Samux rayonu qurulur, inkişaf edir, yeniləşir...

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın icrası nəticəsində rayonun siması dəyişib

Qədim tarixə malik diyar Samux rayonu Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilib. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılıb.

Səfərəliyev rayonu isə Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Gəncə şəhərinin ərazisində yaradılıb, Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Gəncənin rayonlarının tərkibindən çıxarılaraq respublika rayonlarının tərkibinə daxil edilib. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalıb, 1930-cu ildən fəaliyyət göstərən keçmiş Samux rayonu Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilib.
Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilib. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (Göygöl) rayonunun tərkibinə daxil edilib.

Tarix elmləri namizədi Arif Məmmədovun “Samux mahalının tarixi - arxeoloji tədqiqinə dair” kitabında qeyd edildiyi kimi, Samux mahalının adı, xarabalıqları qalın Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adından götürülüb. Bu şəhərin ərazisi Kürün hər iki sahilində Qazannı dağlarının ətəklərini, Qanlı Qobu ilə Qabırrı vadisi arasında olan ərazini əhatə edirdi. Samux sözünün mənasına gəldikdə isə, bu haqda müxtəlif fikirlər var. Belə ki, R.Yüzbaşov Samux sözünü yayda ərazidən əsən isti küləklə əlaqələndirir. Bəzi tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, meşəlik, ov yeri mənasını bildirdiyi qeyd edilir. “Azərbaycan dilinin onomastikası” adlı əsərdə Samux adının - zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatda isə adın birinci hissəsinin “Sam” - öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını verdiyi, Samux sözünün isə belə ağacların çoxlu bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir.

Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. Ərazisi 1455 kvadrat kilometrdir. Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi var. Bunlardan 1-i şəhər, 5-i qəsəbə və 29-u kənddir. Rayon əhalisi əsasən azərbaycanlılardan ibarətdir və əhalinin sayı 53000 nəfər təşkil edir. Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. Rayonun ərazisindən Kür, Qabırrı (İori), Alazan (Qanıx), Gəncə və Quşqara çayları keçir.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli Sərəncamı ilə rayonda ərazisi 1686 hektar olan “Eldar Şamı” Dövlət Təbiət Qoruğu yaradılıb.

Arxeoloji qazıntılar zamanı III-V əsrlərə aid olan “Liman” Samux qəsəbəsi Kür çayının sağ sahilində tapılıb. Bu baxımdan, Samux qəsəbəsinin cənub tərəfində tapılan “Gil tikintisi” XIII - XV əsrlərə aid edilir. Son Tunc dövrünə aid olan “Kurqanlar” Çobanabdallı kəndində aşkar edilib. XIV əsrə aid olan “Dinaraq” yaşayış yeri Çobanabdallı kəndində olub. Bundan başqa, həmin kənddə olan “Narlı qoruq” yaşayış yeri XIII əsrə aiddir.

 

İnkişaf edən Samux...

 

Regionların iqtisadi tərəqqisində çox böyük rol oynayan “Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın yerinə yetirilməsi istiqamətində Samuxda həyata keçirilən tədbirlər nəticəsində rayonun siması dəyişib və əhalisinin sosial rifah halı xeyli yüksəlib. Belə ki, 2008-ci ildə rayonda məhsul istehsalının həcmi 71,1 milyon manat olub. Yəni 2003-cü ildəkinə nisbətən 4.1 dəfə artıb. 2008-ci ildə 2003-cü ildəkinə nisbətən sənaye məhsullarının həcmi 8,4 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 3,8 dəfə, tikintinin həcmi 51,3 dəfə, ticarətin həcmi 3,2 dəfə, rabitə 3,7 dəfə, pərakəndə əmtəə dövriyyəsi 3,0 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 23,7 dəfə artıb. Göründüyü kimi, son beş ildə Samuxun iqtisadiyyatında böyük uğurlar əldə olunub. Əvvəlki illərdə olduğu kimi 2008-ci ildə də rayonda geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfərindən sonra bu işlər daha da sürətlənib. Ölkə başçısının tapşırığı ilə rayonun inkişafı üçün ayrılmış 2,0 milyon manat vəsait hesabına geniş quruculuq işləri aparılıb.

