Sürix razılaşmasının
görünən və
görünməyən tərəfləri
Oktyabrın
10-da İsveçrənin paytaxtı
Sürix şəhərində
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin
qurulmasını nəzərdə
tutan protokolların imzalanması mərasimi keçirildi. Türkiyənin müxalifət təmsilçilərinin “qara
gün”, iqtidar yetkililərinin isə “işıqlı sabah” kimi dəyərləndirdikləri
həmin proseslə bağlı ilkin reaksiyalar özünü çox gözlətmədi.
Məsələyə münasibət bildirən
Azərbaycanın Xarici
İşlər Nazirliyinin
(XİN) bəyanatında “Ermənistan
qoşunları işğal
olunmuş torpaqlardan çıxarılmayana qədər
Türkiyənin Ermənistanla
münasibətlərini normallaşdırması
Azərbaycanın milli
maraqları ilə birbaşa ziddiyyət təşkil edir” sözləri öz əksini tapdı. Bəyanatda, həmçinin, deyilir: “Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə
1993-cü ildə Ermənistan
ilə sərhədlərini
Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının
işğalına və
Azərbaycana qarşı
həyata keçirilən
təcavüzə etiraz
əlaməti olaraq bağlayıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi
işğal olunmuş,
etnik təmizlənməyə
məruz qalmış
1 milyona yaxın Azərbaycan vətəndaşı
öz doğma torpaqlarından qaçqın
və məcburi köçkün düşmüş
və işğal olunmuş ərazilərdə
Azərbaycanın
tarixi-mədəni irsi məhv edilmişdir. Bu müddət ərzində
BMT-nin Təhlükəsizlik
Şurası və Baş Məclisi, ATƏT,
AŞ PA, İKT və digər
beynəlxalq təşkilatlar
tərəfindən qəbul
edilmiş Ermənistanın
təcavüzkar siyasətini
pisləyən, Ermənistan
qoşunlarının işğal
olunmuş Azərbaycan
ərazilərindən çıxarılması
və məcburi köçkünlərin öz
doğma torpaqlarına
qayıtmasını tələb
edən çoxsaylı
qətnamələrə və
sənədlərə Ermənistan
məhəl qoymamış
və bu təcavüzün nəticələrinin
aradan qaldırılması
istiqamətində heç
bir irəliləyiş
əldə olunmamışdır. Azərbaycan tərəfi məsələ
ilə bağlı Türkiyə Respublikasının
yüksək rəsmilərinin,
həmçinin, Baş
nazir cənab Rəcəb Tayyib Ərdoğanın çoxsaylı
açıqlamalarına, xüsusilə
də onun 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının Milli Məclisində “Türkiyə
Ermənistan ilə sərhədləri
Azərbaycan torpaqları
Ermənistan tərəfindən
işğal edildikdən
sonra bağlamışdır.
Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı
qalmadığı müddətdə
bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı
salına bilməz”, habelə, 2009-cu il sentyabrın 17-də Türkiyə kütləvi
informasiya vasitələrinin
nümayəndələri ilə
iftar süfrəsində
“Azərbaycan-Ermənistan
arasındakı sıxıntılar
aşılmadığı müddətdə biz qapıları aça bilmərik... Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün
deyil” kimi səsləndirdiyi fikirlərə
əsaslanır. Dəfələrlə
qeyd etdiyimiz kimi, hər bir dövlətin digər dövlətlərlə
münasibətlərini müəyyənləşdirməsi
prinsip etibarilə onun suveren hüququdur.
Lakin Ermənistan qoşunları
Azərbaycanın işğal
olunmuş torpaqlarından
çıxarılmayana qədər
Türkiyənin Ermənistanla
münasibətlərini normallaşdırması
Azərbaycanın milli
maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən
qardaşlıq münasibətlərinin ruhuna
kölgə salır.
