Televiziya həm də milli dəyərlərin qoruyucusu olmalıdır

 

Və ya Azərbaycan teleməkanında çoxsaylı problemlər var

 

Mətbuat cəmiyyətin aynası hesab olunur. O baxımdan ki, istənilən dövlətdə məhz milli mətbuat həmin ölkənin, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəslə ötürülməsində böyük rol oynayır. Bununla yanaşı, istər yazılı, istərsə də elektron KİV-lər milli vətənpərvərlik ruhunun yüksəldilməsində önəmli yer tutur.

Təəssüf ki, Azərbaycanın bəzi telekanalları öz biznes maraqlarından çıxış edərək bu yüksək dəyərlərin qorunması məsələsində neqativ mövqe sərgiləyirlər. Bayağı, ucuz şou-proqramlarla efiri zəbt etmiş bir sıra telekanallarımız insanlarımızın zövqünü oxşamaqdansa, bu zövqü məhv etməklə məşğuldurlar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində oktyabrın 2-də dərc olunan məqaləsində də teleməkanımızda mövcud olan problemlərdən bəhs edilib. Bir neçə telekanalın ucuz şou-proqramlarla Azərbaycan tamaşaçısının zövqünə xələl gətirməsi, efirimizdə milli-mənəvi dəyərlərin qorunmaması və çatışmazlıqların mövcudluğu ilə bağlı məsələlər məqalənin əsas ruhunu təşkil edir.

“Yeni Azərbaycan” qəzeti hər bir Azərbaycan vətəndaşını narahat edən bu problemlə bağlı Dəyirmi masa təşkil edib. Dəyirmi masada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, telejurnalist Qulu Məhərrəmli, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Milli Televiziya və Radio Yayım Şurasının üzvü Aslan Xəlilov iştirak ediblər.

- Yalçın müəllim, bu gün həm bir tamaşaçı, həm də bir pedaqoq kimi Azərbaycan teleməkanından razısınızmı?

Yalçın Əlizadə: Tamaşaçı kimi dəyərləndirdiyim zaman peşəkarlığın çatışmadığını qeyd etməliyəm. Qeyri-təvazökarlıq da olsa, BDU-nun jurnalistika fakültəsinin məzununun qeyri-peşəkar veriliş apardığını görməmişəm. Mən universitetdə kadr hazırlığının ən ideal səviyyədə təşkil olunduğunu da iddia etmirəm. Amma, hər halda, universitet auditoriyası görən, 4 il orada təhsil alan şəxs ekranda o cür səviyyəsiz çıxış etməz. Cahangir müəllim də qeyd etdi, hörmətli Ramiz Mehdiyev də öz məqaləsində göstərir ki, bu gün televiziya və radioların hazırladıqları proqramlar Azərbaycan tamaşaçısını qane etmir. Bu fikirdən, sadəcə, nəticə çıxarmaq lazımdır. Mən iki-üç gündür ki, kanalları fraqmental şəkildə izləyirəm. Kanalların əksəriyyətində bir etinasızlıq, biganəlik hiss olunur. Yenə də öz bildiklərini edirlər. Sanki onlar haqqında heç bir müzakirə açılmayıb, onların işi tənqid olunmur. Akademik Ramiz Mehdiyevin məqaləsi bu prosesdə zirvə nöqtəsi sayılmalıdır. Əvvəllər yazılı mətbuatda bu barədə fraqmental çıxışlar olurdu, amma bu yazı ortada olan problemləri aşkar şəkildə göstərdi. Təbii ki, özəl kanalların biznes maraqları da var. Amma bu maraqlar xalqın, dövlətin ictimai mənafeyini üstələyə bilməz. Məndən öncə çıxış edən həmkarlar da bildirdilər ki, özəl kanallar çox zaman hazırlanan verilişlərin və ya bayağı şouların ictimai sifariş olduğunu iddia edirlər. Mən sual verirəm, bu sifarişi verən kimdir? Bizim mənəvi cəhətdən elitar təbəqə adlandırdığımız insanlar Azərbaycan televiziyalarından tamam uzaq düşüblər. Xəyyam Mirzəzadə maraqlı bir fikir söyləmişdi. Deyir əvvəllər musiqi ekrandan, efirdən küçələrə, bağlara süzülürdüsə, bu gün bağlardan, küçələrdən ekranlara daşınır. Bu, ciddi ittihamdır. Bayaq Qulu müəllim də qeyd etdi ki, özəl kanalların rəhbərləri televiziyalardan öz şəxsi dükanları kimi istifadə edirlər.

