40 il əvvəl Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ölkəmizin XX əsr taleyinin ən uğurlu hadisəsi idi

 

Müsəlman aləmindəki şəxsiyyətləri dünya heç də asanlıqla tanımır, qəbul etmir. Heydər Əliyevin dahiliyi onda idi ki, Onu bütün dünya qəbul etdi, tanıdı

1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...

“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə Ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə sabiq milli təhlükəsizlik naziri, istefada olan general-polkovnik, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovdur:

- Cənab səfir, Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınızı necə xatırlayırsınız?

- Müsahibəmizə ön sözlə qısa keçid verməyi zəruri hesab edirəm: Heydər Əliyev XX əsrin fövqəl şəxsiyyətlərindən olub, ölkənin tarixində silinməz izlər qoyub - bu izlər nəinki yaşadığımız illərdə, Azərbaycanın yaxın və uzaq gələcəyində də taleyüklü seçimləri istiqamətləndirəcək, nurlandıracaqdır.

Vətənə xidmətin Heydər Əliyev məktəbini keçmiş minlərdən biri kimi mən də fəaliyyətimin həmin dövrünü sonsuz iftixar hissi ilə xatırlayır, xüsusilə də, müstəqilliyi bərpa olunandan sonra ölkə üçün ən ağır illərdə Onun bilavasitə rəhbərliyi altında işləməyimdən qürur duyuram. Bu gün böyük minnətdarlıq hissi ilə xatırlayıram ki, mənim dünyagörüşüm və siyasi baxışlarım, idarəçilik üslubum məhz Heydər Əliyev şəxsiyyətinin təsiri altında formalaşmışdır. O, yenilməz zəka sahibi özünəməxsus sadəliyi və səmimiyyəti ilə insanların qəlbinə nüfuz edir, inandırır, Vətən üçün zəruri işlərə səfərbər edirdi. Bu prosesdə qayğı və etimad adekvat tələbkarlıqla müşayiət olunurdu.

Heydər Əliyevlə təmasda olduğum bütün illər ərzində Onun tərəfindən daim yüksək diqqət və sonsuz inam görmüşəm. Bəlkə də bu diqqət kənardan bəzilərinə həddən ziyadə görünür və təxminlər yaradırdı ki, mənim Onunla qohumluq əlaqələrim var. İş o yerə çatmışdı ki, bu sual Moskvada - Dövlət Təhlükəsizliyi Komitəsində də maraq doğurmuşdu.

Aydın olsun deyə xatırlatmalıyam ki, ötən əsrin 80 və 90-cı illəri Heydər Əliyevin həyatının ən gərgin və ziddiyyətli dövrlərindən olub: Azərbaycan SSR Kommunist Partiyası (KP) Mərkəzi Komitənin (MK) birinci katibi vəzifəsində ölçüyəgəlməz fəaliyyəti sayəsində keçmiş ittifaq miqyasında qazandığı yüksək nüfuz, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi və az bir zaman kəsiyində yeni miqyaslarda, o cümlədən, dünya çapında zəkası ilə bir Şəxsiyyət kimi parlaması nəticəsində Heydər Əliyev həm respublikada “sapı özümüzdən olan baltalar”ın, həm də Kremldəki bədxahların, o cümlədən, Mixail Qorbaçovun gəlişi ilə xalqımıza qarşı təxribatlar üçün daha münbit imkanlar əldə etmiş erməni lobbisinin şiddətli hücumlarına məruz qaldı, Onu nüfuzdan salmaq üçün minbir fitnə-fəsada əl atıldı. Bu durum Heydərsevənlərin ciddi narahatlığına səbəb olmuşdu. Belə bir vaxtda, 1987-ci ilin oktyabrında məni Mərkəzə - DTK sədrinin kadrlar üzrə müavini B.Pirojkovun yanına dəvət etdilər və o, söhbət əsnasında “sözgəlişi” soruşdu ki, Heydər Əliyevlə qohumluq əlaqələrim varmı?  Cavabım emosional oldu: - “Yoxdur. Bunu yoxlamaq DTK üçün problem deyil. Amma varsa - fəxr etməli, yoxsa xəcalət çəkməliyəm? Əgər xəcalət çəkməliyəmsə, yaxınlaradək Siyasi Büronun üzvü olmuş bir Şəxsiyyətin hansı əməlinə görə?”. Təbii ki, deyilənlər xoşa gəlmədi və sonrakı üç ildən artıq bir müddət ərzində - keçmiş sovetlər ittifaqı dağılanadək xidmətimi Uzaq Şimalda - Murmansk vilayətində davam etdirməli oldum.

V.Pirojkov söhbətimizin sonunda qeyri-rəsmi bildirdi ki,  Əbdülrəhman Vəzirov (Azərbaycan SSR KP MK-nın keçmiş birinci katibi-red.) məndən şikayət edib - guya Heydər Əliyevin respublikada hakimiyyətə qayıtması istiqamətində iş aparıram, Mərkəz respublika başçısının rəyinə etinasız qala bilməz və mən ya istefaya çıxmalı, ya da ölkənin (SSRİ-nin -red.) istənilən bölgəsinə eyni səviyyəli vəzifəyə uzunmüddətli ezamiyyətə getməli - respublikadan çıxmalıyam. Az sonra məlum oldu ki, ancaq Uzaq Şimala uzunmüddətli ezamiyyət mənə Bakıdakı mənzilimi saxlamaq hüququ verir, başqa yerləri seçsəm mənzilimi təhvil verməliyəm, qayıdanda dövlətdən yeni mənzil ala bilərəm. Ailə “məşvərətində” şəhərin mərkəzindəki mənzilimizin təhvil verilməsi istisna olundu, yığışıb Murmanska getdik. Bunu, yeri gəlmişkən, xatırlatdım.

