Zəriflik və nəciblik simvolu
Bu gün mən unudulmaz bir insanın adını xatırlamaq istərdim. Elə bir insanın ki, artıq uzun illər aramızda olmasa da, ədəbiyyatımızın,
mədəniyyətimizin, elmimizin,
onu sevənlərin yaddaşında yaşayır.
Oktyabrın 10-u XX əsrin
tanınmış ziyalılarından
biri, böyük şərqşünas alim
Aida İmanquliyevanın
doğum günüdür.
Aida xanımın doğum günü təkcə onun övladları, yaxınları üçün
deyil, bütün elmi ictimaiyyət, bütün qadınlarımız
üçün əlamətdar
bir tarixdir. Ən yüksək insani keyfiyyətlərin bir nəfərdə toplanması çox nadir hal olsa
da, belə adamların varlığı
bizi həmişə sevindirib. Aida İmanquliyeva da belə ziyalılardan olub.
Onun adının
qarşısında bütün yaxşı, meyar ola biləcək
insani xüsusiyyətləri yazmaq olar; gözəl insan,
qayğıkeş ana, zərif xanım, vəfalı
ömur-gün yoldaşı, sədaqətli dost, məhsuldar
alim, əsl vətəndaş və s. Onu yaxından
tanıyanlar təsdiq edirlər ki, bu nəcib xanımı
bircə dəfə görüb ünsiyyət quran kəs
ömrüboyu onu unuda bilmirdi. Bəlkə də ona görə
ki, Aida xanımın zahiri və daxili gözəlliyi bir-birini
ahəngdar surətdə tamamlayırdı. Ötən əsrin
böyük ziyalıları Mir Cəlal Paşayevin və Nəsir
İmanquliyevin ocaqlarında böyüyən, Püstə
xanımla Gövhər xanımın mənəviyyatından
güc alan Aida xanım başqa cür ola da bilməzdi.
Orta məktəbi qızıl
medalla, Azərbaycan Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirib aspiranturaya qəbul olunan Aida İmanquliyeva
müdafiə etdiyi “Qələmlər cəmiyyəti və
Mixail Nüaymənin yaradıcılığında onun
rolu” mövzusunda namizədlik dissertasiyası ilə
müsəlman aləmində ilk qadın şərqşünas
alim kimi özünü təsdiqlədi. Onun çətin tədqiqatlarının,
ağır zəhmətinin bəhrəsi olan “Qələmlər
cəmiyyəti və Mixail Nüaymənin
yaradıcılığında onun rolu”, “Çubran Xəlil
Çubran” əsərləri şərqşünaslıq
tarixinin inciləri hesab olunur. Aida xanım İmanquliyevanın
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutuna rəhbərlik etdiyi dövrdə yüzlərlə
kitab və monoqrafiya, tərcümə və elmi məqalələr
toplusu nəşr olunmuşdur. O, ərəb - Azərbaycan, Kərkük
- Azərbaycan ədəbi - mədəni əlaqələrinin
inkişafında böyük xidmət göstərmiş,
yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə
qədim Şərqə tükənməz sevgisini sübut
etmişdir. Aida xanım sovet siyasətinin məhdudiyyətlərinə
baxmayaraq Azərbaycanın fəal xarici elmi əlaqələrinin
yaradılmasına, dünya elmi ictimaiyyətinə
tanıdılmasına nail olmuşdu. Onun elmi
araşdırmaları ərəb filoloqları, ərəb ədəbiyyatı
tədqiqatçıları, bütün dünya şərqşünasları
tərəfindən yüksək qiymətləndirilir və
indi də diqqət mərkəzindədir.
Bu mövzuların belə
yüksək səviyyədə işlənməsi tək Azərbaycanda
deyil, bütün Şərq aləmində böyük elmi
hadisə idi. Aida xanım bu sanballı elmi işi ilə ərəb
ədəbiyyatına, eyni zamanda, vətəninə,
xalqına müqəddəs münasibətini bildirirdi. İstedadlı
ədəbiyyatşünas, mahir tərcüməçi,
gözəl natiq olan Aida xanım həm də böyük
mütəfəkkir, görkəmli ictimai xadim, müdrik
filosof idi. Qələmə aldığı
irili-xırdalı bütün əsərləri-məqalələr,
monoqrafiyalar, konfrans və simpoziumlardakı
çıxışları bu alimin əsl elm fədaisi, cəsarətli
fikir və söz sahibi, kamil bir şəxsiyyət olduğunu
bir daha təsdiq edir.
