20 Yanvar faciəsi xalqımızın azadlıq
mübarizəsinin zirvəsidir
Müsahibimiz Milli Məclisin
Mədəniyyət məsələləri daimi
komissiyasının sədri, Azərbaycan Atatürk Mərkəzinin
rəhbəri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur
Nizami müəllim,
tariximizin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən
19 il ötür. Bu faciənin baş verdiyi dövrün
ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz?
Sizcə, qanlı
hadisəyə hansı
amillər zəmin yaratdı?
1980-cı illərin
sonunda SSRİ-nin dağılması labüd idi. Keçmiş
sovet respublikalarında, o cümlədən də, Azərbaycanda
milli hərəkat başlanmışdı. Amma bir sıra
respublikalarda milli hərəkatlar nəzarət altında idi.
Yəni, proseslərə lazımi şəkildə kifayət
qədər güclü siyasi intellektlər tərəfindən
müəyyən dərəcə nəzarət olunurdu. Azərbaycanda
isə bir hərc-mərclik dövrü yaşanırdı.
Bu hərc-mərclik nədən ibarət idi? Proseslərə nə respublikanın
rəhbərliyi, nə
də onlara qarşı duran qüvvələr nəzarət
edə bilirdi. Öz mənafeyi üçün istifadə
edən siyasi "lider"lərdən başlamış DTK-nın
nümayəndələrinə kimi xalq hərəkatının
tərkibinə yerləşdirilmişdir.
Yəni, bu tərkib mürəkkəb
idi. Ona görə də
bu proseslər 20 Yanvar hadisələrinə
gətirib çıxardı.
Millətə rəhbərlik
edən liderin olmaması, müxtəlif
siyasi, şəxsi iddiaların həddindən
artıq çox olması, respublika rəhbərliyinin naşılığı
üzündən və
yalnız Moskvanın əmrləri ilə oturub-durmasına görə belə bir vəziyyət
yarandı: 1990-cı il yanvarın 20-də Azərbaycanda gedən milli-azadlıq və dövlət müstəqilliyi
uğrunda hərəkat
amansız şəkildə
cəzalandırıldı.
20Yanvar hadisəsini Azərbaycan
tarixində dönüş anı kimi necə qiymətləndirmək
olar? Ümumiyyətlə, bu hadisənin tariximizdəki rolu barədə
nə deyə bilərsiniz?
- 20 Yanvar hadisəsi
xalqımızın milli-azadlıq hisslərinin güclü
olduğunu, Azərbaycanda milli müstəqil dövlət
quruculuğu üçün sosial əsasların olduğunu
göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaq və
mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını
göstərdi. Həmçinin, o zaman Azərbaycana rəhbərlik
edənlərin gücsüzlüyünü nümayiş
etdirdi, eləcə də, xalq hərəkatına
başçılıq edənlərin hərəkatı idarə
etmək iqtidarında olmadığını bir daha sübuta
yetirdi. Bir sözlə, bu hadisə xalqın müstəqil
dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi
hakimiyyətin gözlənilməz və kifayət qədər
sərt reaksiyası idi. Eyni zamanda, bu mübarizəyə rəhbərlik
edərək onu istiqamətləndirən lider yox idi. 20 Yanvar
hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı
Qarabağın ondan qoparılıb başqasına verilməsinə
razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən
alınmasına qarşı xalqın kütləvi etirazı
idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin
zirvələrindən biridir. 20 Yanvar hadisələrində
ayağa qalxan xalqımızın yeganə tələbi
Qarabağın əlimizdən getməməsi idi. Onu da qeyd
edim ki, çar Rusiyasının siyasətini bu dəfə
sovet imperiyası davam etdirirdi. Yenə də
ayrıseçkilik aparılır və ermənilər
müdafiə olunur, imperiya Qarabağı ermənilərə
vermək istəyirdi. Qarabağ uğrunda hərəkat milli
azadlıq mübarizəsinə çevrildi. Xalq başa
düşdü ki, torpaqlarını, suverenliyini qorumaq
üçün azad olmalıdır. 1918-ci ildə Şərqdə
ilk demokratik dövlətimizin üçrəngli
bayrağı yenidən meydanlarda ucaldıldı. Xalq ayağa
qalxdı və istiqlalını bərpa etdi.
- Sovet
imperiyasının dağılmasında bir sıra ciddi amillər
rol oynayıb. Bu baxımdan, necə hesab edirsiniz, 20 Yanvar hadisəsinin
tarixi-siyasi əhəmiyyəti nədən ibarətdir?
- Moskva digər
respublikalardan fərqli olaraq Azərbaycana xüsusi ordu
kontingenti, cəza dəstəsi göndərdisə və
qanlı əməliyyatlara birbaşa SSRİ rəhbərliyi
başçılıq etdisə, bu, istər-istəməz o
demək idi ki, Azərbaycanda baş verən bu hərəkat həqiqətən
sovet dövlətinin dağılmasında kifayət qədər
güclü rol oynayıb. Bu hadisə Moskvanın idarəçilik
üsuluna davamlı bir müqavimət idi. Yəni, 20 Yanvar
böyük bir müqavimət hərəkatı idi ki, həqiqətən
də, sovet dövlətinin dağılmasında müəyyən
rol oynadı. 20 Yanvar hadisəsi sovet rejiminin iç
üzünü açdı. Sübut olundu ki,
çıxışların kəskinliyinə baxmayaraq,
Pribaltikada, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və
Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər
amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən
müasir hərbi texnikanı əliyalın
xalqımızın üzərinə yeritdi.
