İnkişaf edən sənaye şəhəriSumqayıt

 

Bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıt şəhərinin 60 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 24 aprel 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi bütün ölkə miqyasında qeyd edilir. Sərəncamda bildirilir ki, zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman digər sahələrdə tərəqqisinə güclü təkan verilən Sumqayıt şəhəri müstəqilliyimizin bərpası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.

 

Sum qayıt”, yoxsasu qayıt”...

 

Ərazisi 83 kv.km., əhalisi 300 mindən yuxarı olan Sumqayıt şəhəri ölkənin ikinci ən böyük sənaye mərkəzidir. Bir zamanlarGənclik şəhəriadlanan Sumqayıt 1949-cu ildə şəhər statusu alıb. Şəhərin ilk özül daşlarını düzənlər , onun ilk sakinləri gənclər olub.

“Sumqayıt” sözünün mənşəyi barədə 3 fərqli versiya mövcuddur. Bir əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də olub. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılaşacağını hiss edən Ceyran onun ardınca qışqırır:

- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

İkinci versiyaya görə, şəhərin adı qədim türk tayfası olan “suqa” və ya “sunqa”ların adından meydana gəlib. “-it” şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. “Sumqait” - “Sunqa-lar”, yəni “sunqaların yerləşdiyi ərazi” mənasını daşıyır. Sonuncu versiya şəhərdən bir az şimalda axan Sumqayıt çayıyla əlaqələndirilir. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çay Xəzər dənizinə axmayıb geri qayıtdığına görə, ona qədim türkdilli tayfalar “su qayıdan çay” deyiblər. Çayın adı və sonradan salınan şəhərin adı da, məhz bu ifadədən qaynaqlanır.
Yuxarıda da qeyd olunduğu kimi, Sumqayıt sənaye şəhəridir. Keçmiş postsovet məkanının ən böyük kimya zavodları məhz Sumqayıtın ərazisindədir. Bundan əlavə, şəhər alüminium, şüşə və boru istehsalına görə də məşhurdur. Sumqayıt bir sıra Avropa şəhərləri ilə qardaşlaşıb. Onların sırasında Lüdviqshafen (Almaniya), Bari (İtaliya), Çerkassı (Ukrayna), Cu Cou (Çin Xalq Respublikası), Ceyhan (Türkiyə), Rustavi (Gürcüstan), Mogilyov (Belarus), Lints (Avstriya), Piteşti (Rumıniya), Aktau (Qazaxıstan) və Genuya (İtaliya) da var.

 

Şəhər iqtisadi cəhətdən yüksək inkişaf tempinə malikdir

 

Ölkəmizdə bütün sahələrdə aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaradıb. Şəhər sakinlərinin bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infrastrukturun təkmilləşdirilməsinə yönəldilən bütün layihələr Prezident İlham Əliyevin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapıb və bu istiqamətdə bir çox işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıta növbəti səfəri şəhər üçün əlamətdar olub. Ölkə başçısı həmin səfər zamanı Ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksini ziyarət edib, şəhərin 47-ci məhəlləsində inşa edilən Paralimpiya İdman Kompleksinin açılışında, həmçinin, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl qəzası əlilləri üçün tikilmiş yaşayış binasının istifadəyə verilmə mərasimində iştirak edib, Nəsimi adına mədəniyyət və istirahət parkında, 3-cü mikrorayonda Sülh və Bakı küçələrinin kəsişməsindəki parkda şəhər sakinləri ilə görüşüb. Ölkə başçısı Sumqayıtın günü-gündən abadlaşdığını, inkişaf etdiyini bildirib, onun gözəl və müasir bir sənaye şəhərinə çevriləcəyinə əminliyini vurğulayıb.

