ERMƏNİ TƏCAVÜZÜNÜN
DAHA BİR QANAYAN YARASI
Azərbaycan ərazilərinin
xeyli hissəsi minalarla
çirklənib, yüzlərlə insan bu üzdən həyatını itirib
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün fəsadları
təkcə işğal edilmiş ərazilər, erməni vəhşiliyinin qurbanı
olan günahsız insanlar, vandalizmə məruz qalan tarix-mədəniyyət
abidələri və 1 milyona yaxın insanın öz evlərindən
didərgin düşməsindən ibarət deyil. Bu təcavüzün
daha bir fəsadı mövcuddur ki, Azərbaycan uzun illər
boyu onun təsirini üzərində hiss etməli olacaq.
Söhbət minalanmış ərazilərdən gedir.
Bütün münaqişə bölgələrində
olduğu kimi Qarabağda da hərbi əməliyyatların
aparılması torpaqların minalanması ilə
müşayiət olunub. 90-cı illərin əvvəllərindən
başlayaraq Qarabağda gedən döyüşlər
zamanı mina müharibəsi geniş tətbiq edilirdi.
1994-cü ildə atəşkəsin əldə edilməsindən
sonra indiki cəbhə xətti formalaşmış oldu.
Ancaq
döyüş əməliyyatlarının dayanmasından
sonra ərazilərinin bir qismi işğaldan azad edilən
Füzuli, Tərtər, Ağdam, Goranboy rayonlarında, habelə
Ermənistanla Azərbaycan arasında sərhəd boyu mina və
partlamamış döyüş sursatları ilə
çirklənmiş torpaqlar problemi özünü göstərməyə
başladı. Belə ki, erməni qüvvələri bu ərazilərdə
çoxsaylı minalar basdırmışdılar və atəşkəsin
əldə edilməsinə baxmayaraq mina
partlayışları cəbhəyanı bölgələrdə
insan itkilərinə səbəb olmaqda idi.
***
Atəşkəsdən
sonra Azərbaycanda iki cür mina və partlamamış hərbi
sursat (PHS) problemi meydana çıxdı: Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal
altında olan ərazilərdə və işğaldan azad
edilmiş ərazilərdə olan mina/PHS problemi. Müharibədən
zərərçəkmiş ərazilərdə minaların
təmizlənməsi və bərpa işlərinə
1996-cı ildən etibarən başlanılıb. Lakin bu
iş böyük vəsaitlər, peşəkar mütəxəssislər,
beynəlxalq praktikanın öyrənilməsini, müasir
texniki vasitələrin alınmasını tələb
etdiyindən onunla məşğul olmaq üçün
ayrıca dövlət qurumuna ehtiyac var idi. Belə bir vaxtda Azərbaycanda
Ərazilərin Minalardan Təmizlənməsi üzrə
Milli Agentlik (ANAMA) yaradıldı.
ANAMA
1998-ci il 18 iyul tarixində Azərbaycan prezidentinin sərəncamı
əsasında Ərazilərin Yenidənqurma və Bərpa
Komitəsinin nəzdində yaradılıb. Agentlik ölkə
daxilində həyata keçirilən bütün minatəmizləmə
ilə bağlı olan fəaliyyəti planlaşdırmaq, əlaqələndirmək,
idarə və nəzarət etməklə bərabər həm
də icraçı təşkilat kimi Azərbaycan hökuməti
ilə BMT-nin İnkişaf Proqramı arasında 2 aprel 1999-cu
ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsilə
Mübarizə üzrə birgə Proqramını həyata
keçirir. Agentlik beynəlxalq donorlarla fəal əməkdaşlıq
sayəsində çirklənmiş ərazilərdə
minaların və partlamamış döyüş
sursatlarının təmizlənməsi istiqamətində
genişmiqyaslı iş təşkil edə bilib. Hazırda
işğaldan azad edilmiş ərazilərdə mina problemi
böyük ölçüdə aradan
qaldırılmış sayıla bilər. Bu, minlərlə
hektarlıq əkin sahələrinin təkrar istifadəyə
qaytarılması, sakinlərin təhlükəsiz məskunlaşması
və mülki əhali üçün risklərin
azaldılması deməkdir. ANAMA-nın Bakıdakı Baş
Qərargahı, Füzuli və Göygöl rayonlarında
yerləşən iki Regional Baza, Tərtər, Ağcabədi
və Ağstafada yerləşən üç əməliyyat
mərkəzi işə tam hazır vəziyyətdədir.