- Axı, şəxsi dükan da hansısa qanun çərçivəsində işləməlidir.

Y.Ə. Həqiqətən də bizim teleyayımla bağlı qanunumuz çox liberaldır. Fikrimcə, burada vətəndaş mövqeyi əsas götürülməlidir. Axı, burada edilən söhbət, danışılan, səsləndirilən fikirlər 5-10 adama ünvanlanmayıb. Bu fikirlər tirajlanır, milyonlara ötürülür. Bu gün Azərbaycan televiziyaları, radioları peyk vasitəsilə xarici ölkələrə yayımlanır. Kənardan baxan insanlarda millətimizə qarşı bizim verilişlərin səviyyəsinə uyğun münasibət formalaşa bilər.

- Qeyd etdiniz ki, televiziyada aparıcılıq edənlər jurnalistika fakültəsinin məzunları deyillər. Maraqlıdır, niyə jurnalistikanı bitirənlər televiziyaya üz tutmurlar?

Y.Ə. Mən uzun illərdir pedaqogika ilə məşğulam, fakültəyə rəhbərlik edirəm. Hələ bir dəfə də olsun televiziyalarımızın bizimlə əməkdaşlıq arzusunu görməmişəm. Gəlsinlər, bizdən jurnalist istəsinlər. Son vaxtlara qədər dövlət televiziyası bizimlə bu yöndə əməkdaşlıq edirdi. Axır vaxtlar onlar da əməkdaşlığa son qoyublar. Maraq televiziyalardan qaynaqlanmalıdır. Jurnalistika fakültəsinin məzunları bu gün yüngül verilişlərə meyil etmirlər. Onlar ciddi jurnalistika məktəbi keçiblər. Təəssüf ki, kanalların indiki vəziyyəti onlara yaradıcılıqlarını inkişaf etdirməyə imkan vermir.

- Kanallara nəzarət mexanizmini Milli Televiziya və Radio Şurası həyata keçirməlidir. Demək, iradlar da məhz Şuraya ünvanlanır.

Aslan Xəlilov: Azərbaycanda televiziya kanallarının bir nömrəli opponenti MTRŞ-dır. Bu hüququ bizə qanun verib. Mən opponent sözünü yaxşı mənada işlətdim. Hörmətli akademik Ramiz Mehdiyev öz məqaləsində də qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində milli-mənəvi dəyərlərin pozulmasına görə cəza nəzərdə tutulmur. Mən bu məsələni hörmətli millət vəkilimizin də diqqətinə çatdırmaq istəyirəm. Bu mənada biz çox əziyyət çəkirik. Məsələn, televiziyanın nümayəndəsi gəlir, biz həmin kanalın işini tənqid edirik, sonda cəzalandıra bilmirik. Çünki qanunda milli-mənəvi dəyərlərin pozulmasına görə, heç bir cəza mexanizmi nəzərdə tutulmur. Biz hər dəfə bu məsələni qeyd edirik. Milli-mənəvi dəyərlər cəmiyyətin ən əlçatmaz, toxunulmasına yol verilməyən dəyərləridir. Kanal bu dəyəri pozduğu zaman biz yalnız tövsiyə xarakterli fikir söyləyə bilirik. Hətta başqa tipli qanun pozuntuları olanda belə özəl televiziyalar çox asan şəkildə bundan qurtula bilirlər. Şura cəza kəsir, 200 manat miqdarında. Şükür Allaha, bu gün televiziyalarımız milyonçu təşkilatlar hesab olunurlar. 200 manat cərimə onlara konkret təsir etmir. Elə 200 manatla canını qurtaracağını bildiyi üçün televiziya kanalları həmin səhvi təkrarlamaqdan çəkinmirlər. Təsəvvür edin ki, 200 manatın qarşılığında pozulan qanun nəticəsində milli dəyərlərimizə nə boyda zərbə dəyir. Bizim televiziyanın 50-dən yuxarı yaşı var. 70-80-ci illərdə biz rəngli televiziyaya keçməklə televiziyaçılıq sahəsində yeni mərhələyə qədəm qoyduq. Müstəqillik dövründə televiziyalarımızın sayı artdı. Bu, sevindirici bir haldır. Təbii ki, Azərbaycanda yayımçılıq, televiziyaçılıq sahəsi yalnız qara rəngə boyanmayıb. İnkişaf var, amma bu inkişafın trayektoriyası yaman dolaşıqdır. Bəzi məqamlarda bizim televiziyaları CNN-lə və başqa xarici televiziyalarla müqayisə edirlər. Bu da düz deyil. Bizim televiziyaların yaşı hələ azdır. Şura da istəyir ki, televiziyalar öz fəaliyyətlərini ideal səviyyədə qursunlar. Amma əlimizdə olan bu liberal qanunla yüksək səviyyə də iş qurmaq çətindir. Bizim qanunumuz çox gözəldir, amma orada reallıqlar öz əksini tapmayıb. Qanunumuz günümüzü çox qabaqlayır. Dövlətimiz liberal qanun qəbul edir ki, mətbuat inkişaf etsin. Amma kanallar bu liberallıqdan sui-istifadə etməyə çalışırlar.

