BMT-nin DİŞSİZ QARABAĞ QƏTNAMƏLƏRİ

 

Təhlükəsizlik Şurasının 18 ildir yerinə yetirilməyən dörd qətnaməsi yenidən gündəmdədir, bu sənədlərin ən zəif tərəfi işğalçını cəzalandırmaq üçün heç bir mandatın verilməməsində idi

 

BMT Təhlükəsizlik Şurasının Liviyaya dair mart ayında qəbul etdiyi qətnamə əsasında bu ölkədə beynəlxalq koalisiyanın başlatdığı hava əməliyyatları diqqəti bir daha bu təşkilatın Qarabağa dair 18 il əvvəl qəbul edilmiş dörd qətnaməsinə yönəldib. Azərbaycan ictimaiyyətində, mətbuatında, rəsmi şəxslərin dilində indi belə suallar səslənir ki, beynəlxalq birlik Liviyaya dair Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış onun həyata keçirilməsinə başladığı halda Qarabağa dair qətnamələr niyə 18 ildir əhəmiyyətsiz kağız parçası kimi qalır?

Bu ritorik sual ilk baxışdan xeyli dərəcədə haqlı görünür. Liviyada polkovnik Qəzzafinin öz xalqını bombardman etdiyi bir vaxtda beynəlxalq birlik BMT Təhlükəsizlik Şurasının verdiyi mandat əsasında ona qarşı hərəkətə keçməkdə nə qədər haqlıdırsa, Azərbaycan da 18 il əvvəl Ermənistanın təcavüzü, ərazilərin işğalı, dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan erməni vəhşiliyi qarşısında beynəlxalq birliyin hərəkətə keçməsini gözləməkdə o qədər haqlı idi. Lakin elə buradaca nəzərə almaq lazım gəlir ki, BMT-nin Qarabağa dair məlum dörd qətnaməsi ilə qəbul edilərkən “dişsiz sənəd” idi. Liviya qətnaməsindən fərqli olaraq həmin sənədlərdə işğalçı Ermənistanı yerində oturtmaq üçün beynəlxalq birliyə heç bir konkret mandat, mexanizm verilmirdi. Yəni qətnamələrin icrası da elə Ermənistanın ixtiyarına buraxılırdı və nəticədə bu sənədlər 18 ildir yerinə yetirilməmiş qalır.

 

***

 

Məsələnin yenidən gündəmə gəldiyini və günlərdir müzakirə olunduğunu nəzərə alaraq bir daha BMT Təhlükəsizlik Şurasının həmin sənədlərinə qayıdıb onları nəzərdən keçirmək, təhlil etmək lazım gəlir. Əvvəlcə onu qeyd etməliyik ki, indiyədək yerinə yetirilməmiş də olsa həmin qətnamələrin Təhlükəsizlik Şurasında qəbul edilməsinin özü o vaxtlar üçün zəif, köməksiz, müstəqilliyini yenicə əldə etmiş və beynəlxalq əlaqələri, diplomatiyası təzə-təzə yaranmaqda olan dövlət üçün mühüm diplomatik nailiyyət hesab olunmalıdır. Qətnamələr Ermənistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiyanın da hərbi dəstəyi ilə Azərbaycan şəhərlərini bir-birinin ardınca işğal etdiyi bir vaxtda qəbul edilmişdi. Azərbaycanın BMT-dəki o vaxtkı daimi nümayəndəsi Həsən Həsənovun bu sənədlərin qəbulundakı mühüm rolunu da qeyd etmək yerinə düşər. Ən azından Azərbaycan diplomatiyası bacardığını etmişdi ki, Təhlükəsizlik Şurasının güclü erməni lobbisinin fəaliyyət göstərdiyi üzvləri Fransanın və ABŞ-ın, Ermənistanı işğalçılıq siyasətində qızışdıran və dəstəkləyən Rusiyanın erməniləri işğal edilmiş əraziləri dərhal boşaltmağa çağıran qətnamələrə veto qoymamasına nail olsun. İstənilən halda Azərbaycan o vaxtkı imkanlar çərçivəsində Ermənistanın işğalçılıq fəaliyyətini BMT tribunasında qaldırmaq və müəyyən qərarların qəbuluna nail olmaq üçün mühüm nəticə əldə edə bilmişdi.

 

***

 

Beləliklə, BMT Təhlükəsizlik Şurası ilk dəfə Qarabağ məsələsinə 1993-cü ilin aprelində, Ermənistan silahlı qüvvələrinin silahlı münaqişəni Dağlıq Qarabağ hüdudlarından kənara çıxararaq Kəlbəcər rayonunu işğal etməsindən sonra müdaxilə edib. Azərbaycan XİN-in, BMT-dəki daimi nümayəndəliyinin günlərlə davam edən səylərindən sonra məsələ Təhlükəsizlik Şurasının aprelin 30-dakı iclasının gündəliyinə çıxarılıb və 822 saylı qətnamə yekdilliklə qəbul edilib. Həmin sənəddə deyilir ki, Təhlükəsizlik Şurası, Dağlıq Qarabağ münaqişəsinə dair şuranın sədri tərəfindən verilən bəyanatlara, baş katibin məruzəsini nəzərə alaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılıq ifadə edir. Qətnamənin preambulasında deyilir ki, bölgədə silahlı əməliyyatlar genişlənir, “yerli erməni qüvvələri” Kəlbəcər rayonunu işğal edib, bununla əlaqədar olaraq humanitar vəziyyət fövqəladə dərəcədə pisləşib. Qətnamə regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edir, beynəlxalq sərhədlərin pozulmazlığını vurğulayır və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edir. Təhlükəsizlik Şurası, nəhayət, qərara alır ki, möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatlar və düşmənçilik aktları dərhal dayandırılsın, həmçinin bütün işğalçı qüvvələr Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılsın və sülh danışıqları başlasın.