2008-ci ildə ölkəmizin öz yüksək inkişaf dinamikasını və bu sahədə dünyada liderlik mövqeyini qoruyub saxlamasında digər regionlarla yanaşı, Sumqayıtın da özünəməxsus rolu olub. Sumqayıtlılar son illərdə nəzərdə tutulan işləri əzmlə başa vuraraq, şəhər iqtisadiyyatının yüksələn xətt üzrə inkişafını təmin ediblər. Ümumilikdə, şəhər üzrə məhsul buraxılışı və göstərilən xidmətlərin həcmi son 5 il ərzində 3 dəfədən çox artaraq 2 milyard 60 milyon manat olub. 2008-ci ildə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 34,8 faiz, 2003-cü illə müqayisədə isə 3,6 dəfə artaraq 580 milyon manat təşkil edib. Ümumi məhsul buraxılışının adambaşına düşən nominal həcmi 1930 manat həddini ötüb.

Yeni, çoxsaylı orta, iri və kiçik təsərrüfat subyektlərinin yaradılması, sənaye sahələrinin bərpası, şəhərdə sahibkarlara yaradılan əlverişli şərait nəticəsində mümkün olub. Bu səbəbdən də məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun payı artmaqda davam edir və hesabat dövründə 70 faizdən çox olub. Şəhərdə kiçik və orta sahibkarlar tərəfindən 134 ticarət, 1 istehsal sahəsi, 15 iaşə və 36 xidmət obyekti tikilib istifadəyə verilib.

Şəhərin iqtisadi yüksəlişinin əsas bazası olan sənaye sahəsində ötən il istehsal olunan məhsulun həcmi 320,0 milyon manat təşkil etməklə, il ərzində 20 faiz, son 5 ildə isə 3 dəfədən çox artaraq, ümumilikdə, 1 milyard 350 milyon manat təşkil edib. Məhsul istehsalının artması əsasən yeni sənaye müəssisələrinin yaradılması və xidmətlərin artması hesabına mümkün olub.

Şəhər üzrə ayrı-ayrı sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına qoyulan investisiyaların həcmi son 5 ildə 1 milyard 355 milyon manat təşkil edib. 2008-ci ildə şəhərdə əsaslı vəsait qoyuluşunun həcmi 150,0 milyon manat olub ki, bu vəsaitlərin əsas hissəsi sənaye sahələrinin yenidən qurulmasına və inkişafına, bir hissəsi isə sosial yönümlü tədbirlərin həyata keçirilməsinə yönəldilib.

Hesabat dövründə şəhər üzrə sənaye sahələrində çalışan işçilərin sayı 6 faiz, orta aylıq əməkhaqqı isə 35 faiz artıb. Son 5 ildə şəhər əhalisinin həyat səviyyəsini səciyyələndirən nominal aylıq əməkhaqqı 4 dəfədən çox olub.

 

Sənayenin inkişafı davam etdirilir

 

2008-ci ildə alüminium və boru istehsalının həcminin artırılması istiqamətində bir sıra işlər həyata keçirilib, məhsul istehsalı 30,0 faizdən çox olub. Sumqayıt Alüminium istehsalı sahəsində ilkin alüminium istehsalının həcmi 25 min ton artırılıb. Eyni zamanda, “Azərboru” ASC-də istehsal sahələrinin genişləndirilməsi ilə əlaqədar boru buraxılışının həcmi ötən illə müqayisədə 5 min tondan çox artırılıb. Şəhərin yüngül sənaye müəssisələrindən olan “Xovlu İplik” və Sumqayıt “Trikotaj” Açıq Səhmdar Cəmiyyətlərində aparılan əsaslı təmir və yenidənqurma işləri davam etdirilib. Sumqayıt “Trikotaj” ASC-də ilkin mərhələdə həcmi gündə 5 ton olmaqla pambıq iplik sapların hazırlanması nəzərdə tutulur. İplik istehsalı üçün İtaliya və Almaniya istehsalı olan zəruri müasir avadanlıqlar alınaraq ölkəmizə gətirilib.

