ANAR MƏMMƏDXANOVUN ÖLÜMÜ BARƏDƏ BİLİNMƏYƏNLƏR

 

Xəbər verdiyimiz kimi, aprelin 23-də Milli Məclisin keçmiş üzvü, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov 41 yaşında dünyasını dəyişib. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yaydığı açıqlamaya görə, ölümün səbəbi kəskin ürək qan-damar çatışmazlığı, ürəyin işemik xəstəliyi olub. Dünənsə mərhumun 3 mərasimi "Təzəpir" məscidində keçirildi. Yaxınları, qohumları A.Məmmədxanova son borclarını bir daha ödədilər.

Ölümündən iki saat öncə A.Məmmədxanovla telefonla danışan “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski “Yeni Müsavat”a açıqlamasında bilinməyən detalları açıqladı. Müsahibimizin sözlərinə görə, həmin gün A.Məmmədxanov ona bir məqaləsini bəyəndiyi ilə bağlı mesaj yollayıb: “Mənə mesaj yolladı ki, məqalən çox yaxşıdır, xoşuma gəldi. Sonra mən ona zəng elədim. Yarım saata yaxın söhbət elədik”.

R.Talışinskinin sözlərinə görə, telefon danışığı zamanı A.Məmmədxanovun əhvalı çox yaxşı imiş. Tez-tez zarafat edib, gülürmüş: “Heç səhhətindən şikayət edən nəsə demədi. Mənə dedi ki, yeni bir film hazırlayıb. Yanılmıramsa, yəhudilərin Azərbaycanda olması ilə bağlı filmdir. Mən də ondan xahiş etdim ki, məni filmin prezentasiyasına çağırsın. Dedi, mütləq çağıracam”.

Müsahibimiz xatırlatdı ki, A.Məmmədxanovla telefon danışığı günorta saat 1 radələrində baş tutub. 1-2 saat sonra isə ona zəng edib, ölüm xəbərini veriblər: “Elə bildim ki, bu, çox axmaq və yersiz zarafatdır. Amma yenə də internetə girdim, xəbərlərə baxdım, gördüm düzdür. Şoka girdim. Düzü, indi də şokdan çıxmamışam. İki saat əvvəl deyib-güldüyün, zarafatlaşdığın adam birdən dünyasını dəyişir”.

 

***

 

“O gün qəbiristanlığa gedəndə tıxaca düşdük. Mən, Rüfət Abbasov və Tural Kərimli avtomobili saxlayıb taksi ilə getməyə qərar verdik. Sürücüyə dedik ki, 2-ci Fəxri Xiyabana sür. Soruşdu ki, kimin dəfnidir. Dedim, Anar Məmmədxanovun. Sürücü mənə baxıb susdu. Qəbiristanlığa çatanda maşından düşüb bizimlə getdi, axıracan bizimlə orada dayandı, sonra bizi "Təzəpir" məscidinə gətirib, pul almadı. Sadə adamlar Anarı çox sevirdilər...”

Bunu da A.Məmmədxanovun yaxın dostu, news.az saytının redaktoru Elnur Baimov sosial şəbəkədəki statusunda yazıb.

Bizimlə söhbətində isə hələ də bu ölümün şokunda olduğunu dedi. Müsahibimiz A.Məmmədxanovun səhhətində problem olmasına inana bilmir: “Anar keçən ilin axırı Almaniyada tam yoxlanmışdı. Full chek-up etmişdi. Heç bir problemi yox idi. Mən də bu xəbəri eşidəndə şoka düşdüm. Həmin gün anamın ad gününü qeyd edirdik. Ailəlikcə bir yerdə oturmuşduq. Zəng vurub, Anarın rəhmətə getdiyini deyən kimi tədbiri tərk edib, Anargilə getdim. Orada ailəsinin faciəsini gördüm. Ora gedənə qədər yenə də inanmaq istəmirdim ki, Anar yoxdur”.

Müsahibimiz sadə insanların Anara böyük hörməti olduğunu dedi. Onun sözlərinə görə, dünən keçirilən üç mərasiminə gələnlərin sayı o qədər çox olub ki, "Təzəpir" məscidində ikinci zal da açılıb: “Bir neçə il əvvəl Anarla tanış olanda təəccüblənirdim ki, o, sadə adamlarla necə də təvazökar, açıq, gülərüz, rəsmiyyətdən uzaqdır. Kommunikativ insan idi. Xarakterində yaşlı və gənc nəsli birləşdirirdi”.