İndi qayıdaq Sizin ilk sualınıza. Mən Ümummilli liderimizi birinci dəfə 1969-cu ilin yayında Bakı su kəmərinin birinci növbəsinin açılış mərasimində görmüşəm. Heydər Əliyev Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə yenicə təyin olunmuşdu. Açılışla əlaqədar 2 saata yaxın nitq söylədi, respublika iqtisadiyyatının o vaxta olan durumunu ətraflı təhlil etdi: saysız adlar, rəqəmlər, faktlar. Yaxın aylarda görülməli işlərə geniş yer verdi. Hamı heyranlıqla qulaq asırdı. Mənə isə bütün bunlar möcüzə kimi gəlirdi: o vaxtlar Abşeron rayon partiya komitəsində şöbə müdiri işləyir və rəhbərlik üçün məruzələri mən hazırlayırdım deyə prosesin çətinliklərinə çox yaxşı bələd idim - faktlar və rəqəmlərin düzümü, fikir və dəlillərin məntiqi ardıcıllığı, vurğuların yeri, ahəngi və sair. Əgər mən şəxsən bu nitqi radio ilə dinləsəydim inanmazdım ki, yazılı mətndən oxunmur. Beləliklə, həmin gün mərasimə toplaşmış yüzlərlə insan nadir zəka sahibini ilk dəfə özü üçün kəşf etdi. Əvvəllər qapalı təşkilatda - Dövlət Təhlükəsizliyi Komitəsində - işləyirdi deyə ictimai tədbirlərdə nadir hallarda görünən Heydər Əliyev çox qısa müddət ərzində kütlələr arasında ən çox olan, zavod və fabriklərdə, tarlalarda, elm və təhsil müəssisələrində vəziyyətlə bilavasitə maraqlanan, xalqının problemləri ilə yaşayan, qəlbinin bütün hərarətini ona verən və hədsiz sevilən bir liderə çevrildi.

Bu gün Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyi ilə əlaqədar danışırıq. Həmin 40 ilin 25 ildən çoxunu bu və ya digər formada Ulu öndərin rəhbərliyi altında işləmişəm. Bu dövr həyat və fəaliyyətimin ən mənalı, ən məhsuldar dövrü olub və ömrümün sonunadək mənim üçün qürur mənbəyi olaraq qalacaqdır.

O, zəruri olanı hamıdan tez və dürüst görür, düzgün qərarlar qəbul edirdi

- Siz ilkin ixtisasca jurnalistsiniz. Bəlkə elə həmin o heyranlıq hisslərinin nəticəsi idi ki, sonradan “çekist” oldunuz?

- Bunun da Heydər Əliyevlə bağlı çox maraqlı bir tarixçəsi vardır. Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirib bir müddət “Abşeron” qəzetində çalışdım, 1969-cu ildə partiya işinə keçdim: şöbə müdiri, daha sonra ikinci katib işlədim, 1977-ci ildə Moskvadakı İctimai Elmlər Akademiyasında oxumaq üçün ərizə verdim. Buraya keçmiş SSRİ-nin hər respublikasından iki ildə bir namizəd göndərilirdi. Müsabiqədən keçəndən sonra Mərkəzi Komitəyə birinci katibin yanına söhbətə dəvət olundum. Həyat və fəaliyyətimin sonrakı axarında əsaslı dönüş məhz elə bu görüş əsnasında qoyuldu. Heydər Əliyev məni təbrik edəndən sonra yenidən təhsil almaq qərarımın səbəbləri ilə maraqlandı. Etiraf etdim ki, artıq 15 ildir ali təhsilimi başa vurmuşam, son vaxtlar dövrün tələbləri ilə ayaqlaşmadığımı, xeyli yeni bilgilərə ehtiyacım olduğunu hiss edirəm. Etirafım Onu məmnun etdi və gözləmədiyim bir təklif verdi: “Artıq seçilmisən və özünü Akademiyanın müdavimi hesab edə bilərsən. Amma mən sənə Moskvada tamam başqa təmayüllü bir təhsil ocağına getməyi məsləhət görürəm”.

Ani şaşqınlıq keçirdim: 37 yaşdan sonra peşəni dəyişmək çətin olmazmı? Dərhal da razılıq verdim. Əgər Heydər Əliyev məsləhət bilirsə, demək belə də olmalıdır. Çünki O, zəruri olanı hamıdan tez və dürüst görür, düzgün qərarlar qəbul edirdi. O vaxt üçün hakimiyyətdə olduğu 8 il ərzində Heydər Əliyev artıq xalqın şəksiz inamını və sonsuz məhəbbətini qazanmışdı.

