Azərbaycan kitabxanaları Azərbaycan xalqının
milli sərvətidir
M.F.Axundov adına Milli Kitabxananın fondunun komplektləşdirmə
mənbələri
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin təmin
edilməsi, bazar münasibətlərinin dərinləşməsi
sahəsində həyata keçirilən islahatlar ölkənin
iqtisadi inkişafı və dünyaya inteqrasiya olunması
ücün əlverişli şərait yaradıb. Bir
çox sahələrdə olduğu kimi, elm, təhsil, mədəniyyət
sahəsində də islahatlar aparılır, uğurlar əldə
edilib.
Mədəniyyət
ocağı, informasiya mərkəzi funksiyasını
daşıyan kitabxanalar da öz yeni dövrünü
yaşayır. Respublika Prezidenti cənab İlham Əliyevin 20
aprel 2007-ci ildə imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" Sərəncamında
göstərilir: "Azərbaycan
kitabxanaları Azərbaycan xalqının milli sərvətidir.
Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının
həyata keçirilməsində ölkə
kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin
bu sahəsində informasiya cəmiyyətinin tələblərinə
uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri
edir".
Müasir kitabxananın
qarşısında duran əsas məsələlərdən
biri profilinə və yerləşdiyi ərazinin əhalisinə
uyğun sənəd toplamaqdır. Bununla da, kitabxanalar əhalinin
həm milli, həm də dünya mədəniyyətinə və
elminə yiyələnməsini təmin edir. Kitabxana fondunun tərkibinə
kitab, jurnal, qəzet, digər çap məhsulları,
audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar
və başqa informasiya daşıyıcıları daxildir.
Əsası 1923-cü
ildə qoyulan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
ölkəmizin ilk böyük elm və mədəniyyət mərkəzlərindən
biridir. Məhz buna görə də Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il 50
saylı qərarı ilə kitabxanaya "Milli Kitabxana"
statusu verilmişdir.
Milli Kitabxananın fondu bütün
oxucu qruplarının istifadəsi üçün
açıqdır. Bu da kitabxananın əsas və
ixtisaslaşdırılmış fondlarının
formalaşdırılması zamanı xüsusi olaraq nəzərə
alınır.
Kitabxanaların sənədlərlə
komplektləşdirilməsində maliyyə vəsaiti
mühüm yer tutur. "Kitabxana işi haqqında" Qanunun
27-ci maddəsində qeyd olunur: "Dövlət
kitabxanaları və büdcədən maliyyələşdirilən
təşkilatların tabeçiliyində olan kitabxanalar
dövlət büdcəsi vəsaitləri, hüquqi və
fiziki şəxslərin könüllü ayırmaları
hesabına maliyyələşdirilir. Dövlət
kitabxanaları maliyyələşdirilərkən büdcədən
kitab fondlarının komplektləşdirilməsinə yönəldilən
vəsait ayrıca maddədə göstərilməli və
bu vəsait müntəzəm olaraq
artırılmalıdır. Ayrılmış vəsait
kitabxanaların sərəncamında qalır və onların
nizamnamə fəaliyyətini həyata kecirmək ücün
istifadə edilir".
Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev 1995-1999-cu
illərdə 4 dəfə M.F.Axundov adına Azərbaycan
Dövlət Kitabxanasında olmuş və öz şəxsi
kitablarını kitabxanaya hədiyyə etmişdir. Bu da ulu
öndərin kitabxanaya və orada çalışan insanlara
hörmət və ehtiramdan qaynaqlanırdı. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi: "Kitabxana xalq, millət
üçün, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona
görə də, kitabxanaya daimi hörmət
xalqımızın mədəniyyətini nümayiş etdirən
amillərdən biridir".
Milli Kitabxana, eyni zamanda,
dövlət və özəl nəşriyyatlarla da əməkdaşlıq
edir. "Şirvan",
"Adiloğlu", "Vektor", "Azərnəşr",
"Qanun", "Elm", "MiniMax",
"Çinar-çap", "Atatürk mərkəzi",
"Nağıl evi", "Təhsil", "Azərbaycan"
dövlət nəşriyyatı və s. Fondun komplektləşdirilməsi
məqsədilə öyrənilən nəşriyyat
planları ilbəil çoxalır. "Kitabxana işi
haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində
yazılır: "Kitabxanalar
dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən
buraxılan profilinə uyğun çap məhsullarını
və digər informasiya daşıyıcılarını
birinci növbədə almaq hüququna malikdir. Bu hüquq
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru,
kitab ticarəti müəssisələri, nəşriyyat
orqanları, ayrı-ayrı şəxslərlə aparılan
müvafiq əməliyyatlar, məcburi nüsxələrin
alınması, abunə, bağışlama və vərəsəlik
əsasında miras qalmış nəşrlərin verilməsi,
habelə, beynəlxalq və ölkədaxili kitab mübadiləsi
yolu ilə təmin edilir".
Milli Kitabxanaya məcburi
nüsxələr, kitab mağazalarından, abunə
yazılışından, kitab mübadiləsindən, hədiyyə
yolu ilə və s. mənbələrdən çap məhsulları
daxil olur. Məsələn, 1997-ci ildə abunə yolu ilə
184, Beynəlxalq mübadilə yolu ilə 159 kitab və 216
dövri mətbuat, hədiyyə yolu ilə 316 jurnal və 5 qəzet
fonda daxil olmuşdur. Bundan başqa kitabxana 1997-ci ilin iyun
ayından "Qaya" mətbuat yayımı firması ilə
əlaqə yaradıb, dövri mətbuata abunə
olmuşdur. Bu və ya digər səbəblərdən fonda
düşməyən qəzeti kitabxananın əməkdaşları
müxtəlif orqanların təsisçi təşkilatları
ilə əlaqə yaradıb, həmin qəzeti kitabxananın
fondu üçün əldə edirlər. Milli
Kitabxananın fondunun formalaşdırılmasında yerli nəşrlərin
komplektləşdirilməsi böyük əhəmiyyət kəsb
edir. Məlumdur ki, kitabxananın fondu universal məzmuna
malikdir. Odur ki, Azərbaycan kitabının komplektləşdirilməsi
zamanı bu prinsip əsas götürülür.