Regionda bütün sərhədlərin
və kommunikasiyaların
açılmasının vacibliyini
nəzərə alaraq
Azərbaycan hesab edir ki, birtərəfli
qaydada Türkiyə-Ermənistan sərhədlərinin
açılması regional
sülh və təhlükəsizlik arxitekturasını
sual altına qoyacaqdır”.
Sənədin imzalanma mərasimində
iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu isə növbəti dəfə ölkəsinin
mövqeyini açıqlayıb. Türkiyə KİV-ə
açıqlamasında nazir Azərbaycanın heç bir
zaman tək buraxılmayacağını bəyan edib.
“Ermənistan
işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsə,
Türkiyənin normal münasibətinin olması
mümkün deyil”. APA-nın xəbərinə görə,
bunu Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşmasının əsasını qoyan protokolların
imzalanmasına münasibətini açıqlayan Baş nazir
Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki,
problemlər həll olunacağı təqdirdə
bütün sahələrdə geniş əməkdaşlıq
imkanları yaranacaq: “Biz hökumət olaraq belə bir yolun
önünü açdıq. İndi istəyimiz odur ki, Azərbaycan
ilə Ermənistan arasında Dağlıq Qarabağ problemi həll
olunsun. Bu problem həll edilsə, xalqımız əlaqələrin
normallaşmasını daha çox dəstəkləyəcək.
TBMM-in protokolları təsdiqləməsi də asanlaşacaq.
Biz bu protokolu TBMM-ə göndərəcəyik. Amma TBMM Azərbaycanla
Ermənistan arasındakı problemin həlli prosesinə
mütləq baxacaq. Biz 2003-cü ildən bəri bəzi
mesajlar verdik, addımlar atdıq. Ermənistan vətəndaşlarının
asan viza almalarını təmin etdik. 2005-ci ildə mən həmin
vaxtkı Ermənistan prezidentinə iddialardan əl çəkməyi,
tarixçilərdən ibarət bir komissiya yaratmağı,
araşdırma aparmağı, arxivlərə baxmağı,
mütəxəssislərin verəcəyi rəyi dəyərləndirib,
sonra qərar verməyi təklif etdim”.
Ərdoğan deyib ki,
Ermənistan işğal altındakı torpaqları
boşaltmadığı təqdirdə Türkiyənin normal
bir tərzinin olması mümkün deyil.
Türkiyə prezidenti
Abdullah Gül isə Türkiyənin qonşuları ilə
inam və sabitliyə əsaslanan bir əməkdaşlıq
mühiti yaratmaq istədiyini deyib. Qafqazda böyük mənada
sülh və sabitliyin təmin edilməsinə
çalışdıqlarını söyləyən Gül
bu arzunu ifadə etmək üçün Türkiyənin
“Qafqaz Əməkdaşlıq Platforma”sı”nı da ortaya
qoyduğunu xatırladıb. Türkiyə prezidenti imzalanma mərasimində
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici
işlər nazirlərinin də iştirak etdiyini
vurğulayıb və bildirib ki, Qafqazdakı problemlərin həlli
istiqamətində Türkiyə, Azərbaycan və Ermənistandan
savayı, bu ölkələrin də üzərinə
mühüm vəzifə düşür.
Bütün bunlar məsələnin
daha çox ictimaiyyət tərəfindən müzakirə
olunan və rəsmi şəkildə bəyan edilən
detallarıdır. Bununla yanaşı, prosesin
gedişatında bəzi diqqətdən yayınan, amma üzərində
xüsusi dayanılması vacib olan məqamlar da yox deyil. Bu
yazıda məhz həmin məqamlara toxunmaq niyyətindəyik.
Niyə məhz
Sürix?
