Ankaradan Sürixə uzanan yol...

 

       Türkiyə-Ermənistan razılaşması Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır

 

Xəbər verildiyi kimi, oktyabrın 10-da Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına dair protokol imzalanıb. İmzalanma prosesində Rusiya, ABŞ, Fransa dövlətlərinin nümayəndələri, o cümlədən, Avropa Birliyinin rəhbərliyi iştirak ediblər. Xatırladaq ki, 1993-cü ildən Ermənistan ilə sərhədlərini bağlayan və bütün diplomatik əlaqələri kəsən Türkiyə tərəfi bunun səbəblərini rəsmi İrəvanın Azərbaycan torpaqlarını işğal etməsi və Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiasını irəli sürməsi ilə əlaqləndirmişdi.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə bu razılaşmanın imzalanmasını Türkiyənin suveren hüququ adlandırdı. Bununla belə, Türkiyənin Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxmayana qədər sərhədləri açılmayacağı barədə vədlər verdiyini xatırladan millət vəkili bu baxımdan imzalanan protokolların səslənən bəyanatlarla uzlaşmadığı qənaətindədir: “Türkiyə müstəqil bir dövlətdir. Atdığı addımlar, əldə etdiyi uğurlar və ya əksi Türkiyə dövlətinə aid olan işlərdir. Azərbaycan hər zaman Türkiyənin qəbul etdiyi qərarlara hörmətlə yanaşıb. Amma Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olduğu zaman ölkəmiz prosesi susaraq biganə şəkildə izləyə bilməz. Türkiyə sərhədlərini hər hansı bir dövlətlə deyil Azərbaycan ərazisini işğal edən Ermənistanla açmaq istiqamətində müqavilə imzalayıb. Xatırladım ki, Ermənistan ilə Türkiyə arasında sərhədlərin bağlanmasının da səbəbi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktıdır. Ötən illər ərzində Türkiyə dövlətinin rəhbərliyində təmsil olunan hər bir şəxs Azərbaycanla müttəfiqlik strategiyası yürüdüb və Azərbaycan torpaqları işğaldan azad edilməyincə, Ermənistan ilə sərhədlərin açılmasının qeyri-mümkün olmasını bildirib. Eyni fikirləri hazırkı prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan da deyir. Hətta protokolların imzalanmasının ardından Baş nazir Ərdoğan bir daha bəyan etdi ki, verdikləri vəd öz qüvvəsindədir. İndi söz Türkiyə parlamentinindir. TBMM-in bu məsələdə hansı mövqeni nümayiş etdirəcəyini proqnozlaşdırmaq çətindir. Amma mən inanıram ki, Türkiyə dövləti Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək addımlar atmaz”.

Sərhədlərin açılacağı təqdirdə Ermənistanın özünü cəzasız vəziyyətdə hiss edəcəyini bildirən millət vəkili bu amilin ölü vəziyyətdə olan Ermənistanın iqtisadiyyatının dirçəlməsinə də yol aça biləcəyini vurğuladı.

Politoloq Vəfa Quluzadə Türkiyə ilə Ermənistanın arasındakı münasibətlərin normallaşdırılmasının əsas səbəbi kimi, regionda yeni mənzərə yaratmağa çalışılmasını qeyd edib: “Bu addımın atılmasında əsas məqsəd regionda Rusiyanı sıxışdırmaq, Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmaqdır. Bunun baş tutacağı isə inandırıcı görünmür. Rusiya Ermənistandan heç vaxt əl çəkməyəcək. Protokollar imzalanandan dərhal sonra Sərkisyanın Moskvaya çağırılması da buna sübutdur. Orada bu protokolların bütün detalları müzakirə olunacaq, Rusiya öz oyununu aparacaq. Türkiyə Ermənistanla Rusiyanı birgə həzm edə bilməz və bu proses əksinə baş verər. Tarixboyu Rusiya və Ermənistan antitürk dövlətləri olublar”.

Politoloq Türkiyənin bütün bunlara Avropa İttifaqına qəbula görə əl atdığını bildirib. Onun sözlərinə görə, bu arzu Türkiyəni bu protokollara imza atmağa məcbur edib: “Məhz bu səbəbdən, Türkiyə Azərbaycanın maraqlarını qulaqardına vuraraq bu sövdələşməyə getdi. Protokolların imzalanmasından sonra Nalbandyan hamı ilə görüşdü, təkcə Davudoğluna yaxın gəlmədi. Ermənistan özünü azğın aparır. Nalbandyan mərasimə bir neçə saat gec gəldi. Davudoğlu isə vaxtında gəldi, otaqdan da bayıra çıxmadı ki, birdən onu razılaşmanı pozmaq istəyində ittiham edərlər. Bu oyunda Türkiyə tək, Rusiya, Ermənistan, Amerika isə birgə oynayır, nəticədə, Türkiyə uduzacaq. Təəssüf ki, mənim fikrimcə, bu protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mənfi təsir göstərə bilər”.

