Qərb və
Şərq ədəbi
ənənələrini yeni
yaradıcılıq üslubu
ilə tədqiq edən böyük alim
Bakıda görkəmli
şərqşünas alim Aida İmanquliyevanın 70
illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi Simpoziumu keçirilib
Oktyabrın 10-da
Bakıda, “Buta” sarayında XX əsrin görkəmli
şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru,
professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq
İbn Ərəbi Simpoziumu işə başlayıb.
Milli Elmlər Akademiyasının
və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi
Cəmiyyətinin təşkilatçılığı ilə
keçirilən simpoziumda dünyanın humanitar və ictimai
elmlər sahəsində aparıcı elm mərkəzləri
olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin,
Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar
İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir,
Böyük Britaniya, Türkiyə, İran, Suriya, Əlcəzair,
Latviya, Qazaxıstan və başqa ölkələrin
tanınmış alimləri, elmi ictimaiyyətin nümayəndələri,
habelə Azərbaycanın dövlət və hökumət
nümayəndələri, Milli Məclisin deputatları
iştirak ediblər.
Elmi tədbirdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı, alimin qızı Mehriban Əliyeva
iştirak edib.
Salonda
quraşdırılmış monitorlarda Aida
İmanquliyevanın mənalı ömrünün müxtəlif
məqamlarını əbədiləşdirən slaydlar
nümayiş olunub.
Simpoziumu giriş
sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
deyib ki, tədbir mədəniyyətlərarası dialoqun
davamıdır. Bu dialoq görkəmli şərqşünas
alim, gözəl insan və pedaqoq Aida İmanquliyevanın elmi
yaradıcılığının əsas mahiyyətini daha
mükəmməl öyrənməyə xidmət edir. Simpoziumun
professor Aida xanımın 70 illik yubileyinə həsr
olunmasında da dərin rəmzi məna var. Azərbaycan Şərqlə
Qərbin qovuşduğu məkanda yerləşdiyinə
görə həm Qərbi, həm də Şərqi qavramaq
üçün nadir imkanlar verir. Azərbaycanın ictimai həyatı
və mədəniyyəti həm Şərqin, həm də
Qərbin mütərəqqi ideya və dəyərlərini
özündə yaşadır.
Növbəti simpoziumun
Bakıda keçirilməsi ilə bağlı təklifi
eşidəndə bir qədər təəccübləndiyini
xatırladan İbn Ərəbi Cəmiyyətinin sədri
Qrenvill Kollinz deyib ki, biz Azərbaycanda İbn Ərəbi nəzəriyyəsini
araşdıran alimlərin olmadığını
düşünürdük. Ancaq sonradan məlum oldu ki, biz
haqlı deyilik. Azərbaycanda İbn Ərəbi
yaradıcılığı geniş tədqiq edilib. Bu istiqamətdə
görkəmli şərqşünas Aida İmanquliyevanın
xidmətlərini xüsusi qeyd etmək istəyirəm.
Akademik Aleksandr Kudelin
Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipovun təbrik
məktubunu oxuyub. Məktubda deyilir ki, simpozium dünyada
sivilizasiyalararası dialoqun məntiqi davamıdır. Əhəmiyyəti
olduqca böyük olan tədbirin gündəliyinə daxil
edilmiş mövzular XXI əsrdə Şərq ilə Qərb
arasında bərabərhüquqlu münasibətlərin təşəkkül
tapmasına xidmət edir. Simpoziumun görkəmli şərqşünas
Aida İmanquliyevanın xatirəsinə həsr olunması
alimin Azərbaycan elminə verdiyi töhfənin təsdiqidir. Aida
İmanquliyeva şərqşünaslıq elminə
böyük töhfələr verib, ərəb məhcər ədəbiyyatının
tədqiq olunmasında məxsusi xidmətləri olub.