Bu gün bəzilərini
məhz yuxarıdakı sual maraqlandırır. İmzaatma mərasimi
üçün məhz İsveçrə paytaxtının
seçilməsi heç də birmənalı
qarşılanmır. Lakin istər müqavilə tərəflərindən
biri olan Türkiyənin, istərsə də bu
anlaşmanın “xaç atalar”ının “Niyə məhz
Sürix” sualına özlərinəxas şəkildə
cavabları var. Məsələn, Qərb politoloqları protokolların
imzalanma məkanı kimi şimalında Almaniya, qərbində
Fransa, cənubunda İtaliya, şərqində isə Avstriya
və Lixtenşteynlə qonşu olan İsveçrə
konfederasiyasının seçilməsini bu ölkənin
bloklara qoşulmaması, yəni, bitərəf dövlət
kimi tanınması ilə əsaslandırıblar. Onların
iddiasına görə, Türkiyə-Ermənistan
razılaşmasının NATO-nun üzvü olmayan
İsveçrədə imzalanması Rusiyanın da həmin mərasimə
qatılmasını təmin etmək məqsədini
daşıyıb. Yəni, İsveçrə uzun müddətdir
siyasi və hərbi tərəfsizlik ənənəsinə
malikdir. Bu səbəblərdən bir çox beynəlxalq təşkilatların
məclisləri bu ölkədə kecirlir. Sözügedən
mərasimin də İsveçrədə keçirilməsi
dünyaya hökm edən tərəflərin
hamısının bu prosesdə bərabər şəkildə
maraqlı olmasına dair fikir formalaşdırmaq məqsədini
daşıyıb.
Türkiyənin
izahına gəlincə, Ankarada bunu daha çox “erməni
soyqırımı” amili ilə bağlayırlar. Daha
doğrusu, bu gün İsveçrə “erməni
soyqırımı”nın olmadığını deyən kəslərə
qarşı cəzanın tətbiq edildiyi ölkələrdən
biridir. Türkiyədə belə hesab edirlər ki, sözügedən
mərasimin bu ölkədə baş tutması rəsmi
Sürixin “erməni soyqırımı” siyasətinə yenidən
baxmasına səbəb ola bilər. Lakin əksər ekspertlərin
də qeyd etdikləri kimi, bu, indiki mərhələdə
yalnız türklərin arzusu ola bilər və prosesin rəsmi
Ankaranın istədiyi formada yekunlaşmasına olan ümidlər,
demək olar ki, sıfır faizdir. Hər halda, Ermənistan
prezidenti Serj Sərkisyanın mərasimdən dərhal sonra
verdiyi açıqlama rəsmi İrəvanın və ermənilərin
beynəlxalq havadarlarının “soyqırımı” siyasətindən
əl çəkmək niyyətində olmadığına
işarə edir. Beynəlxalq havadarlardan söz
düşmüşkən, oktyabrın 10-da Sürixdə
baş tutan imzalanma mərasimində çəkilən
fotoşəkillərə baxarkən onların necə məmnun
qaldıqlarını sezmək mümkün olur.
Tarixi fotoşəkildəki
simalar nədən xəbər verir?
İmzalanma mərasimi
zamanı çəkilən fotoşəkildə ilk diqqəti
çəkən arxa sırada dayananlardır. Yəni, burada
söhbətin ABŞ dövlət katibi Hillari Klinton,
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın
xarici işlər naziri Bernar Kuşner, İsveçrənin
xarici işlər naziri Mişel Kalmi Rey, Avropa
Şurasının Nazirlər Komitəsinin sədri,
Sloveniyanın xarici işlər naziri Samuel Zboqar, eləcə
də Avropa Birliyinin xarici siyasət məsələləri
üzrə ali nümayəndəsi Havyer Solananı
görürük. Onlar həyəcanqarışıq
narahatlıqla sənədlərə imzaların
atılması prosesini izləyirlər. Və bu zaman
ABŞ-ın dövlət katibi Hillari Klintonun sifətindəki
tələskənlik cizgiləri xüsusi olaraq nəzərə
çarpır. Fotoşəklə baxan hər kəsdə
sanki belə bir təsəvvür yaranır ki, xanım Klinton
tərəflərdən hansınınsa prosesi
yarımçıq qoyub qaçacağından narahatdır. Avropa
Birliyinin xarici siyasət məsələləri üzrə
ali nümayəndəsi Havyer Solana isə bu fonda sanki həmin
qaçacaq adamı tutub saxlamağa hazır olan əsgər
təsirini bağışlayır.
