Şərəfli
peşə sahibi
Azərbaycanda
kitabxanaların inkişafı Ulu Öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Dahi rəhbər kitabxanaya möhtəşəm
məbədgah kimi baxırdı. Milli Kitabxanada olarkən onun
kitabxana xalq, millət üçün müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyidir deməsi həmin
münasibətin təzahürü idi.
Əlbətdə, alim də,
aqil də məhz kitabxanadan bəhrələnən kəslər
olmuşdur. Mirzə Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanası isə tam ali təhsil ocağını
xatırladır. Elə savad da, bilik də məhz bu
kitabxanadan başlayır. Ölkəmizin hər yerində
olduğu kimi Milli Kitabxanada da yeniliklər çoxdur. Burada fərqli
iş prinsipi vardır ki, bunlar da ayrı-ayrı şöbələrdə
həyata keçirilir.
Belə önəmli
şöbələrdən biri Analitik Elektron Məlumat
Bazasının Təşkili (AEMBT) şöbəsidir. Şöbənin
müdiri Sadıqova Dilşad
Şaban qızıdır. Milli Kitabxananın ən layiqli,
hörmətli, işinin öhdəsindən lazımınca gələn,
peşəsini sevən ziyalı bir xanımdır.
O. 1955-ci ildə Ağsu
rayonunda ziyalı bir ailədə dünyaya gəlib. Əslən
Şamaxı şəhərindən olan Dilşad xanım
Bakı şəhərində böyüyüb, boya-başa
çatmışdır. 1972-ci ildə 199 saylı orta məktəbi
əla qiymətlərlə bitirib. 1974-1979-cu illərdə
BDU-nun kitabxanaçılıq fakültəsində ali təhsil
alıb. BDU-da o, zaman Partiya Təşkilatı Komitəsində
Aslan Aslanovun yanında çalışıb. 1978-ci ilin fevral
ayından isə aldığı təhsillə bağlı
M.F.Axundov adına Milli Kitabxanada işləməyə
başlayıb.
Dilşad xanım
qayğıkeş ana, sevimli həyat yoldaşı, nəvələrini
sonsuz məhəbbətlə sevən cavan bir nənədir. Onun
iki oğlu, dörd nəvəsi var. Övladları Emil bəy
və Zaur bəy ixtisasca ali təhsilli mühəndisdirlər.
Emil bəy reklam şirkətində işləyir. Zaur bəy
isə AMEA-nın Respublika Seysmoloji Mərkəzində Tikinti
Bərpa İşləri üzrə şöbənin
müdiridir. Ömür-gün yoldaşı Nazim bəy isə
AMEA-nın Geologiya İnstitutunda direktor müavinidir. Əməkdar
mühəndisdir. Nəvəsi Məhərrəm Atatürk
adına liseyin 4-cü sinfində oxuyur. Gözəl rəsmlər
çəkir. Onun incəsənətə meyli çoxdur.
Amma böyüyəndə həkim olmaq arzusundadır. Fərid
bala isə H. Əliyev adına lise-yin 3-cü sinfində
oxuyur. Çox ağıllı, sözü bütöv, lakin
çox dələduz uşaqdır. Nuray ilə Fidan isə hələ
körpədilər. Dilşad xanım duyğusal bir
insandır. Uşaqlıqdan incəsənətə, poeziyaya
vurğun olan Dilşad xanımın çox səmimi
şeirləri də vardır. Onun şerlərini dinləyərkən
bu bir neçə misranın sətiraltı mənaları
diqqətimi cəlb etdi.
Pisə yaxşı deməzdim,
Düzə əyri deməzdim.
Çox acizəm, bilməzdim
Görünməyən
işdi bu.
Sel gəldi nə
apardı?
Yel qayanı qopardı.
Pis yaxşıya
atardı,
Görünməyən
işdi bu.
Tarın simi köklənib,
Gücüm, qüvvəm tükənib.
Dağ qayaya söykənib,
Görünməyən
işdi bu.
Əyri düzə şər
atır,
Söz bilməyən
söz satır,
Şirinə zəhər qatır,
Görünməyən işdi bu.
Lalənin bağrı
qandı,
Kövrək qəlbim talandı,
Deyilənlər yalandı,
Görünməyən
işdi bu,
Gəl meydana çıx
indi,
Şər dediyin bilindi.
Pislik qəlbdən silindi,
Görünməyən işdi bu.
Tapmacanı tapmışam,
Söz sərrafın tapmışam.
Öz-özümə yadmışam,
Görünməyən işdi bu.
Görünməyən
iş nədir?
Kəsilməyən baş nədir?
Duyduqlarım hiylədir?
Danışmasam yaxşıdır
Yaxşı pisin
naxşıdır.
Bu şeir
parçasının hər bəndində, hər sətrində
nə isə demək istəyən bu xanım əvvəllər
Ölkəşünaslıq və milli biblioqrafiya şöbəsində
baş kitabxanaçı, 2006-cı ildən Mədəniyyət
üzrə informasiya şöbəsində müdir, 2009-cu
ildən isə Analitik Elektron Məlumat Bazasının Təşkili
şöbəsində müdir vəzifəsində
çalışır. Ona tapşırılan şöbənin
işini məsuliyyət və bacarıqla yerinə yetirir.
