“Ən yaxşı
müəllim” müsabiqəsinin
qalibləri dövlətin
təhsil siyasətini
yüksək qiymətləndirirlər
Ötən saylarımızda
məlumat verdiyimiz kimi, “Yeni Azərbaycan”
qəzeti “Ən yaxşı ümumtəhsil
məktəbi” və
“Ən yaxşı müəllim” müsabiqəsinin
qaliblərini redaksiyamıza
dəvət etmək,
onlarla bağlı mütəmadi reportajlar hazırlamaq və beləliklə, Prezident İlham Əliyev tərəfindən mükafatlandırılanları
ictimaiyyətə də
tanıtmaq niyyətindədir.
Bu istiqamətdə ilk yazımızda
“Ən yaxşı müəllim” müsabiqələrinin
qalibləri sırasında
olan Arifə Rəsulova (164 saylı məktəbdə xarici dil müəllimi), Fatma Hacıyeva (83 saylı məktəb-liseydə
informatika müəllimi),
Vəli Əliyev (İlyas Əfəndiyev adına Elitar gimnaziyanın kimya müəllimi), Bikə Nəcəfova (Nəsimi
rayon 23 saylı məktəbdə
Azərbaycan dili və ədəbiyyatı
müəllimi) və
Rüfət Rzayevin (Akademik Zərifə Əliyeva adına məktəbdə tarix müəllimi) müsabiqədə
iştirakları barədə
fikirlərini təqdim
edirik.
Öncə onu qeyd edək
ki, redaksiyamızın qonağı olan qaliblərin hər
biri ümumiyyətlə müsabiqənin gedişindən
razı qaldıqlarını bildirdilər. Onların qənaətinə
görə, müəllimlər arasında keçirilən
müsabiqənin bir sıra müsbət məqamları var. Daha
doğrusu, sözügedən müsabiqə müəllimlərə
öz bacarıqlarını ortaya qomağa imkan verir. Bu
baxımdan özünə, təcrübəsinə, bilik və
bacarığına güvənən müəllimlər bu
müsabiqəyə qatılmaqdan çəkinməməlidirlər.
“Müsabiqə zamanı hər hansı çətinliyin
olacağını düşünmürdüm”
Arifə Rəsulova 164
saylı məktəbdə xarici dili tədris edir. İngilis
dili üzrə mütəxəssisdir. Ötən il rəhbər
vəzifədə olduğundan “İlin ən yaxşı
müəllimi” müsabiqəsinə qatılmayıb. Bu il isə
öz nailiyyətlərini qiymətləndirərək ən
yüksək səviyyədə mübarizəyə
qoşulub. Qalib olacağına inanıb. 32 illik dərs təcrübəsi,
elmi dərəcəsi, dərsliklər, vəsaitlər,
proqramlar müəllifi olması onda qələbəyə
olan inamı daha da artırıb. Dediyinə görə, onun
üçün müsabiqənin ikinci mərhələsi
daha maraqlı olub: “Siyahıda, sadəcə, dərs deyəcəyimiz
məktəbin adı qeyd olunmuşdu. Yəni, mən 47
saylı orta məktəbdə olmalıydım. Dərs məni
ümumiyyətlə narahat etmirdi. Müsabiqə zamanı hər
hansı çətinliyin olacağını
düşünmürdüm. Bundan başqa, xarici ölkələrdə
təqdimatlarım da olub. Odur ki, dərs həyəcan
doğurmurdu. Amma narahat olduğum məqam var idi. Kim məni
qiymətləndirəcək? Bax, bu sual məni narahat edirdi.
Qiymətləndirən şəxs mənə qiymət verməyə
layiqdirmi? Başqa sözlə, onun səviyyəsi buna imkan
verirmi? Təcrübəmdə belə vəziyyətə də
rast gəlmişəm ki, qiymətləndirən şəxsin
müasir dərsdən xəbəri olmayıb və mənim
dərs prosesində həyata keçirdiyim yenilikləri
ümumiyyətlə anlamayıb. Lakin bu
narahatçılığım da arxada qaldı. Dərsim
yaxşı keçdi, yüksək qiymətləndirildi”.
Müsabiqənin şərtlərinə görə, üçüncü
mərhələdə müəllim
10 dəqiqə ərzində
onun diqqətini cəlb edən problemlərdən danışmalı
idi. A.Rəsulovanın
diqqətini çəkən
problemlər kadr hazırlığı və
dərsliklərlə bağlı
olduğundan təqdimatı
da məhz bu iki mövzu
üzərində qurub:
“Bu mövzuların hər
birinə müdaxiləni
özümə borc bildim. Metodist kimi sözügedən
məsələlərə münasibətimi bildirməliydim.
Onu da deyim ki,
bu təqdimata daha çox hazırlaşmışdım, nəinki dərsə”.