Beynəlxalq simpoziumun
Bakıda keçirilməsinin görkəmli şərqşünas
Aida İmanquliyevanın 70 illik yubileyinə layiqli elmi töhfə
olduğunu diqqətə çatdıran Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar milli ədəbiyyatımızda
Şərq-Qərb dialoqu mövzusuna toxunub. Şərqdə
ilk dram əsərlərinin, ilk operanın, teatrın ölkəmizdə
yaranması Azərbaycanın həmişə Qərb dəyərlərini
və Şərq ruhunu birləşdirən bir məkan olduğunu
göstərir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin
paytaxtı elan edilməsi, bu istiqamətdə keçirilən
tədbirlər və elə bu simpoziumun özü sübut
edir ki, Azərbaycan indi də Şərq və Qərb mədəniyyətlərinin
inkişafına çalışır.
Azərbaycanda İbn Ərəbi
yaradıcılığının geniş tədqiq
olunmasını müsbət hal kimi qiymətləndirən
amerikalı professor Seyid Hüseyn Nasr görkəmli alim Aida
İmanquliyevanın xatirəsinə həsr olunmuş bu
simpoziumun əhəmiyyətini vurğulayıb.
İslam Konfransı Təşkilatı
Parlament Assambleyasının baş katibi professor Mahmud Erol
Kılıc qeyd edib ki, Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının
tədqiqinə böyük töhfələr verən
görkəmli Azərbaycan alimidir. Bu simpozium isə
insanlığın, Azərbaycanın, bütün elm
adamlarının xeyrinə xidmət edən bir tədbirdir.
Aida İmanquliyevanın
qızı, Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli
şərqşünasın şərəfli
ömür yolu, nəsil şəcərəsi, təhsili,
elmi, pedaqoji fəaliyyəti, təşkilatçılıq və
idarəçilik bacarığı haqqında
danışıb: “Uzun illər pedaqoji fəaliyyətlə də
məşğul olan Aida xanım Sovet İttifaqında və
Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas
yaradıcılarından biri idi. Aida xanım
İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi
geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində
Qərb və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcılıq üslubunun inkişafı və
yeni bədii cərəyanların təşəkkül
tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının,
həmçinin bütün yeni Şərq ədəbiyyatının
gələcəkdə tədqiqi üçün çox
mühüm zəmin yaratmışdır. Üç
monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər
birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının
korifeyləri”) və 70-dən artıq elmi məqalənin
müəllifi olan A.İmanquliyeva Şərq filologiyası
sahəsində yazılmış bir çox elmi əsərlərin
redaktoru olmuşdur. Aida xanımın doğulduğu,
böyüdüyü ailənin və gəlin gəldiyi
ocağın Azərbaycan xalqının ədəbi-mədəni
fikrində öz yeri və sanbalı vardır. Belə bir
mühit Aida xanımın ədəbi-elmi
yaradıcılıqla gərəyincə məşğul
olması üçün mənəvi zəmin
yaratmışdır”.
Sonra simpozium işini
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun direktoru professor İlham Məmmədzadənin və
İbn Ərəbi Cəmiyyətinin nümayəndəsi
xanım Sesiliya Tvinçin rəhbərlik etdiyi birinci
geniş iclasda davam etdirib. İclasda ABŞ-dan professor Ceyms
Morris, Rusiyadan professor İ.Lisak, Böyük Britaniyadan doktor
Ceyn Klark, Türkiyədən Mustafa Tahralı və Azərbaycanı
təmsil edən doktor Kamandar Şərifov məruzələrlə
çıxış ediblər.
Sonra simpozium işini
AMEA-nın Şərqşünaslıq İnstitutunun
direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın
və fransalı professor Denis Qrilin rəhbərlik etdiyi ikinci
geniş iclasda davam etdirib. İclasda akademik Vasim Məmmədəliyev
(Azərbaycan), professorlar Pol Ballafat (Fransa), Viktor Palleja de
Bustinza (İspaniya) və Tariq Çələbi (Misir) məruzə
ilə çıxış ediblər.