Şüşə lifli boru istehsalı zavodu olan “Azkompozit” MMC-də diametri 2000 mm olan borularla yanaşı, diametri 300 mm-dən 1800 mm-ə qədər olan şüşə lifli boruların hazırlanması istiqamətində tədbirlər görülüb, xüsusi qəliblər hazırlanıb və qeyd edilən ölçülərdə yeni boru istehsalına başlanılıb. Hesabat dövrü ərzində “Superfosfat” ASC-də əsasən sulfat turşusu istehsal edilib. Müəssisədə məhsulun istehsal həcmi ötən illə müqayisədə 2 dəfədən çox artıb.

Elektrik kabelləri istehsalı və texnologiyalar parkı müəssisəsinin tikinti-quraşdırma işləri ötən il davam etdirilib. Bu müəssisədə mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqillərinin istehsalı nəzərdə tutulub. Hazırda 3 iri istehsal korpusunun tikintisi başa çatdırılıb və daha 3 korpusun tikintisi üçün işlər aparılır. “Bismak” Qida Sənaye Kompleksində yeni şokolad emalı sahəsi və hazır məhsul anbarının tikintisi başa çatdırılıb. “Tac Holdinq” və “Elitar” MMC-də məhsul istehsalı həcminin və çeşidlərinin artırılması ilə bağlı əlavə avadanlıqlar quraşdırılıb.

Yeni Beton körpü konstruksiyalar zavodunda 2 beton emalı korpusu tikilib və beton körpü konstruksiya hazırlanan qəlib quraşdırılıb. Müəssisədə uzunluğu 18-33 metr olan müxtəlif beton körpü konstruksiyalar hazırlanır. Dövlət Proqramının icrası dövründə şəhər ərazisində “Azərsun” Holdinqin və “Azərkarton” Məhdud Məsuliyyətli Cəmiyyətinin xam kağız emalı sahəsinin inşasına başlanılıb. Bu müəssisələrdə əsasən karton və kağız istehsalı nəzərdə tutulur. Avadanlıqlar alınıb gətirilib, tikinti-quraşdırma işlərinə ümumilikdə 100 nəfərdən çox işçi cəlb edilib.

Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində 4600-dən çox yeni iş yerləri yaradılıb, bunların 2100-dən çoxu daimi iş yerləridir. Ümumilikdə, 2003-cü ilin oktyabr ayından etibarən, şəhərdə 36500-ə qədər yeni iş yerləri yaradılıb, bunların da 18900-ə yaxını daimi iş yerləridir.

2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatıb. Dövlət Proqramında şəhər üzrə müəyyən edilən 11 tədbirin tam əksəriyyəti yerinə yetirilib, metallurgiya sənayesinin yeni müasir texnologiya əsasında inkişafı, toxuculuq sənayesinin bərpası, istilik-elektrik stansiyasının inşası və yeni ötürücü xətlərin çəkilməsi, su təchizatı və kanalizasiya xətlərinin yaxşılaşdırılması, eləcə də, sosial məsələlərin həlli istiqamətində kompleks tədbirlər görülüb.

Dövlət Proqramı daxilində şəhərin sənaye kompleksinin inkişafı nəzərə alınmaqla, sosial-məişət obyektlərinin və əhalinin etibarlı enerji təchizatını təmin etmək məqsədilə 517 MVt gücü olan yeni elektrik stansiyası inşa edilərək başa çatdırılıb. Sumqayıtda alüminium və boru istehsalının müasir texnologiya əsasında bərpası və inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Şəhər ərazisində son 5 il ərzində 50-dən çox yeni orta və iri istehsal müəssisələri, 100-dən artıq iri xidmət və 1000-dən çox kiçik istehsal və xidmət sahələri tikilib istifadəyə verilib. İlin əvvəlindən şəhər ərazisində inşası aparılan yeni obyektlərdən sutkalıq gücü 200 min kub metr olan müasir məişət çirkab suları üçün təmizləyici qurğuda işlər qrafik üzrə həyata keçirilir. Sumqayıtda hazırda hüquqi şəxs qismində 1800-dən çox müəssisə və 10 mindən artıq fiziki şəxs fəaliyyət göstərir. Şəhərdə sahibkarlığın inkişafına istiqamətlənən layihələrin maliyyələşməsində bank filiallarının müstəsna rolu var. Hazırda şəhərdə 27 bankın filialları var və bunların tam əksəriyyəti son 5 il ərzində fəaliyyətə başlayıb.

