TANINMIŞ MÜĞƏNNİ VƏFAT
ETDİ
Tanınmış müğənni
Rüfət Mehdiyev dünən beyinə qan sızması və
insultdan vəfat edib. Müğənni gecə saat 03.00 radələrində
qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, Rüfət
Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26
Bakı Komissarı adına Mədəniyyət
Sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət
Universitetinin geoloji coğrafiya fakültəsində təhsil
alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur.
1992-ci ildən müğənnilik edir.
Dünən müğənninin
yaşadığı Məhəmməd Hadi 29/42
ünvanında olduq. Mərhumun yas mərasiminə xeyli insan,
o cümlədən sənət dostları gəlmişdilər
və müğənninin qəfil ölümündən
sarsılmışdılar.
Müğənni Elariz
Məmmədoğlu, İlqar Sail, Nazənin, Elnur Quliyev,
şairə Zemfira Əlişqızı, bəstəkar Nadir Əzimov
sənət dostlarının vəfatından
sarsıldıqlarını bildirdilər və onun barəsində
xatirələrini bölüşdülər. Sənət
dostları Rüfət Mehdiyevi zarafatcıl, şən təbiətli,
təmkinli bir adam kimi tanıdıqlarını bildirdilər.
Populyar müğənni
olmazdan öncə Rüfət Mehdiyevlə dostluq münasibətində
olduğunu bildirən Elariz Məmmədoğlu dedi ki, onun həmin
gün səhhətindən heç bir şikayəti
olmayıb: “Bilmirəm həmin gün havada nə vardısa, mənim
də, köməkçimin də təzyiqi yüksəlmişdi.
Sonra eşitdim ki, onun beyninə qan sızıb, həkimlər
də xilas edə bilməyiblər”.
Bəstəkar Nadir Əzimov
yaradıcılıq əməkdaşlığından
başqa, R.Mehdiyevlə ailəvi dost olduqlarını dedi:
“Onunla vaxtilə bir silsilə mahnılar üzərində
işləyib bir musiqi albomu buraxdırmışıq. Onun
ifasında ”Darıxdım" mahnısı
populyarlaşıb. Rüfət ən başlıcası bir
insan kimi çox gözəl xüsusiyyətlərə malik
olub. Oğlu 5-ci, qızı 3-cü sinifdə oxuyur. Allah səbr
versin".
Müğənni
İlqar Sail də dostunun ölüm xəbərindən
ağır sarsıntı keçirdiyini dedi: “Onun bir
müğənni kimi də, bir insan kimi də öz dəsti-xətti
vardı. Öz problemini heç kəsə deməyi
xoşlamazdı. Mən hələ də şokdayam”.
R.Mehdiyev dünən
saat 14.00-da “8-ci kilometr” yaşayış massivindəki qəbristanlıqda
dəfn edilib.
Allah rəhmət eləsin!
S.HİLALQIZI
Yeni müsavat.- 2011.- 2 fevral.- S. 5.