ERMƏNİSTAN AŞ PA-da QARABAĞ DİALOQUNDAN QAÇIR
Ermənistan siyasi dairələrində
AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinə
dair Alt Komitəsinin fəaliyyətinin bərpası ilə
bağlı ciddi mübahisələr yaranıb. Xəbər
verildiyi kimi, Assambleyanın bu günlərdə başa
çatan qış sessiyasında Alt Komitənin fəaliyyətinin
bərpası barədə qərar çıxarılıb. Bu
qərar Ermənistan tərəfini ciddi məyus edib, dərhal
Ermənistan nümayəndə heyəti dərhal elan edib ki,
bu komitənin fəaliyyətini boykot edəcək. Hazırda
Ermənistanda nümayəndə heyətinin boykot qərarının
nə dərəcədə düzgün olduğuna dair
mübahisələr gedir.
Ermənistanın AŞ
PA-dakı nümayəndə heyətinin rəhbəri David
Arutyunyan dünən İrəvanda keçirdiyi mətbuat
konfransında bildirib ki, AŞ PA əvvəldən Qarabağ
münaqişəsində düzgün olmayan mövqe tutub:
“Assambleyanın Qarabağa dair Alt Komitənin fəaliyyətinin
bərpasına dair çıxardığı birtərəfli
qərar buna sübutdur”. Arutyunyan etiraf edib ki, onların Alt
Komitənin fəaliyyətinin bərpasına mane olmaq
üçün AŞ PA-da göstərdikləri fəaliyyət
uğursuz olub. Erməni nümayəndə heyətinin rəhbəri
qeyd edib ki, AŞ PA prezidenti Mövlud Çavuşoğlu
ötən il dəfələrlə Alt Komitənin fəaliyyətinin
bərpasını gündəliyə çıxarmağa
çalışıb. AŞ PA-nın bu, ilki qış
sessiyası ərəfəsində keçirilən Büro
iclasında, nəhayət, bu məsələ həll edilib,
erməni nümayəndə heyətinin isə Büro
üzvlərinə göndərdikləri məktubların
heç biri ünvana çatmayıb. Həmin məktublarda
Alt Komitənin fəaliyyətinin bərpası yolverilməz
hesab olunurdu.
Arutyunyan deyib ki, erməni
nümayəndə heyəti Alt Komitənin iclaslarına
qatılmaq fikrində deyil, çünki inanır ki, komitə
Ermənistan və Azərbaycan nümayəndə heyətləri
arasında qarşılıqlı ittihamlar meydanına
çevriləcək. “Erməni tərəfi bildirib ki, biz bu
cür destruktiv fəaliyyətdə iştirak etmək istəmirik.
İndi biz sonrakı addımlarımızı müzakirə
edirik, hansı qərara gəldiyimiz haqda daha sonra
açıqlama verəcəyik. Lakin indidən onu deyə bilərik
ki, hansısa formada Dağlıq Qarabağ münaqişəsinə
dair danışıqlar prosesinə mane ola biləcək Alt
Komitənin fəaliyyətində yer almaq fikrində deyilik”.
Ermənistan nümayəndə
heyətinin müxalifətdən olan üzvü, İrs
Partiyasının təmsilçisi Zarui Postancyan da deyib ki,
onlar heç bir halda Alt Komitənin iclaslarında iştirak
etməyəcəklər. Çünki bu komitədə
Dağlıq Qarabağ “tərəfi” təmsil olunmur. Onun
fikrincə, Alt Komitənin fəaliyyətini bərpa etməklə
AŞ PA prezidenti Mövlud Çavuşoğlu qarşıya
Qarabağa dair Azərbaycan tərəfi üçün
beş il əvvəl qəbul edilmiş 1416 saylı qətnamədən
daha məqbul qətnamənin qəbulunu qarşıya məqsəd
qoyub. “İrs” Partiyasının mətbuat katibi Ovsep
Xurşudyan isə hesab edir ki, Alt Komitənin fəaliyyətinin
bərpası Ermənistan üçün ciddi məğlubiyyətdir.
Çünki AŞ PA-da qüvvələr nisbətinin Ermənistanın
əleyhinə olduğu sübut olunub. Lakin erməni siyasi
ekspert Manvel Sarkisyan hesab edir ki, boykot taktikası uğursuzdur və
özünə inamı olmayanların taktikasıdır. Onun
fikrincə, Azərbaycan Alt Komitənin fəaliyyətinin bərpasına
nail olaraq AŞ PA-dan Qarabağa dair yeni qətnamənin
çıxarılmasına hazırlaşır. Erməni tərəfi
isə komitənin fəaliyyətində iştirak edərək
öz maraqlarına uyğun məqamlardan istifadə etməlidir.