***
Agentlik
həm strateji planlaşdırma, həm də əməliyyatların
planlaşdırılması üçün mina probleminin həcmini
araşdıran ANAMA xaricdən gələn dəstək də
daxil olmaqla, bütün mümkün yol və üsullara
müraciət edir. Bu mənada 2001-ci ildə ümumi tədqiqat
(1-ci səviyyəli tədqiqat) aparılmış və
2002-ci ilin sentyabr ayından 2003-cü ilin iyun ayına qədər
18 rayonda SAC ilə birlikdə Mina Təsirin Tədqiqatı həyata
keçirilib. Mina Təsirinin Tədqiqatı nəticəsində
minadan zərərçəkən 480 və PHS-dən zərərçəkən
163 icma aşkar edilib. Təhlükə ehtimalı olan cəmi
970 ərazinin təxminən 514 min nəfərin təhlükəsizliyinə
və yaşayışına mənfi təsir göstərdiyi
müəyyən edilib. Agentliyin məlumatına əsasən
son iki il ərzində bu ərazilərdə 51 nəfərin
ölümü və yaralanması ilə nəticələnən
hadisələr baş verib. Həmçinin Mina Təsirinin Tədqiqatı
nəticələrinə görə, 736 mln.kv.m ərazinin
mina və PHS-lə “yüksək” səviyyədə
çirkləndiyi müəyyən olunub. Bu ərazilərin
hamısı atəşkəs xətti boyunca yerləşən,
müharibə təsirinə məruz qalan və Ermənistanla
sərhəd rayonlarda yerləşir. Mina ilə çirklənmənin
ən yüksək səviyyəsi Füzuli rayonunda, PHS-lə
çirklənmə isə Ağstafa rayonunda qeydə
alınıb.
***
2006-cı
ilin sonunda 11 rayonda aparılmış təkrar tədqiqat nəticəsində
çirklənmiş ərazilər 306 mln.kv.m-dək
azaldılıb. 2009-cu ilin sonuna olan məlumata əsasən təxminən
184 000 kv.m ərazinin mina/PHS-lə çirkləndiyi ehtimal
olunur. 2010-cu ildə ANAMA təxminən mina/PHS-lə
çirklənmiş 12 mln.kv.m ərazini təmizləməyi
və təhlükə ehtimalı olan 14,5 mln.kv.m ərazini təkrar
tədqiqat yolu ilə ixtisara salmağı
planlaşdırır. Müxtəlif mənbələrdən
əldə edilən məlumatlara görə, 2009-cu ildə
ANAMA 19 nəfərin yaralanması və biri hərbçi
olmaqla 2 nəfərin ölümü ilə nəticələnən
13 mina hadisəsi qeydə alıb. Lakin işğal
altındakı bölgələrdə mina və PHS-lə
çirklənmənin səviyyəsini müəyyən etmək
mümkün deyil. Bununla belə, Dağlıq Qarabağdan
başqa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın,
Kəlbəcər rayonları bütövlükdə,
Füzuli, Tərtər, Ağdam rayonlarının isə bir
hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti
altındadır. Mina/PHS-lə yüksək çirklənmə
səviyyəsi olan bu rayonlarda 350 mln.kv.m-dən 830 mln.kv.m-dək
ərazidə 50 000-dən 100 000-dək mina yerləşdirildiyi
güman olunur. Mütəxəssislər hesab edir ki,
Qarabağ və ona bitişik ərazilər keçmiş
sovet respublikalarında mina ilə ən çox çirklənmiş
ərazilərdir. Son 10 il ərzində Azərbaycanda 371 nəfər
mina və partlamamış hərbi sursatların qurbanı
olub. Onlardan 84 nəfəri həlak olub, 287-si isə
yaralanıb.
***
Hərbçi
mütəxəssislər deyirlər ki, cəbhə bölgəsində
əsasən tank və piyadalar əleyhinə minalar yerləşdirilir.
Lakin Ermənistan ordusu piyadalar əleyhinə minaların beynəlxalq
konvensiyalarla qadağan edilmiş tiplərini də geniş tətbiq
edir. Belə minalar partlayarkən kütləvi tələfata
səbəb olur. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda
mina və hərbi sursat partlayışları ilə
bağlı 16 hadisə qeydə alınıb. Bu hadisələr
nəticəsində 4 nəfər həlak olub, 18 nəfər
müxtəlif dərəcəli bədən xəsarəti
alıb.2001-ci ilin sentyabrından müxtəlif mənbələrə
istinadən aparılan statistikaya görə, 105 hadisədə
61 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli
xəsarət alıb. Mina qurbanlarından 6-sı qadın,
42-si uşaq, 171-i hərbçi, 200 nəfər isə
mülki şəxsdir. Ümumilikdə isə Azərbaycanda
mina qurbanların sayı 3 min nəfərə yaxındır.
