İLAHİ, BİR QƏLB VER
Kİ, ŞÖLƏLƏNSİN...
Bismilləhir-Rahmənir-Rahim!
Allahın lütfü ilə bu gün bir bəhsə toxunacağıq ki, insanın nə etməliləri, necə yaşamalıları sırasında ən əhəmiyyətlilərdəndir. Çox maraqli bir məsələdir ki, insanlar hərəsi bir əqidədədir, hərəsi bir dindədir, hərəsi bir inancdadır. Kimsə deyir nəyəsə inanıram, kimsə deyir inanmıram. Amma insanların hamısının – ağın da, qaranın da, sarının da, namaz qılanın da, qılmayanın da, məscidə gedənin də, kilsəyə gedənin də, heç bir məbədə getməyənin də bir neçə məsələdə ümumi razılıqları var. Bunların arasında insani dəyərlərə hörmətlə yanaşmaq məsələsi xüsusi yer tutur.
ƏSL İNSANIN DAVRANIŞ
KODEKSİ
Özünün necə yaşamasından asılı olmayaraq, bir çox insanlar iddia edir ki, insanı dəyərlərə hörmətlə yanaşır. Çox cüzi nihilist istisnalarla, insanların əksəriyyəti insani dəyərləri çox ali, çox qiymətli bir meyar kimi qəbul edir. Maraqlı nöqtə odur ki, insani dəyərlərə tərif vermək bir qədər çətindir, bunu daha çox hiss etmək, misdaqlar, nümunələr vasitəsilə anlamaq olur.
Söhbətimizin əvvəlində bir misala toxunaq ki, araşdıracağımız bəhsi anlamaq üçün çox gərəki var. Nəql edirlər ki, günlərin birində İmam Cəfər Sadiqin (ə) xidmətçilərindən biri xəbər gətirir ki, bazarda belə bir vəziyyət yaranıb ki, mal qıtlığı var. İmam dərhal soruşur bizim nə qədər ehtiyatımız var. Bu xidmətçi elə başa düşür ki, yəqin İmam ona görə soruşur ki, ehtiyatımız nə qədərdir ki, bu hadisə bizə təsir etməsin. Cavab verir ki, filan qədər. Burada bizim üçün çox önəmli olan məqam işıqlandırılır. İmam (ə) xidmətçiyə tapşırır ki, dərhal artıq malı apar bazara. Yəni İmam (ə) anladır xidmətçisinə ki, bazarda qıtlıq yaranıbsa, onun da bir neçə aylıq azuqəsi varsa, həmin bu azuqə müəyyən dərəcədə qıtlığın qarşısını ala bilər. Düzdür, azuqəni saxlasa idi, şəxsən ona qıtlığın aidiyyəti olmayacaqdı, onun üçün heç bir problem yaranmayacaqdı. Amma hamı bu mövqeni tutsa, cəmiyyət yaxşı bir yerə gedib çıxmaz. Problemlər gəlib insanların qapısını döyər. İmam (ə) anladır ki, mən bir az aparıb verərəm, o birsi bir az aparıb verər, üçüncüsü malının artığını çıxarar bazara – nəticədə qiymətlər düşər, qıtlıq olmaz, insanların rifahı yüksələr. İmam (ə) bir nümunə qoyur ki, insanlar toplumun inkişafının ayrı-ayrı fərdlərin fədakarlığından, diqqətliliyindən və altruizmindən birbaşa asılılığını başa düşsünlər.
Bu hadisə sadəcə bir ibrətamiz nümunədir ki, insanın seçim anında hansı meyarları rəhbər tutmalı məsələsinə aydınlıq gətirir. İmamlarımızın (ə) bütün həyatı bu cür nümunələrdən ibarətdir ki, insanlar bir mayak olaraq onları rəhbər tutaraq, həyatın təlatümlü dalğalarında yol tapa bilsinlər. Nə idi İmamı (ə) o hərəkəti etməyə yönəldən amil? Və bu hərəkətdə nə var idi ki, istənilən insanda “əhsən!” tipli bir reaksiya doğurur? Nə səbəbdən dünyagörüşünün məxsusiliyindən, dərisinin rəngindən, dilindən, millətindən asılı olmayaraq insanlar belə hərəkətlərə valeh olur? Nə var o hərəkətdə ki, müsəlman da, xristian da, buddist də belə tipli hərəkəti görəndə bəh-bəh deyir? Nədir o ki, hər bir normal insan bu cür hərəkətlərin müqabilində deyir nəsə var burada ki, o mənim ürəyimə yatır?