Qulu Məhərrəmli: Mən Aslan müəllimin bəzi fikirləri ilə razı deyiləm. MTRŞ yayım sahəsində dövlət siyasətini tənzimləməklə məşğuldur. Şura yaranandan bəri yayımçılıq sahəsində vəziyyət xeyli düzəlib. Mən Aslan müəllimin o fikri ilə razı deyiləm ki, bizim televiziyalar gəncdir. Azərbaycan televiziyaları da Bi-Bi-Ci-nin standartları ilə işləyir. Yaradılan şərait heç də pis deyil. Düzdür, AzTV ilə müqayisədə, fikrimcə, İTV-yə ayrılan maddi vəsait çox azdır. Bundan başqa, Azərbaycanda peşəkarlıq çatmır. Bilinməlidir ki, xəbər dəyərləri hansılardır. Müəyyən standartlar var ki, onları öyrənmək lazımdır. Hansı televiziya sorğu aparırsa, qalib özünü elan edir. Azərbaycanda televiziyaların monitorinqini obyektiv, konkret metodologiyası olan sorğu təşkilatları aparmalıdır. Bu, real gerçəkliyi üzə çıxaracaq. Bu gün televiziyaya baxanların sayı 5 il, 6 il öncəki tamaşaçıların sayından ən azı 10 dəfə azalıb. Bu gün təxminən 100 nəfərdən 17-18 nəfəri televiziyaya baxır. Amma son 5-6 ildə çanaq antennalarının satışında yüksək dərəcədə irəliləyiş nəzərə çarpır. Bu auditoriya itirilmiş auditoriyadır və itirilmə prosesi davam edir. Digər tərəfdən, hesab edirəm ki, MTRŞ tövsiyələr hazırlaya və televiziyalara təqdim edə bilər. Yəni, milli-mənəvi dəyərlər dedikdə nə nəzərdə tutulur, nələrə xüsusi diqqətin yetirilməsi vacibdir, bu tövsiyələrdə öz əksini tapmalıdır. ABŞ-da bizim MTRŞ-nın adekvatı olan Federal Rabitə Komissiyası çox vaxt texniki problemləri tənzimləyir. Bir də, efir məkanında plüralistik mənzərənin yaranmasını diqqətdə saxlayır. Məsələn, əyləncə proqramları yayımlayan kanalların sayı ciddi proqramları yayımlayan kanalların sayı ilə bərabər olmalıdır. Bizim teleməkanda bərabərlik, plüralistik mənzərə məhduddur. Fikrimcə, televiziya rəhbərlərinin iştirakı ilə toplantı keçirmək olar və orada səslənən problemləri bir daha nəzərdən keçirib həlli yollarını aramaq mümkündür. Hörmətli Ramiz Mehdiyevin məqaləsində uşaqlarla bağlı çox ciddi həyəcan təbili var. Artur Klarkın belə bir fikri var ki, II Dünya müharibəsindən sonra ailədə üçüncü valideyn meydana gəlib, bu da televiziyadır. Televiziyanın, xüsusən emosional təsiri olduqca böyükdür. Məncə, televiziyaların özündə onların yayım siyasətini tənzimləyən daxili təlimatlar, nizamnamələr olmalıdır. İTV-də, ANS-də bu var, amma digər televiziyalarda yoxdur. Televiziyanın konsepsiyası olmalıdır ki, orada məqsəd, məram, yayım prinsipləri açıq şəkildə göstərilsin. Dağınıq konsepsiyaya malik televiziyada heç vaxt mükəmməl struktur ola bilməz. Onun sabit, peşəkar heyəti olmayacaq. Bunlar olmayanda, televiziyanın siması olmur. Azərbaycanın efir məkanında televiziyaların bir-birinə oxşamasının əsasında konsepsiyasızlıq dayanır.

