ARİF ƏLİYEV -50

 

Müasir jurnalistikamızın parlaq simalarından biri olan həmkarımızın yubileyidir

 

Sabah Azərbaycan jurnalistikasının tanınmış simalarından biri olan Arif Əliyevin doğum günüdür. Həmkarımızın 50 yaşı tamam olur.

Hələ sovet dövründə mərhum Nəcəf Nəcəfovla birgə çalışdığı “Molodyoj Azəerbaydjana” qəzetindən bu yana Arif Əliyev özünü prinsipial və peşəkar qəzetçi, peşə etikasına ciddi riayət edən jurnalist kimi göstərib. Azərbaycan Prezidentini mətbuat katibi olanda da A.Əliyev daima söz və mətbuat azadlığının tərəfdarı kimi çıxış edib, öz xidməti mövqeyindən mətbuatı inkişafı üçün istifadə edib.

Müstəqillik dövrünün ilk illərindən “Yeni nəsil” jurnalistlər birliyinin rəhbəri olan Arif Əliyev bütün dönəmlərdə söz və mətbuat azadlığına təhlükə və təhdidlərin qarşısında olub, jurnalistikamızın problemlərinin həllində fəallıq göstərib, xarici donorların Azərbaycan jurnalistikasına maddi yardımlar göstərməsinə nail olub.

Arif Əliyevin baş redaktorluğu ilə çıxan “Gün səhər” qəzeti qısaömürlü olsa da, Azərbaycan mətbuatına parlaq iz qoyan nəşrlərdən idi. Bu qəzet tərəfsizliyi, qərəzsizliyi, obyektivliyi özünün peşə qayəsi seçmişdi. A.Əliyev çalışırdı ki, onun qəzeti heç zaman birtərəfli mövqe tutmasın. O, sensasiyanı obyektivliyə, operativliyi dəqiqləşdirməyə qurban verməyi bacaran az-az baş redaktorlardan idi.

“Yeni Müsavat” ailəsi müasir jurnalistikamızın parlaq simasına 50 illik yubileyində cansağlığı, gümrahlıq və uğurlar arzulayır.

 

 

Yeni müsavat.- 2010.- 31 avqust.- S. 2.