NƏYİN DƏRDİNİ
ÇƏKMƏK
İnsanların
qəbul etdiyi dəyərlərin cövhərini təşkil
edən bir ana bənd var. O bənd insanlara sevgidən, bəşər
övladına məhəbbətdən ibarətdir. Biz
görürük ki, bu insani dəyərlər hamı tərəfindən
çox dəqiq qəbul olunur. Bunların arasında bir
neçələri var ki, onların adı gələndə
hamı deyir mən təslim. O dəyərlərdən
söhbət düşəndə, insanların əksəriyyəti
bununla əlaqədar olan məsələləri qəbul edirlər.
Məhz insanlara sevgidən yoğrulan əməllər
hamıda müsbət reaksiya doğurur və toplumda müsbət
enerjinin generasiyasına səbəb olur.
Dərdli olmaq
kimi bir fenomen buraya aiddir. Əgər insanda bu xüsusiyyət varsa,
o, həqiqi dəyərlərə aid olan bir durumdadır.
Dərdli olmaq. Haqq və həqiqətin
dərdlisi olmaq. Belə ki, insanın fikri-zikri, dərd-səri
haqq və həqiqət ola.
Dərdli olmağı
neçə cür başa düşmək olar. Kimsə
dünyanın dərdini çəkir. Kimsə
malının, mülkünün dərdini çəkir. Kimsə
onun dərdini çəkir ki, öləndən sonra necə
olacaq vəziyyəti. Amma getdiyi dünyadakı, əbədi
dünyadakı aqibəti nəzərdə tutulmur. Min bir yolla
mal-dövlət yığırdı, ölüm
ayağında başa düşür ki, özü ilə
heç nə apara bilməyəcək, fikir tutub bu insanı
ki, bəs bütün bu yığdıqları necə
olacaq.
Bəli, kiminsə dərdi
budur. Amma bir başqa dərdlər var ki, o dərdlə bu dərdlərin
arasında çox böyük fərqlər var. Haqqın, həqiqətin,
ədalətin dərdini çəkən insanlar var. Fəzilətin
dərdini çəkən insanlar var. İnsan var ki, qayəsi
– sevməkdir, bəşərə xidmət etməkdir, insanların
səadətə çatmağının dərdini çəkməkdir.
Maraqlısı budur ki, belə səmimi fədakarlığı
bütün insanlar bəyənir. Hansı dildə
danışırsa-danışsın, bəşər
övladı ürəyi ilə hiss edir ixlas əhlinin məhəbbətlə
dolu dərdli qəlbini.
BİR QƏLB VER Kİ...
Gözəl bir
dərddir bu. İnsan dərdli olar, amma dünya dərdlisi
yox. İnsan dərdli olar ki, görəsən digər
insanların vəziyyəti necədir. Görəsən
insanların sabahı nə olacaq, birigünü nə olacaq?
Görəsən balalarına verməyə
çörək tapırmı? Görəsən
filan müşkülünü necə həll etdi? Görəsən filan
haqqıbasılmışın hüquqları bərpa
olundumu?
Şərəfli
yoldur bu. Amma bu yol çətinliklərlə,
ağrı-acı ilə dolu bir yoldur. Bu aşiqlik
yolu tikanlarla doludur. Bu yol əzablarla
doludur. Bu yolda Rəsulallahın (s)
mübarək üzünə daş dəyib. Bu yolda müqəddəs Peyğəmbərimiz (s)
min bir əzab görüb. Bu yolda Həzrət
Əli (ə) məsciddə namaz qılarkən zərbətlənib.
Bu yolda Zəhra (s.ə.) anamızın evinin
qapısı yandırılıb. Bu yolda
İmam Həsən (ə) şəhadət şərbətini
içib. Bu yolda Əbazərlər nalə
çəkib. Bu yolda Peyğəmbərimizin
(s) xas səhabələri dara çəkilib. Bu yolda İmam Hüseyn (ə) 72 şühəda ilə
həyatlarını veriblər. Və daha nələr,
nələr baş verib bu yolda...
Ariflərdən
birin bir mübarək şeri var, istərdik ümumi mənasını
çatdıraq. Deyir: İlahi, bir sinə istəyirəm Səndən
ki, şölələnsin və o sinədə bir qəlb ver
ki, bütün vücudu ilə yanğılı olsun. Hər o qəlb ki, yanğısı yoxdur - qəlb
deyil. Su ilə gildən başqa bir şey deyil...
