MİSİRDƏ
ÖLDÜRÜLƏN HƏMVƏTƏNİMİZİN HƏYAT
HEKAYƏTİ
Dəfn mərasimi həmişə ağır olur. Onu
bir qədər təntənəli şəkildə də təşkil
etmək mümkündür. Hətta bəzən təntənəli
dəfn mərasiminə rəsmiyyətçilik də əlavə
olunur. Amma onunla vida mərasimi tamam başqa cür idi. Hər
şeydən əvvəl hamıda bir ürək
yanğısı, ürək ağrısı vardı. Qəbiristanlığın
darvazası önündə narın yağış
damcıları altında bir cavan oğlanın dediyi sözlər
sanki adamların fikirləri ilə həmahəng idi: “Niyə
bizi tək qoydun, ay Nicat?!”.
Bütün bunları qürbətdə
talesiz bir gülləyə tuş gələn 24 yaşlı
Nicat Qocayevin dəfnində görüb, eşitdim.
Tanıdığın adamın ölümü həmişə
adama ağır gəlir. Bu gün də Nicatın ailəsi,
qohumları və dost-tanışları üçün onun
ölümü gözlənilməz idi. Bir Şərq
mütəfəkkirinin dediyi kimi, “hətta bildiyimiz şeyə
də inanmağımız gəlmir”. İndi də belə
idi: Nicat haqqında xatirələr o qədər
canlıdır ki, ölümü belə yaxına
buraxmır...
İstedadlı gəncin ömür yolu
Nicat Qocayevin ailəsi
Ağcabədi rayonunda yaşayır. Ailənin Nicatdan
başqa bir qızı var. Nicat da 1987-ci il yanvarın 12-də
bu rayonda anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi
doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə
bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq
əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə
olduğu kimi, universitetdə də əlaçı oxuyur.
Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına
gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat
uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi
təhsil ala-ala Xarici İşlər Nazirliyində işə
düzəlir. Onun səfirlikdə işə düzəlməsinə
öz biliyi və bacarığı yardımçı olur.
Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini
müstəqil bilirdi. 8 ay XİN-də
çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu
Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə
ezamiyyətə göndərirlər. Nicat orada mühasib vəzifəsində
çalışır. Ta ki, həlak olduğu günə
kimi...
Nicatın başqa
istedadı da vardı. O, çox gözəl
şahmatçı idi. Dəfələrlə şahmat
oyunlarında birinci yerə çıxmışdı. O, həmçinin
gözəl tar çala bilirdi. İdmanın karate növü
ilə məşğul olurdu.
Ölüm gəldi, bir anda...
Həmişəki kimi Nicat
hazırlaşıb evdən çıxır və işə
gedir. O, Misirdə baş verən ixtişaşlardan xəbərdar
idi. Vəziyyətin təhlükəli olduğunu da bilirdi.
Ailəsi ilə sonuncu dəfə danışanda da bunu onlara
demişdi. İş yoldaşları, yaxınları bir-birlərinə
ehtiyatlı olmağı tapşırırdı. Həmin
gün Nicat dostu ilə birgə işdən çıxıb
maşına əyləşir. Nicat sükan arxasında olub.
Dostunun valideynləri isə arxa oturacaqda əyləşib. Qəfilcən
Nicatdan titrək səs çıxır: “Mənə nəsə
oldu...”. Bu onun son sözü olur. Və keçinir. Deyilənə
görə, 10 dəqiqə sonra onu həkimə
çatdırırlar. Ancaq çox gec idi. Nicat
ölmüşdü. Güllə onun bədəninin sağ
hissəsindən dəyib, ağciyərini
parçalamışdı. Bu qara xəbər ildırım
sürəti ilə Bakıya yayılır. Televiziyalar, qəzetlər,
saytlar hamısı bu bəd xəbəri aləmə car edir.
Ancaq valideynləri hələ də onun
öldüyünü bilmirdi. Ta ki, atası Rza Qocayev ona zəng
edənə kimi. Nicat ölümündən bir neçə
saat əvvəl atası ilə danışıb, ölkədə
vəziyyətin təhlükəli, ancaq özünün ehtiyatlı
davrandığını demişdi. Ancaq valideynləri daim təlaş
içində idi. Hər saat ona zəng edirdilər.
Nicatın ölüm xəbərini valideynləri televiziyadan
eşidir. Ancaq xəbərin dəqiqliyinə inanmırlar.
Sonra hər şey gerçək olur. Bir gün sonra onun cəsədini
doğma yurduna-Ağcabədi rayonuna gətirirlər. O, rayonun
Hüsülü kəndinin qəbiristanlığında dəfn
olunur.
“Tale balamı mənə axıra kimi vermədi..”
Nicatgilə
çatanda evlərinin qarşısında yas
çadırı qurulurdu. İçəridə iniltili səslə
yavaş-yavaş danışan yaşlı bir kişi: “Ola
bilməz”, “Mümkün deyil” sözlərini təkrarlayaraq
nalə çəkirdi. Qəfildən əlləri yanına
düşdü. Qollarından tutub stula əyləşdirdilər.