- Dediyiniz konsepsiya işlədiyiniz “Xəzər” TV-də varmı?

Q.M. “Xəzər” TV yeni televiziyadır. Əlbəttə, orada daxili davranış qaydaları, yayım prinsipləri mövcuddur. Bu il “Xəzər” TV-nin efirə çıxmasının ikinci ilidir. Digər stajlı televiziyalara baxanda “Xəzər” TV-də həmin problemlər bu və ya başqa formada həll olunur. Bu TV-yə baxanların sayı kifayət qədər çoxdur. “Xəzər” TV də reklam ardınca gedən kanallardandır. Amma məhz milli-mənəvi dəyərlər prizmasından baxdıqda bu prinsiplər gözlənilir. Hələ indiyə qədər MTRŞ-dən heç bir irad eşitməmişik.

- Amma 8 faiz şou-proqramlara yer ayırırsınız. Bu, mütləqdirmi?

Q.M. Bəli, mütləqdir. Yayım siyasətində çalarlar olur. Birinci xəbərləmə işidir. İkinci araşdırmalar aparılır, diskussiyalar təşkil olunur. Məsələn, bu gün İTV-də maarifçi proqramların çəkisi artmağa başlayıb. Digər televiziyalarda tək bir proqramı çıxmaq şərtilə maarifçi proqramlar yoxdur. Amma kommersiya da olmalıdır. Çünki özəl kanalın büdcəsi başqa necə formalaşdırılmalıdır?
- Məsələn, “Xəzər” TV-də yayımlanan “Ay Zaur” verilişi Azərbaycan tamaşaçısına istər maarifləndirmə, istərsə də milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi baxımından nə verir?

Q.M. Hər bir kanalın “üz qarası” olan verilişləri var. Mən demirəm, ola bilər ki, layihələr normal olsun. Amma aparıcının davranışı, danışığı tamaşaçıda narazılıq yarada bilər.

Cahangir Məmmədli: Sizi inandırıram ki, şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzini görəndən sonra uşaqlarımın gözünə baxa bilmirəm.

- Azərbaycanda dövlətin mədəniyyət siyasətini həyata keçirən qurum Mədəniyyət və Turizm Nazirliyidir. Bu baxımdan, səslənən fikirlərə onların da münasibəti maraqlı olar.

Fikrət Babayev: Həqiqətən də, tamaşaçılar bəzən bu tip məsələlərlə bağlı bizə müraciət edirlər. Söz azadlığı Azərbaycan xalqının əldə etdiyi ən böyük azadlıqlardan biridir. Ulu öndər Heydər Əliyev KİV-ə münasibətini məhz senzuranın ləğvi, mətbuata tam sərbəstliyin verilməsi ilə ortaya qoymuşdu. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ortada olan problemlər yeni-yeni televiziya və radioların yaranması ilə dinamikləşir. Dünyanın hər bir ölkəsində bu istiqamətdə problemlər mövcuddur. Akademik Ramiz Mehdiyevin məqaləsində bu problemlər olduqca səlis və hərtərəfli şəkildə göstərilib. Güman edirəm ki, yeni televiziyalar yaranmalıdır, amma istehlakçının - tamaşaçının da zövqü oxşanılmalı, milli-mənəvi dəyərlərimiz qorunmalıdır. Kanal rəhbərlərimiz dərk etmirlər ki, onların kanallarını dəyişib başqa kanala baxmaq bir tamaşaçını itirməsi deməkdir. Bir il bundan qabaq, Mədəniyyət və Turizm Nazirliyi bütün televiziyalarla müqavilə bağlamaq istədiyini bəyan etdi. Biz yığışıb əməkdaşlıq etmək istiqamətində müqavilə bağladıq. Hətta yaxşı verilişlərin hazırlanmasına maddi dəstək göstərmək istədiyimizi də dilə gətirdik. Bu, kampaniya xarakteri daşımamalıdır. Biz çalışırıq ki, televiziya kanallarının rəhbərlərini əməkdaşlığa cəlb edək. Amma, Aslan müəllimin qeyd etdiyi kimi, hər hansı bir neqativ addımda ölçü götürülməsi üçün vasitə yoxdur. Dəfələrlə olub ki, Türkiyənin ən tanınmış telekanalının yayımını 2 və ya 3 gün saxlayıblar. Azərbaycanda da bu metoddan istifadə etmək olar. Səmimi deyirəm ki, mən hərdən utanıram. Bayaq qeyd olundu ki, “Ay Zaur” verilişi jurnalistikadan kənar bir şeydir. Sanki o adamı küçədən tutub gətiriblər.