Belə ki, rayon mərkəzinin Səməd Vurğun küçəsi, Kolayır prospekti, Əsgər Zeynalov, Elçin Məmmədov, A.Nəbiyev  küçələrinin bir hissəsi yenidən qurulub, Heydər Əliyev prospektində təmir işləri aparılıb. Samux şəhərinin giriş kompleksində memarlıq, bədii tərtibat işləri görülüb, Kolayır dairəsindən Kolayır prospekti, Yenikənd yolu istiqamətində 124 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmaqla işıqlandırma sistemi qurulub, eyni zamanda, Füzuli kəndinin mərkəzi küçəsi, Bağbanlar kəndinin bir küçəsi, həmçinin, Lək kəndinin mərkəzi küçəsinə yeni asfalt örtüyü salınıb. Ziyadlı kəndinin  giriş yolu, Qovlarsarı-Ziyadlı, Qovlarsarı-Qarayeri yolunda olan körpülərdə əsaslı təmir və bərpa  işləri aparılıb, Kolayır-Qarayeri yolunda, Sərkar kəndi daxili yollarında təmir işləri həyata keçirilib.

Ümumiyyətlə, son 5 ildə rayon mərkəzinin 16 küçəsində yenidənqurma işləri aparılıb. Bu işlərə 35,0 min kv.m. səki, 160,0 min kv.m yeni asfalt örtüyü, 22,1 km uzunluğunda beton su arxlarının salınması və. s daxildir. Rayon ərazisində işıqlanma sisteminin qurulması məqsədi ilə 402 ədəd müasir tipli işıq dirəkləri quraşdırılıb. Bu illər ərzində rayonda Ümummilli liderimiz Heydər Əliyev adına mərkəzi istirahət parkı yenidən qurulub, Heydər Əliyev muzeyi yaradılıb, “Samux şəhidləri” kompleksi inşa edilib, rayon  mərkəzində bir park və 2 xiyaban, qəsəbə və kəndlərdə 5 yeni istirahət parkı salınıb, 100-dək müasir tələblərə cavab verən ticarət və ictimai iaşə obyektləri, beş inzibati bina, Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası inşa edilib.

Rayonda sahibkarlığın  inkişaf etdirilməsi istiqamətində də geniş tədbirlər  həyata keçirilir. Ümumi məhsul istehsalında qeyri - dövlət sektorunun xüsusi  çəkisi rayonda  sahibkarlığın  inkişafına yaradılan  münbit şəraitdən xəbər verir. Belə ki, 2008-ci ildə qeyri-dövlət sektorunda məhsul istehsalının həcmi 63,1 milyon manat olub ki, bu da ümumi məhsul istehsalının 88,8 faizini təşkil edir. Bu göstərici respublika üzrə orta göstəricidən (84,5 faiz) yüksəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri olan sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə 2008-ci ildən “vahid pəncərə” sisteminin tətbiq edilməsi və hazırlanmaqda olan “2009-2015-ci illərdə sahibkarlığın inkişafı Dövlət Proqramı” sahibkarlar üçün  yeni  imkanlar açıb. Bunun nəticəsidir ki, 2008-ci ildə rayonda “Unversal-NAA” MMC meyvə-tərəvəz anbarı, Samux quşçuluq fabriki kimi iri müəssisələr fəaliyyətə başlayıb , 5 yeni istehsal sahəsi yaradılıb.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Bu baxımdan rayon ərazisində sənaye müəssisələrinin, o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülüb. Belə ki, hazırda rayonda ət, süd emalı müəssisəsi, 1 un fabriki, pambıq emalı müəssisəsi, 2 günəbaxan tumlarının qablaşdırılması müəssisəsi fəaliyyət göstərir. Lakin bu sahədə yeni istehsal sahələrinin yaradılmasına böyük ehtiyac var. Çünki rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. 2008-ci ildə rayonda 28,3 min ton taxıl, 2,7 min ton qarğıdalı, 1,2 ton günəbaxan, 10,1 min ton tərəvəz, 14,1 ton meyvə, 3,1 min ton ət, 13,0 ton süd, 297 ton yun, 3,1 milyon ədəd yumurta istehsal olunub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, 1907 saylı Sərəncamı bu sahədə artımı daha da sürətləndirib. Sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 25 yanvar 32 saylı qərarına müvafiq olaraq 2008-ci ildə rayonun 34 ərazi komissiyası üzrə 8302 nəfər istehsalçıya 19468,3 hektar torpaq sahəsinin becərilməsi üçün 778733 manat 20 qəpik yardım “Kapital Bank” ASC-nin Samux filialı tərəfindən plastik kartlarla ödənilib.

Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair” müvafiq qərarına əsasən 2009-cu il üçün 7155,5 əkin sahəsi üzrə 2845 nəfər torpaq mülkiyyətçisinə 286220 manat 20 qəpik yardım hesablanıb. Eyni zamanda, Samux rayon “Aqroservis” filialı tərəfindən rayonun fermerlərinə 2008-ci ildə 207,4 ton azot gübrəsi, 138 ton superfosfat gübrəsi 50 faiz güzəştlə satılıb. Bundan əlavə, dövlət və özəl toxumçuluq təsərrüfatlarına 38,8 ton Rusiyadan gətirilmiş yüksək reproduksiyalı buğda toxumu 50 faiz güzəştlə satılıb.

2003-cü ildən başlayaraq rayon üzrə orta əməkhaqqı dinamik olaraq artıb. Belə ki, 2003-cü ildə 33,2 manat, 2004-cü ildə 40,5 manat, 2005-ci ildə 64,1 manat, 2006-cı ildə 76,3 manat, 2007-ci ildə 128.1 manat, 2008-ci ildə 182,5 manat olub. Göründüyü kimi, 2003-cü ilə nisbətən 2008-ci ildə rayon üzrə orta əməkhaqqı 5,5 dəfə artıb.

2008-ci ildə rayonda 2727 yeni iş yeri yaradılıb ki, onlardan da 629-u daimidir. Ümumilikdə, son beş ildə rayonda 10935 yeni iş yeri açılıb ki, onlardan da 2746-sı daimi olub. 2009-cu ildə də yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir. 2009-2013-cü illər üçün hazırlanmış tədbirlərin sırasında yeni istehsal sahələrinin, xüsusilə kənd təsərrüfatı məhsullarının ilkin emalı müəssisələrinin yaradılması üstünlük təşkil edir.

2008-ci ildə təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində də müəyyən işlər görülüb. Dövlət Proqramının icrası ilə əlaqədar, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son beş ildə rayonda inşa edilən məktəblər, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və informasiya - kommunikasiya texnologiyaları ilə təmin olunması rayonun təhsil sisteminə müsbət təsir göstərib. Son beş ildə rayonda Heydər Əliyev Fondu hesabına 200 şagird yerlik 3, Dövlət Proqramı çərçivəsində 340 şagird yerlik 1, Təhsil Nazirliyinin xətti ilə müvafiq olaraq 150 və 240 şagird yerlik 2, ümumilikdə isə 8 yeni məktəb inşa edilib, 12 məktəbdə, 1 uşaq bağçasında əsaslı təmir işləri aparılıb. Qeyd edək ki, son 20-25 ildə Samux rayonunun ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üçün yeni bina tikilib, mövcud binalarda əsaslı təmir işləri aparılıb.