Mənim jurnalist olduğumu biləndə: “Qızım, nə
yaxşı ki, siz gəlirsiniz. Azca da olsa təsəlli tapa
bilirəm. Ata üçün çox ağır dərddir,
çox...”. Bir neçə dəqiqə susur. Sonra
övladı ilə bağlı xoş xatirələrini
danışır. Onu bizə tanıdır: “Yanvar
ayının 12-də 24 yaşı tamam olmuşdu. Onun ad
gününü kompüter arxasında ata-bala qeyd etdik. Tort kəsib
bizə ayrıca pay saxladığını göstərirdi.
Oğlumun öldürüldüyü gün anasının
ad gününə, dəfn günü isə atasının
ad gününə düşdü. Demişdi ki, bizim də
ad günümüzü eyni özününkü kimi qeyd edəcək.
Artıq ömürlük ad günümüzü
oğlumuzun dəfn günü kimi qeyd edəcəyik.
Neçə dəfə ona dedim ki, Nicat, sənin
üçün çox darıxmışıq. Xahiş etdim ki, gəlsin
bura. Dedi ki, mart ayında gələcək. Həm
imtahanlarını verməyə, həm də 10 gün
yanımızda qalacaqdı. Amma balamın
ölüsünü üstündə ərəbcə
sözlər yazılmış tabutda gətirdilər. Tale
balamı mənə axıra kimi vermədi. Anası
hazırlaşırdı gələn il onu evləndirsin. Ancaq
balamın toyu budur” deyib, əlini çadıra uzadır.
Siqaret tüstüsünü içinə çəkə-çəkə
gözləri dolmuş sözünə davam edir: “Çox
istedadlı uşaq idi. Cəngavər kimi bir oğul idi.
Dostluq etməyi bacaran idi. Dost yolunda hər şeyindən
keçərdi. Elə ona görə tale onu məndən
aldı. Oğlumun arzuları çox idi. Ata kimi
övladımdan çox şeylər gözləyirdim. Müəyyən
bir dövr var ki, ata oğula atadır. O dövr bitdikdən
sonra isə oğul atanın dirəyi olur. Mən 55
yaşımda özümü rahat hiss edirdim ki, Nicatım var.
Demişdi ki, universiteti bitirən kimi elmi iş götürəcək.
Ona çox güvənirdim. Bir oğlum var idi. O, da getdi.
İndi qızım mənə həm oğul, həm də
qız olacaq. Allah bu dərdi heç kimə göstərməsin.
Evin bir sütununu yavaşca silkələyəndə
aşır. Oğlum da ailəmizi silkələdi”. Bu zaman orta
yaşlı bir kişi yas çadırına Nicatın son
şəkillərindən birini asır. Rza dayı şəkili
görəndə gözlərini ona zilləyib
hönkür-hönkür ağlamağa başlayır.
Nicatın anası İzzət
xanım isə şokda idi. Otağa yığışan
qohum-əqraba dedi ki, 3 gündür ki, onun dilinə su belə
dəymir. Heç kimlə danışmır. Elə hey
“balam” deyib, ağlayır.
Həmyerliləri Nicatı
alicənab, ailəsinə və işinə vurğun insan
kimi tanıyır. Dostları Nicatı “Nici” deyə
çağırırmışlar. İndi onun şəkilləri
dostlarının maşınının salonunda asılıb.
Dostu Ramal və Rüstəm isə onunla bağlı o qədər
xoş xatirələr danışdılar ki, bəlkə də
yazmaqla bitməz. Qohumları da Nicatın ölümünə
inana bilmir. Əmisi onu öz balası kimi çox istədiyini
deyir: “Nicat bizim ümid yerimiz idi. Nə problemimiz olurdu, ona
deyirdik. Heç kimə də yox deməzdi. Onun gələcəyi
qarşıda idi. Heyf...”. Həmin gün hamı Nicatla
bağlı xatirələrini bölüşür, onun
yoxluğuna inanmaq istəmədiklərini deyirdilər.
Doğma yurdunda
Nicat kimi istedadlı gənclə,
ülvi bir insanla ünsiyyətdə olmaq hamının
yaddaşında dərin iz buraxıb, xoş xatirələr
qoyub.
Dostları, onu tanıyanlar
Nicatın yoxluğu ilə hələ də
razılaşmır. Onun sağlığındakı kimi yenə
də Nicatın “Facebook”dakı səhifəsinə daxil olub,
hər gün, bəlkə də hər saat ürək
sözlərini yazır, bununla təsəlli tapmağa
çalışırlar. Nicat həyatının ilk
şirinliyini və ilk acılığını doğma
yurdunda gördü. Amma ölümünü qürbətdə.
Ondan geriyə qalan isə sertifikatları, diplomları və
şəkilləridir...Allah rəhmət eləsin!
Günay MUSAYEVA
Yeni müsavat.- 2011.- 2 fevral.- S. 5.