 

Sumqayıtda tikinti-abadlaşdırma işləri aparılıb

 

Ötən dövr ərzində şəhərdə ölkə başçısının birbaşa dəstəyi ilə bir çox layihələr həyata keçirilib. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ümumilikdə 6 yaşayış binası, həmçinin, Ermənistandan gələn qaçqınlar üçün bir yaşayış binası tikilib istifadəyə verilib. Eyni zamanda, şəhərdə mənzil sıxlığının aradan qaldırılması üçün 30-dan çox yüksəkmərtəbəli özəl yaşayış binaları inşa edilib. Yüksəkmərtəbəli yaşayış binalarının əksər hissəsi tamamlanıb vətəndaşların istifadəsinə verilib. Hesabat dövründə “Ağsaqqallar evi” və bir neçə “Xeyir-şər” evinin inşası başa çatdırılıb. Son beş ildə Sumqayıtın yollarına və küçələrinə ümumilikdə 2,7 milyon kv. metrdən çox asfalt döşənib, şəhərin Sahil və Çerkassı küçələri tamamilə yenidən qurulub, son beş ildə 260 yaşayış binası əsaslı təmir edilib, 240-a yaxın yaşayış binasının fasad divarları rənglənib, şəhərin giriş hissəsindəki 12 mərtəbəli yaşayış binalarının fasadı müasir üslubda zövqoxşayan şəkildə yenidən qurulub, qəza vəziyyətində olan 28 yaşayış binası əsaslı təmir edilib, 800-dən çox yaşayış binasında 750 min kv. metrə yaxın dam örtüyü təmir edilib. H.Zeynalabdin və Corat qəsəbələrində irimiqyaslı, müasir tələblərə uyğun asfaltlama işləri aparılıb.

2008-ci ildə şəhərdə bir sıra memorial abidə kompleksləri müasir üslubda yenidən qurulub. Şəhərin “Sülh göyərçini” kompleksinin ətrafı tam müasir formada abadlaşdırılıb və pilləli fəvvarələr tikilib istifadəyə verilib. “Heydər parkı” ərazisi abadlaşdırılaraq yeni oturacaqlar qoyulub, işıqlandırma sistemi qurulub, müasir tipli yeni musiqili fəvvarə öz orijinallığı ilə seçilir və sakinlərin sevimli istirahət yerinə çevrilib. Son 5 ildə Sumqayıtda xalqımızın Ümummilli lideri Heydər Əliyevin əzəmətli abidə kompleksi yaradılıb, onun adını daşıyan park yenidən qurulub. Böyük yazıçı və mütəfəkkir C.Məmmədquluzadənin büstü qoyulub, dahi şair Nəsiminin heykəli, yazıçı-dramaturq C.Cabbarlının büstü, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş əsgər və zabitlərin xatirəsinə monument, 3-cü mikrorayon ərazisində istirahət guşəsi və fəvvarələr meydanı, şəhərin giriş hissəsində “Tərəqqi” monumenti və istirahət parkı, dahi şair Nizami Gəncəvinin abidəsi və onun adını daşıyan meydan müasir şəkildə üzlük daş döşənməklə, yeraltı kommunikasiyalar qurulmaqla və müasir işıqlandırma sistemi yaradılmaqla inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib, “Lüdviqshafen” parkında yenidənqurma işləri aparılıb.

Son illər ərzində şəhər ərazisində dövlət orqanlarının Sumqayıt şəhər şöbələri və regional idarələri üçün inzibati binalarının inşa edilməsinə başlanılıb. Məsələn, Gömrük İdarəsinin, 2 saylı Ərazi Vergilər İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər ərazi idarələrinin binaları şəhərə xüsusi gözəllik gətirir. Hazırda Maliyyə Nazirliyinin Sumqayıt şəhər  İdarəsinin yeni binasının tikintisi aparılır.