Elə fotoşəklin
ön planında da oxşar həyəcan və
narahatlıqlar nəzərə çarpmaqdadır. Daha
doğrusu, biz həmin fotoşəkildə ön planda nələrisə
etmək zorunda qalan, sanki atacaqları imzalarla öz siyasi talelərinin
üzərindən də qara xətt çəkdiklərini
hiss edən kəslərin ağrıverici simalarını
görürük. Bu sırada Türkiyənin xarici işlər
naziri Əhməd Davudoğlunun üz cizgilərindəki
ağrılıq daha qabarıq nəzərə
çarpır. Hər halda, dünya diplomatları arasında
daha çox gülərüzlü siması ilə yadda qalan
Davudoğlunun bu mərasim zamanı üzündə təbəssüm
işartıları yaratmaq üçün necə
böyük çətinlik çəkdiyini sezmək olur.
Digər fotoşəkildə
isə vəziyyət bir qədər fərqlidir. Daha
doğrusu, burada istədiklərini alan, çoxəsirlik
arzularını reallaşdıran güclərin təmsilçiləri
arxayın bir şəkildə qələbə pozu verməkdən
həzz alırlar. Əslində, onların bu sevincinin səbəbini
anlamaq heç də çətin deyil. Çünki bu
protokolların imzalanması ilə onlar, əvvəla, məhv
olmaq mərhələsində olan Ermənistanı
bataqlıqdan xilas edirlər. Digər tərəfdən,
bununla qüdrətli Türkiyənin imicini ciddi şəkildə
zədələmiş və Ankara-Bakı
qardaşlığına azacıq da olsa soyuqluq gətirmiş
olurlar. Həmin soyuqluğa və rəsmi Ankaranın
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
geri çəkilib-çəkilməyəcəyinə dair məsələlərə
bir qədər sonra toxunacağıq. Hələlik isə onu
qeyd etmək yerinə düşər ki, prosesin bu cür
tamamlanması daha çox ABŞ-ın, Barak Obama
administrasiyasının işinə yaradı.
ABŞ üçün İsveçrə labirinti
Lakin Vaşinqton bunun
üçün xeyli tər tökməli oldu. Belə demək
mümkünsə, əslində, oktyabrın 10-da ABŞ təmsilçiləri
bir neçə saat ərzində dolaşıq bir
İsveçrə labirintində çabalamaq zorunda
qaldılar. Obama administrasiyasının əsas söz sahiblərindən
biri Hillari Klintonun imzalanma mərasiminin baş tutması
üçün çəkdiyi əziyyətin fonunda
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun prosesin ilk
anlarında gözə dəyməməsi isə labirint
sahibinin kimliyinə dair nəticə çıxarmağa
müəyyən əsaslar verirdi. Görünən odur ki,
Rusiya öz forpostu olan Ermənistanı asanlıqla kimlərəsə
yem etmək fikrində deyil. Və İrəvanın
Moskvanın əlindən almaq istəyənləri əzablı
yollar, həmçinin, hələlik bəlli olmayan hansısa
itki və güzəştlərə getmək məcburiyyəti
gözləyir.