Qəbul bir saatdan artıq çəkdi. Heydər Əliyev 30-50-ci illərin faciələrini, xalqın genefonduna vurulmuş sarsıdıcı zərbələri böyük ürək ağrısı ilə xatırladı. Başlıca səbəblərdən biri kimi respublikanın idarə qurumlarında, o cümlədən, inzibati, xüsusilə də, təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışanların əksəriyyətinin xalqımızın zəngin tarixi keçmişinə, adət - ənənələrinə, bütövlükdə mentalitetinə bələd olmayan və hörmət etməyən gəlmələrdən ibarət olmasını göstərdi. Qəbuldan tamam başqa əhval-ruhiyyə ilə çıxdım, həmin günün təəssüratları ömrümün sonundək mənimlə qalacaqdır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, habelə, Moskvada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə doğma Vətəni və xalqı üçün etdikləri barədə çox deyilmişdir. Bu sırada xalqımızın əsrlər boyu bəşər sivilizasiyasına verdiyi möhtəşəm şəxsiyyətlərin dünya çapında tanınması və lazımınca dəyərləndirilməsi üçün, ölkənin ictimai-siyasi, mədəni, elmi, texniki, iqtisadi fəaliyyət sahələri üçün dövrün tələbləri fövqündə dura biləcək milli kadrlar yetişdirilməsi istiqamətində gördüyü işlər xalqımızın tarix yaddaşında ədəbi yaşayacaqdır.

Onun üçün başlıca meyar ətrafındakı hər kəsin amalı və niyyətinin saf olması idi

- Bəs ümumiyyətlə, Heydər Əliyevlə işləmək çətin deyildi ki?

- Bu suala cavab bir kəlmə ilə belə ifadə oluna bilər: şərəfdi! Lakin bu heç də o demək deyil ki, çətin deyildi. Rəhbərimizin yaxın ətrafındakılar yaxşı bilirdilər: hər kəlmənin, hər təklifin, hər qərarın üçün Onun qarşısında ciddi məsuliyyət daşıyırsan. Hər hansı problemlə bağlı mümkün sualları öncədən proqnozlaşdırmalı, qənaətləndirici cavablar, optimal təkliflər hazırlamalısan. Ümummilli liderimiz səbrlə səhvləri anladar, tövsiyələrini verərdi, müəyyən həddə qədər bağışlayardı. Onun üçün başlıca meyar ətrafındakı hər kəsin amalı və niyyətinin saf olması idi.

Heydər Əliyevin həyat və fəaliyyəti xalqımız üçün canlı örnəkdir. Respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycan o vaxtadək görünməmiş tərəqqi yolu keçdi, İttifaq miqyasında fərqləndirildi, nümunə göstərilməyə başladı. Burada 1965-ci ildə Moskvada başıma gəlmiş bir əhvalatı danışsam lap yerinə düşər. Yaşlı nəsil yaxşı xatırlayır ki, o vaxtlar Moskva, əslində, ümumittifaq bazarı idi. Buraya ölkənin bütün respublikalarından ərzaq və sənaye mallarının alış-verişinə gəlir, saatlarla növbəyə dayanır, bu növbələrdə hər gün mübahisələr, gərginliklər yaşanardı. Bir gün mağazada növbəyə dayanmışdım. 15-20 dəqiqəliyə uzaqlaşıb qayıdanda növbəyə buraxmaq istəmədilər, hiddətlə - “bu gürcülərin həyasızlığına nə vaxt son qoyulacaq?!”- deyə qışqırmağa başladılar. Yaxşı ki, bizi növbədə duranlardan tanıyanlar tapıldı, problem çözüldü. Amma o vaxt növbədə heç kəsi başa sala bilmədik ki, biz gürcü deyilik, azərbaycanlıyıq, Bakıdanıq. Nə millətimizi, nə də ki, paytaxtımızı tanıyan tapılmadı.

İndi isə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk 12 ilinə qısa nəzər salaq: Bakıda o dövr üçün möhtəşəm kondisioner zavodu fəaliyyətə başladı, az vaxt ərzində Bakıda istehsal olunan kondisionerlərin sorağı nəinki ittifaqın hər yerindən, yaxın və uzaq xarici dövlətlərdən gəldi; Yeni Bakı Neftayırma Zavodunda Almaniyadan gətirilmiş “ELAU AVT” neft emalı qurğusunun işə salınması o vaxtlar “qara şəhər” kimi tanınan ərazilərdə xeyli köhnə zavodun bağlanması və sökülməsinə imkan verdi, Bakı Elektron-hesablama maşınları zavodu tikildi, respublikanın dörd tərəfinə aparan magistral yollar çəkildi, yeni metro stansiyaları, C.Naxçıvanski adına hərbi məktəb açıldı, Bakının və respublikanın rayon mərkəzlərinin siması köklü surətdə dəyişdi, yeni infrastrukturlar yaradıldı...

Heydər Əliyev respublikada ilk dəfə hakimiyyətdə olduğu illərdə Azərbaycana Ümumittifaq Sosializm Yarışının 12 Keçici Qırmızı Bayrağını gətirtdi, o vaxtlar bu fövqəl bir hadisə idi və Azərbaycanı bütün ittifaqın diqqət mərkəzinə çəkmişdi. Artıq hüdudlarımızdan kənar yerlərdə özümüzü təqdim edəndə bazarların yox, zəhmətkeş və istedadlı bir xalqın təmsilçisi kimi qəbul olunurduq.

Bütün bu və digər nailiyyətlər Heydər Əliyevin yenilməz istedadı və titanik əməyinin nəticəsi idi. Bu dövrün ətraflı təhqiqi və elmi-kütləvi janrda xalqa çatdırılması yaşlı nəslin, o cümlədən, Onun silahdaşı olmuş şəxslərin yaddaşında həmin dövrün xoş xatirələrini canlandırar, gənc nəslin Ümummilli liderin nümunəsində tərbiyəsi işinə əvəzsiz töhfə olardı.

