Son hekayələr

 

Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən birinin son əsərləri işıq üzü görmədi

 

Yazıçı Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərib. O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri hesab olunur. “Təyyarə kölgəsində”, “İtkin gəlin”, “Ayrılığın sonu yoxmuş”, “Dünyanı tanı”, “Vəfalım mənim” romanları dəfələrlə nəşr edilib. İran İslam Respublikasının “Ölməz şəxsiyyətlər” mükafatına layiq görülüb.

 

35-i aldatdı...

 

- Hər kəsin özünün şəcərə, nəsil tarixi var. Tələbə olarkən öz şəcərəmi üçüncü nəslə qədər araşdırıb öyrəndim. Ulu babam dördüncü uşaq dünyaya gələndən 1 il 3 ay sonra 35 yaşında dünyasını dəyişmişdi. Babam da dördüncü uşaq - yəni mənim əmim doğulandan 1 il 3 ay sonra 35 yaşında vəfat etmişdi. Atam da eləcə. 1961-ci ildə evləndim. Ardıcıl üç övladım dünyaya gəldi. Dördüncü uşaq məsələsi ortaya çıxanda bu əhvalat yadıma düşdü. Hesabladım gördüm ki, əgər bu uşaq dünyaya gəlsə o, 1 yaş 3 aylıq olanda mənim 35 yaşım olacaq. Arvadla məsləhətləşib burada dayandıq...
Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan yazıçılardan - Əlibala Hacızadə bunu yubileylərindən biri ərəfəsində söyləmişdi.
Taleyin qara zolağından keçdiyinə görə sevincini gizlətmirdi.

Yubiley dedim xatirimə yazıçının 65 illik yubileyi ilə bağlı tədbir düşdü. Əlibala Hacızadə ömrünün 65-ci ilini qeyd edirdi. Aktyorlar Evinin kasıb və səliqəsiz səhnəsində artıq arxada qalmış bu əlamətdar tarixi yazıçı öz yaxın dairəsi-oxucuları və ona qiymət verən, dəyərini bilən imza sahibləri ilə birgə keçirirdi. Səliqəsiz səhnə və çılpaq divarlar oxucularının gül yağışı və yazıçının ən yaxın simsarı kimi onun yanından ayrılmayan Zəlimxan Yaqubun şaqraq səsi ilə süslənmişdi. Nə Yazıçılar Birliyinin, nə də Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərindən kimsə gözə dəymirdi. Əlibala müəllim isə çox xoşbəxt görünürdü. Hər halda mən o gözlərdə bir qüssə duydum və yubilyar kiçik bir açıqlama verəndə həmin qüssəni üstələyən ürəyin böyüklüyünə heyran qaldım. Tək mən yox, yəqin ki, bütün iştirakçılar. Yazıçı insanların dönüklüyündən, həyatda aldığı zərbələrdən danışdı. məlum oldu ki, xarici həmkarlarının az qala milyonçu (amma əslində belə idi o zamanlar, ən çox tirajla çap olunan yazıçını bütün Azərbaycan oxuyurdu) kimi tanıdıqları yazıçının qəhrəmanları kiçik bir mətbəxdədoğulurmuş”.

- Bir dəfə mətbəxdə oturub (mənim yazı otağım olmayıb. Elə harada gəldi, hətta dizim üstündə də yazırdım - Ə.H.) “İtkin gəlin”i yazıram. Şahın şairi sarayına çağırdığı səhnəyə çatdım. Şair içində sevinir ki, xalqın dərdini deməyə imkan yaranıb. Elə bu vaxt çiynimə bir əl qondu. Çevrildim ki, uşaqların anasıdır. Dedi “Əlibala, bilirsən, ətimiz, kartofumuz, soğanımız qurtarıb”. Qələmi qoydum yerə. Dedim “Aaz, nə ət, nə kartof, nə soğan! Sən görmürsən mən burda şahlarla saraylarda oturmuşam!” Arvad geri çəkildi. Elə bildi ki, mənim başıma hava gəlib... Getdim bazara, nə lazım idi alıb gətirdim. Və şaha şairin dili ilə deyəcəklərimin hamısı uçdu getdi. On variant yazdım heç biri alınmadı. Axırda sonuncunun üstündə dayandım ki, oxucu nə biləcək mən nə fikirləşmişdim, nə alındı. Bax eləcə bozbaş yedi o fikirləri...

