Televiziya xalqın
dünyadakı ictimai
təmsilçisidir
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 2 oktyabr tarixli
sayında dərc olunan “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” adlı məqaləsi
cəmiyyətimizin bütün kəsimləri tərəfindən
müzakirə predmetinə çevrilib. Akademikin ölkənin
efir məkanındakı problemlərlə bağlı
iradları, səsləndirdiyi fikirlər həqiqətən də
ziyalı mövqeyidir. Gələcək nəslin tərbiyəsində,
millətin vətənpərvərlik ruhunun yüksəldilməsində,
o cümlədən, milli-mənəvi dəyərlərin
qorunmasında televiziyaların rolu olduqca böyükdür. Buna
görə də, akademik Ramiz Mehdiyevin qələmə
aldığı məqalə cəmiyyətimiz tərəfindən
yüksək dəyərləndirilir və müzakirə
edilir. “Yeni Azərbaycan” qəzetinin bu mövzu ilə əlaqədar
keçirdiyi növbəti Dəyirmi masanın qonaqları
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının
sədri Mehriban Abasquliyeva, Yeni Azərbaycan Partiyası
Sumqayıt şəhər təşkilatının sədri
Asif İmaməliyev, Yeni Azərbaycan Partiyası Binəqədi
rayon təşkilatının sədri Nəbi Xəlilov, Yeni
Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri
Sədaqət Vəliyeva və Yeni Azərbaycan Partiyası Əzizbəyov
rayon təşkilatının sədri Namiq Əhmədovdur.
- Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” adlı məqaləsi
günümüzün ən aktual problemlərindən birinə
həsr olunub. Televiziyalar bu gün həyatımızın
ayrılmaz hissəsinə çevrilib. İstər informasiya
mübadiləsi baxımından, istərsə də mənəvi
dəyərlərin formalaşdırılmasında
televiziyaların rolu danılmazdır. Ona görə də,
istərdik ki, Azərbaycan siyasi palitrasının ən
aparıcı partiyası olan Yeni Azərbaycan
Partiyasının yerli rayon təşkilatlarının sədrləri
də bu məsələyə öz münasibətlərini
bildirsinlər.
Namiq Əhmədov: Həqiqətən
də, Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin Azərbaycanın efir məkanında olan problemlərlə
bağlı qaldırdığı məsələ olduqca
aktualdır. Təbii ki, demokratik Azərbaycanda bütün
sferalarda inkişaf getdiyi kimi, yazılı mətbuatda, elektron
KİV-də də inkişaf tendensiyası hiss edilir. İnformasiya
əsri sayılan XXI əsrdə televiziyaların cəmiyyətin
inkişafında, ictimai münasibətlərin
formalaşmasında rolu böyükdür. Ümummilli liderimiz
Heydər Əliyevin KİV-in inkişafına və
azadlığına verdiyi töhfələrdən biri də
Azərbaycanda özəl televiziyaların yaranması
prosesidir. Bu gün özəl teleşirkətlər müstəqil
qurum olaraq öz fəaliyyətlərini istədikləri
şəkildə tənzimləyə bilirlər. Amma bu müstəqillikdən
sui-istifadə etmək olmaz. Təəssüf ki,
“şou-biznes” adlandırılan millətimizin mənəvi dəyərlərinə
uyğun olmayan, milli mentalitetimizə əks verilişlər bu
gün efir məkanında çoxluq təşkil edir. Bəzi
özəl telekanallar öz biznes maraqları xatirinə milli-mənəvi