1982-ci ildə Heydər Əliyev Moskvaya - ittifaqın ən yüksək vəzifələrindən birinə - xalqımızın Ümummilli lideri kimi getmişdi. Respublikaya rəhbərliyin ikinci dövründə də Heydər Əliyev bir sıra çətin sınaqlarla üzləşib. Ölkədə vətəndaş müharibəsi reallığa çevrilmişdi, daxildən və xaricdən səngiməyən təhdidlər müstəqilliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Xüsusilə də, 1994-1996-cı illərdə sutkanın 24 saatı təşvişli xəbərlər alır, elə olurdu ki - gecə yaxud gündüz olsun - təxirə salmadan Prezidenti məlumatlandırır, ondan göstərişlər alır, yaxud gecəyarı Prezidentin qapalı telefonla sorğularını cavablandırırdıq. Elə məqamlar olurdu ki, hansısa məlumatla əlaqədar dərhal, təxirə salınmadan tədbirlər görülməli idi və görülürdü. Belə vaxtlarda günlər və həftələrlə sutkada 2-3 saat gözünün acısını almaqla Prezidentin əmrlərinə müntəzir olmaq çətindimi? Ölkə üçün qanlı-qadalı həmin illərdə Vətənə və xalqa xidmətin Heydər Əliyev üslubunu birmənalı qəbul edir, bu işdə Onun tapşırıqlarının icraçısı olmaqdan qürur duyurduq.

Dağlıq Qarabağ münaqişəsinin ssenarisi erməni lobbisinin təsiri altında olan Kremldə və SSRİ DTK-da hazırlanmış, icra edilmişdir

- Biz artıq müstəqillik illərindən danışırıq. Lakin yenidən dövlət müstəqilliyinin qazanması Azərbaycana heç də ucuz başa gəlmədi. Torpaqlarımız işğala məruz qaldı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Çoxsaylı terror aktları, dövlət çevrilişi cəhdləri... Həmin illəri necə xatırlayırsınız?

- Bu suala bir qədər geniş şəkildə cavab vermək istəyirəm. Öncə onu deməliyik ki, zəngin sərvətlərə malik Azərbaycan torpaqları tarix boyu dünyanın aparıcı dövlətlərinin iqtisadi, coğrafi-strateji maraqlarının mərkəzində olub, zaman-zaman istilalara məruz qalıb, bölünüb, talanıb. XX əsrdə dövlətçilik tariximizin möhtəşəm dönəmlərinə qayıtmaq, müstəqillik qazanmaq üçün iki fürsət düşmüşdü: I Dünya müharibəsində uğursuzluqlar nəticəsində Çar Rusiyasında 1917-ci ilin noyabrında bolşevizm hakimiyyətə gəlmişdi, Azərbaycanda bu durumdan yararlanan mütərəqqi qüvvələr 1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik Respublika elan etmiş, müstəqil dövlətçilik quruculuğunda çox uğurlu addımlar atmışdılar. Lakin Rusiya bu itki ilə heç vəchlə razılaşa bilməzdi-1920-ci ilin aprelində XI Qızıl ordusunu göndərib gənc demokratik təsisatı qanında boğdu və yenidən bu məkanda bərqərar oldu.

Xalqımız müstəqilliyə qovuşmaq imkanını ikinci dəfə 70 ildən artıq bir müddət keçəndən-sovetlər birliyi dağılandan sonra əldə etdi. Lakin bu ərəfədə də respublikada son dərəcə ağır ictimai-siyasi, iqtisadi durum mövcud idi. Təkrar da olsa, bir daha qeyd etməliyəm ki, məhz Mixail Qorbaçov Kremlə gələndən sonra Moskvada erməni lobbisinin ssenarisi üzrə Heydər Əliyevə, ittifaq miqyasında isə Azərbaycana və azərbaycanlılara qarşı nüfuzdan salmaq, aşağılamaq xətti götürülmüşdü və ardıcıl surətdə aparılırdı. Ermənilərin məkrli planlarının qarşısında duran ən böyük maneə məhz Heydər Əliyev faktoru idi və Ona qarşı artıq sözün tam mənasında “səlib yürüşü” başlanmışdı.

1986-cı ildə Moskvada növbəti ezamiyyət zamanı DTK sədrinin müavinlərindən biri söhbət prosesində respublikaya, o cümlədən, Heydər Əliyevin Azərbaycanda işlədiyi dövrə aid zahirən “neytral” suallarını təəccüblə qarşıladığımı görüb mənə çoxmənalı “dəyərlərin yenidən qiymətləndirilməsi prosesi gedir” dedi. Heydər Əliyev şəxsiyyətinə rəğbəti ilə mənə məlum olan aşağı rütbəli bir neçə rəhbər işçi isə bildirdi ki, ittifaqın çox yerindən Heydər Əliyevlə bağlı yüzlərlə şikayət məktubu gəlir. Bundan xəbərim yox idi, amma 1984-cü ildə erməni faşizminin ideoloqlarından olan yazıçı Zori Balayanın “Ocaq” kitabı Moskvada çap edilib ittifaq üzrə geniş yayılandan sonra ölkə miqyasında anti-Azərbaycan əhval-ruhiyyəsinin gücləndirilməsi prosesinin şahidi idim və bu prosesləri, xüsusilə də, Dağlıq Qarabağ və Ermənistan üzrə prosesləri, nəzarətimdə saxlayır, vaxtaşırı ümumiləşdirib Azərbaycan SSR KP Mərkəzi Komitəsinə və SSRİ DTK-ya arayışlar göndərirdim. Lakin nə Moskvadan, nə də Bakıdan buna adekvat reaksiya verilmirdi. Mən o vaxtlar bunun səbəblərini nəinki əməkdaşlarımıza, heç özümə də izah edə bilmirdim. Aydınlıq sonralar, şahidi olduğum əcaib olaylar artdıqca gəldi və 1995-ci ildən etibarən öz tribunalarımızdan dəfələrlə dediyim qənaətlərimi bu gün daha əminliklə təkrar edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin ssenarisi erməni lobbisinin təsiri altında olan Kremldə və SSRİ DTK-da hazırlanmış, icra edilmişdir.