E.Baimov mediada A.Məmmədxanovun ancaq eks millət vəkili, şən və hazırcavablar klubunun rəhbəri kimi xatırlanmasını da qəbul etmir. Onun sözlərinə görə, A.Məmmədxanov həm də day.az saytının təsisçisi olub: “Anar Məmmədxanov olmasaydı, Elnur Baimov da olmayacaqdı. Çox demokratik media kapitanı idi. Anar təsisçi olduğu zaman day.az demokratik sayt idi və ora obyektiv şəkildə həm iqtidarın, həm müxalifətin nümayəndələri üçün açıq idi. Saytda cəmiyyətin bir çox problemlərini qabardırdıq. Məmurlar o zaman bizi oxuyurdu, reaksiya verirdilər, dərhal. Amma Anar bütün bu reaksiyaları, zəngləri və şikayətləri öz səviyyəsində həll edirdi. Bunun redaksiyaya təsir etməsinə imkan vermirdi. Sadə insanlar çox rahatlıqla ona yaxınlaşıb, problemlərini deyir və həllini xahiş edirdilər. Yadımdadır, bir dəfə bir yerdə istirahət edirdik, bir xidmətçi qadın yaxınlaşıb, ondan hansısa problemini həll etməsini xahiş etdi. Anar onun nömrəsini aldı, harasa zəng vurdu, problemi həll etdi, sonra da getdi. Sonra o qadın mənə yaxınlaşıb, Anarın harda olduğunu soruşdu. Öyrəndim ki, Anar dərhal onun problemini həll edib, o da təşəkkür etmək istəyirdi... Onun yasına bir neçə min adam gəlmişdi. Bunlar əsasən gənclər idi. Fikirləşməyə başladım ki, bunlar kimdir. Amma hamısı Anarı bir insan olaraq sevən, hörmət edən adamlar idi. Onun telefon nömrəsini hamı bilirdi. Onu tanıyan adamların hamısı onunla vidalaşmağa gəlmişdi. Bu adamlar səmimi idilər”.

Bu arada E.Baimov dedi ki, dövlət başçısı İlham Əliyev də "Təzəpir" məscidinə gəlib, A.Məmmədxanovun ailəsinə başsağlığı verib: “Orada da ona təşəkkür etdim. İndi də edirəm. Çünki bu, böyük jest idi. İlham Əliyev prezidentdir. Sıx qrafikinə, işlərinin çoxluğuna baxmayaraq, bir vətəndaşın yasına gəlməsi böyük hörmətdir”.

Müsahibimizə A.Məmmədxanovun həm də İ.Əliyevin dostu kimi tanınmasını xatırlatdıqda isə dedi ki, bu dostluq barədə heç nə deyə bilməz. Çünki bu barədə xüsusi məlumatı yoxdur.

Bu arada E.Baimov sosial şəbəkələrdə A.Məmmədxanovun ölümü barədə aşağılayıcı ifadələr, fikirlər səsləndirənlərə də cavab verdi: “Yazırlar ki, ”qoy onu qurd və qarğalar yesin". Bu, tərbiyəsizlikdir. Orada da yazdım, kimin sözü varsa, çıxsın qabağıma, mən onların cavabını onlara yaraşan formada verməyi bacarıram. Bu cür yazan adamlar maksimum 10 nəfərdir. 10 nəfər elə şey yazırsa, 7 min adam bu xəbəri yaymışdı. Minlərlə adam da onu basdırmışdı. Anar böyük insan olub. Çoxlarının ona paxıllığı tutub. Onun ölüsünün arxasınca bu cür danışanlar isə sadəcə özlərini biabır edirlər".

 

***

 

Bir detalı da vurğulamalıyıq ki, dünən çap olunan bəzi KİV-lərdə Anar Məmmədxanovun hakimiyyətdəki məmurların təzyiqləri nəticəsində gərginlik keçirdiyini, bu səbəbdən də ürəyinin dözmədiyini yazıblar. Bu yazılarda konkret bir məmurun - Əli Əsədovun da adı çəkilir. İddiaya görə, Əli Əsədov verdiyi müsahibəyə görə Anar Məmmədxanovu danlayıb və təhdid edib. Bizə elə gəlir ki, ictimaiyyət də, hörmətli Əli müəllim də maraqlı olmalıdır ki, bu məsələyə aydınlıq gətirilsin.

 

***

 

Sonda onu da bildirək ki, A.Məmmədxanovun məqalələrindən ibarət kitab çap olunacaq. Bu barədə açıqlamasında mərhumun bacısı Naidə Məmmədxanova məlumat verib. “Anarın çox gözəl yazı qabiliyyəti var idi. O, erməniləri ələ salan satirik məqalələr yazmışdı. Bu məqalələri kitab şəklində çap etdirmək fikrindəyəm”, deyə N.Məmmədxanova vurğulayıb.

 

 

Sevinc TELMANQIZI

 

Yeni Müsavat.- 2011.- 26 aprel.- S. 3.