Son illər ərzində şəhər üzrə uzun müddət işləməyən liftlərin əksəriyyəti  əsaslı təmir edilib, yeni liftlər quraşdırılıb, ümumilikdə mövcud olan 586 liftdən 562-si istismardadır, bu da onların 96 faizdən çoxunu təşkil edir.

 

Sakinlərə yüksək səviyyəli kommunal xidmətlər göstərilir

 

2008-ci il ərzində şəhərin müxtəlif küçə, meydan, xiyaban, park, məhəllə və mikrorayondaxili həyətlərin işıqlandırılması məqsədilə 160-a yaxın yeni işıq dirəkləri quraşdırılıb, 9 km kabel xətləri çəkilib və 1300-dən çox elektrik lampaları qoyulub. Son illər ərzində şəhər ərazisinin işıqlandırılması istiqamətində 1100-dən çox yeni dirək basdırılıb, 160 min p/metr kabel çəkilib, 5000-dən çox müasir elektrik fanarları quraşdırılıb.

2008-ci ildə əhalinin su, təbii qaz, elektrik enerjisi ilə təminatının və digər kommunal xidmətlərin göstərilməsinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Şəhər ərazisində istismara yararsız 1,7 kilometrə yaxın böyük diametrli su, 300 metrə yaxın kanalizasiya xətləri yenisi ilə əvəz olunub, H.Zeynalabdin qəsəbəsindən Sumqayıta gələn 10 km uzunluğunda istismara yararsız şollar su xəttinin çəkilişi yekunlaşmaq üzrədir, Ceyranbatan su anbarından şəhərə gələn iri diametrli magistral su xəttinin 10 və 12-ci mikrorayonların ərazisindən keçən hissəsinin dəyişdirilməsi işləri davam edir.  Bütövlükdə isə son illər ərzində şəhər və qəsəbələrin ərazisində 35 km-ə yaxın müxtəlif diametrli yeni su xətləri və 10 km-dən çox kanalizasiya şəbəkəsi, yağışqəbuledici xətlər çəkilərək istifadəyə verilib.

Şəhər əhalisinin təbii qazla daha fasiləsiz surətdə təmin edilməsi və xarici qaz kəmərlərinin etibarlılığının artırılması məqsədilə 2008-ci ildə qaz təsərrüfatı sahəsində bir sıra işlər görülüb, müxtəlif diametrli yeni xətlər çəkilib, qaz tənzimləyicilər quraşdırılıb. İl ərzində şəhərin ayrı-ayrı yaşayış massivlərində 3400-ə yaxın sayğaclar quraşdırılıb ki, bununla da sayğaclaşmış mənzillərin sayı 66500-ü ötüb. Hazırda bu sayğacların daha müasir, öncədən ödəniş sistemini həyata keçirən elektron tipli “Smart-kart” markalı sayğaclarla əvəz edilməsi işləri aparılır, 16-cı mikrorayonda, 51-ci məhəllədə, Novruz və Təzə Corat yaşayış massivlərində işlər yekunlaşıb və bu məqsədlə 1100-dən çox sayğac quraşdırılıb.

Şəhərə verilən elektrik enerjisinin etibarlılığını təmin etmək məqsədilə il ərzində “Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən çoxlu sayda güc transformatorları dəyişdirilib, kilometrlərlə kabel xətləri yenisi ilə əvəz olunub, artıq abonentlərin 97,7 faizinin mənzillərində sayğac quraşdırılıb, fərdi evlərin sayğaclaşdırılması məqsədilə 160 kilometrdən çox xüsusi kabel istifadə edilib. Görülən tədbirlərin nəticəsi olaraq il ərzində əhali tərəfindən istifadə edilən elektrik enerjisində itkilərin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb.

