“Türkün gizli
tarixi” kitabının
təqdimatı keçirilib
Dünən Azərbaycanda
Atatürk Mərkəzində
Yunus Oğuz və Bəxtiyar Tuncayın müəllifliyi
ilə nəşr olunan “Türkün gizli tarixi” kitabının
təqdimatı keçirilib.
APA-nın məlumatına
görə, elmi-publisistik
əsərin ön söz müəllifi əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor, millət vəkili Yaqub Mahmudovdur. Təqdimat mərasimində çıxış edən
Atatürk Mərkəzinin
direktoru, millət vəkili Nizami Cəfərov bildirib ki, “Türkün gizli tarixi” kitabı
türk dünyasının
qədim tarixinin açılmayan qatlarına
elmi səyahət və tədqiqatçılara
mesajdır: “Bu gün ictimai şüurda türkçülük
aşağı səviyyədədir.
Bu hal bizi
təəssüfləndirir. Ancaq təqdimatına yığışdığımız bu kitab bu
şüuru formalaşdırır”.
Tədbirdə professor
Firudin Cəlilov, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan
Yaqub, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə
Rüstəmxanlı, millət vəkili Qənirə
Paşayeva və başqaları çıxış edərək
müəllifləri təbrik edib və gələcək
işlərində yaradıcılıq uğurları
arzulayıblar.
Qonaqlara təşəkkür
edən Yunus Oğuz qeyd edib ki, türk tarixinin gizli məqamları
bir çox alimlər tərəfindən qeyd olunsa da, onun fəlsəfi,
siyasi ümumiləşdirilməsi yox idi: “Bu gizlin tarixləri
biz Homerdən, Heredotdan, onlarda deyilən etnonimləri
götürmüşük və sübut etmişik ki,
türkün axını şərqdən qərbə deyil,
qərbdən şərqə olur. Azərbaycan və Anadolu
türkləri aborigen kimi, yəni köklü şəkildə
burada yaşayıblar. Kitabın əsas mahiyyəti bundan ibarətdir”.
Qeyd edək ki,
“Türkün gizli tarixi” kitabında Azərbaycanın qədim
dövrü, Şumerlər, Lulubilər, qədim türk
soyları, qədim türk ləhcə və şivələri,
qədim dini inanclar və digər məsələlərə
toxunulub.
Yeni Azərbaycan.- 2009.- 23 oktyabr.-
S.8.