Ədalət və müdriklik
mücəssiməsi - Böyük
İnsan və Yazıçı
Görkəmli yazıçı,
ədəbiyyatşünas alim və pedaqoq
Mir Cəlal Paşayev
xatirələrdə məhz
bu cür qalıb
“- Əsgərlikdən buraxılandan sonra yenə küçələrdə qaldım. İşsiz idim. Bir Allahdan başqa kimsəm yox idi. Sonra Azərbaycan Yazıçılar İttifaqından məni Maksim Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərdilər. Mən o institutu fərqlənmə diplomuyla bitirmişəm. İnstitutumuzun əla yataqxanası var idi. Nə vaxt Moskvaya getsəydik, biz fərqlənmə diplomu ilə bitirənlərin pulsuz-parasız o yataqxanada yeri var idi. 1961-ci il idi. Gəldim Bakıya. Gördüm burda məni sayan yoxdur. Adam kimsəsiz olanda, kim olursa-olsun, fərqi yoxdur. Yenə işsiz qaldım.
Gözümün qabağında həyat
yollarını sanki liftlə qalxırdılar.
Amma məni idarə edən tale ağır anlarımda imdadıma yetib. Yoluma yaxşı insanlar
çıxarıb. Onda da yazıçı, alim Mir
Cəlal Paşayevə
rast oldum. Mir Cəlal müəllim soruşdu:
- Nə axtarırsan?
- İş axtarıram.
Məni apardı Azərbaycan
Dövlət Universitetinə, aspiranturaya. Dedim ki, Mir Cəlal
müəllim, oxumaqdan yorulmuşam. Şeir yazmaq istəyirdim.
Şairlikdi də... Həqiqətən şairin cismi yerdə
olur, xəyalı göydə. Bunu belə qəbul edirəm:
Yerdə olursa, şair itir, ayaq altında qalır. Ayaq
altında qalanda şeir yazmaq olmur.
- Mir Cəlal müəllim
sizin barənizdə “gələcəyi olan istedadlı alim”
demişdi.
- Demişdi. Mir Cəlal
müəllim adamın boynuna qoyurdu, pisikdirmirdi. Onun həyat
yoldaşı da belə nəcib insanıydı. “Azərbaycan-Ukrayna
ədəbi əlaqələri” mövzusunda elmi iş
yazırdım.
issertasiyanın bir hissəsini
oxuyurdum, Mir Cəlal müəllim həyat yoldaşına
deyirdi: “Görürsən nə yazıb? Xam torpaqdır”. Bəlkə
də adi bir şey oxuyurdum. Mir Cəlal müəllim o qədər
mənim ürəyimi sığalladı ki, bir il səkkiz
aya müdafiə etdim. Mir Cəlal müəllimin yazılı
təqdimatları var idi.
- Onun başqa
xeyirxahlıqları da olub. Öz evini sizə verib...
- Mir Cəlal müəllim
qeyri-adi adam idi. Seyid övladıydı. İşi-peşəsi
yaxşılıq etmək idi. Özü də heç vaxt
yaxşılıqlarını yada salmazdı. Mənim
üçün də elə işlər gördü ki... Bax,
artıq qırx beş ildir yaşadığım bu evi mənə
o verib. Kirayədə yaşayırdım. Öz ailəsinin də
evə ehtiyacı var idi. Ancaq Yazıçılar
İttifaqının sədri Mehdi Hüseynin yanına
xahişə getdi, öz evini mənə verdirdi. Mir Cəlal
müəllimin onlarca insana etdiyi yaxşılıqlar indi onun
övladlarının qabağına çıxır. Ona
görə deyirəm: O Böyük Qüvvə var.
Dünyanın işinə bax. Uzun illər sonra məni yenə
Mir Cəlal Paşayevin oğlu işə
çağırdı. İndi də onun oğlu, akademik Arif
Paşayevin rektoru olduğu Aviasiya Akademiyasında dərs deyirəm,
həm də kafedra müdiriyəm.
- Sizcə, tələbələrinizin
sizə münasibəti necədir?
- Mir Cəlal müəllim
imtahanda tələbələri kəsməzdi. Mən də
belə edirəm”.
İnternet səhifələrində
gəzişərkən təsadüfən gözümə dəyən
müsahibəni oxumuşdum və olduğu kimi də sözbəsöz
yaddaşıma köçmüşdü. İndi, bu
yazını yazarkən Nəriman Həsənzadənin
uşaq kövrəkliyi ilə danışdığı
xatirələrinin Mir Cəlal Paşayevlə bağlı hissəsini
oxucularımıza da xatırladıram.