Əyanilik üçün bir neçə epizodu qısaca şərh edim. 1988-ci ilin fevralı idi. Xankəndidəki durum barədə həyəcanlı məlumatlar artırdı. Mərkəzi Komitəyə birinci katib Kamran Bağırovun köməkçisinə zəng edib (o vaxt komitənin sədri Ziya Yusifzadə məzuniyyətdə idi deyə, onu əvəz edirdim) təcili qəbula gəlmək istədiyimi bildirdim. Az sonra qəbulda oldum və məruzəmi qətiyyətli təkliflə tamamladım ki, respublika rəhbərliyinin təxirə salınmadan Xankəndiyə gedib prosesləri nəzarətə götürməsi zərurəti yaranmışdır. Kamran Bağırov ikinci katibə zəng edib təklifimi ona çatdırdı. V.Konovalov razılaşmadı ki, bəs DTK həmişə faktları şişirdir, Dağlıq Qarabağdan onun məlumatları var və təşviş üçün heç bir əsas görmür. Mən məruzəm üçün məsuliyyət daşıdığımı bildirdim. Həmin gün Konovalov, Mərkəzi Komitənin inzibati orqanlar şöbəsinin müdiri Məmməd Əsədov və digər rəsmilər Xankəndiyə yollandılar.

SSRİ DTK-nın Azərbaycanda ancaq özünə məlum olan və respublikadan gizli saxlanılan agentura şəbəkəsi var idi

- Baş verən bu hadisələrə paralel olaraq, Sumqayıtda da gərginlik getdikcə artır, erməni təxribatları daha geniş vüsət alırdı...

- Sumqayıtda kütləvi iğtişaşlara cəhdlər qeydə alınırdı. Moskvadan xüsusi reyslə SSRİ DTK sədrinin birinci müavini F.Bobkov böyük bir qrupla Bakıya gəldi. Komitədə bütün fəaliyyət sahələri üzrə rəhbərliyi özü ilə gətirdiyi şəxslərə həvalə etdi. Köməkçisi də mənə yanaşıb bildirdi ki, F.Bobkov şəhərə çıxanda bizim məxfi müşahidə qrupu onu müşayiət etməsin. Deməli onun özü ilə Moskvadan gətirdiyi qrup bizim komitənin perimetri üzrə yerləşdirdiyimiz məxfi müşahidəçiləri artıq görmüş və məlumat vermişdilər. Biz həmin əməkdaşlarımızı onu mümkün təhlükələrdən qorumaq üçün hər ehtimala qarşı düzmüşdük. Bobkova isə lazımmış ki, onun şəhərdə getdiyi ünvanlar, görüşdüyü adamlar bizə məlum olmasın. O vaxt bu faktdan yeganə məntiqi qənaətim belə oldu ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycanda ancaq özünə məlum olan və respublikadan gizli saxlanılan agentura şəbəkəsi var idi və ölkədaxili proseslərlə əlaqədar, hətta yerli yüksək rəhbərliyə də məlumat verilmirdi. Yəqin ki, bu sırada Azərbaycan yeganə respublika deyildi.

Fevralın 22-də günortadan sonra Sumqayıtda kütləvi iğtişaşların başlanması barədə məlumatlar gəldi və Bobkov öz dəstəsi ilə oraya yollandı, şəhər Partiya Komitəsinin binasında yerləşdi.

Birinci katib Cahangir Müslümzadə məzuniyyətdə idi - geri çağırılmasına razılıq vermədi, burada da şəhərin bütün əlaqəli orqanlarına rəhbərliyi gətirdiyi dəstəyə tapşırdı. Az keçmiş yaxınlıqdakı hissələrdən hərbi qüvvələr və texnika gətirilib  PK-nın binasının qarşısındakı meydana cəmləşdirildi. Qaranlıq düşəndə Sumqayıtda erməni evlərinə basqınlar, yanğınlar başladı. Bizim məxfi müşahidə qrupları hadisə yerlərindən mənə məlumatlar verir, mən həmin məlumatları dəqiq ünvanları göstərməklə məruzə edir, bir müddət sonra binanın qarşısındakı hərbçilər arasında canlanma əmələ gəlirdi, texnika işə salınırdı. Təsəvvür yaranırdı ki, bu böyük qüvvə indicə hadisə yerlərinə gedib cinayətlərin qarşısını alacaqdır. Bir neçə dəfə belə görüntülər yaradıldı, hərbi qüvvələr isə şəhərdə sakitlik yaranandan sonra göstərilən ünvanlara göndərildi - cinayətlər və qurbanlar barədə məlumatların toplanması və sənədləşdirilməsi üçün. Sabahısı dünyanın kütləvi informasiya vasitələri Sumqayıtda ermənilərə tutulan divan barədə məlumatlar, kütləvi iğtişaşların video çəkilişlərini yayımlayırdılar. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin müəlliflərinə azərbaycanlıların Ermənistandan böyük zülmlərlə qovulması, ərazilərimizin işğalı, Xocalı faciəsinin törədilməsinə, dünya miqyasında Azərbaycana, bütövlükdə xalqımıza qarşı mənfi ictimai rəyin formalaşdırılması üçün lazım idi.