Həmin gün XX əsrin
görkəmli şərqşünas alimi, pedaqoq, filologiya
elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik
yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq
mənəvi dəyərlər, elmi-mədəni əlaqələr”
mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun
iştirakçıları Heydər Əliyev Fondunda olublar. Qonaqları
səmimiyyətlə qarşılayan icraçı direktor
Anar Ələkbərov onlara Ümummilli lider Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış
Fondun məqsədləri, fəaliyyəti barədə məlumat
verib. Simpoziumun iştirakçıları əvvəlcə
Fondda görkəmli şair və filosof İbn Ərəbinin
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarına
baxıblar. Filosofun “Zahiri və batili elmlər haqqında”,
“Örtüyün qaldırılması” əsərlərinin
əlyazmaları və “Hərflərin sirri haqqında” əsərinin
əlyazmasının çap variantı haqqında məlumatlar
qonaqlar tərəfindən maraqla qarşılanıb. Bildirilib
ki, kitabların tarixi 350 il bundan əvvələ gedib çıxır.
Sonra Fondla tanış olan qonaqlara Ulu öndərin şəxsi
arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin
müxtəlif dövrlərini əhatə edən fotoşəkillər,
Azərbaycan tarixinin bütöv bir dövrü barədə
geniş təsəvvür yaradan zəngin materiallar barədə
ətraflı məlumat verilib.
Beynəlxalq İbn Ərəbi
Simpoziumunun iştirakçıları Heydər Əliyev
Fondunun fəaliyyətindən bəhs edən filmə
baxıblar. Sonda xatirə şəkilləri çəkdirilib.
Sonra “ÜNS”
teatrında görkəmli şərqşünas alim Aida
İmanquliyevanın xatirəsinə həsr edilmiş
konsert olub. Həyatdan vaxtsız köçən Aida xanım
özündən sonra zəngin elmi irs qoyub gedib. Xatirə
konserti həm kədərli, həm də şən notlara
köklənibdi. Aydın məsələdir, insan
xatırlandıqca yaşayır...
Gecədə Aida
xanımın qızı, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva iştirak edib.
Beynəlxalq simpozium
oktyabrın 11-də öz işini bölmə iclaslarında
davam etdirib.
Oktyabrın 11-də Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində AMEA-nın
müxbir üzvü Səlahəddin Xəlilovun “Şərq
ruhunun Qərb həyatı. Aida İmanquliyeva
yaradıcılığının izi ilə” kitabının
təqdimat mərasimi keçirilib. Azərbaycanda Şərq-Qərb
problematikasının sistemli tədqiqinin əsasını
qoyan görkəmli şərqşünas alim Aida xanım
İnamquliyevanın 70 illik yubileyinə ithaf edilmiş bu
kitabı Şərq-Qərb- Tədqiqat Mərkəzi
buraxıb.
Bakıda keçirilən
“Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq
İbn Ərəbi Simpoziumu günlərinə təsadüf
edən təqdimat mərasimində Moskva Dövlət
Universiteti Bakı filialının rektoru, kitabın elmi
redaktoru, alimin qızı professor Nərgiz Paşayeva
çıxış edib. O, bildirib ki, bu əsər XX əsrin
görkəmli şərqşünas alimi, pedaqoq, filologiya
elmləri doktoru, professor Aida İmanquliyevanın
yaradıcılığına həsr olunub. Burada Aida
xanım tərəfindən Azərbaycan oxucularına təqdim
olunmuş Şərqi və Qərbi təmsil edən romantik
şairlərin: şərqdə C.X.Cübran, Ə.ər-Reyhani
və M.Nüaymənin, Qərbdə isə U.Bleyk, C.Bayron,
R.Emerson və U.Uitmenin ideya dünyası
işıqlandırılır, onların poetik
yaradıcılığında tərənnüm olunan hər
iki qütb arasındakı vəhdət ideyası hərtərəfli
şəkildə şərh edilir. Aida xanımın tədqiq
etdiyi Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və
Mixail Nüaymənin əsərləri indiyədək Azərbaycan
oxucularına geniş şəkildə təqdim olunmayıb. Bu
səbəbdən də həmin ədiblərin bir sıra əsərləri
ilk dəfə dilimizə tərcümə olunaraq kitabda
işıq üzü görüb.
Adı çəkilən
ərəb şair və yazıçılarının,
habelə Aida xanımın əsərlərində onlarla
müqayisəli şəkildə təqdim olunan Qərb
romantik poeziyası nümayəndələrinin də
yaradıcılığından bəzi fraqmentlər deniş
oxucu kütləsinin ixtiyarına verilir.