Qatı millətçi Daşnaksütun Partiyası siyasi
bürosunun rəhbəri Kiro Manoyan da Qarabağa dair Alt Komitənin
fəaliyyətinin bərpasını Ermənistanın ciddi məğlubiyyəti
sayır. Onun fikrincə, Ermənistan son illərdə istər
xarici siyasətdə, istərsə də diplomatiyada ciddi məğlubiyyətlərə
düçar olur və bunlar erməni dövlətinin məhvinə
aparır.
Müxalifyönlü
“Jamanax” (“Zaman”) qəzeti isə yazır ki, əslində
AŞ PA-da alver olub və bu qurum Ermənistanda demokratiyanın
boğulması məsələsinə yumşaq
yanaşmağın əvəzində Qarabağa dair Alt Komitənin
fəaliyyətini bərpa edib. Qəzetin yazdığına
görə, Strasburqdakı məğlubiyyətin səbəbkarı
elə Ermənistan hakimiyyətinin özüdür. Bildirilir
ki, Çavuşoğlunun AŞ PA prezidenti seçilməsinə
dəstək verənlərdən biri də David Arutyunyan olub.
İndi isə bu xidmətin əvəzində AŞ PA Ermənistanda
insan haqları məsələsinə loyal yanaşır. Lakin
Qarabağa dair Alt Komitənin fəaliyyətinin bərpasına
da nail olur və Assambleyanın bürosunda heç kim bu qərarın
əleyhinə çıxmır.
Ermənistanda bu cür
hay-küyə səbəb olan Alt Komitə ilk dəfə
AŞ PA-nın Qarabağ münaqişəsinə dair qəbul
etdiyi 1416 saylı qətnamə əsasında 2005-ci ilin
yanvarında britaniyalı deputat Lord Atkinsonun məruzəsi əsasında
yaradılmışdı. Həmin qətnamə beynəlxalq
təşkilatlar tərəfindən Ermənistanın
işğal edilmiş Azərbaycan ərazilərindən
çəkilməli olduğunu aydın bildirən,
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
dəstəkləyən ilk sənədlərdən biri idi. Bu
səbəbdən qətnamə Ermənistanda ciddi məyusluğa
səbəb olmuşdu. Sənəddə həmçinin
BMT-nin Dağlıq Qarabağa dair dörd qətnaməsinin
adı çəkilir ki, orada da işğal olunmuş ərazilərin
azad olunması tələb edilirdi. O vaxt belə ümidlər
var idi ki, AŞ PA-nın qəbul etdiyi qətnamə Ermənistanın
münaqişənin dinc yolla həlli üçün
danışıqlar prosesində daha konstruktiv mövqe
tutmasına təsir edə bilər. Çünki Avropa
Şurasına üzv olarkən Ermənistan münaqişənin
həllinin dinc yolla, kompromislərlə həllinə səy
göstərəcəyi barədə öhdəliyə imza
atıb. Lakin AŞ PA-nın üzv ölkələrdə
insan haqları və demokratiya, seçkilər kimi məsələlərdə
qeyri-prinsipial mövqeyi Qarabağ məsələsində
özünü göstərib. Assambleya
çıxardığı qətnamənin icrası ilə
bağlı Ermənistana heç bir təsir göstərməyib.
Ermənistan isə nümayişkaranə şəkildə
1416 saylı qətnamədə əksini tapan məsələlərə
məhəl qoymayıb.
Qarabağa dair Alt Komitənin ilk sədri isə britaniyalı deputat lord Rassel Conston idi. Lakin AŞPA sessiyaları
çərçivəsində görüşlərdən başqa,
Alt Komitə heç bir real iş görməyib. 1416 saylı
qətnaməyə əsasən,
hər il
Alt Komitə münaqişənin
həllinə dair Ermənistanla Azərbaycan
arasında Minsk Qrupu çərçivəsində aparılan danışıqlar
barədə hesabat təqdim etməli idi. Lakin Minsk Qrupuna həmsədrlik
edən ölkələrin
AŞ PA-dakı nümayəndə
heyətlərinin rəhbərləri
danışıqların məxfi
aparıldığına istinad
edərək Rassel Constona heç bir məlumat vermədilər. Nəticədə lord ümumi məzmunlu hesabatlarla kifayətlənməli
olurdu və hər dəfə bildirirdi ki, məxfilik danışıqların
əsas prinsiplərindən
biridir. Həmçinin Alt Komitənin Azərbaycan
və Ermənistan deputatlarının regiona birgə səfəri ideyası da həyata keçirilməmiş
qalıb. İki
il əvvəl
isə Rassel-Constonun ölümündən sonra
Alt Komitənin işi
dayandırmışdı.