2008-ci ildə rayonda 240 şagird yerlik Qovlarsarı kənd orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilib, 280 şagird yerlik Yuxarı Ağasıbəyli kənd orta məktəbinin və 150 şagird yerlik Əlibayramlı kənd əsas məktəbinin binası əsaslı təmir edilib. Sarıqamış kəndində inşa edilən 200 şagird yerlik məktəbin açılışı isə bu günlərdə reallaşıb. Yeni inşa edilən və əsaslı təmir olunmuş bütün məktəblər yeni avadanlıqlarla təmin edilib.

Səhiyyə ocaqlarının maddi - texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin əməkhaqlarının artırılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşmasına səbəb olub.

Son beş ildə rayon mərkəzi xəstəxanası üçün ikimərtəbəli poliklinika binası inşa edilib, tibb korpuslarında təmir, xəstəxananın həyətində abadlıq işləri aparılıb. Qarayeri qəsəbə xəstəxanasında, Lək həkim məntəqəsində, Kolayır feldşer - mama məntəqəsində əsaslı təmir işləri aparılıb. Mərkəzi rayon xəstəxanasına 8 yeni təcili yardım maşınları (o cümlədən, biri 2008-ci ildə) alınıb.

Rayon əhalisinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı rayonda komissiya fəaliyyət göstərir. 2008-ci ildə komissiya tərəfindən 657 nəfər ailəyə ünvanlı dövlət yardımı təyin edilib. 82 şəhid ailəsinə, 56 Qarabağ müharibəsi veteranına Azərbaycan Respublikası Prezidentinin müvafiq təqaüdləri, 204 Qarabağ müharibəsi veteranına və onlara bərabər tutulan şəxslərə müavinət təyin olunub. Təyin edilmiş bütün ödənişlər plastik kartlarla həyata keçirilir. Ümumiyyətlə, rayonda aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsi məqsədilə verilən pensiya və təqaüdlərin əhaliyə vaxtında çatdırılması təmin edilib.

2008-ci ildə əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülüb. Belə ki, hesabat ilində Samux şəhərində ikinci 384 nömrə tutumlu, Qarayeri qəsəbəsində 896 nömrə tutumlu, Lək kəndində 512 nömrə tutumlu elektron ATS istifadəyə verilib, Telekommunikasiya Qovşağının tutumu 7832 nömrəyə, hər 400 ailəyə düşən telefonların sayı 65-ə çatdırılıb. 2008-ci ildə Əlibayramlı və Hacıalılı kəndlərinə telefon xəttinin çəkilişi təmin edilib. Ümumiyyətlə, son beş ildə 12 ATS daha böyük tutumlu elektron ATS-lə əvəz olunub, 4 yeni elektron ATS quraşdırılıb, 6 yaşayış məntəqəsinə yeni telefon xətti çəkilib.

Rayon əhalisinin elektrik enerjisinə, qaza və suvarma suyuna olan tələbatının ödənilməsi sahələrində xeyli iş görülüb. 2008-ci ildə əhaliyə xidmət göstərən 2 yeni transformator quraşdırılıb, 15 ədəd transformator əsaslı , 54 ədədi isə cari təmir edilib. 10104 klv-luq hava xətlərində təmir işləri aparılıb, 2500 ədəd köhnə sayğaclar yeni elektron sayğaclarla əvəz edilib. Rayonun İnstitut qəsəbəsində yeni yaşayış massivinə 308 ədəd 10 / 0,4 kv-lıq dəmir beton dayaq basdırılıb, 3 ədəd SKTP-160 kv-lıq transformator quraşdırılıb, 15,0 km 10 kv-lıq naqil, 7,8 km 04 kv-lıq SİP kabeli çəkilib ki, bu da 244 abonenti təmin edib.

2008-ci ildə rayonun Əlibayramlı kəndinə və Qaraarx qəsəbəsinə təbii qazın verilməsi təmin edilib ki, bununla da rayonda təbii qazı olan yaşayış məntəqələrinin sayı 23-ə çatdırılıb. Məlumat üçün bildirək ki, 2003-cü ildə rayonun cəmi 9 kəndi təbii qazla təmin edilib. Ötən il ərzində Samux şəhəri, Çobanabdallı, Lək, Bağbanlar, Yuxarı və Aşağı Ağasıbəyli, Əhmədbəyli kəndində 4194 abonentə yeni qaz xətləri çəkilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına rayonun Sarıqamış, Seyidlər və Qədili kəndlərinə qaz xətlərinin çəkilməsinə başlanıb, hazırda bu istiqamətdə son tamamlama işləri aparılır.