Xalqımız ötən
əsrin əvvəllərində verdiyi şəhidlərin
ruhu ilə silahlanaraq sovet imperiyasına qarşı mübarizə
aparırdı. Amma sovet dövlətinin dağılması
daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci
illərin ortalarından başlamışdı. Artıq sovet
dövlətindən ayrılmalar labüd idi və Kommunist
Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr
onu göstərirdi ki, Moskvanın özü də müəyyən
səviyyədə sovetlər hakimiyyətindən imtina etməyə
hazırlaşır. Bu, yalnız Moskvanın daxili siyasətində
yox, xaricə yönəlik siyasətində də
özünü göstərirdi. Çünki dünyada elə
proseslər gedirdi ki, Moskva sovet dövlətinin
dağılacağını başa düşürdü. Buna
görə də, prosesi mümkün qədər
ağrısız keçirmək istəyirdilər. 20 Yanvar
Azərbaycanın müstəqillik addımlarının və
imkanlarının daha aydın şəkildə ifadə
edildiyi yer oldu.
- Qeyd etdiniz ki, faciənin
baş verməsində əsas səbələrdən biri
xalq hərəkatına rəhbərlik edən milli liderin
olmaması idi. O zaman Moskvada yaşayan ulu öndər Heydər
Əliyev 20 Yanvar faciəsi ilə bağlı
çıxış edərək sovet rejiminin
xalqımıza qarşı törətdiyi cinayəti
bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti
haqqında nə deyə bilərsiniz?
- O dövrün hadisələri
zaman keçdikcə təhlil edilir. Bilirsiniz ki, ümummilli
lider Heydər Əliyev uzun zaman Azərbaycana rəhbərlik
etmişdi və hər zaman Azərbaycanda gedən prosesləri
izləyirdi. O, Azərbaycanda baş verən hadisələrlə
bağlı müxtəlif vaxtlarda özünün fikrini
bildirmişdi. Amma 20 Yanvar hadisələri ərəfəsində
ulu öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində
yaşayırdı. Heydər Əliyev böyük lider kimi Azərbaycana
faydasını verməyə çalışsa da, həm
Moskva tərəfindən buna imkan verilmirdi, həm də yerlərdə
xalq hərəkatına rəhbərlik edənlər tərəfindən
maneələr törədilirdi. Çalışılırdı
ki, Heydər Əliyev mümkün qədər bu hərəkatın
rəhbərliyindən kənarda qalsın. Eyni iddia ilə
Moskvadan asılı olan yerli hakimiyyət də
çıxış edirdi.
20 Yanvar hadisəsindən
sonra həyatı təhlükədə olsa da, ulu öndərimiz
Moskvada Azərbaycan nümayəndəliyinə gələrək
bəyanatla çıxış etdi. Bu bəyanat tarixi bir bəyanatdır.
Ulu öndərimizin bəyanatı Azərbaycanın müstəqillik
tarixinin ən böyük aktlarından biridir. Yəni, əslində,
müəyyən zamandan sonra milli liderin xalqla bir yerdə
olması imkanları burdan başladı və bu imkanlar da
get-gedə genişləndi. 1990-cı illərin əvvəlində
baş verən hadisələr də göstərdi ki, Heydər
Əliyev böyük siyasi liderdir və məhz bu millətin
lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyev tez bir zamanda doğma vətəni
təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Heydər
Əliyev yolu uğurla davam edir. 20 Yanvar şəhidlərinin
ailələrinə dövlət yardımları
artırılır. Prezident İlham Əliyev Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı kimi böyük
öndərimizin yolunu davam etdirir.
- 20 Yanvar hadisələrinə
hüquqi-siyasi qiymət də ulu öndərimizin təşəbbüsü
ilə verildi.
Bəli. Qiymət
ümumiləşmiş formada bundan ibarət idi ki, Moskva Azərbaycana
təcavüz edib. Təcavüzdə də məqsəd bu
idi ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq
istədiyi üçün cəzalandırılsın. Əlbəttə,
hadisənin günahkarlarının da adları
açıqlanıb. Moskvanın təcavüzünün
qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi
bu qırğına imkan verməməliydi. Bu hadisəyə
görə o dövrdə xalqın azadlıq hərəkatına
rəhbərlik edənlər də məsuliyyət
daşıyırdı. Moskvanın təcavüz edəcəyini
bilərək xalqı qırğına aparan və bu zaman
özləri kənarda qalanlar günahkardırlar.
Hesab edirəm ki, 20
Yanvar hadisəsi ilə bağlı bizim heç bir
hüquqi-siyasi, elmi-tarixi təfəkkürümüzdə
qaranlıq məqam yoxdur.
Yeni Azərbaycan.- 2009.- 16 yanvar.-
S. 3.