Dilşad xanımın rəhbərlik etdiyi Analitik Elektron Məlumat
BazasınınTəşkili şöbəsi M.F.Axundov
adına Milli Kitabxananın müstəqil şöbəsi
olaraq mədəniyyət, incəsənət, iqtisadiyyat, səhiyyə
və digər sahələrdə soraq-informasiya xidməti ilə
məşğul olur. Şöbə öz fəaliyyətində
Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericilik aktlarını, Mədəniyyət və Turizm
Nazirliyinin əmr və sərəncamlarını, Milli
Kitabxanamızın əsasnaməsini, Milli Kitabxana üzrə
olan əmr və sərəncamları rəhbər tutur.
Şöbə öz işini iki dildə -Azərbaycan və
rus dilində yerinə yetirir. Şöbədə iki bölmə
fəaliyyət göstərir. Analitik məlumat
bazasının yaradılması bölməsi və tam-mətinli
analitik yazıların veb-portalda yerləşdirilməsi
bölməsi. Şöbə vəzifəsini VTLS-VİRTUA
sistemi üzrə həyata keçirir.
Ümumiyyətlə
şöbənin başlıca məqsədi və vəzifəsi
kitabxanamıza daxil olan dövri mətbuat səhifələrindən
respublikamıza aid ən dəyərli-Azərbaycan və rus
dillərində olan məqalələri, respublikanın
ictimai-siyasi və mədəni həyatında baş verən
hadisələri, əlamətdar günləri, elmin müxtəlif
sahələrinə, iqtisadiyyatına və s. sahələrə
aid materialları araşdırıb ən yeni təsvir
qaydasından istifadə edərək VİRTUA sistemində
analitik yazılışını və tam mətnini
"Elektron kataloq"da yerləşdirməkdir. "Elektron
kataloq"da topladığı materiallar əsasında
şöbədə ayda bir dəfə "Mədəniyyət,
incəsənət və turizm haqqında yeni ədəbiyyat
aid cari biblioqrafik informasiya
göstəricisi hazırlanır. Göstərici vasitəsi
ilə Mədəniyyət və Turizm Nazirliyinin rəhbər
işçiləri, mədəniyyət sahəsində
aparıcı mütəxəssislər və kitabxana
oxucuları Azərbaycan mədəniyyəti və incəsənəti
haqqında Milli Kitabxanaya daxil olan çap məhsulları əsasında
məlumatlandırılır. Hər ay respublikanın
ictimai-siyasi və mədəni həyatında baş verən
hadisələrlə, əlamətdar günlərlə,
yubileylərlə əlaqədar olaraq dövrü mətbuatda
öz əksini tapan materialları isə ayrıca
başlıq altında toplayaraq göstəricidən istifadəni
asanlaşdırır. Məs: "Humanitar Əməkdaşlıq
üzrə I Azərbaycan-Rusiya Forumu", "Bəhram
Mansurov -100", "Eurovision" -2011, "Muğam aləmi"
adlı İkinci Beynəlxalq Muğam Festivalı,
"Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu" və s. Göstəri-cidə tam mətnli məqalələrin
qarşısında ulduz (*) işarəsi qoyulur" Burada əks
olunan məqalələrin tam elektron mətninin Milli
Kitabxananın saytı (www.anl.az <http:// www. anl.az>) və
elekton kataloqu vasitəsilə açılıb oxunması tam
təmin edilir. Oxucuların göstəricidən istifadəsi
və bundan məmnun qalması əlbəttə ki, bir
kitabxanaçı kimi məni sevindirir. Mən isə
doğrudan da peşəmdən zövq alıram. Hərdən
zamanın necə tez keçdiyindən belə xəbərim
olmur. İşə o qədər aludə oluruq ki, deyir
Dilşad xanım.
Dilşad xanım həm də
Milli Kitabxanada Gender bərabərliyi və Qadınlarla iş
Komissiyasının sədridir. O, Milli Kitabxananın həmkarlar
təşkilatının xətti ilə əlillərə,
kimsəsizlərə, və azyaşlı uşaqların cəzaçəkmə
məntəqəsində maddi və mənəvi yardım
göstərən xeyirxah bir işin icraçılarından
biridir. Əməkdə fəallığına və M.F.Axundov
adına Milli Kitabxananın ictimai-siyasi həyatında xidmətlərinə
görə Dilşad xanım Sadıqova 90-cı illərdə
kitabxana rəhbərliyi tərəfindən Fəxri Fərmanla
təltif olunmuşdur. Arzu edirik ki, Fəxri Fərmanlarınızın
sayı bundan da çox olsun. Sizə şəxsi həyatınızda,
çalışdığımız bu möhtəşəm
məbədgahda uğurlar arzu
edirik.
Nəzmiyyə
Hicran
Yeni
liqa.- 2011.- 18-24 may.- S. 10.