- Ümumiyyətlə, son zamanlar Azərbaycanda uğursuz bir təqlid mübarizəsi başlayıb. Bir zamanlar özəl kanallarda çalışan diktorlar, aparıcılar tez-tez danışmaq yarışına girmişdilər. Nəticədə itirən tamaşaçı olurdu, heç bir şey başa düşmürdü. İndi isə televiziya aparıcıları eybəcər əl-qol jestləri ilə, yerinə düşməyən intonasiyalarla tamaşaçıları bezdirirlər. Amma Azərbaycan televiziyası məşhur diktorları ilə hər zaman seçilirdi. Bu cür mənfi tendensiyalı nəsil dəyişikliyi nədən irəli gəlir?

Y.Ə. Azərbaycanda bir müddətdir ki, həqiqətən də təqlidçilikdən əl çəkmirlər. Təqlid heç bir zaman yaradıcılıq uğuru gətirmir. Bir qismimiz üzümüzü Qərbə tutub layihələri təqlid edir, bir qismimiz Türkiyə xəbər modelini uğursuz bir şəkildə Azərbaycan televiziyalarına şamil edirik. Sadəcə, özümüz özümüzü tapa bilmirik. Bizim xəbərlər redaksiyaları elə işləməlidirlər ki, xarici telekanallar bizə istinad etsinlər. Bu yoxdur. Operativlik gözə dəymir. Diktor məktəbi dağıldı, yerində aparıcı yetişmədi. Özəl kanalların fikrincə, diktor hazırlamaq asan işdir. Müğənnilər aparıcılıq edir və bir də görürsən şıltaqlığı tutdu çəkilişə gəlmədi. Bu tip problemlər mövcuddur. Açığı sovet vaxtında televiziya işçiləri dilin təəssübünü indikindən daha çox çəkirdi. Adi bir misal çəkim, bir söz düşüb bütün xəbər aparıcılarının dilinə “ilk öncə”... Təsəvvür edin ki, bunlar ikisi də eyni sözdür, ard-arda işlədirlər. Artıq demək olar ki, cəmiyyətin böyük bir qismi bu sözdən istifadə edir. Bu yolverilməzdir. Televiziya keçmişlə bu gün arasında körpü olmalıdır. Təsəvvür edin ki, mən elə auditoriyaya girmişəm ki, orada Üzeyir Hacıbəyovu tanımırlar. Bu artıq faciədir. Amma bir-iki müğənni ki var, onların bütün həyatını əzbər bilirlər. Bir dəfə biz bir sorğu keçirtdirmişdik və Üzeyir bəy cəmi 11 faiz səs almışdı. Adını çəkmək istəmədiyim bir bəstəkar isə 70 faizdən yuxarı səs almışdı.

Jalə Əliyeva: Diktorların nəinki tələffüzü, hətta geyimi də bir zamanlar diqqət mərkəzində idi. Mənim anam Nurəngiz Gün vaxtilə diktor işləyib. O danışır ki, hətta bizə paltarımıza gül taxmağa da icazə vermirdilər ki, tamaşaçının diqqətini yayındırarsan. Məhz bu amil peşəkar diktorların yaranmasna gətirib çıxarmışdı.

- Bizim telekanallarda nümayiş etdirilən bir sıra intellektual oyunlar xarici televiziyaların layihələridir. Özümüzün ortaya qoyduğumuz layihələrin səviyyəsi isə göz qabağındadır. Bəlkə, səviyyə məsələsinin bu vəziyyətə gəlib çıxması televiziyalarda bədii şura tipli bir qurumun olmamasından irəli gəlir.

Y.Ə. O zamanlar bədii şurada Tofiq Quliyev, Rauf Hacıyev kimi dahilər təmsil olunurdu. O zamanlar televiziyalarda bədii özfəaliyyət rubrikası altında da verilişlər hazırlanırdı. Peşəkar musiqi özfəaliyyətdən ayrı idi. Bu gün ekrana, efirə çıxan ifaçıların böyük bir hissəsi heç özfəaliyyətə də yaramır. Bizim tok-şoularda məzmun yoxdur. Yığırlar 10, 15 adamı, tamaşaçının gözü qarşısında xoşagəlməz mənzərələr yaradırlar. Bu xoruz döyüşünə bənzəyir. Məni ən çox narahat edən gənclərin aqibətidir ki, onlar bu şoulardan ancaq bir-birilərinə badalaq vurmağı, yalan danışmağı, lağ etməyi öyrənirlər. Yetişən nəsil məni narahat edir.