Həmin gecə Bobkov iqamətgahına qayıtdıqdan sonra məlumat verdilər ki, bizim Xankəndində olan məxfi müşahidə qrupumuz qayıdıb və çox maraqlı video materiallar gətirib. Bobkova məruzə etdim və o, dərhal məlumatlara baxmaq istədi. Videoçəkilişlər Xankəndində Vilayət Partiya Komitəsi binasının qarşısındakı meydanda keçirilən izdihamlı mitinqdən gizli vasitələrlə çəkilmişdi. Həmin mitinqdə V.Konovalovun təhqirlərlə qarşılandığı və fitə basılması əks olunmuşdu.

Maraqlısı isə o idi ki, ehtirasların ən şiddətli məqamında meydana təcili tibbi yardım mikroavtobusu daxil olur, izdihamın mərkəzinə çatanda dayanır, sürücünün yanında oturmuş “tibb bacısı” toplaşanlara üz tutub avtobusun içindəki qana bulaşmış cəsədləri göstərərək vay-şüvən qoparır ki, Ağdamda erməniləri qırdılar. Elə bu vaxt “cəsədlərdən” biri hərəkətə gəlir, avtobusun qapısını açıb kütləyə müraciətlə, sərxoş nidalarla nələrsə qışqırmağa başlayır. Mitinqin təşkilatçıları bir anlığa şok keçirirlər, sonra sərxoş “qurbanı” salona itələyib qapını bağlayırlar və mikroavtobus meydandan uzaqlaşır. Bobkovun göstərişi ilə köməkçisi videokasetləri bağlamaya qoyub möhürlədi, tapşırdı ki, həmin bağlamanı səhər ilk reyslə Moskvaya göndərək.

Evlərimizə dağılışdıq, amma gözümə yuxu getmədi. Gecə zəng edib o vaxtlar Mərkəzi Komitədə 5-ci şöbənin rəisi işləyən Rafiq Sadıqovu işə çağırdım və biz səhərə qədər Bobkova raport hazırladıq. Xankəndidə çəkilmiş kadrlar əyani surətdə onu göstərirdi ki, Dağlıq Qarabağ münaqişəsi qabaqcadan hazırlanmış ssenari üzrə idarə olunur, hər iki xalq süni surətdə nahaq qanlara sürüklənirdi. Təklif etdik ki, təxirə salmadan həmin “tibb bacısını” saxlayıb araşdırmalar aparaq, lentə alınmış təxribatın təşkilatçılarını müəyyənləşdirib istintaqa cəlb edək, bütün bu prosesləri də lentə alaq, toplanmış materiallar əsasında publisistik veriliş hazırlayıb ittifaq televiziyası ilə nümayiş etdirək, həm sovet xalqı, həm də bütövlükdə bəşəriyyət real faktları riyakar erməni təbliğatı ilə yan-yana qoyub düzgün nəticələr çıxarsınlar.

Səhər tezdən raportumu Bobkovun köməkçisinə verib çox xahiş etdim ki, mümkün qədər qısa müddətdə onu rəhbərliyə çatdırsın, çünki biz təcili sanksiya istəyirik. Nə həmin gün, nə sonrakı günlər, nə də Bobkov Moskvaya qayıdandan sonra müraciətlərimizə heç bir reaksiya verilmədi, köməkçisi hər dəfə bildirdi ki, raportumuza hələ baxılmayıb. Hadisələr isə surətlə davam edir, ermənilər yeni-yeni “xallar” toplayırdılar...

1990-cı il qanlı 20 Yanvar faciəsi ilə əlaqədar Heydər Əliyevin səhərisi gün Moskvadakı Azərbaycanın Daimi nümayəndəliyinə gələrək verdiyi bəyanat faciə üçün bilavasitə məsuliyyət daşıyan Mixail Qorbaçov güruhuna qarşı ən qətiyyətli və ən sərt ittiham idi. Sovetlər birliyi dağılandan sonra bütün postsovet məkanında yaranmış xaotik vəziyyətdə Azərbaycana qarşı hər cür məkrli niyyətlər üçün əlverişli şərait yarandığını görən Ümummilli liderimiz xalqı ilə birlikdə olmağa qərar verdi: Vətənə qayıtdı, sonrakı illər bu qərarın da yeganə düzgün seçim olduğunu göstərdi, Heydər Əliyev uzaqgörənliyinin daha bir sübutu oldu.

Azərbaycanın yenidən dövlət müstəqilliynə qovuşması üçün Moskvadan gözlənilən təhlükələr məlum idi. Lakin 70 il ərzində Sovet İttifaqının “dəmir pərdəsi” arxasında yaşayan Azərbaycan birdən-birə dünyaya açılmışdı və bu məkanda maraqları olan bütün aparıcı dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyəti meydanına çevrilmişdi. İlk illərdə respublikada (əsasən Bakıda) yaradılmış 50-dən artıq partiya, beynəlxalq qurumların saysız təsisatlarının məqsədi, əslində, ölkədəki durumla əlaqədar məlumatlar toplamaq və kütlələri öz maraqları dairəsində idarə etmək idi. O vaxtlar Azərbaycandakı ictimai fəal qüvvələr bir neçə şərti qrupda cəmləşirdi. Rusiyapərəstlər, amerikapərəstlər, türkiyəpərəstlər, iranpərəstlər və s. 1993-cü ilə qədər respublika rəhbərliyində olmuş Ayaz Mütəllibov, Yaqub Məmmədov və Əbülfəz Elçibəy bu qruplardan hansınınsa maraqlarına pərdəli və ya aşkar şəkildə üstünlük verirdilər. Hakimiyyət uğrunda mübarizə bu və ya digər formada bütün bu partiyalar, eləcə də, hakimiyyət daxilindəki qruplaşmalar arasında gedir və get-gedə güclənirdi. Ölkədə vətəndaş müharibəsi gündən-günə reallığa çevrilirdi.