Bəli, arif
deyir İlahi, mən istəyirəm Sən mənə bir qəlb
verəsən ki, şölələnsin, yansın. Ariflərdən digərinin
bir gözəl sözü var. Deyir bizdə tüstü
yoxdur, bizdə yanğı var. Yanğı ilə
tüsütünün fərqi var. Bəli, ariflər deyirlər
ki, qəlbin əgər yanğısı olmasa, qəlbdə əgər
göynəmə olmasa – o, qəlb deyil...
DƏRDLİLƏR ARASINDA ÖNDƏ GEDƏNLƏR
Biz
görürük yanğılı, dərdli olan insanlar həmişə
yaşamışlar və toplumları yaşatmışlar. Kimlərdir bu
dərdlilər sırasında öndə gedənlər?
Kimlərədir dərdlilərin
avanqardını təşkil edənlər? Peyğəmbərlərdir. Peyğəmbərlər
qəlb yanğısı ilə iki mühüm vəzifə
üçün gəliblər. Birincisi,
onlar Tovhid yanğısına malik olublar, onlar şirki aradan
aparmaq istəyiblər, onlar bütpərəstliyi aradan aparmaq
istəyiblər. Onlar istəməyiblər
yaranmışın əşrəfi olan insan müxtəlif nəsnələrin
qulu olsun. Onlar insanın yalnız Allaha bəndəlik
üçün yarandığını
çatdırmağa gəlmişlər.
İkincisi,
onların ədalət yanğısı olub. Onlar
zalımlarla, zülmlə mübarizə etmək
üçün gəliblər. Onlarda olan
ikinci yanğı - ədalət yanğısı olub. İki dərdləri olub peyğəmbərlərin.
Tövhid yanğısı ilə süni,
yalançı mövhumatdan ibarət olan zəncirləri bircə-bircə
dağıdaraq, həqiqət nurunu yaya biliblər, təkallahlığın
işığını insanların beyinlərinə və
qəlblərinə çatdıra biliblər. İkinci yanğı ilə köləlik zəncirlərini,
zülmün zəncirlərini darmadağın ediblər.
Niyə iblis
nökərləri qorxurdular Rəsulallahdan? Niyə
qorxurdular İsalardan, Musalardan, İbrahimlərdən? Bu dərdli qəlblərinə görə. Onların bir dərdli qəlbi olub ki, bütləri
dağıdıb. Onların bir dərdli qəlbi
olub ki, insanlar arasında köləliyi dağıdıb.
İnsana deyiblər sən hürrsən, sən
azad yaranmısan və sən azad yaranarkən kiminsə
köləsi və kiminsə qulu deyilsən.
Peyğəmbərlər
insana sevgidə və insana məhəbbətdə, bu yolda dərdli
olmaqda ən yüksək zirvədədədirlər. Biz
görürük Allah Təala Rəsuli-Əkrəmin (s)
insanlara olan məhəbbətinə, insanların dərdini
çəkməsinə Quranda şəhadət verir. “Kəhf”
surəsinin 6-cı ayəsində biz görürük Rəsulallaha
(s) deyilir: “Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri
təqdirdə onların (üz döndərmələrinin)
ardınca qəm-qüssənin şiddətindən özünü
həlak edəcəksən?!”.
Yəni, ey əziz Rəsul,
ey əziz Peyğəmbər, insanların haqqa, səadətə
qovuşmaq istəməməsindən və Qurani-Kərimə
iman gətirməkdən üz döndərməsindən o qədər
təəsüflənirsən və özünü bir hala
çatmısan ki, az qala bax bu dərddən, bunun şiddətindən.
bunun çoxluğundan öz canıvı təhvil verəsən.
Az qala həlak olasan. Biz görürük, Qurani-Kərim Rəsulallahı
bu cür vəsf edir. Deyir sənin o qədər insanlara
qarşı məhəbbətin var, o qədər insanlara
qarşı diqqətin var, o qədər dərdini çəkirsən
ki, görəsən bu bəşər övladı haqqa gələcək
ya gəlməyəcək, bu bəşər övladı səadətə
çatacaq, ya çatmayacaq, bu bəşər övladı
İlahi kəlamı, Allah məntiqini qəbul edəcək,
ya etiməyəcək - sən bu dərddən o hala
çatmısan ki, az qala həlak olursan, dünyadan gedirsən.
Bax Qurani-Kərim məntiqi, İlahi məntiq belə vəsf
edir Rəsulallahın eşqini, Rəsulallahın dərdini.
İNSAN OLMAĞIN QƏDİM RESEPTİ
İnsanlara qarşı
laqeyd olmağa dair ariflərdən birinin gözəl beyti var.