J.Ə. Özəl kanalların bəziləri xarici layihələrlə insanlarımızı sanki ələ salır. Yarıçılpaq vəziyyətdə olan aparıcı guya zənglə tabloda olan sözü tapana pul mükafatı veriləcəyini deyir. Sual o qədər asandır ki, hətta niyə bu sualın verildiyi adamı təəccübləndirir. Amma guya neçə dəqiqə keçir, heç kim tapmır. Gülüncdür. Biznes marağına görə xalqı belə aşağılamaq olmaz.

C.M. Düzdür, Azərbaycan televiziyalarında problemlər mövcuddur, amma irəliləyişlər də var. Hörmətli Ramiz Mehdiyev də öz məqaləsində qeyd edib ki, şou-biznes tipli proqramlar da hazırlanmalıdır, amma bu proqramlar maarifləndirmə proqramlarını üstələməməlidir. Mənə elə gəlir ki, qanunların sərtləşdirilməsi də uğurlu yol deyil. Bu zaman da sərt qanunlardan öz maraqları çərçivəsində istifadə etmək istəyənlər tapılacaq. Burada insanların vətəndaşlıq mövqeyi əsasdır. Jurnalistikada “empatiya” adlı yeni bir termin var. Bu, hər şeyə rəğbətlə yanaşmaq deməkdir. Televiziyalara bunu aşılamaq lazımdır ki, öz şəxsi maraqlarını ümumi cəmiyyətin maraqlarından üstün tutmasınlar. Təbii ki, kanalın biznes marağına da toxunmaq olmaz. Bir də görürsən televiziya rəhbərinə irad tutulur ki, sizdən şikayət var. Soruşur, qanunu pozmuşam, yox deməyə məcbursan. Qanun ona öz fəaliyyətini genişləndirmək üçün hər cür şərait yaradıb. Amma vətəndaş mövqeyini də unutmaq olmaz. Bu gün Azərbaycanda televiziya tənqidi yoxdur. Bilirsinizmi, kanalları təkcə təhdid və tənqidlə tərbiyə etmək olmaz. Onların müsbət keyfiyyətini də demək lazımdır. Mən yazılı KİV-də indiyə qədər televiziyanı normal tənqid edən məqaləyə rast gəlməmişəm. Ramiz müəllimin qoyduğu problemlərin hər birinin ətrafında ciddi diskussiya açmaq olar. Mən çox istəyərdim ki, bizim televiziya sahəsindəki bu məsələlər yazılı KİV-də qoyulaydı,  Ramiz müəllim də bir akademik kimi bu problemlərə münasibət bildirərdi. Amma indi tərsinədir.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Şou-proqramlardan birdəfəlik imtina etmək olmaz. Bu proqramlar emosiya yaradır. Emosiya yaratmayanda reklam bazarına da girmək olmur. Ortada reklam marağı var deyə, bu addım atılır. Təsəvvür edin ki, son günlərdə keçirilən monitorinq onu göstərir ki, “Maşın” realiti-şou bütün proqramları üstələyib.

Aslan Xəlilov: Kommersiya televiziyalarının işçilərinin arasında demək olar ki, peşəkar çox azdır. Biz istəyirik ki, maraqlı verilişlər hazırlayaq, əyalətçilikdən çıxaq. Amma bu mümkün olmur. Çünki maraqlı proqramı hazırlamaq üçün böyük bir peşəkar heyətə ehtiyac var.

- Bir neçə dəfə qanunun liberallığı fikri səsləndi. Amma bir məsələ var ki, milli-mənəvi dəyər mücərrəd anlayış olduğu üçün onun pozulması faktını sübut etmək də çətindir. Çünki bu məsələdə hərənin öz subyektiv yanaşması var.

Bu, necə olacaq?