Əbülfəz Elçibəy şəxsən Heydər Əliyevi hakimiyyətə dəvət etdi və Naxçıvana onun ardınca öz təyyarəsini göndərdi

- Belə bir şəraitdə xalq öz nəzərlərini yenidən Heydər Əliyevə yönəltdi. Xalqın xilaskar oğlu da Ona olan ümidləri doğrultdu...

- Küçə və meydan mitinqlərində ən çox “Heydər Əliyev! Gəl, xalqı bu bəladan qurtar!” şüarları yazılmış plakatlar diqqət mərkəzində idi. Əbülfəz Elçibəy şəxsən Heydər Əliyevi hakimiyyətə dəvət etdi və Naxçıvana Onun ardınca öz təyyarəsini göndərdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü ildən 1998-ci ilədək hər il bir yaxud iki dövlət çevrilişi cəhdi olmuşdu. Bu cəhdlərin əksəriyyətinin ssenarisi Prezidentin fiziki məhvindən başlamağı nəzərdə tuturdu. İlk cəhd elə 1993-cü ildə Heydər Əliyev hələ Milli Məclisin binasında işləyərkən baş vermişdi. İkinci təşəbbüs daha əsaslı hazırlanmışdı və Heydər Əliyev 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”ni imzalayandan sonra icrasına başlanmışdı: sentyabrın sonunda, bir gecə ərzində Milli Məclisin sədri Afiyəddin Cəlilov və Prezidentin Xüsusi İdarəsinin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Ardınca daxili işlər nazirinin müavini Rövşən Cavadov öz adamları ilə Respublika Prokurorluğunu tutdu, yaxınlıqdakı yaşayış binalarından birini özü üçün qərargaha çevirdi. Prezident Heydər Əliyev o vaxt ABŞ-da idi, BMT Baş Məclisinin növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka getmişdi. Təşvişli məlumatlar Onu ciddi narahat etmişdi və O, təcili surətdə respublikaya qayıtmaq qərarına gəlmişdi. Bu ərəfədə Rövşən Cavadovun yaxın çevrəsindən “üsyançı komandirin” niyyəti barədə məlumat almışdıq: Heydər Əliyev ya Azərbaycana qayıda bilməyəcək, qayıtsa da aeroportdan o yana keçə bilməyəcək - öldürüləcəkdi. Bu məlumatları təcili ABŞ-a çatdırdıq. Prezident başqa marşrutla Bakıya qəfil gəldi və proseslərin gedişatını öz nəzarətinə götürdü...

Rəsul Quliyev bazanın vertolyotlardan raket atəşinə tutulmasını təklif etdi

... Sonrakı günlər, xüsusilə də, oktyabrın 4-dən 5-nə keçən gecə müstəqilliyimiz üçün çox ağır sınaq günləri olmuşdu. Rövşən Cavadovla danışıqlar nəticə vermirdi, oktyabrın 3-də öz dəstəsi ilə komandiri olduğu Xüsusi Təyinatlı Polis Dəstəsinin 8-ci kilometr qəsəbəsindəki bazasına getdi, tərəfdarları da oraya axışmağa başladı. Müdafiə Nazirliyindən göndərilmiş hərbi qüvvə və texnika-BTR-lərin hamısı qiyamçıların tərəfinə keçdi. Ayın 4-də axşam növbəti müşavirəyə toplaşdıq. Heydər Əliyev hər kəsin qiyamın yatırılması ilə bağlı təkliflərini dinləyir, lakin heç birini də qəbul etmirdi. Həmin təkliflərin hamısını deməyə lüzum görmürəm. Mənim fikrim belə idi ki, qiyamçıların hərbi texnikasının şəhər mərkəzinə yürüşünün qarşısını almaq üçün mümkün marşrutlarda iri dəmir-beton bloklardan maneələr yaradaq. Rəsul Quliyev bazanın vertolyotlardan raket atəşinə tutulmasını təklif etdi. Gecə qaranlığı, ətrafda çoxsaylı yaşayış binaları... Təklifi heç kəs bəyənmədi. Heydər Əliyev qısa fasilə üçün öz otağına keçdi və gecə saat 11 radələrində qayıdıb göstəriş verdi : “AzTV-ni dəvət edin!”...

Heydər Əliyevin xalqa müraciət qərarı yeganə düzgün qərar idi.

... Saat 12-yə qalmış Heydər Əliyev birbaşa yayımla xalqa dövlətçilik tariximizin məşhur müraciətini etdi:

- Əziz həmvətənlər, respublikanın müstəqilliyi, Prezidentiniz təhlükədədir, hamınızı Prezident Aparatının yanına dəvət edirəm!