Nəhayət,
bütün mərhələlərdən uğurla keçən
Arifə Rəsulova müsabiqənin qaliblərindən biri
olub. Bəs, görəsən, Arifə xanım qalib kimi ona
ayrılacaq 5 min manatı necə xərcləmək niyyətindədir?
Həmin sualı cavablandıran A.Rəsulova dedi ki, 5 min
manatı ailəsinə xərcləmək niyyətindədir.
“Təkliflərimdən biri də bu oldu ki, elektron
kitablar hazırlansın”
Fatma Hacıyeva informatika üzrə mütəxəssisdir.
83 saylı məktəb-liseyin
müəllimidir. Ötən
il Müəllimləri
Təkmilləşdirmə İnstitutunda Sumqayıt və Bakıdakı ümumtəhsil müəssisələrinin
direktorlarına İKT üzrə
dərslərdə təlimçi
kimi iştirak etdiyindən müsabiqəyə
qatıla bilməyib. Bu
dəfə isə dövlətin yaratdığı
fürsətdən yararlanaraq
bütün imkan və bacarıqlarını
ortaya qoyub: “Yeganə narahatlığım
texnika ilə bağlı idi. Fikirləşirdim ki, hər hansı texniki qüsur dərsimin keyfiyyətinə təsir
göstərə bilər.
6 saylı məktəbdə
dərs keçdim.
Təbii
ki, məktəb rəhbərliyi lazım olan şəraiti yaratdı. Düzdür, texnika bəzi
narahatlıqlar yaratdı.
Ancaq vəziyyətdən çıxdıq.
Onu da deyim ki,
dərsdən əvvəl
şagirdlərimlə hər
hansı ünsiyyətdə
olmadan dərsə girdim. Müsabiqənin bu mərhələsinin
məqsədi 45 dəqiqə
ərzində şagirdə
nə öyrədə
bildiyimizin nümayiş
etdirilməsi idi.
Hər halda, mən bu şərtə düzgün əməl etdim”.
Fatma xanım müsabiqənin
üçüncü mərhələsini eyni zamanda bir imkan
kimi də dəyərləndirir: “Bakı şəhərində
minlərlə müəllim var. Onların da hər birinin
müxtəlif problemləri mövcuddur. Təbii ki,
üçüncü mərhələ bu problemlər barədə
nazirə məlumat vermək və təkliflərlə
çıxış etmək üçün böyük
imkandır və biz bu imkandan lazımı şəkildə
yararlandıq. Məlum olduğu kimi, Prezident İlham Əliyevin
xüsusi qayğısı sayəsində İKT sahəsində
dövlət proqramları hazırlanaraq, həyata
keçirilib. Lakin bu sahədə kadr
çatışmazlığı hiss olunur. Məsələn,
cəmi bir neçə təcrübəli informatika müəllimi
var ki, onlar da müxtəlif yerlərdə
çalışmaqla həmin sahəyə olan tələbatı
ödəməyə çalışırlar. Təqdimat
zamanı bu məsələni diqqətə
çatdırdım. Digər tərəfdən, qiymətləndirmə
üzrə yeni konsepsiyanın qəbul edilməsi və bu sahədə
ciddi addımların atılmasına baxmayaraq, burada da
boşluqlar müşahidə edilir. Həmin təqdimat
zamanı, həmçinin, bu mövzulara da toxundum. Təkliflərimdən
biri də bu oldu ki, elektron kitablar hazırlansın. Hesab edirəm
ki, “Hər şagirdə bir kompüter” layihəsinin gerçəkləşdiyi
ərəfədə bu təklif üzərində
düşünməyə dəyər. Bu, həm ucuz başa
gələr, həm də müəllim bu yolla şagirdin
gündəlik qiymətləndirilməsinə nail ola bilər”.
Təqdimat zamanı, həmçinin,
elektron metodkabinetin yaradılması, elektron olimpiadaların
keçirilməsi üzrə təkliflər verən Fatma
Hacıyeva dərsliklərin hazırlanması üzrə
mütəxəssis kimi bu sahədəki problemlərə də
toxunub.
O ki qaldı mükafat
olaraq ona veriləcək 5 min manata, F.Hacıyeva ilk olaraq öz
şəxsi ehtiyaclarını ödəyəcək: “Eyni
zamanda, rəhbərlik etdiyim informatika kabinetinə bəzi
texniki avadanlıqlar almaq niyyətindəyəm”.
“Müsabiqənin gedişindən razı qaldım”
Vəli Əliyev
İlyas Əfəndiyev adına Elitar gimnaziyanın kimya
müəllimidir. Kimya elmləri namizədi, dərsliklər
müəllifidir. “Abituriyent” jurnalı nəşr olunmağa
başlayandan bəri metodik məqalələrlə
çıxış edən V.Əliyev Tələbə Qəbulu
üzrə Dövlət Komisiyasında 1994-cü ildən
kimya fənni üzrə ekspertdir: “Dərsimi 27 saylı məktəbdə
keçdim. Sinfi özüm seçdim. Kimya fənni üzrə
8-9 siniflərdə dərs keçmək daha məqsədəuyğun
olduğundan sınaq dərsimin vaxtını bu siniflərdə
müəyyənləşdirdim. Bu da səbəbsiz deyildi.