Bu gün insan humanizminin
təcəssümü, müasirlərinin ağızdolusu
söhbət açdıqları, şirin xatirələrlə
yad etdikləri ədalət və müdriklik mücəssiməsi-insanlıq
simvolu Mir Cəlal Paşayev zəngin mənəviyyata, dar
maraqlarla çərçivələnməyən konkret həyat
amalına malik bir insan idi. O, dövrünün problemlərinə
əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi
ilə yanaşır, fürsət düşdükcə
xalqının nicatına, təminatlı gələcəyinə
xidmət edən xeyirxah əməllərin sahibinə
çevrilirdi. Çevrəsindəki, tanıdığı,
sabahına inandığı şəxslərin xeyirxahına
çevrilən bu insanın obrazı təkcə Nəriman Həsənzadənin
bir parçasını oxucularımıza təqdim etdiyim
müsahibəsində deyil, Mir Cəlal Paşayevlə hətta
ən qısa müddətdə təmasda olmuş
insanların xatirələrində də öz əksini
tapır. Platon “ədalət və müdriklik bir yerdə
olacağı zaman bəşəriyyət xoşbəxtliyə
qovuşacaq” deyə yazırdı. Humanizm ədalət və
insanpərvərlik prinsiplərinə əsaslansa da, milli və
bəşəri ideallara bağlı olanda daha böyük məna
kəsb edir. Görkəmli Azərbaycan
yazıçısı Mir Cəlal Paşayevin həyatının
qayəsini məhz bu prinsiplər təşkil edirdi.
O, böyük
yazıçı idi. Onun Bahar obrazını tanımayan yox
idi. “Bir gəncin manifesti” əsərinin talesiz qəhrəmanı,
12 yaşlı uşağın faciəli ölümü hələ
də yaddaşlarımızın dərin bir guşəsində
köz bağlayıb. “İtə ataram, yada satmaram” ifadəsi
kəndli qadının-azərbaycanlı ananın dilindən
zərb-məsələ çevrilib. İki
övladını-oğullarını birləşdirməyə
çalışan ananın kəm taleyi mənə həmişə
doğma vətəni xatırladırdı. Qollarını
geniş açan Ananın-Azərbaycanın bir gözü
yaşlı idi-qardaş qardaşa qovuşa bilmirdi. Sona
obrazı sanki dərdli vətənimizin simvolu idi və mənə
elə gəlirdi ki, Mir Cəlal Paşayevin
yaratdığı bu əsər ona görə şedevrdir
ki, orada Azərbaycanın ümumxalq kədəri əks
olunub. Bu əsər ona görə belə qüdrətlidir
ki, orada Arazın o tayı ilə bağlı həsrət,
nisgil yuva salıb. 1947-ci ildə filologiya elmləri doktoru, cəmi
bir il sonra isə professor adını qazanan ədib “Dirilən
adam”, “Yaşıdlarım”, “Təzə şəhər “,
“Açıq kitab”, “Yolumuz hayanadır?” kimi əsərlərini
özündən sonrakı nəsillərə yadigar qoyub və
həmin o qiymətli incilər bu gün də oxucular tərəfindən
rəğbətlə oxunur. Mir Cəlal Paşayev ədəbi
fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə
də məşğul olub. Orta məktəbdən başlanan
bu fəaliyyət ali təhsil ocağında davam etdirilib. 1961-ci
ildə Azərbaycan Dövlət Universitetində Azərbaycan
ədəbiyyatı kafedrasının müdiri işləyib.
Yazıçı hələ sovetlər dönəmində
bir çox yüksək orden və medallarla təltif edilib. Əsərləri
ilə bərabər yetişdirdiyi tələbələr,
alimlər də görkəmli ədəbiyyatşünasın
yadigarı kimi elmi sahədə fəaliyyət göstərirlər.
Bu gün görkəmli
yazıçının istedadlı qələm ustası
olması və əsərlərinin bədii məziyyətləri
haqqında monoqrafiyalar yazılmaqda, Mir Cəlal Paşayev irsi
gənc nəsil tərəfindən
araşdırılmaqdadır.
Təsadüfi deyil ki,
ötən il görkəmli yazıçı Mir Cəlal
Paşayevin 100 illiyinə həsr olunmuş yubiley mərasimi
YUNESKO tərəfindən böyük təntənə ilə
qeyd olundu.
YUNESKO kimi beynəlxalq təşkilatın
Mir Cəlal Paşayevin xatirəsinə çox böyük
ehtiram göstərməsi həm də Azərbaycan ədəbiyyatına,
tarixinə ehtiramın nümunəsidir.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2009.- 29 sentyabr.- S.5.