Eyni zamanda, hesabat ilində Füzuli kəndinə təbii qazın verilməsi məqsədilə 2088 m uzunluğunda orta təzyiqli, 2500 m uzunluğunda kənddaxili xəttin çəkilişi başa çatdırılıb, hazırda bəzi işlər davam etdirilir.

İstehlakçılar tərəfindən istifadə edilmiş elektrik enerjisi və təbii qazın dəyərinin ödənilməsi daim nəzarətdə saxlanılıb. 2008-ci ildə elektrik enerjisi və təbii qazın dəyərinin yığımı 92,6 faiz , təbii qazın dəyəri 85,0 faiz təşkil edib. Hər iki sahə üzrə yığım faizi respublika üzrə orta göstəricidən yuxarıdır. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonun ən vacib sahələrindən biri də kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatıdır ki, 2008-ci ildə bu sahədə də müəyyən işlər görülüb. Belə ki, rayon ərazisindən keçən çaylardan ayrılan kanalların daim işlək vəziyyətdə saxlanılması, sel sularından maksimum istifadə olunmasının təmin edilməsi üçün kanallarda lildən təmizləmə, çaylarda sahilbərkitmə və tənzimləmə işləri aparılıb, 40 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrotexniki post, 270 metr boru kəməri təmir edilərək işlək vəziyyətə gətirilib. Yenikənd nasos stansiyasında 250 kvt gücündə təzə mühərrik quraşdırılıb. Hesabat ilində 6 ədəd yeni subartezian quyusu istifadəyə verilib.

Qrunt sularının vurduğu ziyanın qarşısının alınması məqsədilə Qaraarx qəsəbəsində drenaj kanalı qazılıb, hazırda Yenikənd kəndində drenaj kanalının qazılması davam etdirilir.

 

Samuxlular Ümummilli liderin siyasi kursuna sadiqdirlər...

 

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar siyasətinin nəticələri Samux rayonunda yüksək əhval-ruhiyyə yaratmaqdadır. Bu baxımdan, inkişaf edən, çiçəklənən rayonun sakinləri Ümummilli liderin siyasi kursuna sadiqliklərini daim nümayiş etdirirlər. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun sözlərinə görə, samuxlular hər zaman dövlətçiliyi dəstəkləyib: “2008-ci ilin 15 oktyabr seçkiləri bütün sahələrdə qazanılan böyük uğurları gündəlik həyatında hiss edən, möhkəm təməllərə söykənən iqtisadi - siyasi sabitlik, əmin - amanlıq və sülh şəraitində yaşayan hər bir azərbaycanlının seçiminin alternativsiz və dəyişməz olduğunu bir daha təsdiqlədi. Ölkə vətəndaşları Heydər Əliyev kursunu yeganə nicat və istinad mənbəyi seçdiyi kimi, qarşıdakı beş ildə də Azərbaycanın taleyini Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etibar etdi. Bu yüksək etimad, ilk növbədə, cənab İlham Əliyevin səmərəli fəaliyyətindən, ən əsası, öz siyasətində sosial sifariş amilinin incəliklə nəzərə alınmasından qaynaqlanır”.

G.Bayramov onu da deyib ki, 2975 üzvü olan (1537 nəfəri qadın, 827 nəfəri isə gəncdir) və 53 ilk ərazi təşkilatını özündə birləşdirən YAP Samux rayon təşkilatı əvvəlki siyasi kampaniyalarda olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də yüksək fəallıq nümayiş etdirəcək və YAP-ın parlaq qələbəsini təmin edəcək.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2009.- 26 sentyabr.- S.6-7.