dəyərlərimizin pozulmasına, o cümlədən,
xalqı SMS oyunları vasitəsilə aldatmağa belə
gedirlər. Bu, yolverilməzdir. Hamı dərk edir ki, istər
elektron, istərsə də yazılı KİV öz
varlığını reklam bazarı vasitəsilə qoruyur. Amma
nəzərə almaq lazımdır ki, reklam bazarında həm
qanunun tələbləri, həm də xalqın milli-mənəvi
dəyərləri nəzərə alınmalıdır. Bu
nöqteyi-nəzərdən hörmətli akademikimiz Ramiz
Mehdiyevin qaldırdığı problemlər xalqın, millətin
dəyərlərinin qorunmasına xidmət edir. Həqiqətən
də, dəyərli ziyalımızın irəli
sürdüyü fikirlər xalqımızı narahat edən
problemlərin həllinə yönəlib. Fikrimcə, həmin
məqalədə göstərilən arqumentlər, istiqamətlər
Azərbaycanın efir məkanında yayımlanan
televiziyaların hər biri üçün yüksək dərəcəli
konsepsiya rolunu oynaya bilər. Çünki hörmətli
akademikimizin də qeyd etdiyi kimi, bu gün efir məkanımızda
olan problemlər həddindən artıq çoxdur. Bu, mənim
şəxsi fikrimdir ki, özəl kanallar arasında daha
çox ATV fəaliyyətinə diqqət etməlidir. Bir
neçə gündür bu kanal bəzi verilişlərində
korrektələr etməyə cəhd göstərsə də,
çatışmazlıqlar tam aradan qaldırılmayıb. Mən
bunu bir tamaşaçı kimi görürəm. Amma
sevindirici haldır ki, Azərbaycanın efir məkanında
dövlət televiziyası, İTV kimi milli-mənəvi dəyərlərin
keşiyində dayanan telekanallar da mövcuddur. Təbii ki, bu
kanallarda da müasir musiqi, o cümlədən, dünya və
yerli şou-biznes nümayəndələri göstərilir,
amma ifrata varılmır. Bu kanallar öz verilişlərini
hazırlayarkən milli mentalitetə söykənən əxlaq
prinsiplərini, o cümlədən, demokratiya ilə
yanaşı, milli özünəməxsusluğu qoruya bilir. Təəssüf
ki, özəl kanallar haqqında bu fikirləri deyə bilməyəcəm.
Ən pis hal isə odur ki, özəl telekanallar televiziyaya
günün ən çox baxılan hissəsində, yəni,
axşam saatlarında yalnız şou ab-havalı, ucuz,
bayağı musiqi üzərində köklənən, milli əxlaqa
uyğun olmayan verilişlərə üstünlük verirlər.
Ən biabırçı hal isə bu verilişləri aparan
şəxslərdir. Təsəvvür edin ki, bəzi hallarda
buna biliyi, səviyyəsi, istedadı imkan verməyən
insanlar efirdən xalqa əxlaq dərsi keçmək istəyir.
Bu, yolverilməzdir. Hətta həmin insanların adi efir mədəniyyəti
belə yoxdur. Bu cür cılız hisslərə malik,
heç bir intellekti olmayanlar necə yüksək materiyadan
danışa bilərlər? Bu məsələlərlə
bağlı hər zaman narazılıqlar olub. Amma hörmətli
akademik Ramiz Mehdiyevin münasibəti problemin daha böyük
masştabda müzakirəsinə zəmin yaratdı. Bu gün
həm mətbuat, həm ictimaiyyət məsələ ilə
bağlı polemikalar təşkil edir, müzakirələr
aparır. İnanıram ki, bu müzakirələr müsbət
istiqamətdə nəticələrlə yadda qalacaq.
Asif İmaməliyev: Həqiqətən
də, bu mövzu ictimaiyyətimizi narahat edən bir məqamdır.