Belə ki, 10-11-ci siniflərdə uşaqlar qruplara
bölündüyündən, yəni, gələcək
ixtisaslarını müəyyənləşdirdiklərindən
sinfin bir hissəsinin kimya fənninə marağı itir. Ancaq
8-9-cu siniflərdə belə deyil və hamı
üçün dərs maraqlı olur”.
Həm dərsindən,
həm də müsabiqənin gedişindən razı qalan Vəli
müəllim müsabiqənin ədalətli keçməsini
xüsusi olaraq vurğuladı: “Bu müsabiqə zamanı ədalətli
seçim həyata keçirilir. Mən bunu bütün mərhələlərdə
müşahidə etdim. Buna görə də, müsabiqənin
gedişindən razı qaldım”.
V.Əliyev mükafat
kimi ona veriləcək pula ilk növbədə o, noutbuk almaq
istəyir: “Pulu hələ almamışıq, ancaq xərcləyəcəyimiz
yer artıq məlumdur”.
“İnsanın əməyi qiymətləndiriləndə
sanki qol-qanad açır”
Bikə Nəcəfova Nəsimi
rayon 23 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyatı
fənnini tədris edir. Müsabiqənin keçirilməsi
qaydalarını yüksək qiymətləndirən Bikə
xanım “İnsanın əməyi qiymətləndiriləndə
sanki qol-qanad açır. Daha fəal olmaq, daha çox iş
görmək istəyir. Prezidentimizə, dövlətimizə
bizə göstərilən bu xüsusi diqqət və
qayğıya görə təşəkkür edirik” - deyir.
Digər qalib həmkarları kimi o da veriləcək pul
mükafatını necə xərcləyəcəyini müəyyənləşdirib:
“Müsabiqə qalibi olaraq alacağım 5 min manatı məktəbimizdə
bir sıra layihələrin reallaşmasına xərcləyəcəyəm”.
“Bütün mərhələləri uğurla
başa vurdum və qalib oldum”
Rüfət Rzayev
Akademik Zərifə Əliyeva adına məktəbin tarix
müəllimidir. Müsabiqəyə qoşulmağa qərar
verməzdən öncə Rusiya təcrübəsi ilə
maraqlanıb. Rusiyada keçirilən və mahiyyətcə
eyni olan müsabiqənin şərtləri ilə
tanış olub. Deyəsən, şərtlər bir az
gözünü qorxudub. Lakin daha böyük miqyasda keçirilən,
daha çox şərtləri əhatə edən və
çoxmərhələli Rusiya qaydalarının əksinə
olaraq, Azərbaycanda şərtləri nisbətən sadə
hesab edən R.Rzayevin ilk mərhələdən sonra
özünə inamı artıb. Müsabiqənin ədalətli
keçirildiyinə isə elə həmin mərhələni
aşandan sonra inanmağa başlayıb: “Müsabiqə şərtləri
çox aydın qoyulduğundan bu meyarlarla üzərimizə
düşənin nə olduğunu müəyyənləşdirdim.
Tədris prosesində insan və cəmiyyət, Konstitusiya,
dünya və Azərbaycan tarixi üzrə dərslər
aparırıq. Müsabiqədə bu sahələrdən istədiyimizi
seçməyimiz üçün tam imkan verilirdi. Təbii
ki, Azərbaycan tarixini seçdim. Hər şey yaxşı
keçdi, bütün mərhələləri uğurla
başa vurdum və qalib oldum”.
R.Rzayevin fikrincə, bu
cür müsabiqələrin keçirilməsi təqdirəlayiq
haldır: “Müəyyən zaman kəsiyində
sıxılmış vəziyyətdə olmuşuq. Müasir
texnologiyalarla ayaqlaşmaq üçün öz üzərimizdə
işləmişik. Bu proses isə narahatlıq və həyəcanla
keçib. Ancaq indi özümüzə inam yaranıb. Bunda
isə dövlətin qayğısının və bir
sıra addımlarının böyük rolu olub. Həmin addımlardan
biri də bu müsabiqədir”.
Rüfət müəllim
mükafat olaraq ona veriləcək 5 min manatı müxtəlif
istiqamətlər üzrə xərcləmək niyyətindədir:
“Bu pulun bir hissəsinə müəyyən texniki
avadanlıqlar almaq niyyətindəyəm. Qalan hissəsini isə
qonşu ölkələrə səfərlər edərək,
onların tarixi yerlərini görmək istiqamətində xərcləyəcəyəm”.
Ruhiyyə DAŞSALAHLI
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2009.- 7 oktyabr.- S.5.