Ümumi mənasını çatdıracağıq. Deyir sən
ki, digərlərinin başqa insanların ağır vəziyyətini
görməyindən qəmli olmayırsa, sən ki, bunu
özünə dərd etmirsən - düzgün deyil ki,
adını insan qoyasan. Yəni insanda bu ürək ki, var, bu
qəlb ki, var insanların bədbəxtliyini görəndə,
insanların dərdlərini görəndə buna laqeyd olmamalıdır.
Arif deyir, əgər insanların dərd-qəmini görəndə
sənin daxilində heç nə tərpənmirsə, sən
insanların problemlərinə qarşı laqeydsənsə,
heç rəva deyil özünə insan kimi yüksək bir
adı aid edəsən. Hələ ondan
danışılmır ki, kimsə bu bədbəxtliklərə
sevinir. Hələ onlardan danışılmır ki, bu bədbəxtliklərin,
problemlərin müəllifidir...
İmam Museyi-Kazımdan
(ə) bir mübarək buyuruş var. İmam (ə) bəşərə
məhəbbət dərsi keçir. İmam (ə) buyurur:
insanların yer üzündə yaşayışı həmişə
rəhmət üzərində olar. Bir şərtlə ki,
bir-birlərinə məhəbbət bəsləyələr.
Böyük alimlərimiz
deyir: bir dərman var ki, bütün ağrı və qəmlərə
şəfadır. Binayi-qədimdən peyğəmbərlər
o dərmanın reseptini yazıb. O dərmanın adı -
insana sevgi və məhəbbətdir.
Psixoanalizin ana
qayəsidir bu, əslində. Universal bir
çıxış yoludur insan üçün. Məhəbbət.
Məhəbbətdən irəli gələn davranış
Qeyd etdik ki, peyğəmbərlər
bu yolun avanqardındadır. İkinci cərgədə
İmamlar gəlir. Biz görürük İmamlar eyni ilə
peyğəmbərlər kimi, insanlara məhəbbətdə
bəşərə dərs veriblər.
Qeyri-müsəlmanlara
münasibətlə bağlı bir ibrətamiz tarixi epizod
var. Allah lənət etsin Müaviyəyə (ə), bir
gün növbəti zülmlərini edən vaxtı, onun əsgərləri
Ənbar şəhərinə hücum edirlər. Şəhərin
başçısını öldürürlər. Şəhəri
müdafiə edən insanları da öldürürlər.
Kişilərin çoxu qirilir. Bununla kifayətlənmirlər.
Müaviyə lənətliyin əsgərləri soxulurlar evlərə.
Qadınların qolbağlarını,
boyunbağlarını, zinət əşyalarını
alırlar əllərindən. Qarət edirlər şəhərin
hamısını, çıxıb gedirlər. Xəbər
çatır zəmanə dərdlisinə, zəmanə
kişisi olan Əmirəlmöminin Həzərt Əliyə
(ə). Mövlamız (ə) bir xütbə deyir. İmam Əli
(ə) orada ərəbin fəsahətindən və bəlağətindən
bəşərə dərs keçir. Amma, Əlinin niyyəti
fəsahət və bəlağət dərsi demək deyil,
insanlıq dərsi keçməkdir. Bircə cümlə ilə
biz istəyirik o xütbədən bəhrələnək.
İmam Əli (ə) deyir əgər bir müsəlman
kişisi bu hadisə haqqında eşidə və təəsüfündən,
qəmindən, dərdindən və qəminin şiddətindən
ölsə - kişiyə layiq bir ölümlə
ölmüşdür. Deyir əgər bir müsəlman
kişisi eşidə bunu ki, bir müsəlman ölkəsində
qeyri-müsəlman qadınının evinə təcavüz
edirlər və onun zinət əşyasını qəsb
edirlər, bunu eşidib bağrı çatlayıb ölsə
- Əlinin (ə) nəzərində, Peyğəmbər (s)
dininin nəzərində, İslamın nəzərində bu
ölüm - kişi üçün layiqli
ölümdür.
Bax belə
dinimiz var bizim.
Qeyri-müsəlmana qarşı edilən
haqsızlığa görə dərd çəkməyini
istəyir müsəlmanın. O dərddən ölməyi
kişiyə layiq ölüm adlandırır dinimiz. Nəinki
kiməsə dərd verməyə, kiməsə bədbəxtlik
yaratmağa icazə verir...
İnşəallah
ki, Allahdan istəyimiz budur bizi həqiqi nicat gəmisi olan
Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə) gəmisinin
sərnişinlərindən qərar versin.
Hacı İlqar İbrahimoğlu
Yeni müsavat.- 2011.- 4 fevral.- S. 14.