Tədbirdə Səlahəddin
Xəlilov və rusiyalı akademik Aleksandr Kudelin kitabın məziyyətlərindən
danışıblar.
Simpoziumu işini
oktyabrın 11-də bölmə iclaslarında da davam etdirib. Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
“Professor Aida İmanquliyevanın elmi
yaradıcılığında Şərq və Qərb”
mövzusunda təşkil edilmiş ilk iclasa Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor Nərgiz
Paşayeva, akademik Aleksandr Kudelin və professor Səlahəddin
Xəlilov həmsədrlik ediblər. İclasda professorlar
Nataliya Priqarina, Vilayət Cəfər, Gövhər Baxşəliyeva,
Elxan Əzizov və elmlər doktoru İmamverdi Həmidovun
“XIX əsrin birinci yarısında Şərq və qərb ədəbiyyatının
qarşılıqlı təsiri: yarımçıq dialoqun
davamı”, “Ərəb ədəbiyyatşünaslığında
Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsi
və Aida İmanquliyevanın tədqiqatları”, “İbn Ərəbi
və Azərbaycan ədəbi-fəlsəfi fikir ənənələri”,
“Şərq ədəbiyyatında romantizmə dair”, “Görkəmli
şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan
şərqşünaslıq elminin inkişafında rolu”,
“Aida İmanquliyevanın məqalələri” və “Bakı
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində “Ərəb ədəbiyyatı” fənninin
tədrisində professor Aida İmanquliyevanın rolu”
mövzusunda məruzələri dinlənilib.
Tədbirdə akademik
Aleksandr Kudelin rus dilində çap edilmiş bir neçə
kitabı Nərgiz Paşayevaya təqdim edib.
AMEA-nın Milli Azərbaycan
Tarixi Muzeyində “İbn Ərəbi və klassik Azərbaycan
ədəbiyyatı” mövzusunda keçirilmiş iclasa isə
akademik Vasim Məmmədəliyev və professor Mahmud Erol
Kılıc həmsədrlik ediblər. Tədbirdə
professorlar Denis Qril, Teymur Kərimli, Seyyid Hüseyn Nasr, elmlər
doktorları Sesiliya Tvinç, Afaq Əsədova və Lalə
Əlizadənin “Laməkan”, “İbn Ərəbi və
türk düşünürləri, “Azərbaycan ədəbiyyatı
və sufizm”, “Xaqaninin “Şiniyyə” qəsidəsi və ona yazılan
nəzirələr”, “İbn Ərəbinin
baxışlarında nurun dönməsi”, “Mistisizm və ədəbiyyat:
dünən, bu gün və sabah”, “Azərbaycan məktəbi
və onun bugünkü əhəmiyyəti” mövzusunda məruzələri
dinlənilib. Müzakirələrdən sonra bölmə
iclaslarına yekun vurulub.
Oktyabrin 11-də XX əsrin
görkəmli şərqşünas alimi, filologiya elmləri
doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq
İbn Ərəbi simpoziumunun təntənəli bağlanış
mərasimi keçirilib.
“Buta” sarayında keçirilən mərasimin iştirakçıları Aida xanımın qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, üç gün ərzində simpoziumun iştirakçıları Aida xanımın elmi yaradıcılığına müraciət edərək onun əziz xatirəsini yad ediblər. Simpozium çərçivəsində müxtəlif bölmələrdə geniş müzakirələr aparılıb, eyni zamanda mədəni kütləvi tədbirlər keçirilib. M.Kərimov qeyd edib ki, bu elmi toplantı Aida İmanquliyevanın elmi fəaliyyətinin xatırlanması, həm görkəmli şərqşünas alim İbn Ərəbinin yaradıçılığı barədə məruzələrin dinlənilməsi, həm də yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətli olub. Mərasimdə İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvil Kollinz, ABŞ-dan olan şərqşünas alim, professor Seyyid Hüseyn Nasr simpoziumun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban xanım Əliyevaya, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir ziyafətlə yekunlaşıb.
Yeni Azərbaycan.- 2009.- 10 oktyabr.- S.4.