J.Ə. İlk növbədə onu qeyd etmək istəyirəm ki, hörmətli akademikimiz öz məqaləsində göstərir ki, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişlərdən “Azəristar”, “Yeni Ulduz”, “Narstar” və s. qeyd etmək mümkündür. Bu verilişlərlə televiziya öz reytinqini yüksəldə bilməz. Bu ölkə müstəqilliyini ona görə əldə etmədi ki, televiziyalar ancaq müğənniciklərin yetişməsinə çalışsın. Sənət yalnız yüngül musiqi deyil. Sənət ədəbiyyatdır, heykəltəraşlıqdır, rəssamlıqdır və s. Nəyə görə, ancaq lazımsız musiqinin təqlidi ilə məşğul olan yarışlar keçirilir. Yəni, bu bizim üçün belə mühümdürmü? Milli Məclis qanunları hazırlayır və bu qanunlara birmənalı şəkildə riayət olunmalıdır.  Biz fərdi şəkildə yalnız tövsiyələr verə bilərik. Əgər telekanallar yarışma keçirməyə bu qədər meyillidirsə, qoy, milli-mənəvi dəyərlərimizin təbliğatı və inkişafı istiqamətində yarışlar keçirsinlər. Mən üzümü tuturam MTRŞ-nin nümayəndəsinə və bildirmək istəyirəm ki, Milli Məclisin hazırladığı qanunda göstərilən müddəalar həmin qurum tərəfindən telekanallara göndərilməlidir. Niyə MTRŞ televiziyalara bildirmir ki, gələcək nəslin inkişafı üçün maarifləndirici verilişlərin sayı artırılsın. Gəlin, musiqini qoyaq bir kənara. Maraqlı intellektual bir yarış keçirilsin, maraqlı layihə işlənilsin. Ümumiyyətlə, hər bir işə yaradıcı yanaşmaq lazımdır. Və ya hərbi-vətənpərvərlik ruhunda verilişlərin sayı artırılmalıdır. Çox ağrıdıcı bir məqamdır. Təsəvvür edin ki, bu gün teleməkanda verilişlərə baxılma vaxtının reytinqi var. Özəl telekanallar hərbi-vətənpərvərlik proqramlarını elə vaxta salırlar ki, həmin vaxt tamaşaçının o verilişə baxmaq imkanı olmur. Və ya milli musiqini gecə saatlarında verirlər. Bir neçə gün öncə Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Ceyran xanım Haşımovanın yubileyi keçirilirdi. Filarmoniyada keçirilən tədbirdə yalnız AzTV-nin kameraları qoyulmuşdu. Mənə dedilər ki, digər kanallara da dəvət göndərilib. Amma onlar Röyanın konsertini işıqlandırmağı daha üstün tuturlar. Mən müqayisə aparmaq istəmirəm. Amma bu dərəcədə olmaz.

- Özəl telekanalların musiqi yarışmalarına münsif olan bəzi şəxslərlə bağlı da iradlar var. O baxımdan ki, bizim bayağı adlandırdığımız musiqilərin ifaçıları özəl kanallarda SMS-lə özləri səviyyəsində müğənni axtarışına çıxıblar. Hətta adını çəkmək istəmədiyim bir kanalda meyxana yarışmasında meyxanaçının narkotik maddə qəbul edərək efirə çıxmasına da göz yumurlar.
F.B. Mədəniyyət və Turizm Nazirliyi həmin yarışmalara nə münsif təyin edir, nə də onlara nəzarət mexanizmi həyata keçirir. Həqiqətən də ağrıdıcı məqamdır. Amma nə etmək olar ki, bunlar özəl televiziyalardır.

- Heç olmasa etiraz xatirinə etiraz edirsinizmi?

F.B. Etiraz etmək mexanizmi də yoxdur. Bayaq o fikir səsləndi, bədii şuranın varlığı çox problemi həll edə bilər. Amma gəlin görək, bu gün həmin bədii şuraya kimləri cəlb edə bilərik.
Y.Ə. Niyə elə deyirsiniz? Bu gün Azərbaycanda kifayət qədər yüksək zövqə malik incəsənət xadimlərimiz var. Məsələn, Xəyyam Mirzəzadə...

F.B. Mən demirəm ki, Azərbaycanda bədii şuraya üzv ola biləcək adam yoxdur. Amma nəzarət mexanizmi məsələsi var. Onda da bədii şuraya düşməyənlərin etirazlarını dinləməli olacağıq. Azərbaycan teleməkanında diktorların əksəriyyətinin danışığı qurudur. Elə olur ki, radioda veriliş gedə-gedə nədən olur bilinmir, amma bir dəqiqə heç kimin səsi çıxmır. Verilişdə dinamika itir. Dili pis günə qoyurlar.

- Azərbaycanda idman jurnalistikası da pis vəziyyətdədir...

F.B. Mən sizinlə razıyam. Elə o səbəbdən də bu gün demək olar ki, əksəriyyət idman proqramlarına xarici kanallarda baxır.

Y.Ə. Deyir “qola imza atıldı”, bu nə dərəcədə doğru cümlədir? 

F.B. Bayaq Yalçın müəllim vurğuladı, amma ola bilər ki, jurnalistikanı qurtarmayan şəxs gözəl jurnalist olsun...