Onlardan 300 nəfərini uşaqlar təşkil edir.
Hazırda
işğal altında olan ərazilərdə qurulmuş
separatçı erməni rejimi də minaların təmizlənməsi
fəaliyyətini həyata keçirir. Uzun müddət bu fəaliyyət
Britaniyanın qeyri-dövlət şirkəti olan “Halo TRUST” tərəfindən
həyata keçirilib. İşğal altındakı ərazilərin
minalardan təmizlənməsi layihəsinin sponsorları isə
əsasən Britaniya və ABŞ hökumətləri idi. Azərbaycan
“Halo TRUST”un işğal altındakı ərazilərdə
qanunsuz fəaliyyətinin qarşısını almaq
üçün xeyli müddət mübarizə aparıb. Nəhayət,
bu səylər nəticə verib və ötən il Britaniya
hökuməti Dağlıq Qarabağda minaların təmizlənməsi
layihəsinə maliyyə ayrılmasını
dayandırıb. Nəticədə “Halo TRUST” öz
ştatının yarısını ixtisar edib və alternativ
maliyyə qaynaqları əldə edərək fəaliyyətini
davam etdirməyə çalışır.
***
Ermənilər
əsasən Şuşa, Xocalı, Laçın və
Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan
bölgələrdə minaları təmizləyərək kənd
təsərrüfatı üçün yararlı torpaq sahələrini
bərpa edir. Lakin təmas xəttinə yaxın ərazilərə
basdırılan minaların sayı artırılır. Azərbaycanın
işğal edilmiş əraziləri geri qaytarmaq
üçün öz hərbi potensialını gücləndirməsinə
cavab olaraq Ermənistan ordusu da cəbhə xətti boyu
qoşunların irəliləməsinə mane olmaq
üçün irimiqyaslı minalama həyata keçirirlər.
Bunu erməni mənbələrində yer alan xəbərlər
təsdiqləyir. Bu da minalarla çirklənmiş ərazilər
probleminin yenidən kəskinləşdiyini göstərir. Deməli,
Azərbaycan üçün minalarla mübarizəyə yeni
qüvvələr və ən müasir texnika səfərbər
etmək zərurəti meydana çıxır. Bu mübarizə
həm torpaqların işğaldan azad edilməsi prosesi
zamanı, həm də sonrakı bərpa dövrü
üçün vacib olacaq. Problemin böyük
ölçüdə və mümkün qədər qısa
vaxtda həll edilməsi isə ancaq o zaman mümkün ola bilər
ki, Ermənistanla Azərbaycan arasında münaqişənin
dinc yolla nizamlanmasına dair sülh müqaviləsi
bağlansın, erməni qoşunları yeni müharibə
başlamadan işğal edilmiş ərazilərdən
çəkilsin və bu zaman beynəlxalq praktikaya uyğun
olaraq sülh bağlayan tərəflər minalanmış ərazilərin
xəritələrinin mübadiləsini həyata
keçirsinlər. Əks halda, Azərbaycan ərazilərində
mina təhlükəsi
uzun illər boyu mövcud olacaq. Çünki hər bir
minanın və PHS-in aşkar edilib zərərsizləşdirilməsi
diqqətlə hazırlanmış əməliyyat tələb
edir.
***
Minalarla
çirklənmə səviyyəsi kifayət qədər
yüksək olduğu üçün gələcəkdə
işğaldan azad edilən ərazilərin təmizlənməsi
həm də böyük vəsait tələb edəcək.
Beynəlxalq donorlar bu layihəyə iri həcmdə maliyyə
ayırmağa hazırdır. Hazırda ANAMA-nın sərəncamında
minaları mexaniki üsulla təmizləməyə imkan verən
bir çox müasir texniki avadanlıqlar mövcuddur. Lakin bu
mürəkkəb işdə insan amili həlledicidir. ANAMA-da
fəaliyyət göstərən minatəmizləyənlər
peşəkar kadrlar hesab edilirlər və son illər Azərbaycan
minaların təmizlənməsi sahəsində
öz təcrübəsini Əfqanıstanla da
bölüşməyə başlayıb.
F.MƏMMƏDOV
Yeni müsavat.- 2011.- 15 aprel.- S. 11.