Yaqub Mahmudov : “26 Bakı komissarı” ilə bağlı bütün tarixi materiallar yenidən qaldırılacaq

 

"Sahil" bağında tapılan sümüklərin 26 nəfərə deyil, 23 nəfərə məxsus olması artıq onu göstərir ki, bu məsələdə saxtalaşdırma faktı var".

Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun dırektoru Yaqub Mahmudov bildirib. O, üç gün ərzində "Sahil" bağında aparılan araşdırmaların nəticəsi ilə bağlı  Bakı Şəhər icra Hakimiyyətinin verdiyi məlumatı tam təsdiqləyib: "Məzarlıq 7,1 metr eni, 7,6 metr uzunluğu və yanları 1,67 metr olan altı beton qutunun içərisində idi. Məzarlığın üstü isə 20 santimetrdən qalın betonla bağlanmışdı. Orada 23 tabut aşkar olundu. 23 cəsədin hər birinin yaş qrupları müəyyənləşdirilib. Cəsədlərin qalıqları içərisi ipəklə döşənmiş tabutlarda və din xadimlərinin iştirakı ilə yüksək səviyyədə dəfn olundu".

Yaqub Mahmudov məzarlıqdan yalnız 23 nəfərin cəsədinin qalıqlarının aşkarlanması ilə bağlı mətbuatda gedən müzakirələri izlədiyini bildirib: "Mətbuatda gedən məlumatları mən də izləyirəm. Zaman keçdikcə, ekspertiza işləri yekunlaşdıqca və tarix sahəsində araşdırmalar aparıldıqca hər birinizə ətraflı məlumat veriləcək. Bu gün üçün isə əsas nəticə bundan ibarətdir - məzarlıqda 26 yox, 23 cəsəd aşkar olunub və bu 23 nəfərin iki növ silahdan açılan atəş nəticəsində öldürüldüyü sübuta yetirilib. Onların hamısının dizdən yuxarı və kəllə nahiyəsinə atəş açılıb. Bu cəsədlərin qalıqlarının güllələnmiş 26 Bakı komissarına aid olması heç bir şübhə doğurmur. 23 nəfər orada dəfn olunub, 3 nəfərin cəsədi isə yoxdur. Belə hiss olunur ki, həmin üç nəfər güllələnənlər arasında olmayıb".

Y. Mahmudovun sözlərinə görə, bu fakt 26 Bakı komissarı ilə bağlı bütün tarixi məlumatların və arxivlərin yenidən qaldırılmasını zəruri edir: "Bu sübut edir ki, Sovet hakimiyyəti illərində bizim tariximizin çox məsələləri qəsdən, bilərəkdən saxtalaşdırılıb. Tarix İnstitutu artıq bununla bağlı ciddi araşdırmalara başlayıb. Məhkəmə ekspertizası öz işini görür və yeni məlumatlar olduqca mətbuata veriləcək. Hazırda mətbuatda verilən açıqlamalar elmi əsaslara malik olmayan mülahizələrdir. Onların bir çoxu bu hadisədən, bu faktdan insanların diqqətinin yayındırmağa xidmət edir. Bəziləri xaricdən verilən məlumatları təsdiq etmək istəyirlər. Lakin mən Tarix İnstitutunun direktoru olaraq üç sutka ərzində bu araşdırmalarda iştirak etmişəm və təsdiq edirəm ki, orada ancaq 23 cəsəd basdırılıb".

Cəsədləri tapılmayan şəxslərin kimliyi ilə bağlı mülahizələrə gəlincə, Yaqub Mahmudov hazırda bununla bağlı həm tarixi araşdırma aparıldığını, həm də ekspertiza getdiyini xatırladıb: "Müxtəlif fotolarla birlikdə qalıqların analizi aparılacaq. Tarixi və ekspertiza araşdırmaları dərinləşdikcə nəticələr bəlli olacaq. Biz hələlik ancaq onu təsdiq edirik ki, orada 23 cəsəd aşkarlanıb və onlar zorakılıqla güllələnmiş 26 Bakı komissarlarıdır. Qalan məlumatlar isə elmə əsaslanmır. Bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Vaxtaşırı icra hakimiyyətinin xətti ilə bütün məlumatlar veriləcək. Tarix İnstitutu da apardığı araşdırmalarla bağlı vaxtaşırı mətbuata məlumat verəcək. Orada 23 nəfərin olması onu göstərir ki, tarix saxtalaşdırılıb".

 

 

Yeni Azərbaycan.- 2009.- 29 yanvar.- S. 6.