BÖYÜK MİLLİ XADİM

 

Dünən, avqustun 16-da Azərbaycanın görkəmli dövlət xadimi Şıx-Əli Qurbanovun doğum günü idi. Onun anadan olmasından 85 il keçdi. Milli Məclisin sabiq üzvü, mərhum tənqidçi-ədəbiyyatşünas Mürşüd Məmmədli 2005-ci il, yanvarın 5-də bu böyük azərbaycanlının 80 illik yubileyi münasibətilə yazı yazmışdı. “Böyük milli xadim” adlı həmin yazını təqdim edirik.

 

 

***

 

Şıx-Əli Qurbanov 60-cı illər Azərbaycanının "qırmızı qaranlıqları" (Əlibəy Hüseynzadə) içərisində bir meteor kimi parlayıb söndü. O, parlaq zəkası, nurlu düşüncələri ilə kommunist totalitar gecələrinin zülmətini əritmək vəzifəsini Tanrıdan gələn sifariş kimi qəbul etmişdi.

Onun coşqun ictimai-siyasi və ədəbi-elmi fəaliyyəti Xruşşov hakimiyyətinin totalitar mühitə bir mülayim ab-hava gətirdiyi, Brejnevin ölkəni durğunluq bataqlığına saldığı dövrə təsadüf etmişdi. Onu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı. O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu.

Şıx-Əli Qurbanov gündəlik  fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Çünki onun dövləti yox idi, o, bu həqiqəti yaşıdlarından xeyli əvvəl dərk etmişdi. Tale onu axına qarşı getməyə, donuq ehkamları və əski qəlibləri sındırmağa məhkum etmişdi. O, bu məhkumluqda nəsə tapmışdı.

Mən indi artıq illərin dumanları arxasında qalmış 1967-ci ildə orta məktəbdə müəllimlik edirdim. Səhv etmirəmsə, martın əvvəlləri idi. Xəbər yayıldı ki, Mərkəzi Komitənin katibi şəhərə gəlib. Bu xəbər günün günorta çağlarında səmada çaxan ildırım, şimşək rəqsinin effektini yaratdı. Hamı onun gəlişinin təsadüf, sıradan, adi görüş olmadığını bilirdi. Dram teatrında partiya-sovet fəallarının yığıncağında o, şəhər rəhbərliyinə (rəhbərlikdə rus və erməni funksionerlər yetərincə idi) milli kadrları yüksək vəzifələrə irəli çəkmək barədə tövsiyələrini verdi. Belə bir göstəriş aşırı və saxta beynəlmiləlçilik xəstəliyinə tutulanlar üçün gözlənilməz oldu. Alovlu vətənpərvər milli düşüncə və duyğularını açıq şəkildə dilə gətirirdi.

Az sonra böyük vətəndaşın təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına - kökünə, mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı. 1967-ci ilin Novruz tonqalları yalnız küçə və meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Tonqaldan ayrılan qığılcımlar xalqda öz gələcəyinə təminatlı inam, ümid yaratdı. Üstəlik, Odlar yurdunda qalanan tonqallar qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verildi.

Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi.

Doğrudur, bu sahədə ədəbiyyat, illah da onun çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılmalıdır. Şıx-Əli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi.

Millətin belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı. Az sonra bəzən gizli, bəzən açıq şəkildə o, təqib olunmağa başladı. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib edirdilər. Onu balaları və ömür-gün yoldaşı ilə sevincini-dərdini bölüşdüyü, birgə nəfəs aldığı bu dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə - son mənzilə yola salmağa hazırlaşırdılar.

Şərin xaç atası, müasir dövrün Ponti Pilatı öz vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirdi. Namərd diş həkiminin əlləri ilə başdan-başa enerji və işıq mənbəyi olan bir insanın, vətəndaşın və millət oğlunun ömrünə nöqtə qoyuldu. Həmin ilin (1967-ci ilin may ayı) çiçək fəsli bizim üçün faciə mövsümü ilə əvəzləndi. Ömrümüzün uzaq sahillərində qalmış o ilin hüznlü may günlərində Şıx-Əli Qurbanovun həyatının son akkordu olan "Sənsiz" dramı tamaşaya qoyuldu. Şıx-Əli  itkisindən - sənsizliyindən doğan ağrını xalq təkrarən yaşadı.

O illərin yadda qalan, ağızlarda dolaşan, dodaqları yandıran bir şeirinin faciəvi qəhrəmanı da Şıx-Əli Qurbanov oldu. Şeirin müəllifi görkəmli sənətkarımız Nəriman Həsənzadə idi. Gizli şəkildə yayılan və dərdli rekviyemin havasında köklənən şeirin mahiyyətinə rəhbər və öndərin qətlindən doğan tragik ovqat hakim kəsilmişdi. Üzünü qatil-həkimə tutan şair deyirdi:

 

...Yox mənim inamım dediklərinə,

Ünvanın hər yerdən pozulmalıdır.

Müalicə edən həkim yerinə,

Öldürən baş həkim yazılmalıdır.

 

Hökmünüz de, necə yazıldı, qansız

Ürəkmi, beyinmi dözər bu oda?

Bir azəri oğlu azaldı, qansız

Üç yetim, bir də dul artdı dünyada...

 

...Aman, bu sözümü bir duya bilin,

Fəxri Xiyaban son təsəllimiz.

Ağıllı başları qoruya bilin

Zərli başdaşların əvəzinə siz.

 

Acı da olsa etiraf etmək gərəkdir ki, biz öz taleyimizə biganə xalqlardanıq. Biganəlik isə sosial-fəlsəfi anlamda cinayət kimi qiymətləndirilir. Kütlə, xalq öz böyüklərini, həqiqi övladlarını qorumağı bacaranda millətə çevrilir. Təəssüf ki, biz böyük hərflərlə yazılan millətlərdən ola bilmədik. O da həqiqətdir ki, bizləri on illər boyu qondarma bütlərə əl çalmağa, onların qarşısında ağlamağa öyrətdilər.

Şıx-Əli Qurbanov elə şəxsiyyətlərdən idi ki, onun işığında qaranlıq gecədə iynə saplamaq olardı. Mən onu qiyabi tanısam da bədii-elmi yaradıcılığına yetərincə bələd idim. Onun əsərlərində yenilikçi bir ziyalının gərgin mənəvi-intellektual axtarışlarını görməmək, sezməmək mümkün deyildi. O, elm mədəniyyətimizə çox şeylər verəcəkdi, milli-mənəvi intibahımız üçün çox işlər görəcəkdi. Ancaq "sapı özümüzdən olan baltalarımız" -  xəbis salyerilərimiz buna imkan vermədilər.

Təsəllimiz odur ki, Şıx-Əli Qurbanov ölümündən sonra həyat qazanmış unikal, yeri həmişə görünəcək bir millət xadimi kimi sözü ruhu ilə birlikdə daima bizimlə olacaq. Onun qəbrinə uzanan yolları heç zaman ot basmayacaq.

 

 

Yeni müsavat.- 2010.- 17 avqust.- S. 10.