Digər tərəfdən, protokolların imzalanması həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına zərər vura bilər. V.Quluzadə son nəticədə bu prosesdən Türkiyə ilə Azərbaycanın zərərli çıxacağını düşünür: “Bu təşəbbüsdən nə Türkiyə, nə də Azərbaycan heç nə udmayacaq. Azərbaycan çətin vəziyyətə qoyulur: işğal olunmuş torpaqlarının taleyi artıq qeyri-müəyyən gələcəyə qalır. Çünki Ermənistanın mövqeyi onsuz da sərt idi. Bundan sonra daha da sərtləşəcək. Ermənilər etiraz aksiyaları keçirməklə göstərirdilər ki, “baxın, Türkiyə gəlib bizə yalvarır, bizim onlara yox, onların bizə ehtiyacı var”. Əslində belə deyil, ermənilərin Türkiyəyə çox böyük ehtiyacı var. Baş verənlərin Türkiyəyə bir qədər uzaq perspektivdə, Azərbaycana isə indiki gündə mənfi təsirləri var”.

Politoloq Rasim Musabəyov Azərbaycanın rəsmi mövqeyinin XİN-in yaydığı bəyanatda əks olunduğunu önə çəkdi: “Mənə elə gəlir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması istiqamətində inkişaf edən bu prosesə rəsmi mövqe bildirməmək də olardı. Bu hər bir dövlətin öz suveren hüququdur. Amma əgər söhbət Azərbaycanın mənafelərinin qurban verilməsindən gedirsə, susmaq olmaz. Azərbaycan tərəfi heç bir zaman bununla razılaşa bilməz. O baxımdan, həm Azərbaycan XİN-in yaydığı bəyanatda, həm də ölkə Prezidentinin Azərbaycan televiziyasına müsahibəsində rəsmi mövqeyimiz kifayət qədər öz əksini tapıb”.

İmzalanma prosesindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərin tək Azərbaycan qarşısında deyil, həm də Türkiyə cəmiyyəti qarşısında bir öhdəlik olduğunu bildirən politoloq ciddi qəbul olunan bir siyasətçinin fərqli mövqe sərgiləməsini mümkünsüz sayıb: “Ərdoğan öz fikrini Azərbaycan cəmiyyəti ilə yanaşı, Türkiyə ictimaiyyəti qarşısında deyib. Onun sözündən dönməsi, fikrimcə, ciddi bir siyasətçi üçün mümkünsüz haldır. Bu səbəbdən, Ərdoğan əvvəlki vədlərin üstündə durur. Çünki hələ qarşıda ratifikasiya prosesi dayanır. Ratifikasiya məsələsi Ermənistan parlamentində də çətin olacaq. Yəni, bu protokollar növbəti mərhələdə düzəlişlərlə, və ya Türkiyə tərəfindən qəbul olunmayan bəyanatlarla gündəmə gələ bilər”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov isə hesab edir ki, Türkiyə həmişə Azərbaycanın yanında olmalıdır və Ermənistanla imzalanmış protokollarda da bu prinsiplər gözlənilməlidir. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında protokollar imzalansa da, hələ təsdiq olunmayıb. Əgər Ermənistan işğalçılıq siyasətindən və başqa iddilarından əl çəkməyəcəksə, bu protokolların heç bir əhəmiyyəti olmayacaq. N.Cəfərov bildirib ki, Türkiyə hökuməti Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənə qədər Ermənistanla sərhədlərin açılmayacağını bəyan edib: “İstərdik ki, Türkiyə tərəfi verdiyi bu sözün üstündə inamla dayansın. Eyni zamanda, Ermənistan verilmiş bu şansdan istifadə edərək sülhə doğru addım atmalıdır və işğal olunmuş torpaqları azad etməlidir. Əks halda, bu protokollar Türkiyə parlamentində təsdiqlənməyəcək. Həmçinin, Azərbaycanla Ermənistan arasında sərhədlər açılmayana qədər Türkiyə ilə sərhədlərin açılmasının heç bir mənası olmayacaq”.