“Sumqayıtistiliktəchizat” idarəsi tərəfindən şəhərin bütün orta məktəblərinin, tibb müəssisələrinin, bir çox inzibati və yaşayış binalarının istiliklə təmin edilməsi məqsədilə xeyli işlər görülüb. 17-ci mikrorayonda yeni istismara verilən qazanxana vasitəsi ilə 21 yaşayış binasının, 18-ci mikrorayonda isə 6 yaşayış binasının istiliklə təmin edilməsi üçün tədbirlər davam etdirilir. Əhali üçün istilik sistemlərinin bərpa edilməsində məqsəd ümumilikdə bu sistemlərin rahatlığı, təhlükəsizliyi, ucuzluğu və digər enerjidaşıyıcılara qış mövsümündə qənaət edilməsidir. Sözsüz ki, istilik sistemlərinin bərpasına maraq artıb və bu iş sakinlərlə birgə, əsaslı şəkildə təşkil olunmalıdır.

Son dövrlərdə şəhərdə ətraf mühitin istehsal və məişət tullantılarından qorunması, onların zərərli təsirinin azaldılması və təhlükəli nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi təmin edilib. Bu sahədə maddi-texniki baza gücləndirilib və ölkə Prezidentinin tapşırığı ilə şəhərə 7 ədəd kommunal təyinatlı xüsusi texnika ayrılıb. Bu işin təşkilində daha böyük dönüş yaratmaq məqsədilə Mənzil-kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin Sanitar təmizliyi idarəsinin bazasında 2009-cu ilin əvvəlindən fəaliyyətə başlamış yeni bir qurum - “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC yaradılıb.

Hesabat ilində şəhərin gündəlik həyatına informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra işlər həyata keçirilib. Bütün avtomat telefon stansiyalarında müasir avadanlıqlar quraşdırılıb və onların əhatə etdiyi ərazilərdə genişzolaqlı sürətli internetə olan tələbat təmin edilib. Şəhərdə yeni NGN tipli şəbəkənin quraşdırılması ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb.

 

Təhsil, mədəniyyət və səhiyyə sahələrində yeniliklər müşahidə olunur

 

Ötən il Sumqayıtın təhsil sistemində onun inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülüb. Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi internat məktəbinə 260 yerlik, Tuğ zavod ərazisində fəaliyyət göstərən və qəza vəziyyətində olan 42 nömrəli məktəb üçün 220 yerlik bina tikilərək istifadəyə verilib. Həmçinin, şagird sıxlığı böyük olan 5 nömrəli məktəb üçün 400, 9 nömrəli məktəb üçün 300, 19 nömrəli məktəb üçün 600  və   “İstedad” liseyi üçün 400 yerlik əlavə tədris korpusları tikilib.

Respublikamızda ilk dəfə olaraq Sumqayıtda şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay düşərgələri  təşkil edilib və artıq 6 ildir ki, bu düşərgələr fəaliyyətdədir. Müsbət haldır ki, həm məktəblilər, həm də valideynlər tərəfindən rəğbətlə qarşılanan bu iş 6 məktəbdən başlasa da, ötən il 44 məktəbdə təşkil edilib, bu düşərgələrə 2200 şagird cəlb olunub, şagirdlər düşərgədə olduğu müddətdə gündə bir dəfə yeməklə təmin olunub, asudə vaxtlarının mənalı təşkili üçün müxtəlif yarışlar, gəzintilər, ziyalılarla görüşlər keçirilib.

Ötən il ərzində şəhər əhalisinə göstərilən tibbi xidmət sahəsində müəyyən irəliləyişlərə nail olunub. Şəhərin səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri inventar və avadanlıqlar, tibbi avadanlıqlarla gətirilib, 9 ədəd “Mercedes” markalı təcili yardım maşını alınıb. Şəhərin Təcili Tibbi Yardım Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb, müasir tibbi texnika və avadanlıq quraşdırılıb. 2 saylı şəhər poliklinikasında, 1, 2 və 5 nömrəli  uşaq poliklinikalarında, oftalmoloji xəstəxanada cari təmir işləri aparılıb. Uşaq xəstəxanasında isə əsaslı təmir işləri davam etdirilir, 4 şöbədə artıq işlər yekunlaşıb.