Aida xanım novator bir alim kimi yalnız öz gücünə,
qüvvəsinə arxalanaraq cəmiyyətdə nüfuzlu
mövqe tutmuş, bütün uğurlara zəhməti sayəsində
nail olmuşdur. Qısa, lakin şərəfli ömrü boyu
Azərbaycan elminin inkişafı yolunda bacardığını
elədi. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru işlədiyi illərdə bu elm
ocağının daha da təkmilləşdirilməsi
üçün əlindən gələni əsirgəmədi.
Aida xanımı
tanıyanların onun haqqında çox xoş xatirələri
var. Dərs dediyi tələbələr onun haqqında
canlı əfsanə kimi danışırlar. Onlar bu
qadının gözəlliyinin vurğunu idilər. Hələ
də danışırlar ki, yerişi, geyimi, saç
düzümü, davranışı və rəftarı,
mühazirə oxumağı, bir sözlə, bütün
varlığı tələbələrini heyran etmişdi. Hər
hərəkətində kübarlıq, nəciblik vardı.
O zərif, incə
görkəmindəki əzəmət, vüqar ona çox
yaraşırdı! Aida xanım şahanəliyi,
kübarlığı ilə hamını cəlb edirdi. Tanrı
heç nəyi əsirgəməmişdi ondan; zahiri
görünüş, ağıl, alicənablıq, şəxsiyyət
olmaq, özünə tələbkarlıq, ailəsinə tükənməz
məhəbbət...
Ömür-gün
yoldaşı Arif müəllimlə birlikdə qızları
Nərgiz xanımı, Mehriban xanımı istədikləri
kimi - öz soy-köklərinin adına, tarixinə layiq
böyütdülər. Aida xanım bu dünyadan vaxtsız
köçsə də, böyük ürəyi, təmənnasız
yaxşılıqları ilə, qoyub getdiyi zəngin elmi-ədəbi
irsi ilə bu gün də bizimlədir. Əsası
halallıqla qoyulmuş ailənin övladları da halal, pak
yaşamalıydılar. O, qızlarını da özü
kimi vətənpərvər, torpağına, yurduna
bağlı, süfrəsi açıq əsl ziyalı kimi
görmək istəyirdi. Buna görə də
övladlarına ailəyə bağlılığı,
doğmalarının və bütün insanların yolunda fədakarlığı
öyrətmişdi.
Biz fəxr edirik ki, Aida
xanımın övladı- Azərbaycanın ictimai həyatında
xüsusi fəaliyyəti ilə fərqlənən ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət
vəkili Mehriban xanım Əliyeva bu gün Azərbaycanda
qadın hərəkatının önündə gedir. Cəmiyyətdə
lider olan Mehriban xanım ailə ocağının istisini, ailə
dəyərlərini qoruyub saxlamaqla bərabər, istedadlı
alim və ictimai xadim kimi də hər birimizə nümunədir.
Görünür, bütün başqa xüsusiyyətləri
kimi, onun xeyirxahlığı, insanlara həssas münasibəti,
humanistliyi və kübarlığı da kökdən gəlir.
Çünki anası Aida xanım da xoşbəxtliyini şəxsi
səadəti ilə elmi uğurlarının vəhdətində
tapmışdı.
Aida xanımın digər
övladı Nərgiz xanım Paşayeva da anasının
yolunu davam etdirərək, elmi öz həyatının
amalına çevirib. Nərgiz xanımı filologiya elmləri
doktoru, M.Lomonosov adına MDU kimi nüfuzlu bir təhsil
ocağının Bakı filialının rektoru, Azərbaycanda
“Üns” yaradıcılıq səhnəsi- özəl
teatrının ilk qadın yaradıcısı kimi
tanıyırıq. Hər iki nəcib xanım Aida
İmanquliyevanın layiqli davamçıları, onun dəyərlərinin,
həyat fəlsəfəsinin məntiqi davamı, Azərbaycan
xalqının fəxridirlər.
Hamıda xoş təəssürat
oyatmaq, hamının sevimlisi olmaq mümkün deyil. Ancaq Aida
xanım bu sevgini qazana bilmişdi. Gördüyü işlərlə,
xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə
onu sevənlərin qəlbində özünə abidə
qurub. Bü gün o, övladlarının, nəvələrinin
ömründə, elmimizin, ədəbiyyatımızın tərəqqisində
yaşayır.
... Onun yoxluğu ilə
barışmaq çətin olsa da, təsəllimiz budur ki,
Aida xanım kimi insanları xalq öz milli sərvəti kimi
qiymətləndirir.
Aida xanımın nurlu
xatirəsi həmişə qəlbimizdə yaşayacaq!
Hicran HÜSEYNOVA,
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru,
professor
Yeni Azərbaycan.- 2009.- 7 oktyabr.- S.4.