Yeri gəlmişkən,
Türkiyə və Ermənistan arasında protokol imzalanan
zaman pərdə arxasında gedən oyunların təfərrüatlarının
üzə çıxması da Rusiyanın hansı qüdrətə
malik olmasına işarə edir. Lent.az-ın “Kommersant” qəzetinə
istinadən verdiyi məlumata görə, protokolları
imzalamaqdan imtina edən Ermənistan xarici işlər naziri
Edvard Nalbandyanı mərasimdə iştirak edən Rusiya xarici
işlər naziri Sergey Lavrov yola gətirib. Nalbandyanla
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu
arasında protokolun imzalanmasından sonra veriləcək bəyanatla
bağlı problem yaranandan sonra işə ABŞ dövlət
katibi Hillari Klinton qarışıb. O, tərəfləri
işi qalmaqal səviyyəsinə çatdırmamaq
üçün dilə tutub. Sergey Lavrov, onun fransalı və
sloveniyalı həmkarları Bernar Kuşner və Samuel Zboqar,
eləcə də Avropa Birliyinin xarici siyasət məsələləri
üzrə ali nümayəndəsi Havyer Solana
vaxtlarını Rusiya-Almaniya futbol oyununa baxmaqla
öldürürmüşlər. Futbol bitəndən və
gözləmə müddəti diplomatik çərçivədən
çıxandan sonra, Nalbandyan və Davudoğluna sərt tələb
irəli sürülüb-ya onlar dərhal problemi həll edərək
protokolları imzalayırlar, ya da mərasim ləğv olunur. Bu
zaman Lavrov qalmaqalın səbəbkarı olan Nalbandyana 6
sözdən ibarət qısa məktub yazıb: “Sakitcə
protokolları imzala və çıx get!”.
Bu məktubu Lavrovdan əlavə
Kuşner, Zboqar və Solana da imzalayıblar və sənəd
erməni nazirə təqdim olunub. Bundan bir saat sonra Nalbandyan
heç bir söz demədən protokolları imzalayıb və
tərəflər heç bir bəyanat vermədən mərasimi
tərk ediblər...
Uda bilməyəcəyin
bibəri çeynəmək, yoxsa...
Tərəflər
arasındakı qalmaqalın səbəbinə gəlincə,
Türkiyə mətbuatı bunun Davudoğlunun
çıxış mətnindəki Dağlıq Qarabağ
probleminə aid ifadələrlə bağlı olduğunu
iddia edir.
Məlumata görə,
mərasimdən öncə Davudoğlu ilə
görüşən İsveçrənin xarici işlər
naziri Kalmi Rey ona erməni tərəfinin nazirin
çıxışındakı ifadələrdən narahat
olduğunu bildirib. Davudoğlunun çıxışında
Qafqaza sülh və sabitliyin gəlməsi, buranın sabit bir
bölgə olmasının lazımlılığı, bu
çərçivədə də Dağlıq Qarabağ
probleminin həllinin gərəkli olduğuna işarə verən
ifadələr olub. Lakin münasibətlərin
normallaşması ilə bağlı
danışıqların əvvəlindən Türkiyə ilə
əlaqələrin yaranmasında Dağlıq Qarabağ
probleminə toxunulmasının əleyhinə olduğunu
söyləyən Ermənistan bu dəfə də eyni tələbində
israr edib. Türkiyə tərəfi isə bu tələbi qəbul
etməyib və Nalbandyanın çıxışında
tarixi hadisələrə işarə vuran ifadələrin
çıxarılmasını istəyib. Bundan sonra isə
üç saat ərzində imzalanma mərasimi
dayandırılıb. Mərasimin baş tutması
üçün danışıqlar başlanılıb və
Türkiyə tərəfi, ümumiyyətlə, imzalanmadan
sonra çıxış edilməməsi ilə bağlı
güzəştli təklif irəli sürüb.
Doğrusu, prosesin bu
cür tamamlanması Türkiyə baxımından olduqca
acınacaqlıdır. O mənada ki, əgər yayılan xəbərlər
doğrudursa, bu hal birbaşa Türkiyənin Azərbaycan siyasətinə
mənfi təsir göstərə bilər. Başqa sözlə
desək, əgər erməni tərəfi Davudoğlunun
çıxışına məhz Dağlıq Qarabağ
probleminə aid ifadələrin yer almasına görə
etiraz edibsə və son nəticədə də həmin
çıxış təxirə salınıbsa o zaman
qarşıda da hansısa yeni təhlükələr yarana
bilər. Məsələn, deyək ki, İrəvana Ankaraya
qarşı “Dağlıq Qarabağ münaqişəsindən
danışma, yoxsa, “soyqırımı” məsələsini
yenə gündəmə gətirərəm” şəklində
təzyiq edə bilər. Və o zaman Türkiyənin
hansı mövqe nümayiş etdirəcəyi də maraq
doğrurur. Əgər rəsmi Ankara ermənilərin
“Dağlıq Qarabağ münaqişəsi=“soyqırımı”
təzyiqinə tab gətirməyəcəkdisə o zaman
Türkiyənin heç bir zaman Azərbaycanı tək
qoymayacağına, işğaçılar
torpaqlarımızdan çıxmayana qədər Türkiyə-Ermənistan
sərhədlərinin açılmayacağına dair bəyanatların
verilməsinə nə gərək vardı?