 

***

 

Göründüyü kimi, bu sənəddə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən deyil, “yerli erməni qüvvələri” tərəfindən işğalı göstərilir. Sənəd ərazi bütövlüyü prinsipini və suverenliyi dəstəkləyir, ancaq işğalçı ölkənin məhz Ermənistan olduğunu göstərmir. Digər tərəfdən, işğalçı qüvvələrin Kəlbəcərdən və digər ərazilərdən dərhal çıxarılması tələb edilir, ancaq bu tələbin yerinə yetirilməsini təmin etmək üçün konkret mandat vermir. Sənədin yerinə yetirilməməsi halında işğalçı tərəfə hansısa sanksiyaların tətbiqini əks etdirmir. Ermənistan isə Təhlükəsizlik Şurasının bu tələbini öz xoşuna yerinə yetirmək niyyətində deyildi və işğalçılığı davam etdirərək çox keçmədən Ağdamı işğal etdi. BMT Təhlükəsizlik Şurası isə ATƏT sədrinin məruzəsi əsasında yenidən Qarabağda yaranmış vəziyyəti müzakirəyə çıxardı və bu dəfə iyulun 29-da 853 saylı qətnamə qəbul edildi.

Sənəd bundan əvvəlki qətnamənin tələblərini təsdiq edirdi, “maraqlı tərəflərin” bu sənədin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayırdı, eyni zamanda bölgədə hərbi əməliyyatların genişləndiyini və Azərbaycanın Ağam rayonunun işğal edilməsini narahatlıqla xatırladırdı. Qətnamədə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılıq ifadə olunur, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyü bir daha təsdiqlənir, bütün hərbi əməliyyatların dərhal dayandırılması, “münaqişədə iştirak edən işğalçı qüvvələrin” Ağdam rayonundan və Azərbaycan digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilir. Göründüyü kimi, bu sənəddə də Ermənistanın üzərinə konkret hüquqi məsuliyyət qoyulmur, Ermənistanın silahlı qüvvələrindən yox, “münaqişədə iştirak edən işğalçı qüvvələr” kimi abstrakt termindən istifadə edilir. Sənəddə Ermənistan ancaq ona çağırılır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərinin 822 saylı və 853 saylı qətnaməni yerinə yetirməsi üçün öz təsirini göstərsin.

 

***

 

Ermənistan və onun işğalçı qüvvələri isə bu dəfə də ən mötəbər beynəlxalq qurum sayılan BMT Təhlükəsizlik Şurasının çağırış xarakterli qətnaməsini icra etmək niyyətində deyildi. Çünki sənəd Ermənistanı birbaşa olaraq işğalçı dövlət adlandırıb onun beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına dair konkret mandat vermirdi. Beynəlxalq birliyin bu təcavüzü dayandırmaq üçün indi Liviyada olduğu kimi hərəkətə keçmək fikrində olmadığı bir vaxtda Ermənistan qüvvələri Azərbaycan ərazilərinin işğalını davam etdirirdi. Təhlükəsizlik Şurası isə vəziyyəti bir daha müzakirəyə çıxarıb 1993-cü ilin 14 oktyabrında daha bir “dişsiz” sənədi-874 saylı qətnaməni qəbul etmişdi. Bu qətnamə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, ərazi ələ keçirmək üçün güc tətbiqini yolverilməz hesab edir, Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsi möhkəmləndirməyə çağırır, işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasını tələb edir, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sülhə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir, bundan əvvəlki iki qətnamədə yer alan çağırışları təkrarlayır. Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran, sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır. Yəni bu dəfə də Ermənistan dövləti birbaşa işğalçı tərəf kimi göstərilmir, onun təcavüzkar hərəkətlərinə cavab olaraq heç bir sanksiyalar nəzərdə tutulmur.

 

***

 

Nəhayət, həmin il noyabrın 12-də Təhlükəsizlik Şurası məsələyə yenidən qayıdıb daha bir analoji sənəd-884 saylı qətnamə çıxarır. Bu sənəd hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir.

Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır. “Maraqlı tərəflərdən” ATƏT-in Minsk Qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəlinə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir, çağırış xarakterli digər maddə və bəndləri özündə əks etdirir. Sənəddə sözügedən ərazilərin bilavasitə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin göz önündə olmasına, Azərbaycan ərazisinə təkcə Dağlıq Qarabağ və erməni işğalı altında olan ərazilərdən deyil, birbaşa Ermənistan ərazisindən hücumlar edilməsinə baxmayaraq 884 saylı qətnamə Ermənistandan işğalçı tərəf kimi yox, sanki münaqişənin gedişini kənardan izləyən ”maraqlı tərəf" kimi bəhs edir. Təbii ki, bu cür sənədin də Ermənistan tərəfindən yerinə yetiriləcəyini gözləmək sadəlövhlük olardı. Nəticədə bu və ya digər qətnamələr kağız parçası olaraq qalmaqdadır. Ancaq nəzərə almaq lazımdır ki, diplomatik-siyasi baxımdan o vaxt Ermənistanı birbaşa işğalçı adlandırıb onun cəzalandırılmasını nəzərdə tutan qətnamənin qəbuluna nail olmaq da müşkül məsələ sayıla bilərdi.

 

 

F.MƏMMƏDOV

 

Yeni müsavat.- 2011.- 5 aprel.- S. 11.