Müraciət o zaman respublikada mövcud olan bütün kanallarla translyasiya olunurdu. Az keçmiş məlumatlar aldıq ki, şəhərin hər tərəfindən mərkəzə böyük axın var: gənclər, yaşlı insanlar, əliuşalqı qadınlar küçələrlə piyada irəliləyirlər. Göstəriş verildi ki, metro stansiyaları və avtobus parkları tam gücü ilə işləsin və vətəndaşların mərkəzə daşınması pulsuz olsun. Təqribən 2 saat ərzində Prezident Aparatı ətrafında - Filarmoniyadan tutmuş “Azneft” meydanınadək on minlərlə adam toplaşdı. Xəbər Rövşən Cavadova da çatdı və o, başa düşdü ki, artıq uduzub, özü gəldi meydana, tribunada Heydər Əliyevə yaxınlaşıb “mən Sizinləyəm” dedi. Beləliklə, həmin gün müvəqqəti də olsa, dövlətçilik üçün təhlükə sovuşdu.

O durumda Heydər Əliyevin xalqa müraciət qərarı yeganə düzgün qərar idi. Belə ki, müstəqilliyimiz bəyan olunandan sonra ötən 3 il ərzində ölkədə üç dəfə rəhbərlik dəyişmişdi. Həmin rəhbərlərin hər biri də dövlət idarə orqanlarına, o cümlədən, güc strukturlarına özünə münasib - çox vaxt təsadüfi- adamlar təyin etmişdi. Belə bir gərgin durumda onlara bel bağlamaq olmazdı. Xalqının sevgi və sədaqətinə isə zərrə qədər şübhəsi yoxdu: xalq sel kimi axib gəldi və Öndərinə sipər oldu. Yeri gəlmişkən, qeyd etməliyəm ki, həmin gecə Heydər Əliyevin müraciətinə respublikanın bütün rayonları ayağa qalxdı, nəinki o gecə, sonrakı günlərdə də küçə və meydanlarda Ümummilli liderə dəstək sədaları səngimədi.

Mən artıq 1997-ci ildən sonra, hər yeri düşəndə, milli təhlükəsilik naziri kimi qətiyyətlə bəyan edirdim ki, ölkənin nə daxilində, nə də hüdudlarından kənarda hakimiyyəti güc yolu ilə devirəcək qüvvə yoxdur. Amma bu da həqiqətdir ki, Heydər Əliyev barəsində terror planları sonralar da hazırlanmış, həmişə də puça çıxmışdır. Hər belə niyyətin arxasında hansısa xarici dövlətin maraqları dayanırdı. Konkret ünvanlar göstərməyə lüzum görmürəm. Onlar çoxlarına məlumdur. Bəs səbəbi nə idi? Güclü dövlətlərin maraqlarına münasib olmayan ölkə başçılarının daha münasibləri ilə əvəzlənməsi təcrübəsi çoxsaylı konkret misallarla təqdim oluna bilər. Amma bu “cəbbəxana”nın heç bir vasitəsi Heydər Əliyev barəsində işə yaramırdı. Onu heç bir şayiə, şər-böhtanla xalqının gözündə nüfuzdan salıb hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyildi - xalq Onu yetərincə tanıyır, Ona sonsuz inanır və sevir, Onunla hər fədakarlığa hazırdı.

Heydər Əliyevlə danışıqlar masası arxasında məqsədə Azərbaycanın mənafeləri hesabına çatmaq qeyri-mümkündü. Bir sıra taleyüklü problemlər ətrafında aylarla, illərlə aparılan müzakirələr sonda Heydər Əliyevin mümkün saydığı variantda həllini tapırdı. Bu sxemlər qarşı tərəfi heç cür razı sala bilməzdi. Bu Dahi şəxsiyyətin mövqeyini hər bir halda ancaq Azərbaycanpərəst mövqe kimi müəyyənləşdirmək mümkün idi.

Bir lider və siyasətçi kimi Onun barəsində xarici xüsusi xidmət orqanlarının rəhbər işçilərindən, siyasətçilərdən görüşlər prosesində çoxsaylı, mənə qürur verən səmimi rəylər eşitmişəm. Onlardan ancaq ikisini deyəcəyəm: “Heydər Əliyev bir rəssama bənzər. Onun yaratdığı əsərin çoxsaylı cizgilərinə görə sonda ortaya nə çıxacağını qabaqcadan müəyyənləşdirmək mümkün deyil. Ancaq axırıncı cizgilər əsərin məzmun və qayəsini ortaya qoyur”. “Onu kimsə bəyənə də bilər, bəyənməyə də. Ancaq çox güclü zəka və iradəyə malik şəxsiyyət olduğunu etiraf etməmək mümkün deyildir”.

Mən hesab edirəm ki, 40 il əvvəl Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ölkəmizin XX əsr taleyinin ən uğurlu hadisəsi idi. O, ömrünün bütün qalan hissəsini xalqına həsr etdi, onu odlardan-alovlardan keçirdi, nicat yolunu göstərdi və bu yolda onun yenilməz Öndəri oldu.

Heydər Əliyev hakimiyyətdə olduğu illərdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu oldu. Onun ölkə tarixində qoyduğu silinməz izlər, müsahibəmizin əvvəlində qeyd etdiyim kimi, Vətənin yaxın və uzaq gələcəyində taleyüklü seçimləri istiqamətləndirəcək, nurlandıracaqdır. Bu gün biz canlı şahidlərik ki, Heydər Əliyev işi yaşayır və böyük uğurlarla irəli aparılır. Bu gün Azərbaycan kosmik surətlə XXI əsrin ən yeni nailiyyətləri əsasında təkcə xarici görkəmini deyil, daxili məzmununu da dəyişdirir və təkmilləşdirir.

Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin qoyduğu təməl üzərində xalqı işıqlı gələcəyə inamla aparır.

 

 

Ruhun şad olsun Ulu öndər,

Allah Sənə rəhmət eləsin!

 

Səlim LOĞMANOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 10 oktyabr.- S.6-7.