Ümumiyyətlə, hər hansı bir dəyərləndirmə
üçün mütləq müqayisə aparmaq
lazımdır. Mən istərdim Azərbaycan mətbuatının
bugünkü vəziyyəti ilə Ümummilli lider Heydər
Əliyev siyasi kursunun başlanğıcı və ona qədərki
dövr arasında bir müqayisə aparım. Ötən əsrin
son onilliyinin əvvəlində Azərbaycanın efir məkanı
çox dar idi. Sadəcə, bir dövlət televiziyası fəaliyyət
göstərirdi. Həmin zamanda da hakimiyyətdə olan bir
qrup şəxs bu televiziyada ictimai fikrin təhrifinə,
yalnız şəxsi qrup mənafeyinə uyğun təbliğatın
aparılmasına maraq göstərirdi. Bölgələrlə
bağlı fərqli, həqiqətə uyğun olmayan
informasiyalar səsləndirilir, hazırlanan tele-şou və
ya debatlar da siyasi məqsədlərə yönəldilirdi. 20
Yanvar faciəsindən ötən ilk iki il ərzində
televiziyada bu qətliamla bağlı siyasi dəyərləndirmə
aparılmırdı. Ümummilli liderimiz Heydər Əliyevin
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
gəlişi bütün sahələrdə olduğu kimi, mətbuata
da plüralizmin, azadlığın verilməsi ilə
müşayiət olundu. Ulu öndər hər zaman mətbuatın
müstəqil fəaliyyətinə xüsusi önəm
verirdi. Bunun nəticəsi idi ki, uzun illərdən bəri mətbuatın
üzərində Domokl qılıncı kimi asılan senzura
ləğv olundu. Ulu öndərin şəxsi diqqəti sayəsində
Azərbaycanın efir məkanında rəngarənglik
yarandı, özəl televiziyalar fəaliyyətə
başladı. Bu addım, özəl televiziyaların
yaranması Azərbaycanda fikir azadlığına yol
açdı. Bu Ümummilli lider Heydər Əliyevin xidməti
idi. Bu mənada Azərbaycanda televiziyaçılıq,
yayımçılıq olduqca yüksək inkişaf yolu
keçdi, onların həyatında yeni bir səhifə
açıldı. Bu gün artıq televiziyalar qeyd etdiyimiz
siyasi təzyiq vasitəsi rolunu oynamır, onlar xalqın
informasiya mənbəyi statusunu alıb. Ümummilli lider Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları
mətbuatın inkişafına, onun müstəqil fəaliyyətinə
hər zaman xüsusi diqqət göstərir. Televiziyaların
inkişafı dövlətin diqqətindədir, baxmayaraq ki,
onlar müstəqil qurumlardır. Bu diqqətin nəticəsində
ölkəmizdə 10-a yaxın müstəqil teleşirkət,
o cümlədən, regionlarda televiziyalar fəaliyyət
göstərir. Dünya inkişaf edir. Azərbaycan son
dövrlərdə istər iqtisadi, istərsə də siyasi
cəhətdən olduqca yüksək inkişaf yolu
keçib. Məhz bu inkişafın nəticəsidir ki,
xalqımız yeni texnologiyaları mənimsəyir, keyfiyyətli
informasiya tələbini artırır, peşəkarlıq səviyyəsi
ortaya çıxır. Belə bir dövrdə hörmətli
akademikimiz Ramiz Mehdiyevin yazdığı məqalə teleməkanda
olan problemləri olduqca şəffaf şəkildə ortaya
qoyur. Bu məqalədə televiziyanın inkişaf yolu olduqca
gözəl əks olunub. Bununla yanaşı, mövcud
çatışmazlıqlar çox incə bir şəkildə
qeyd edilib. Məqalədə qeyd olunan iradlar ziyalı fikirləridir
və mənim fikrimcə, televiziyalarımız bu fikirlərdən
istifadə etməli, öz fəaliyyətlərində korrektələr
aparmalıdır. Təbii ki, hər şeylə
yanaşı, iqtisadi marağı da nəzərə almaq
lazımdır. Bu faktdır ki, özəl televiziyalar reklam gəlirləri
vasitəsilə mövcudluğunu qoruyur. Amma nəzərə
almaq lazımdır ki, hər bir məqamdan öncə milli dəyərlərimiz
qorunmalıdır. Bu gün efir məkanında Ramiz müəllimin
də qeyd etdiyi kimi, vətənpərvərlik mövzusunda
verilişlərin sayı və keyfiyyəti
artırılmalıdır. Eyni zamanda, cəmiyyətimizin
intellektual səviyyəsini əks etdirmək üçün
fərqli intellektual layihələrin həyata keçirilməsinə
ehtiyac var. Bir sözlə, görüləsi işlər
çoxdur. Fikrimcə, hörmətli akademikimizin bu məqaləsi
həm cəmiyyətimizə, həm teleməkanda işləyən
insanlara gözəl, dəyərli tövsiyələrdir. İnanıram
ki, bu fikirlər televiziya rəhbərləri tərəfindən
dəyərləndiriləcək və efir məkanımızın
gələcək inkişafında mühüm rol oynayacaq.