Y.Ə. Valid Sənani geologiyanı, Elmira Əliyeva pedaqogikanı bitirib.

- Bəli, televiziyalarımızda olan problemlərin bəzilərinə toxunduq. Sizcə, hörmətli akademikimiz Ramiz Mehdiyevin qələmə aldığı məqalə televiziya məkanındakı problemlərin həllində hansı rolu oynaya bilər?

Y.Ə. Təxminən 30 il bundan qabaq Rəsul Rzanın Moskvada televiziya ilə bağlı bir məqaləsi dərc olunmuşdu. Mən istəyirəm kiçik bir frazanı diqqətə çatdırım. Rəsul Rza yazırdı ki, mənə elə gəlir ki, televiziya verilişlərinin vəzifəsi zövqü axsayan kütlənin arxasınca getmək yox, onun bu zövqünü tədricən müalicə edib qaldırmaqdan ibarətdir... Hərdən əyləncəli proqramlara baxanda düşünürsən ki, necə bayağılığa aparır. İşdir əgər birdən televiziyaya getsəniz, sizə o saat deyəcəklər ki, bu populyar verilişdir. Filan qədər məktub almışıq, lakin bu məktubları yazan adamların  özlərini də böyük mədəniyyətə qovuşdurmaq lazımdır. Söhbət ondan gedir ki, hörmətli Ramiz müəllimin məqaləsi tövsiyə xarakterlidir. Sadəcə, bizim televiziyaların rəhbərlərindən vətəndaşlıq mövqeyi tələb olunur ki, proqramlarının zənginləşməsinə kömək etsinlər. Bir veriliş hazırlamaq məsuliyyət tələb edir. Təsəvvür edin ki, efiri doldurmaq üçün eyni mahnını 7-10 dəfə təkrar göstərirlər və ya dinlədirlər. Amma əvvəllər Şövkət xanımın bir dəfə lent yazısı səsləndirilirdisə, bir də azı 10 gündən sonra onun lent yazısını göstərirdilər. O mənada ki, tamaşaçı darıxsın. Sara xanım deyirdi ki, Şövkət xanımla mənim Xalq artisti adı almağımıza 17 il vaxt gərək oldu. Mən Ramiz müəllimin məqaləsinin müsbət yöndə effekt verəcəyini gözləyirəm.

C.M. Bu məqalədə həm də problemlərdən çıxış yolları göstərilib. Məsələn, prodakşn və dublyaj üçün ayrıca qurumun yaradılması məsələsi qoyulub. Bu çox gözəl ideyalardır. Televiziyada peşəkarlığı artırmaq üçün televiziya akademiyası yaratmaq. Bilirsinizmi, jurnalistika fakültəsində yalnız nəzəriyyə öyrənilir, orada onlara praktika öyrətmirlər. Bu məqalə yazılı mətbuatın da inkişafına stimul verəcək.

J.Ə. Mən “Yeni Azərbaycan” qəzetinə bu mövzu ilə bağlı maraqlı bir diskussiya yaratdığı üçün öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu addımlar davamlı olacaq. Azərbaycan Milli Məclisi bu məsələyə hər zaman həssas yanaşıb. Bu məqalədən sonra gözləntilərimiz böyükdür. Məsuliyyət artacaq, özlərini peşəkar adlandıran insanlar əməldə gələcək nəsil üçün milli-mənəvi dəyərləri qorumağı bacarmalıdırlar. İnanıram ki, bu məqalə həmin insanların qarşısında böyük bir fəaliyyət sahəsi açacaq.

F.B. Bu məqalə böyük mənada çox mühüm bir sənəddir. Tövsiyə xarakterli olsa da, burada fikirlər çox düzgün və vaxtında qoyulub, problemlərdən çıxış yolları da göstərilib. İnanıram ki, xüsusən də gənclərin formalaşmasında televiziya mühüm rol oynaya bilər. O baxımdan televiziya rəhbərlərimiz ictimai məsuliyyət hiss etməlidir.

A.X. Bu məqalə əsl inkişaf konsepsiyasıdır. Ortada olan problemlər və çıxış yolları bu məqalədə əks olunur. İnanıram ki, bu məqalə yaxın zamanda teleməkanımızda yüksək dəyişikliyə gətirib çıxaracaq.

 

 

Pərviz SADAYOĞLU,

 

Kəbutər HAQVERDİYEVA

 

Yeni Azərbaycan.- 2009.- 7 oktyabr.- S.6-7.