Bəs elədirsə, Ermənistanda
Alt Komitənin fəaliyyətinin
bərpası niyə
bu dərəcədə
narahatlığa, isterik
reaksiyalara səbəb
olub? Görünür, bu sualın
cavabını Ermənistan
siyasi hakimiyyətinin
son illər beynəlxalq
arenada Qarabağa dair təcavüzkar mövqeyini qəbul etdirmək planlarında ciddi uğursuzluqlara düçar olmasında axtarmaq lazımdır.
Erməni deputatlar narahatdırlar
ki, Alt Komitənin iclaslarında Ermənistanın
işğal edilmiş
Azərbaycan ərazilərində
indi də davam etməkdə olan vəhşilikləri barədə faktlar təqdim oluna bilər. Bu isə
münaqişənin “əzabkeş
ermənilərin sıxışdırılması”
üzündən başladığı
barədə nağıllara
inananların sayını
azaldar. Digər tərəfdən, NATO, Avropa
Komissiyası, Avropa Parlamenti, ATƏT Parlament Assambleyası, BMT Baş Assambleyası kimi beynəlxalq qurumlarda son illərdə Qarabağa dair Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyən qətnamələrin
çıxarılması Ermənistanın
diplomatiya müstəvisində
uğursuzluqlar seriyasını
başladıb. Görünür, AŞ PA-dan Qarabağa dair daha bir
qətnamənin çıxarılması
ehtimallar, hətta onun yerinə yetirilməyəcəyi əvvəlcədən
bəlli olsa da, Ermənistanda möhkəm narahatlığa
səbəb olub.
Dağlıq Qarabağ münaqişəsinə
dair Alt Komitənin fəaliyyətinin bərpası
şübhəsiz ki,
Azərbaycana da bir şey verməyəcək,
Ermənistanın işğal
edilmiş ərazilərdən
çəkilməsində bu komitənin hansısa rolu olmayacaq. Lakin Alt Komitə Ermənistanla
Azərbaycan cəmiyyətləri
arasında mövcud olan dərin uçurumun fonunda parlamentlərarası dialoq
üçün platforma
rolunu oynaya bilərdi. Lakin erməni tərəfinin
boykotu seçməsi
göstərir ki, işğalçı ölkədə
bu cür dialoqlarda maraqlı deyillər. Azərbaycan
və Ermənistan eyni vaxtda Avropa
Şurasına üzv
olanda şuranın Parlament Assambleyası bəyan etmişdi ki, bu üzvlük
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həll edilməsi üçün zəruri
olan etimad mühiti formalaşdırmağa
və gərginliyi azaltmağa kömək etməlidir. Ancaq AŞ PA çərçivəsində ötən on il
ərzində Ermənistanla
Azərbaycan arasında
etimad mühiti formalaşdırmağa yönələn
heç bir nəzərəçarpacaq nəticə
əldə edilməyib.
Bu da daha
çox onunla bağlıdır ki, münaqişənin nizamlanmasına
dair aparılan siyasi danışıqlarda
heç bir nəticə əldə edilmir. Baxmayaraq ki, Ermənistandan
fərqli olaraq Azərbaycan AŞ PA qətnaməsindən
çıxış edərək
ictimaiyyətlər arasında
etimad mühitinin formalaşmasına yönələn
səyləri dəstəklədiyinə
dair rəsmi bəyanat vermişdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin
2005-ci ilin iyununda verdiyi bəyanatında bildirilirdi ki, rəsmi Bakı beynəlxalq ictimaiyyətin
icmalar arasında birbaşa və üz-üzə əlaqələrin
yaradılması və
düşmənçiliyin aradan qaldırılması,
sabitlik və qarşılıqlı anlaşmaya
nail olmaq məqsədilə
etimadın qurulması
üçün kompleks
tədbirlər həyata
keçirilməsinə dair
çağırışlarını dəstəkləyir. İşğal edilmiş ərazilərin
qaytarılmaması, yüz
minlərlə azərbaycanlının
qaçqın durumunda
yaşaması təbii
ki, bu cür
etimad tədbirlərinin
Azərbaycan cəmiyyətində
etirazlarla müşayiət
olunmasını qaçılmaz
edir. Bununla belə, Ermənistan
tərəfi nəinki
etimada yönələn
hansısa addım atmır, eyni zamanda yeganə missiyası parlament üzvləri arasında dialoqa imkan yaratmaq
olan AŞ PA Alt Komitəsinin
fəaliyyətinin bərpasına
da bu cür
aqressiv reaksiyalar verir. Ermənistanın siyasi hakimiyyəti
cəmiyyəti dialoqa
yox, azərbaycanlılarla
ermənilərin etnik
birgəyaşayışının mümkün olmadığı
barədə faşist
ideologiyasına hazırlamaqdadır.
F.MƏMMƏDOV
Yeni müsavat.- 2011.- 2 fevral.- S. 11.