Ömrünün sonlarına yaxın yaratmaq istədiyi əsərlərini yazıçının içini xırda-xırda gəmirən xərçəng yedi...

Çevrəsindəkilərin soyuqluğu, sevdiklərinin dönüklüyündən heç vaxt şikayətlənmədi. Hamını sevdi ki, sevməyi və sevilməyi bacaran əsl məhəbbət aşiqləri yarada bilsin. “Təyyarə kölgəsində”, “Vəfalım mənim”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”-o qəhrəmanların oxucularla görüşü çox uzun çəkirdi. Az qala 10 il gözləməli olurdu oxucu. Amma gözləyirdi və unutmurdu. Kitab dükanları qarşısındakı növbələr, bashabaslar hamısı Əlibala Hacızadənin təmənnasız məhəbbətin, dürüstlüyün nə olduğunu nümayiş etdirən qəhrəmanları ilə daha tez görüşmək üçün idi.

O görüşdən sonra idimi, əvvəl idimi, ya elə həmin Aktyorlar Evinin soyuq divarlarının çərçivələdiyi məkan idimi, yazıçı dövlət başçısının qayğısını xatırladı. Kövrəlmişdi:

- Əgər Prezident təqaüdü olmasa idi, mənim iki yolum qalırdı: ya gedib özümü dənizə atmalı, ya da ağacdan asmalı idim.

Moskvada Onkologiya İnstitutunda müayinə olunub qayıtmışdı. Yəqin ki, hamı onu nə gözlədiyini bilirdi. Özü isə yüz faiz əmin idi. Həkimlər ürəyi zəif olduğu üçün əməliyyat olunmağına razılıq vermirdilər. Zarafatla deyirdi ki, mənim ürəyim o qədər sevgi acısı çəkib, o qədər zərbələr alıb ki. həyatda daha tabı qalmayıb.

- Sonuncu şeir kitabımın adını ona görə “Mənim yazıq ürəyim”qoydum. Tək özümün dərdimi çəkmədim ki, ölənlə öldüm, sevənlə sevdim, ac qalanla ac qaldım...

 

Milyonçu?..

 

Kitablarının tirajı 100 minlərlə olurdu. Əsərləri təkrar-təkrar nəşr edilirdi. Xüsusilə də “İtkin gəlin”, “Əfsanəsiz illər” və “Ayrılığın sonu yoxmuş” trilogiyası ədibə ən böyük şöhrəti və pulu gətirmişdi. Yazıçı gülə-gülə danışardı ki, Rusiyadakı həmkarlarından məktub alanda bəzən çaşıb qalırdı. Ona milyonçu deyə müraciət edirdilər. O, doğrudan da milyonçu idi. Amma necə?

- O kitabın birinin qiyməti 1 manat 10 qəpik idi. On qəpik mənim payım idi. Amma kitabın biri 10 manata satılırdı. Biləsuvarda qohumlardan biri dedi ki, məktəblərdə sinif uşaqları pul toplayıb bir kitab alır, sonra növbə ilə onu oxuyurlar. Gəncəli bir işbaz gəlib “Gənclik” nəşriyyatının anbardarından biri 2 manat 50 qəpikdən 35 min kitab alıb aparmışdı. “Dünyanı tanı” romanımdan özümdə qalmamışdı. Dedim alım qoyum arxivimə. Şəhəri gəzəndə gördüm bir kişi küçəyə kitab düzüb satır. Baxdım ki, kitabların içində mənim də romanım var. Qiymətini soruşdum dedi 15 manat. Pulum çatmadı almağa...

 

“Son hekayələr”

 

Bir ildən artıq idi xəstəlikdən əziyyət çəkirdi. Fikrində vardı ki, son əlyazmalarını toplayıb kitab halına salsın. Arzusu da bu idi ki, “Son hekayələr” kitabı oxucuları ilə son görüşü olsun.

- Mənim ömrüm qurtarır. Mən bunu hiss edirəm. Həkimlər məni aldatmaq istəyirlər. Deyirlər ki, sən onkologiyada müalicə alsan da, xərçəng deyilsən. Ancaq mən hər şeyi bilirəm...

Lakin yazıçının vida mərasimindən əvvəl nəzərdə tutduğu oxucularla “Son hekayələr”li görüşü keçirmək ona qismət olmadı...

 

 

Yeni Azərbaycan.- 2009.- 22 oktyabr.- S.6.