyulan problemlərin hamısı ilə mən də razıyam və bu mənada gəlinən son nəticə ondan ibarətdir ki, bəzi telekanallarımız artıq milli-mənəvi dəyərlərimizlə bağlı məsələyə etinasızlıq nümayiş etdirirlər. Bunun qarşısını almaq lazımdır.

- Azərbaycan televiziya məkanında hər zaman milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik hissi ilə bağlı məqamların önə çəkilməsi əsas götürülüb. Sonradan özəl telekanalların fəaliyyətə başlaması ilə bu balans pozuldu və ucuz şoular, bayağılıq efir məkanına yol tapdı. Sanki illərlə yaranan ənənə təhlükə qarşısında dayandı. Bu nədən irəli gəldi?

Qulu Məhərrəmli: Bunun müxtəlif səbəbləri vardır. İlk olaraq, cəmiyyətin özündə gedən proseslərə nəzər salmaq lazımdır. Digər tərəfdən, televiziyaların özləri bəzi çərçivələri açıq şəkildə pozmağa başlayıb. Azərbaycanda televiziya kanallarının sayca artması bir tərəfdən yaxşı tendensiya yaratsa da, bəzi məqamlarda yaradıcılıq, etik qayda çərçivələri çox tez bir şəkildə və sürətlə pozulmağa başladı. Dünyada bir çox təhlükəli problemlər var - ekologiya, QİÇS, narkomaniya və s. Amma kommersiya televiziyalarının yaratdığı mədəniyyət problemi ən qorxulu təhlükədir.

Azərbaycan tamaşaçısından soruşanda ki, milli-mənəvi dəyərlər nədir, cavab tapmaq çətin olur. Çünki bu, mücərrəd bir anlayışdır. Amma televiziyaların davranışında, yayımında çox vaxt bunlar konkretləşir. Bizdə yayım siyasətinin pozulması, artıq cəmiyyətdə müəyyən etirazların yaranmasına gətirib çıxarır. Hörmətli Ramiz müəllimin məqaləsi ictimai arenada, mütəxəssislər arasında səslənən fikirləri olduqca gözəl ifadə edir. Yəni, bu məqalənin tutumu, əhəmiyyəti, aktuallığı ondadır ki, artıq dövlət səviyyəsində yüksək post tutan bir şəxs, akademik öz ictimai narahatlığını dilə gətirir. Bu mənada, bəzi proseslərə “qırmızı işıq” yandırmalıyıq. Düzdür, Azərbaycanda Milli Televiziya və Radio Yayım Şurası fəaliyyət göstərir. Bu Şura yayım məsələsində dövlət siyasətini tənzimləyir, lakin özəl yayımçıların yayım siyasətinə müdaxilə etməyə ixtiyarı yoxdur. Amma elə istisna hallar var ki, xüsusən də milli-mənəvi dəyərlərlə bağlı, oraya mütləq müdaxilə vacibdir. Bu baxımdan, qaldırılan məsələnin, sizin qeyd etdiyiniz balans pozulmasının, boşluğun yaranma səbəblərindən biri də ictimai məsuliyyət hissinin itirilməsidir. Biz azadlığı toxunulmaz qəbul edirik, hesab edirik ki, bizim çox böyük hüquqlarımız var. Bir yanda yayımçıların azadlığı, digər yanda isə unudulmuş ictimai məsuliyyət dayanır. Televiziya ilə bağlı bu məqalə həm də o səbəbdən böyük rezonans yaradır ki, ortada bütün vətəndaşlarımızın istehlakçı marağı var və bu gün həmin maraq özəl telekanallar tərəfindən pozulur. Eyni zamanda, məqalədə göstərilən problemlərin hamısı nəticədir. Səbəblər nədir? Mən inanıram ki, bugünkü müzakirə həmin səbəblərin meydana çıxmasına şərait yaradacaq. Bu səbəbləri təxminən bir neçə qrupa bölmək olar. Bunların bir neçəsi yayımçıların, televiziya rəhbərlərinin cəmiyyət qarşısında məsuliyyətinin azalmasından irəli gəlir. Bundan başqa, peşəkarlıq səviyyəsi olduqca aşağı səviyyəyə enib, geniş mənada ictimai məsuliyyət dərk olunmur. Biz hesab edirik ki, bura bizim seximizdir və biz burada istədiyimiz şəkildə davrana bilərik. Cahangir müəllim də qeyd etdi ki, İctimai televiziya cəmiyyəti təmsil etmək üçün yarandı. Bu səbəbdən də özəl televiziyalarla bağlı ona görə problemlər ortaya çıxır ki, dövlətdən maliyyələşən televiziyalarda müəyyən dərəcədə məsuliyyət hissi dərk olunur. Düzdür, onlarda da müəyyən zəif verilişlər var, mənasız diskussiyalar aparılır. Hörmətli Ramiz müəllimin məqaləsində ATV kanalında yayımlanan bir sıra verilişlərlə bağlı qeydlər var. ATV kanalı şou-proqramlarının yayımına əsas yer ayırır. Bu baxımdan, dövlət büdcəsindən maliyyələşən televiziyalarımız elə səviyyəli verilişlər hazırlamalıdır ki, həmin bayağı şounu üstələsin və cəmiyyətin diqqətini özünə cəlb etsin. Yəni, onlar rəqabətə meyilli olmalıdır. Bunun da üzərində düşünmək lazımdır.