Bu oyunda kim uduzdu,
kim uddu?
Nəhayət, əsası
İrəvana Ermənistan-Türkiyə futbol matçı ilə
qoyulan bu diplomatik oyunun qalib və məğlubları
haqqında danışmaq istərdik. Hörmətli
politoloqumuz Vəfa Quluzadənin də qeyd etdiyi kimi, “bu oyunda
Türkiyə tək, Rusiya, Ermənistan, Amerika isə birgə
oynayır. Bu oyunda Türkiyə uduzacaq”. Türkiyənin
uduzacağını, bəlkə də artıq uduzduğunu
deməyə əsas verən digər məqam isə Ermənistan
prezidenti Serj Sərkisyanın imzalanmadan dərhal sonra verdiyi bəyanatla
bağlıdır. Ermənistan prezidentinin həmin bəyanatında
aşağıdakılar öz əksini tapıb: “Türkiyə
ilə qurulacaq heç bir əlaqə erməni xalqına
qarşı törədilmiş “soyqırımı”
müzakirəyə aça bilməz. Bu, bilinən bir həqiqətdir
və dünyanın bütün xalqları tərəfindən
qınanılmalıdır. Bununla bağlı qurulacaq
hökumətlərarası komissiyada tarixçilər
iştirak etməyəcəklər. Türkiyə ilə Ermənistan
arasındakı mövcud sərhəd problemi beynəlxalq
hüququn bəlli normalarına uyğun olaraq həll ediləcək.
Protokollarda bundan irəli gedəcək hər hansı bir maddə
yoxdur. Türkiyə ilə Ermənistan arasındakı
münasibətlər heç bir şəkildə
Dağlıq Qarabağ problemi ilə əlaqələndirilə
bilməz. Ermənistan, protokollarda öz əksini tapan sərhədlərin
dəyişməzliyi və ərazi bütövlüyü ilə
bağlı maddələri heç bir şəkildə
Dağlıq Qarabağ ilə əlaqələndirməz”.
Erməni prezidentinin
aşağıdakı sözləri isə Türkiyənin
aldadıldığını və necə bir çarəsiz
duruma düşdüyünü deməyə əsas verir: “Bu
gün, Osmanlı idarəsi zamanı millətimizin qətli və
soyqırıma uğradılması siyasətlərini həyata
keçirən bir ölkə ilə əlaqələrimizi
normallaşdırmağa çalışırıq. “Soyqırımı”
yaraları sağalmadı. Şəhidlərimizin xatirəsi
və yeni nəsillərimizin gələcəyi bizə,
sağlam və sabit bir dövlət, güçlü və
rifah içində bir ölkə, bütün erməni
xalqının xəyallarının yenidən
doğacağı bir ölkə qurmağımızı diqtə
edir”.
Göründüyü
kimi, Sərkisyan dünyadakı erməni lobbisinə və
qonşu ölkələrə açıq şəkildə
mesajlar ötürüb. Bu mesajlar ondan ibarətdir ki, ermənilər
“Böyük Ermənistan” ideyasının gerçəkləşəcəyi
xəyalı ilə yaşamaqda davam edirlər. Və
Türkiyədəki bəzi siyasətçilərin nəyi
necə yozmasından asılı olmayaraq, onlar nə
“soyqırımı” iddialarından əl çəkmək,
nə də Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll edilməsi üçün
konstruktiv mövqe nümayiş etdirmək fikrindədirlər.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2009.- 13 oktyabr.- S.5.