Şəhərdə ənənəvi sahibkarlıq subyektləri ilə yanaşı, özəl səhiyyə müəssisələrinin də yaradılması geniş vüsət alıb. Hazırda şəhərdə 13 özəl klinika, laborator müayinə, diaqnostik mərkəz, 70 özəl stomatoloji kabinet, 42 özəl aptek fəaliyyət göstərir. “Real” sağlamlıq klinikası, 13-cü mikrorayondakı yeni stomatoloji mərkəz, “Hippokrat” Elm-İstehsalat Tibb Müəssisəsi, “Şəfqət” klinikası, “Liman” sağlamlıq mərkəzi, “İntermed”, “Diamed” diaqnostika mərkəzləri və bir çox digər özəl tibb müəssisələri sumqayıtlılara yüksək tibbi xidmət göstərir.

Ötən il mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq, onların maddi-texniki bazasını gücləndirmək, əhaliyə  göstərilən mədəni xidmətin səviyyəsini daha da yüksəltmək məqsədilə bir sıra işlər görülüb. Sumqayıtın Tarix Muzeyində müasir üslubda aparılan əsaslı təmir və yenidənqurma işləri  davam etdirilir. S.Vurğun adına Mərkəzi kitabxananın əsaslı təmiri başa çatdırılıb, müvafiq inventar və texniki avadanlıqlarla təchiz edilib. N.Nərimanov adına Mədəniyyət  evində əsaslı təmir işləri aparılıb, binanın fasadında müasir işıqlandırma sistemi quraşdırılıb. Bülbül adına və S.Rüstəmov adına uşaq incəsənət məktəblərində, N.Gəncəvi adına uşaq kitabxana klubunda qismən təmir işləri aparılıb.

Sumqayıtda gənclərə, onların sağlam böyüməsinə daim diqqət yetirilir. Hazırda şəhərin 17-ci mikrorayon ərazisində nəzərdə tutulan müasir Olimpiya İdman Kompleksində tikinti işləri davam etdirilir, 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin bazasında süni örtüklü otüstü xokkey meydançası tikilərək idmançıların istifadəsinə verilib. Sumqayıtda bütün sosial kateqoriyalardan olan insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılması onların müxtəlif beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırmalarına imkan verib. Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında şəhərin bir idmançısı-boksçu Şahin İmranov bürünc, Paralimpiya oyunlarında isə cüdoçular- İlham Zəkiyev qızıl, Tofiq Məmmədov və Kərim Sərdarov isə gümüş medallar qazanıblar.

 

Sumqayıt sakinləri birmənalı şəkildə Ümummilli lider Heydər Əliyev siyasi kursunu dəstəkləyir


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı ən böyük yerli təşkilatlardan sayılır. Şəhərin bütün ictimai tədbirlərində hər zaman öndə gedən YAP Sumqayıt şəhər təşkilatı özündə 16904 üzvü birləşdirir. 310 ərazi ilk təşkilatında birləşən üzvlərin 7927 nəfəri gənclər, 7495 nəfəri isə qadınlardan ibarətdir.

Sumqayıtlılar ölkəmizin inkişafının, sabitliyinin və gələcəyinin qarantı olan  Ulu öndər Heydər Əliyev siyasi kursuna daim sadiqliyi ilə seçilib. 2008-ci il prezident seçkilərində Sumqayıt seçiciləri Ümummilli lider Heydər Əliyev siyasi kursuna yüksək səviyyədə dəstək verdiklərini bir daha nümayiş etdiriblər. Daim ölkə Prezidentinin diqqət və qayğısı ilə əhatə olunan şəhər seçicilərinin 89,74 faizi dövlət başçısı İlham Əliyevə səs verib. Sumqayıtlılar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən, günü-gündən gözəlləşən Sumqayıt gələcəkdə daha müasir şəhərə çevriləcək.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbyacan.- 2009.- 31 oktyabr.- S.8-9.