Millət vəkilinin fikrincə, əsas məsələ bölgədə sülhün bərqərar olmasıdır. Əgər Ermənistan öz iddialarından əl çəkməyəcəksə, bu protokolların mənası və məzmunu olmayacaq: “İndiki mərhələdə münaqişə nəinki aradan qaldırıla, əksinə, daha da qızışa bilər. Belə şəraitdə sənədlər parlamentdə təsdiq olunsa, Ermənistan iddialarını daha da artıracaq”.

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə bildirib ki, imzalanmış protokollar həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarını dərindən narahat edir. Onun sözlərinə görə, beynəlxalq güclər sənədlərin imzalanmasında maraqlı olublar: “Gözlənilirdi ki, narazılıqların fonunda, Azərbaycanın maraqları, Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi və s. nəzərə alınmaqla bu xəttdən imtina olunacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya hərbi cəhətdən regionda oturub. Qərb özünün iqtisadi münasibətlərini zərbələrdən qorumaq üçün böyük ssenarilərini işə salıb. “Yol xəritəsi” adı ilə həyata keçirilən siyasətin həqiqi mahiyyəti Ermənistandan keçib gedən, Azərbaycanın da daxil olduğu və sonra Orta Asiyaya açılacaq böyük bir qurşaqda Qərbin maraqlarına xidmət edən arxitektura formalaşdırmaqdır”.

Millət vəkilinin fikrincə, Azərbaycan öz milli maraqlarına dəyən ziyanı iki formada qorumaq məcburiyyətində ola bilər: Ya Türkiyədən kənar əlaqələrimizin hesabına, ya da Qarabağın ilhaq edilməsinə qarşı müharibə addımı atmaqla. Yəni hazırkı diplomatik durum Azərbaycanı müharibəyə cəlb edə bilər: “Azərbaycanın xarici siyasət idarəsinin bəyanatında da qeyd olunub ki, proses Qafqazda sülhə və təhlükəsizliyə xidmət etməyəcək. Çünki qüvvələr nisbətinin belə dəyişməsi və paralel şəkildə Ermənistanın izolyasiyadan çıxaraq gələcək dönəmdə öz təcavüzkar planlarını daha inamla davam etdirməsi Azərbaycanı bu vasitəyə əl atmağa vadar edir. Amma ümid edirəm ki, Türkiyə və Azərbaycan ictimaiyyətlərinin narahatlığı TBMM-ə çatacaq və Məclis tarixi məsuliyyəti dərk edərək Türkiyə hökumətinin etdiyini təkrarlamayacaq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli də Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları təəssüflə qarşıladığını bildirib: “Bu sənədlərin imzalanma mərasimində baş verənlər Ermənistanın sülh və barışığa doğru addım atacağına dair ümidlərın puça çıxdığını sübut etdi. Ermənistan Türkiyəyə qarşı uydurma “erməni soyqırımı” ilə bağlı iddialarını davam etdirmək niyyətindədir. Yəni, Ermənistan nəinki işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi haqqında ön şərtləri qəbul etmir, eyni zamanda, Türkiyəyə qarşı da iddialarından geri çəkilmək fikrində deyil. Bu mənada, protokolların imzalanması zamanı yaşanan məyusedici olay bir daha sübut etdi ki, Ermənistanın tutduğu mövqe nəinki zəifləyib, hətta güclənib və daha da sərtləşib”.

 Türkiyə xarici işlər nazirinin çıxışında Dağlıq Qarabağ məsələsinə dair səthi fikir bildirilməsinə belə, Ermənistan tərəfinin imkan vermədiyini xatırladan G.Hacıbəylinin fikrincə, bu fakt onu göstərir ki, Ermənistanla heç bir halda yumşaq dildə danışmaq mümkün deyil: “Hesab edirəm ki, həqiqətən Türkiyə bölgədə sülh və sabitlik yaratmaq məqsədi ilə bu addımı atır. Böyük bir ehtimalla Şimali Kipr məsələsində olduğu kimi, bu məsələdə də Türkiyənin sülhpərvər, bölgədə əmin-amanlığa və sülhə xidmət edən missiyası iflasa uğrayacaq. Bu prosesdə udan yenə də qarşı tərəf olacaq. Bu baxımdan, protokolların imzalanması mənim üçün çox acınacaqlı tarixdir. Ümid edirəm ki, bu günün acı dərslərindən Türkiyə iqtidarı yetərincə nəticə çıxaracaq və protokollar TBMM-də birmənalı olaraq rədd ediləcək”.

 

 

Pərviz SADAYOĞLU,

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2009.- 13 oktyabr.- S.4.