Ermənilər indi də Xocalı soyqırımı
barədə uydurmalar yayırlar
AzərTAc xəbər
verir ki, Xocalı faciəsi ildönümünün
yaxınlaşması erməniləri təşvişə
salıb. Onlar törətdikləri soyqırımını
ört-basdır etmək və dünya ictimaiyyətini
çaşdırmaq, faciəyə başqa don geydirmək məqsədi
ilə təbliğat kampaniyasına başlayıblar. Ermənilərin
Parisdə fransız dilində nəşr olunan gündəlik
mətbuat orqanında
"Qarabağ" rubrikası altında dərc edilmiş
yazının ruhundan görünür ki, yalanlarını
doğru kimi qələmə verməkdə mahir olan ermənilər
Azərbaycanın internet saytlarında, xüsusilə də
Heydər Əliyev Fondunun saytında Xocalı
soyqırımı ilə bağlı materialların, o
cümlədən faciənin dəhşətlərini əks
etdirən fotoşəkillərin yerləşdirilməsindən
bərk narahatdırlar. Onlar Azərbaycan həqiqətlərini,
o cümlədən Xocalı soyqırımını
bütün dünya xalqlarına çatdırmaq sahəsində
mühüm işlər görən Heydər Əliyev
Fondunun fəaliyyətinə kölgə salmaq
üçün iftiralar üzərində qurulmuş təbliğatı
gücləndirirlər. Fransız oxucularını
aldatmağa çalışaraq, guya bu soyqırımın azərbaycanlılar
tərəfindən törədildiyi barədə cəfəng
fikirlər uyduran müəllif bunların doğruluğuna
inam yaratmaq üçün qondarma "Dağlıq
Qarabağ Respublikası"nın xarici işlər
nazirliyi" tərəfindən Xocalı hadisələri ilə
bağlı buraxılmış kitabdakı məlumatlara
istinad etdiyini bildirir. Soyqırımı ilə bağlı Azərbaycan
saytlarında yerləşdirilən və insanları dəhşətə
gətirən fotoların Xocalıda deyil, Kosovo münaqişəsi
zamanı çəkildiyini iddia edir. Hətta həyasızlığı
o dərəcəyə çatıb ki, oxucunu inandırmaq
üçün həlak olanların geyimlərinin azərbaycanlılara
məxsus olmadığını, belə fotoların serb
forumunda, digər qaynar nöqtələrlə bağlı təşkil
edilmiş sərgilərdə nümayiş etdirildiyini
yazır.
Erməni təbliğatından
hər şeyi gözləmək olar. Yazı müəllifinin
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş
vermiş hadisədən iki ay əvvəl "humanist" ermənilərin
Xocalıda döyüş əməliyyatları
aparacaqları barədə Azərbaycan rəhbərlərini
xəbərdar etdikləri, hətta Xocalı faciəsinin
hakimiyyəti ələ almağa çalışan
müxalifət tərəfindən törədildiyi,
1993-cü ilə qədər Ağdamla Xocalı
arasındakı ərazinin azərbaycanlıların nəzarəti
altında olduğu barədə sayıqlamaları buna bariz
nümunədir.
Hiss olunur ki, Azərbaycanın
regionun lider dövlətinə çevrilməsi, iqtisadi və
hərbi gücünün artması, dünyada mövqelərinin
möhkəmlənməsi, habelə informasiya müharibəsindəki
uğurları bütövlükdə dünya ermənilərinə
rahatlıq vermir. Qoy olsun, bizim də istədiyimiz budur.
Yeni Azərbaycan.- 2009.- 17 yanvar.- S.6.