Jalə Əliyeva: Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mətbuat, söz azadlığı prinsipləri Azərbaycan dövlətçiliyinin əsas təməl prinsiplərindən sayılır. Sevindiricidir ki, həmin siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan söz azadlığı, demokratik prinsiplərin qorunması istiqamətində dünyada öndə gedən ölkələrdəndir. Ulu öndər Heydər Əliyev bildirmişdi ki, Azərbaycanda senzuranın ləğv edilməsiylə Konstitusiya ilə təsbit olunan söz və mətbuat azadlığı tamamilə təmin edildi, mətbuata geniş imkanlar yaradıldı. Ümummilli lider Heydər Əliyevin bildirdiyi kimi, Azərbaycan mətbuatı həqiqətən də çox sərbəstdir, azaddır. Amma bu azadlıqdan sui-istifadə etmək olmaz. Dövlətimizin yaratdığı demokratik mühitdən istifadə edərək, milli-mənəvi dəyərlərimizin yaddan çıxarılmasına, onlara qarşı hücuma keçilməsinə heç vəchlə yol vermək olmaz.

Bu mənada, hörmətli akademikimiz Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər əvəzedilməzdir, dəyərlidir. Mən bu məqaləni bir neçə dəfə oxumuşam və “Yeni Azərbaycan” qəzeti vasitəsilə hörmətli akademikimizə dəfələrlə çox sağ olun deyirəm. Həqiqətən də məqalədə millətin gələcəyi, genefondumuzla bağlı olduqca yüksək fikirlər səsləndirilib. Bu məqalənin cəmiyyətin müzakirəsinə verilməsi problemlərin önə çəkilməsinə, onların həllinə nail olunmasına şərait yaradacaq. Məqalədə toxunulan aspektlərin hamısı illərdən bəri hər bir azərbaycanlını narahat edir. Azərbaycan Respublikasının Milli Məclisində 2002-ci ildə “Teleradio yayımı haqqında” Qanun qəbul olunub, 2003-cü ildə Milli Televiziya və Radio Yayımı Şurası yaradılıb. 2004-cü ildə isə İctimai Televiziya və Radio Yayımı haqda qərar qəbul edilib. Mənim şəxsi fikrimə görə, qanunların qəbul edilməsi bəzən əsas olmur. Bu fikir birmənalı qarşılanmaya da bilər. Amma həqiqətən də qanunların işləmə mexanizmini müəyyənləşdirmək lazımdır. Bu qanunu hərtərəfli cəmiyyətin malı etmək lazımdır. Əgər Azərbaycan tamaşaçısını televiziya məkanında olan problemlər narahat edirsə, demək, qanunlar istədiyimiz şəkildə bu proseslərə müdaxilə edə bilməyib. Təbii ki, qanunların aliliyinin dərk edilməsi olduqca böyük və vacib bir məsələdir. Və qanun riayət etmək üçün qəbul edilir. Amma təəssüf ki, bəzi özəl telekanallar öhdəsinə düşən, qanundan irəli gələn vəzifələri tam lazım olduğu şəkildə ya dərk etmir, ya da dərk etmək istəmir. Bəzi məqamlarda onlar öz addımlarını belə əsaslandırırlar ki, guya bu, sosial sifarişdir, bazarın tələbidir. Amma bu bazarı yaradan da həmin özəl telekanalların özüdür. Əgər Azərbaycan insanı, vətəndaşlarımız kimliyindən asılı olmayaraq, televiziyanı evinin, həyatının ayrılmaz bir hissəsi kimi görürsə, demək, mədəniyyət də, tərbiyə də oradan aşılanır. Heç kimi nə kitab oxumağa, nə də teatra getməyə məcbur etmək olmaz. Amma televiziyalar istəsələr elə bir şərait yaradarlar ki, Azərbaycan insanı hər cür bayağılıqdan azad olunar. Milli Məclisdə tez-tez bu məsələlərə toxunulur, bu istiqamətdə müzakirələr aparılır. Şəxsən mən bu məsələyə olduqca böyük önəm verirəm və bununla yanaşı, televiziyalarda dilimizlə bağlı yaranan problemlərin aradan qaldırılmasını arzulayıram. Ola bilər ki, özəl televiziyanın qazancı reklamdan çıxır, lakin bu məkan bir tərbiyə, əxlaq güzgüsüdür. Televiziyalarımız öz fəaliyyətlərini elə qurmalıdır ki, bütün insanların zövqünü oxşaya bilsin. Amma bayağılığa daha geniş yer ayırmaqla buna nail olmaq mümkün deyil. Azərbaycan cəmiyyəti hər zaman öz dünyagörüşü, savadı ilə seçilib. Biz televiziyalarımızla birgə millətin inkişaf etdirilməsinin üzərində işləməliyik. Azərbaycanda kifayət qədər peşəkarlar var. Amma bu gün milli-mənəvi dəyərləri arxa plana atmaqla bu millətin əlində olanları da alırlar. Bu, yolverilməzdir. Bu mənada hörmətli Ramiz Mehdiyevin məqaləsi olduqca geniş müzakirə tələb edir.

Q.M: Jalə xanım qeyd etdi ki, bu gün Azərbaycanda teleradio yayımı ilə bağlı kifayət qədər mükəmməl qanun mövcuddur. Ramiz müəllimin məqaləsində də həmin qanunun bəzi müddəalarına müraciət edilib. Amma bu qanun mükəmməl olduğu qədər işləmir. Niyə işləmir? Bax, bunu araşdırmaq lazımdır.

- Yalçın müəllim, həm bir tamaşaçı, həm də bir pedaqoq kimi Azərbaycan teleməkanındakı vəziyyətdən razısınızmı?

 

 

(davamı gələn sayımızda)

 

 

Pərviz SADAYOĞLU

 

Kəbutər HAQVERDİYEVA

 

Yeni Azərbaycan.- 2009.- 6 oktyabr.- S.5.