Nəbi Xəlilov:
Hörmətli həmfikirlərimin qeyd etdikləri kimi, akademik
Ramiz Mehdiyevin Azərbaycan teleməkanının problemlərini
və bu problemlərdən çıxış
yollarını özündə əks etdirən məqaləsi
yerində və vaxtında səsləndirilən dəyərli
fikirlərdir. Sevindirici haldır ki, akademikimizin bu fikirləri
cəmiyyətdə geniş diskussiyaya səbəb olub. Məqalə
milli-mənəvi dəyərlərin qorunması istiqamətində
böyük narahatlığı özündə əks
etdirir. Mövzu ətrafında Yeni Azərbaycan Partiyası Binəqədi
rayon təşkilatı geniş müzakirə təşkil
edib. Gənclərlin də iştirakı ilə bu mövzu ilə
əlaqədar Dəyirmi masa təşkil olunub və onların
fikirləri dinlənilib. Bu gün teleməkanda milli-mənəvi
dəyərlərin, vətənpərvərlik ruhunun yüksəldilməsi
üçün ilk növbədə veriliş
aparıcıları, diktorlarımız
hazırlanmalıdır. Sovet dövründə efirə
buraxılan hər bir veriliş və ya radioda səsləndirilən
fikirlər senzuradan keçməli idi. Bu isə söz
azadlığını, fikir plüralizmini inkişaf etməyə
qoymurdu. Qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə bu senzura ləğv
olundu və mətbuatımız öz müstəqilliyini əldə
etdi. Diqqətə çatdırmaq istəyirəm ki, sovet
dövründə tətbiq olunan senzura həm də
aparıcıların efir mədəniyyətini,
diksiyasını, dil üslubunu tənzimləyirdi. Hətta ən
xırdalıqlara belə diqqət yetirilirdi. Amma son dövrlərdə
nəyin şahidi oluruq? Dövlətimizin televiziyalara verdiyi
müstəqillik onunla nəticələnir ki,
yayımçılar ucuz reklam xatirinə, hətta ən
aşağı səviyyədə savada malik olmayan,
dilçilik anlayışı olmayan insanları belə efirə
çıxarır. Bu, olduqca ağır fəsadlar törədə
bilər. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan
televiziyaları peyk vasitəsilə dünyanın bir çox
dövlətlərinə yayımlanır. Bu nöqteyi-nəzərdən
xarici ölkələrdə Azərbaycan televiziyaları bir
növ dövlətimizin ictimai təmsilçisidir. Biz öz
xalqımızın mədəniyyətini, tarixini təbliğ
etməliyik.
Hörmətli akademik
Ramiz Mehdiyevin məqaləsində qeyd olunduğu kimi, bu
gün dünya efir məkanı fərqli fəaliyyət
istiqamətlərindən bəhrələnir. Məsələn,
dünyanın əksər tanınmış televiziyaları
müstəqil prodakşn şirkətləri ilə işləyir.
Bunun nəticəsidir ki, ortaya qoyulan veriliş həm keyfiyyət
etibarilə, həm də maraq kəsbetmə baxımından
yüksək səviyyəyə malikdir. Azərbaycanda da yeni
texnologiyalardan istifadə olunmalıdır. Digər tərəfdən,
nəzərə alınmalıdır ki, efirə gedən
verilişlər həmin millətin milli xüsusiyyətlərini
özündə daşısın. Qoy, bütün dünya
Azərbaycanın əvəzsiz milli əxlaqını,
mentalitetini, adət-ənənəsini görüb onunla
tanış olsunlar. İstər keçmişimizdə, istər
bu günümüzdə Azərbaycan xalqı əvəzedilməz
və özünəməxsus milli dəyərləri ilə
seçilib. Sevindiricidir ki, hörmətli Ramiz müəllimin
bu məqaləsindən sonra cəmiyyət bu problemlərin
ortadan qaldırılması üçün səfərbər
olub. Yəqin ki, çox qısa bir müddətdə hörmətli
akademikimizin tövsiyələri nəticəsində teleməkanımızda
müsbətə doğru inkişafın şahidi
olacağıq.
Pərviz SADAYOĞLU,
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2009.- 16 oktyabr.- S.5.