Kitabxana dövri nəşrlərlə
də fondunu komplektləşdirir. Dövri nəşrlərin
əldə olunması üçün əsas üsul abunə
yazılışıdır. Qeyd etməliyik ki, son illərdə
respublikamızda baş verən və daha da dərinləşən
demokratikləşmə prosesləri ilə əlaqədar
olaraq, qəzet və jurnallar ad etibarı ilə
çoxalmışdır. Yəni, respublikada yeni-yeni qəzet
və jurnallar çap olunaraq, geniş kütlənin istifadəsinə
verilir. Təbii ki, bütün bunlar qəzet və jurnal
fondunun formalaşdırılmasında mühüm rol
oynayır. Hal-hazırda kitabxanaya 276 adda qəzet (245 azərb.
31 rus dilində), 184 adda jurnal (88 azərbaycan, 96 rus dilində)
daxil olur.
Kitabxanalar pulsuz məcburi
nüsxələrlə də təmin olunmalıdır.
Qanunvericilikdə deyilir ki, Milli Kitabxana qanunvericilik və
müvafıq icra hakimiyyəti orqanlarının
kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalar və BDU-nun kitabxanası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada ölkədə nəşr edilən cap məhsullarının
məcburi nüsxələrini almaq hüququna malikdir. Dövlət
və qeyri-dövlət nəşriyyatları, nəşriyyat
fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri
və digər hüquqi şəxslər tərəfindən
çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz nüsxə,
qanunvericilik və müvafiq icra hakimiyyəti
orqanlarının kitabxanalarının respublika əhəmiyyətli
elmi-sahəvi kitabxanaların, AMEA mərkəzi elmi
kitabxanasına və BDU kitabxanasının profilinə
uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan
Respublikasında nəşr olunan bütün qəzet və
jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə
göndərməlidirlər. Milli Kitabxana 2004-cü ildə
1575 adda məcburi nüsxə almışdırsa, 2005-ci ildə
2265 məcburi nüsxə almışdır.
2004-cü ildə Milli
Kitabxananın əməkdaşlarının Avstriyaya ezamiyyəti
zamanı kitabxananın fondunda Azərbaycana dair çoxlu sayda
kitabların olması müəyyən olunmuş və
onların ksero surətləri çıxarılaraq ölkəmizə
gətirilmışdir. Üç adda kitabın isə Bakıda
orijinal nüsxələrinin tapılıb, Milli Kitabxananın
fonduna verilməsi təmin olunmuşdur
2001-ci ildə təkrar
seçmə zamanı rus dilində olan məzmunca əhəmiyyətini
itirmiş və yararsız hala düşmüş 2100
nüsxə ədəbiyyat akt vasitəsilə fonddan
silinmişdir. Oxucular tərəfindən çox soruşulan
yararsız hala düşən nüsxələr yenidən bərpa
olunmuşdur.
Azərbaycan Respublikasının
Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
kecirilməsi haqqında" Sərəncam ilə cap
olunan kitablar kitabxanaların sənəd təminatında
mühüm yer tutur. Belə ki, cap olunan kitabların hər
birindən 100 nüsxə Milli Kitabxanaya verilmişdir. Bu sərəncama
əsasən 2005-ci ildə fonda 1555 adda kitab daxil olmuşdur. Hədiyyə
olunan kitabların ümumi sayı 2005-ci ildə 3562,
2006-cı ildə isə 5242 nüsxə təşkil edib. Hədiyyə
yolu ilə daxil olan kitabların mənbələri: Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatı, ABŞ səfirliyi,
digər səfirlik və xarici nümayəndəliklər,
Beynəlxalq təşkilat və qurumlar və s.
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının fondunun mühüm xüsusiyyətlərindən
biri də burada avtoreferatlar və dissertasiyalar fondunun
yaradılmasıdır. Onların ayrıca fondda yerləşdirilməsi,
daha yaxşı mühafizəsi və səmərəli
istifadəsi üçün şərait
yaradılmışdır. Bu toxunulmaz fond AAK-dan
alınmış dissertasiyaların ikinci nüsxələri əsasında
təşkil olunmuşdur.
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının fondunun durmadan zənginləşməsi
buraya oxucu marağını artırmışdır. Belə
ki, əgər 2005-ci ildə oxucuların ümumi
sayı 27 623, oxucu gəlişi 177154 olmuşdursa, 2006-cı
ildə oxucuların ümümi sayı 31491, oxucu gəlişi
204227 olmuşdur.
Dövlətimiz mədəniyyətə
və mədəni irsimizə həmişə diqqət,
qayğı göstərmişdir. Bunun nəticəsidir ki,
2008-ci ilin noyabr ayında M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının 85 illik yubileyi ilə əlaqədar olaraq
kitabxananın 5 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət
işçisi" fəxri adı verilmişdir. Milli
Kitabxananın 4 nəfər işçisi isə "Tərəqqi" medalı
ilə təltif edilmişdir.
Naidə KAZIMOVA,
Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq –İnformasiya
fakültəsinin magistri
Yeni Azərbaycan.- 2009.- 22 yanvar.- S. 6.